Məhkəmə qərarları › İş №2-1(103)-1761/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1761/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1761/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6247/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 19 avqust 2021-ci il tarixli, **********069100 nömrəli qərarının ləgv olunması, inzibata icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 19 avqust 2021-ci il tarixli **********069100 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 2-1(112)-6247/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 19 avqust 2021-ci il tarixli **********069100 nömrəli qərarı ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********069100 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən iddiaçının fəaliyyəti təhlil edilmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2020xx.xx.2021-ci il tarixlərində cəmi 117,3 min manat dəyərində təqdim edilmiş qaimə-faktura üzrə satışda “Alüminium arakəsmə, siyirtmə qapılı, Mətbəx stolu, Kitab rəfi 98x46, İşçi stolu, kastamonu malta, dəmir ayaqlı, 1250x650x750 mm və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin vergi ödəyicisi riskli vergi ödəyiciləri siyahısına daxil edilərkən elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. İddiaçı riskli vergi ödəyicisi hesab edildikdən sonra xx.xx.2022-ci il tarixdə təsərrüfat subyektinin qeydiyyata alınmasına dair ərizə ilə vergi orqanına müraciət etmiş, Abşeron rayonu, Novxanı kəndi ərazisində 80 kv.m sahəni icarəyə götürərək mebel sexi kimi fəaliyyət göstərdiyini bildirmişdir. Lakin onun tərəfindən riskli əməliyyatlar çərçivəsində təqdim edilmiş elektron qaimə-fakturaların ləğv edilməsi həyata keçirilmədiyindən, vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması mümkün olmamışdır. Məhkəmə qərarında qeyd edilmişdir ki, iş materialallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının fəaliyyəti bağlanılmış müqavilələrdə göstərildiyi kimi mebel idxalından ibarət olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı mübahisələndirilən inzibati aktın qəbul edilməsinin hüquqi əsasını və qanuniliyini sübut edə bilməmişdir. Qeyd olunana münasibətdə bildirilir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələr iddiaçının xidmət sahəsində fəaliyyət göstərdiyini sübut etmək üçün yetərli deyildir. Əksinə, iddiaçı məhkəmə iclasında dəfələrlə faktiki olaraq xidmət sahəsi ilə deyil, icarəyə götürdüyü mebel sexində 4 nəfər işçisi ilə birgə mebel istehsalı ilə məşğul olduğunu etiraf etmişdir. İş materiallarından görünür ki, iddiaçı istehsal etdiyi mebel məhsullarını öz hesabına əldə etdiyi xammaldan istifadə etməklə hazırlayır və onların sifarişçiyə çatdırılmasını təmin edir. Buna uyğun olaraq da riskli hesab edilən elektron-qaimə fakturalarda satış olaraq həmin məhsulların adlarını qeyd edir. Lakin istehsal etdiyi mebel məhsulları üçün lazım olan xammal materialların hardan təmin olunmasına dair məlumatı vergi orqanına təqdim edə bilmədiyindən, Nazirlər Kabinetinin müəyyən etdiyi Meyarların təsir dairəsinə düşür və bununla riskli vergi ödəyicisi hesab edilir. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan əsasları nəzərə almamış, iddiaçının sırf mebel quraşdırılmasının təşkili ilə məşğul olduğu qənaətinə gəlmiş, bu səbəbdən də öz qərarında riskli qaimə-fakturaların satışla (malların təqdim edilməsi) deyil, xidmətlə bağlı olduğunu və hər hansı risk aşkar olunmadığını qeyd etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən istehsal edilmiş mebel üçün lazım olan xammalın nədən ibarət olması, hardan əldə olunması, istehsal obyektinə hansı formada çatdırılması araşdırma predmetini təşkil etməmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edilir ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən bütün halları araşdırmadan qərar qəbul etmiş və qərarında maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli **********069100 nömrəli qərarından görünür ki, İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş «Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları»: 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İşin hallarından müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli **********069100 nömrəli qərarına əsasən İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Cavabdeh tərəfindən qərar onunla əsaslandırılmışdır ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq(lar) aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2020-xx.xx.2021-ci il tarixlərində cəmi 117,3 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Alüminium arakəsmə, siyirtmə qapılı. Mətbəx stolu. Kitab rəfi 98x46, İşçi stolu, kastamonu malta, dəmir ayaqlı, 1250x650x750mm və s” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mal (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin fəaliyyət növü ofis və ticarət müəssisələri üçün mebellərin istehsalı kimi qeyd olunmuşdur. Lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı ayrı-ayrı hüquqi şəxslərlə ofis mebellərinin hazırlanması kimi xidmətlərin göstərilməsinə dair müqavilələr bağlayaraq, qeyd olunan xidmətləri göstərmiş, müvafiq müqavilələr və elektron qaimə fakturalar işə əlavə edilmişdir. İddiaçının faəliyyəti, bağlanılmış müqavilələrdə göstərildiyi kimi mebel idxalından ibarət olmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik normalarında riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları göstərilmişdir. Hazırki işdə isə bu halların heç biri müəyyən olunmur. Cavabdeh tərəfindən mübahisələndirilən qərarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş «Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları»nın 2.1.1, 2.1.3 və 3.1.1-ci bəndlərinə istinad edilsə də, cavabdeh həmin halların mövcud olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı riskli vergi ödəyicisi hesab olunması üçün risk meyarlarına cavab verən şəxs hesab edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının riskli vergi ödəyicisi olması ilə bağlı müvafiq inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdeh inzibati orqanın üzərində olduğundan onun riskli vergi ödəyicisi olması üçün müvafiq əsasları sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Cavabdeh inzibati orqan inzibati icraat zamanı həmin əsasların mövcudluğunu tam sübuta yetirmədən iddiaçının riskli vergi ödəyicisi olması barədə müvafiq qərarı qəbul etmişdir. Cavabdeh vergi orqanı mübahisələndirilən inzibatı aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarın qanuniliyini də sübut edə bilməmişdir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının riskli əməliyyatlar aparan şəxs olmasını təsdiq edən dəlil və sübutları vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun şəkildə məhkəməyə təqdim edə bilməmişdir. Nəticədə cavabdeh inzibati orqan tərəfindən qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati akt qəbul edilmişdir. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən mübahisələndirilən qərar qanunsuz sayılmalı və ləğv edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6247/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar