Məhkəmə qərarları › İş №2-1(103)-1761/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1761/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1761/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı (xx.xx.1975-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Qaradağ Rayon Qobustan Bələdiyyəsi) “mülkiyyət hüquqlarının qeydiyyata alınması və hüquqmüəyyənedici sənədlərin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2- 1(112)-613/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 04.04.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Xəzri Bağçılıq Cəmiyyətinin 15.01.1997-ci il tarixli, 01 saylı protokoluna əsasən onun istifadəsinə və sahibliyinə verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən 83 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzri Bağçılıq Cəmiyyətinin 15.01.1997-ci il tarixli, 01 saylı protokolundan çıxarışa əsasən iddiaçı bağçılıq cəmiyyətinə üzv qəbul edilməklə, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi Xəzri Bağçılıq Cəmiyyətinin bağ sahəsindən 500 kv.metr ola 83 nömrəli bağ sahəsi daimi istifadə edilməsi üçün ona verilmişdir. Eyni zamanda iddiaçıya adıçəkilən Bağçılıq Cəmiyyətinin Bağçının üzvlük kitabçası da verilmişdir. Bakı şəhəri Qobustan Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş bağ sahəsinin sxemi də 83 saylı bağ sahəsinin ərizəçiyə ayrıldığını göstərir. Eyni zamanda həmin bələdiyyənin “yerli (bələdiyyə) büdcəsinin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında” Şəhadətnamədən də görünür ki, ərizəçi adıçəkilən bələdiyyədə yerli vergi ödəyicisi kimi qeydə alınıb. X2 Cəmiyyətinin 1 saylı protokoluna dair çıxarışdan və həmin torpaq sahəsinin planından da görünür ki, həqiqətən də, yuxarıda qeyd edilən 83 saylı bağ sahəsi 15.01.1997-ci iı tarixdən iddiaçının daimi istifadəsinə verilib və hal-hazırda da onun istifadəsindədir. Bunu nəzərə alaraq iddiaçı Qaradağ rayonu, Şıxlar bağ massivi ünvanında yerləşən 83 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata alınması və bununla bağlı hüquqmüəyyənedici sənədlərin ona verilməsi xahişi ilə 03.04.2018-ci il tarixində cavabdehə müraciət edib. Həmin qurumun 25.04.2018-ci il tarixli məktubu ilə iddiaçının müraciəti rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 iyul 2019-cu il tarixli, 2-1(81)-1960/2019 saylı tarixli qərarı ilə (hakim E.Məmmədov) iddia təmin edilmiş, Xəzri Bağçılıq Cəmiyyətinin 15.01.1997-ci il tarixli, 01 saylı protokoluna əsasən istifadə və sahibliyə verilmiş Bakı şəhəri Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən 83 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair hüquqmüəyyənedici sənədin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın) verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 19.08.2019-cu il tarixdə apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 iyul 2019-cu il tarixli, 2-1(81)-1960/2019 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bаkı Аpеllyаsiyа Мəhkəməsinin İnzibаti-İqtisаdi Kоllеgiyаsınn 2-1(103)-2327/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər E.Nağıyeva, H.Həmidov və V.Baxışova) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 iyul 2019-cu il tarixli, 2-1(81)-1960/2019 saylı qərarı ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2983/2020 saylı, 20.07.2020-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə Qaradağ Rayon Qobustan Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(112)-613/2021 nömrəli qərardadı ilə (hakim Ş.Həsənova) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Qaradağ rayon Qobustan Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla mülkiyyət hüquqlarının qeydiyyata alınması və hüquqmüəyyənedici sənədlərin verilməsi tələbi barədə iş üzrə iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmişdir. Qərardaddan narazı qalan iddiaçı 18.05.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(112)-613/2021 nömrəli qərardadının ləğv edilməsini və iş üzrə icraatın davam etdirilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 15.04.2021-ci il tarixində hər hansı bir məhkəmə baxışının keçirilməsi ilə bağlı bildiriş ünvanlarına təqdim olunmamış, sonuncu məhkəmə iclası barəsində heç bir məlumatları olmamışdır. Tərəflər və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında göstərilmişdir ki, “iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmaqla hərəkətsizlik göstərərək, onun iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Buna görə də məhkəmə tərəfindən iddia geri götürülmüş sayılır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə kollegiyasi qeyd edir ki, 27.02.2020-ci il tarixli məhkəmə iclasının 21.04.2020-ci il tarixə təxirə salınması barədə bildirişin göndərilməsini təsdiq edən reyestrin tarixi 06.02.2020-ci ildir. Məhkəmə kollegiyasi qeyd edir ki, işin birinci instansiya icraatı zamanı 27.02.2020-ci il, 21.04.2020-ci il, 10.06.2020-ci il, 20.07.2020-ci il, 08.09.2020-ci il, 5.11.2020-ci il, 17.12.2020-ci il, 25.02.2021-ci il və 15.04.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri iş materiallarında mövcud olsa da, həmin bildirişlərin iddiaçı tərəfindən alınmasını sübut hər hansı xəbərnamə və ya sənəd iş materiallarında mövcud deyil. Məhkəmə kollegiyasi qeyd edir ki, iddiaçıya göndərilən SS715026082AZ ştrix kodlu zərf məhkəməyə geri qaytarılmışdır (qeyd oxunmur). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının telefon nömrəsinə AZEMİS vasitəsi ilə SMS xəbərdarlığı bildirişi göndərilsə də, bildirişdə Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddənin mətni mövcud olmamışdır. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(112)- 613/2021 nömrəli qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(112)-613/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Xəzri Bağçılıq Cəmiyyətinin 15.01.1997-ci il tarixli, 01 saylı protokoluna əsasən onun istifadəsinə və sahibliyinə verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən 83 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və hüquqmüəyyənedici sənədlərin verilməsi ona verilməsi” tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar