Məhkəmə qərarları › İş №2-1(103)-1762/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1762/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1762/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11474/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 19 may 2023-cü il tarixli 3-17-1/2-X-l 12094/2023 saylı məktubu ilə pensiya təyin etməkdən imtinanı əsassız hesab etməklə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. Hazırda 57 yaşı tamam olmuşdur. Əmək fəaliyyətinə 1985-ci ildən başlamışdır. xx.xx.1985-ci ildən xx.xx.2005-ci ilə kimi Az.SSR Könüllü Kitabsevərlər Cəmiyyətinin X1 əl ilə yığıcı vəzifəsində işə başlamaqla xx.xx.2005-ci il tarixində tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2017-ci il tarixindən elə həmin iş yerində adını dəyişmiş "xxxx" MMC-də işə qayıtmış və hazırda da işləyir. İş yerindən verilən xx.xx.2023-cü il tarixli arayışa əsasən, işlədiyi sahə zərərli peşə sahəsi hesab olunur və Azərbaycan Respublikası NKnin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarının 2 №-li siyahısında qeyd olunan (2270000a- 14792Ş 2270000a-14807) əl ilə yığıcılar və yığma sətirtökən maşınların yığıcıları peşəsi onun peşəsinə uyğundur. Belə ki, zərərli iş yerində əmək stajı azı 20 il 03 ay 04 gün təşkil edir. Hazırda da işlədiyini nəzərə alsaq ümumi iş stajı 25 ildən çoxdur. Qeyd olunan bu müddətlərin hamısına dair əmək kitabçasında müvafiq qeydlər vardır. Cavabdeh inzibati orqan iddia ərizəsinə etirazını ünvanlayaraq bildirmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş), axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (55 yaş), 2) azı 20 il sığorta stajı olduqda, 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə, 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006-ci il tarixədək) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (52 yaş). 2) xx.xx.2006-ci il tarixədək azı 20 il sığorta stajı olduqda, 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında" Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 01-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən olunur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli İN 01/16 nömrəli arayışında onun xx.xx.1990-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" X3ndə yığıcı, çapçı və briqadir vəzifələrində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki İddiaçı iş stajına dair məlumatların "xxxx" MMC-də saxlanılan sənədlər əsasında yerində dəqiqləşdirilməsi zamanı həmin müəssisənin 2005-ci ildən "xxxx" Eksperimental istehsalat müəssisəsinin törəmə müəssisəsi olmaqla mətbəə fəaliyyəti ilə məşğul olduğu "xxxx" Eksperimental istehsalat müəssisəsinə aid sənədlərin saxlanılmadığı müəyyən edilmişdir. Bu səbəbdən həmin dövrlərin araşdırılması mümkün olmamışdır. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Müvafiq Əlavəyə əsasən, şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayışda şəxsin işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının müvafiq bəndinə/yarımbəndinə və (və ya) müvafiq vəzifə koduna uyğunluğu qeyd olunmalıdır. Aparılan yoxlama zamanı "xxxx" Eksperimental istehsalat müəssisəsinə aid sənədlər saxlanılmadığından arayışda qeyd edilən məlumatların 20 sentyabr 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası əsasında yazıldığı müəyyən edilmişdir. Sözügedən müəssisənin sənədlərinin saxlanılmaması, o cümlədən müvafiq arayışın əmək kitabçası əsasında verilməsi sözügedən arayışdakı məlumatların əsassız olduğuna dəlalət edir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11474/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, İddiaçı 52 yaşı tamam olan tarixdən, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11474/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuşdur. “Nikahın bağlanması haqqında” Şəhadətnaməyə əsasən X2 nikah bağlandıqdan sonra Hacıyevadan Xalıqovaya dəyişdirilmişdir. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli xx.xx.1985-ci il tarixli Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1985-xx.xx.2005-ci illərdə X1 əl ilə yığan yığıcı, sətirtökən maşınların yığıcıları, çapçı; xx.xx.2017-xx.xx.2020-ci illərdə isə "xxxx" MMC-də briqadir, sahə rəhbəri vəzifələrində işləmişdir. Bakı Kompüter Peşə Liseyinin xx.xx.2023-cü il tarixli 08 nömrəli Arxiv Arayışından görünür ki, X9 həqiqətən 01 sentyabr 1982-ci il tarixdə 3 nömrəli X13 Məktəbinə “Əl ilə yığan mürəttiblər” ixtisasına qəbul edilmişdir. 20 iyul 1985-ci il tarixdə “Əl ilə yığan mürəttiblər” ixtisası üzrə 3 nömrəli X13 Məktəbinin əyani şöbəsini bitirmişdir. NQ 592673 nömrəli Diplom almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-X-112094/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" MMC-nin sizə dair xx.xx.2023-cü il tarixli İN 01/16 nömrəli arayışda xx.xx.1990-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" X3ndə yığıcı, çapçı və briqadir vəzifələrində işlədiyiniz qeyd olunub. Adıçəkilən müəssisədəki iş stajınıza dair məlumatların "xxxx" MMC-də saxlanılan sənədlər əsasında yerində dəqiqləşdirilməsi zamanı həmin müəssisənin 2005-ci ildən "xxxx" Eksperimental istehsalat müəssisəsinin törəmə müəssisəsi olmaqla mətbəə fəaliyyəti ilə məşğul olduğu, "xxxx" Eksperimental istehsalat müəssisəsinə aid sənədlər saxlanılmadığından arayışda qeyd edilən məlumatların 20 sentyabr 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası əsasında yazıldığı müəyyən edilib. Bu fakt "xxxx" MMC-nin 5 may 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Bu səbəbdən də yuxarıda qeyd olunan dövrü sizin güzəştli iş stajınıza aid etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. "xxxx" MMC-nin “İddiaçı güzəştli şərtlərlə təqaüdlə təminatı haqqında” İN 01/16 nömrəli xx.xx.2023-cü il tarixli Arayışında göstərilmişdir: “İddiaçı işə düzələnə qədər Cəfər Babayev adına 3 №-li Texniki peşə məktəbini bitirmişdir. (xx.xx.1982 - xx.xx.1985) Diplom № 592673 İddiaçı xx.xx.1985-ci il (ƏMR N2141 xx.xx.1985-ci il) Az. SSR könüllü Kitabsevərlər Cəmiyyətinin X1 4-cü dərəcə ilə əl ilə yığan yığıcı vəzifəsinə işə qəbul edilib. xx.xx.1990-cı il (ƏMR № 08) Əl ilə yığan yığıcı vəzifəsində işləyərək, sətir tökən maşında yığıcı kimi işləməyə təhkim olunmuşdur. xx.xx.1991-ci il (ƏMR № 27- k xx.xx.1990) 5-ci dərəcə təyin edilmişdir. xx.xx.1991-ci il (ƏMR № 44K xx.xx.1991) 5-ci dərəcə ilə sətirtökən maşına yığıcı vəzifəsinə keçirilir. xx.xx.1996-ci il tarixdən (ƏMR № 01K xx.xx.1996) İstehsalat sahəsinin briqadiri vəzifəsi həvalə olunmuşdur (sətirtökən maşına yığıcı vəzifəsi saxlanmaqla) xx.xx.2002-ci il tarixdən İstehsalat sahəsinə yüksək çap üzrə beşinci dərəcəli çapçı vəzifəsinə keçirilib (birqadir vəzifəsi saxlanmaqla) xx.xx.2005-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68 ci maddəsinin "a" bəndi ilə ( öz xahişi ilə ) işdən azad edilib. xx.xx.2017- ci il tarixindən "xxxx" MMC İstehsalat sahəsində briqadir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixdən cildləmə sahə rəhbəri vəzifəsinə təyin edilib.” "Güzəştli Şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarın 2 №-li siyahısında qeyd olunan (2270000a- 14792, 2270000a-14807) əl ilə yığıcılar və yığmasətirtökən maşınların yığıcıları peşəsi İddiaçı işlədiyi peşələrə uyğundur.” İşə baxan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" MMC-nin İN/01-55 nömrəli xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, İN 01/16 nömrəli xx.xx.2023-cü il tarixli Arayış İddiaçı məxsus olan və hazırda müəssisənin idarəsində kadrlar şöbəsində saxlanılan sonuncuya aid ******* nömrəli əmək kitabçasındakı qeydlərə və xx.xx.2017-ci il tarixli, 20/Ş saylı və xx.xx.2020-ci il tarixli 14/Ş saylı əmrlərə əsasən tərtib olunmuşdur. Əlavə olaraq bildirilir ki, "xxxx" MMC 2005-ci ildən "xxxx" Eksperimental istehsalat müəssisəsinin törəmə müəssisəsi olmaqla fəaliyyət göstərir. "xxxx" Eksperimental istehsalat müəssisəsinə aid sənədlər tam şəkildə "xxxx" MMC-yə təhvil verilməmiş, bəzi sənədlər arxivə təhvil verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası “Kitab” Cəmiyyətinin "xxxx" X3 “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq xx.xx.2003-cü il tarixində özəlləşdirilmiş və sonradan "xxxx" MMC-yə satılmışdır. İşə baxan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “İddiaçı dair müvafiq məlumatların göndərilməsi haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/2-265471/23 nömrəli məktubunda göstərilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin adıçəkilən şəxsə dair xx.xx.2023-cü il tarixli İN 01/16 nömrəli arayışda xx.xx.1990-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" X3ndə yığıcı, çapçı və briqadir vəzifələrində işlədiyi qeyd olunub. Sözügedən müəssisədəki iş stajına dair məlumatların "xxxx" MMC-də saxlanılan sənədlər əsasında yerində dəqiqləşdirilməsi zamanı həmin müəssisənin 2005-ci ildən "xxxx" Eksperimental istehsalat müəssisəsinin törəmə müəssisəsi olmaqla mətbəə fəaliyyəti ilə məşğul olduğu, "xxxx" Eksperimental istehsalat müəssisəsinə aid sənədlər saxlanılmadığından arayışda qeyd edilən məlumatların 20 sentyabr 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası əsasında yazıldığı müəyyən edilib. Bu fakt "xxxx" MMC-nin 5 may 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Bu səbəbdən yuxarıda qeyd olunan dövrü İddiaçı güzəştli iş stajına aid etmək mümkün olmamışdır. Bu səbəbdən də, adıçəkilən şəxsin güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildiririk ki, İddiaçı ümumi iş stajı 29 il 3 ay 21 gün (xx.xx.2006- cı il tarixinədək 23 il 3 ay 21 gün (xx.xx.1982-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 6 il) təşkil edir.” «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Məhkəmə kollegiyası iddiaçının ümumi iş stajı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun qeyd olunan maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin b bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321 nömrəli qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin xx.xx.1997-ci il tarixdən başlayaraq xx.xx.2000-ci il tarixədək 6 ay artırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin b bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 element mövcud olmalıdır: 1. İddiaçının 52 yaşının tamam olması; 2. İddiaçının xx.xx.2006-cı il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması; 3. İddiaçının xx.xx.2006-cı il tarixədək azı 10 il güzəştli iş stajının mövcud olması. Hazırki işin hallarından və iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, İddiaçı xx.xx.1965-ci ildə anadan olmuşdur. ИТ-İ ******* nömrəli xx.xx.1985-ci il tarixli Əmək kitabçasından isə görünür ki, iddiaçı xx.xx.1985-xx.xx.2005-ci illərdə X1 əl ilə yığan yığıcı, çapçı; xx.xx.2017-xx.xx.2020-ci illərdə isə "xxxx" MMC-də briqadir, sahə rəhbəri vəzifələrində işləmişdir (ümumilikdə xx.xx.2006-cı il tarixinədək 20 il, 03 ay, 17 gün). Bakı Kompüter Peşə Liseyinin xx.xx.2023cü il tarixli 08 nömrəli Arxiv Arayışından görünür ki, X9 həqiqətən 01 sentyabr 1982-ci il tarixdə 3 nömrəli X13 Məktəbinə “Əl ilə yığan mürəttiblər” ixtisasına qəbul edilmişdir. 20 iyul 1985-ci il tarixdə “Əl ilə yığan mürəttiblər” ixtisası üzrə 3 nömrəli X13 Məktəbinin əyani şöbəsini bitirmişdir (02 il 10 ay 174 gün). Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixə tələb olunan iş stajı (23 il 01 ay 22 gün) mövcud olmuşdur. İş materiallarından da göründüyü kimi cavabdeh iddiaçının yaşı və ümumi iş stajını mübahisələndirmir. Yəni, cavabdeh iddiaçının 20 il ümumi sosial sığorta stajının olduğunu qəbul edir. Cavabdehin mübahisələndirdiyi məsələ iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Cavabdeh inzibati orqan qeyd edir ki, K.X7 təqdim etdiyi "xxxx" MMC-nin adıçəkilən şəxsə dair xx.xx.2023-cü il tarixli İN 01/16 nömrəli arayışda xx.xx.1990-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" X3ndə yığıcı, çapçı və briqadir vəzifələrində işlədiyi qeyd olunub. Sözügedən müəssisədəki iş stajına dair məlumatların "xxxx" MMC-də saxlanılan sənədlər əsasında yerində dəqiqləşdirilməsi zamanı həmin müəssisənin 2005-ci ildən "xxxx" Eksperimental istehsalat müəssisəsinin törəmə müəssisəsi olmaqla mətbəə fəaliyyəti ilə məşğul olduğu, "xxxx" Eksperimental istehsalat müəssisəsinə aid sənədlər saxlanılmadığından arayışda qeyd edilən məlumatların 20 sentyabr 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası əsasında yazıldığı müəyyən edilib. Sözügedən müəssisənin sənədlərinin saxlanılmaması, o cümlədən müvafiq arayışın əmək kitabçası əsasında verilməsi sözügedən arayışdakı məlumatların əsassız olduğuna dəlalət edir. Kollegiya iddiaçının güzəştli iş stajına münasibətdə qeyd edir ki, İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrdə işləməsi "xxxx" MMC-nin İN 01/16 nömrəli xx.xx.2023-cü il tarixli arayışı ilə, həmçinin iddiaçıya məxsus ИТ-İ ******* nömrəli xx.xx.1985-ci il tarixli əmək kitabçası ilə təsdiq olunur. Belə ki, iş materiallarında olan xx.xx.1959-cu il təvəllüdlü İddiaçı verilmiş "xxxx" MMC-nin “İddiaçı güzəştli şərtlərlə təqaüdlə təminatı haqqında” İN 01/16 nömrəli xx.xx.2023-cü il tarixli Arayışında göstərilmişdir: “İddiaçı işə düzələnə qədər Cəfər Babayev adına 3 №-li Texniki peşə məktəbini bitirmişdir. (xx.xx.1982 - xx.xx.1985) Diplom № 592673 İddiaçı xx.xx.1985-ci il (ƏMR N2141 xx.xx.1985-ci il) Az. SSR könüllü Kitabsevərlər Cəmiyyətinin X1 4-cü dərəcə əl ilə yığan yığıcı vəzifəsinə işə qəbul edilib. xx.xx.1990-cı il (ƏMR № 08) Əl ilə yığan yığıcı vəzifəsində işləyərək, sətir tökən maşında yığıcı kimi işləməyə təhkim olunmuşdur. xx.xx.1991-ci il tarixdə (ƏMR № 27- k xx.xx.1990) 5-ci dərəcə təyin edilmişdir. xx.xx.1991-ci il tarixdə (ƏMR № 44K xx.xx.1991) 5-ci dərəcə ilə sətirtökən maşına yığıcı vəzifəsinə keçirilir. xx.xx.1996-ci il tarixdən (ƏMR № 01K xx.xx.1996) İstehsalat sahəsinin briqadiri vəzifəsi həvalə olunmuşdur (sətirtökən maşına yığıcı vəzifəsi saxlanmaqla) xx.xx.2002-ci il tarixdən istehsalat sahəsinə yüksək çap üzrə beşinci dərəcəli çapçı vəzifəsinə keçirilib (birqadir vəzifəsi saxlanmaqla) xx.xx.2005-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68 ci maddəsinin "a" bəndi ilə (öz xahişi ilə) işdən azad edilib. xx.xx.2017-ci il tarixindən "xxxx" MMC İstehsalat sahəsində briqadir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixdən Cildləmə sahə rəhbəri vəzifəsinə təyin edilib.” "Güzəştli Şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarın 2 №-li siyahısında qeyd olunan (2270000a-14792, 2270000a-14807) əl ilə yığıcılar və yığma-sətirtökən maşınların yığıcıları peşəsi İddiaçı işlədiyi peşələrə uyğundur.” Göründüyü ki, iddiaçının güzəştli iş stajı dövrləri xx.xx.1985-xx.xx.2002-ci illəri arasında 10 ildən çox olan dövləri əhatə edir. Beləliklə də, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının tələb olunan dövrədək yığıcı kimi 10 ildən artıq güzəştli iş stajının mövcudluğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. “Siyahı”nın 22700000 XXV. Poliqrafiya, kinosurətlər istehsalı bölməsində 2270000a—14792 kodu ilə “əl ilə yığıcılar” və 2270000a—14807 kodu ilə “yığmasətirtökən maşınların yığıcıları” müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. “Siyahı”nın 20. Poliqrafiya istehsalatı bölməsində - c) fəhlələr: “əl ilə yığıcılar” və “yığma-sətirtökən maşınların yığıcıları” müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarına görə iddiaçının 52 yaşının tamam olduğu vaxt onun 10 ildən artıq güzəştli iş stajının və 20 ildən artıq ümumi iş stajının olması sübuta yetirilmişdir. Eyni zamanda, iddiaçının işlədiyi müvafiq peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Həmçinin, Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1122/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının 45-ci bəndi). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, cavabdeh inzibati orqan özü yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplamalı və nəzərə almalı, fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklər qoymamalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Мəhkəmə təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, cavabdeh inzibati orqan bunun əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi və İddiaçı 52 yaşı tamam olan tarixdən, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11474/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar