Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1763/2020 11.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Xəyal Əjdər oğlu Sarıyev və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2, 3-cü şəxsin nümayəndələri X4 və X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə (3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu) qarşı “borcun silinməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(82)-2107/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASCyə qanunsuz hesablanmış 128 024.50 manat maliyyə sanksiyasının silinməsi vəzifəsinin cavabdeh Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-2107/2019 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-2107/2019 saylı qərardadı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2011-ci ildən dövlət qeydiyyatından keçmişdir. Cəmiyyətin əsas fəaliyyəti müxtəlif növ tikinti, quraşdırma, hasilat və emal işlərini yerinə yetirməkdir. İddiaçı fəaliyyətdə olduğu 17 il ərzində qanunvericilikdə nəzərdə tutulmuş bütün ödənişləri vaxtında və tam şəkildə ödəmişdir. Bu ödənişlərə həmçinin məcburi dövlət sosial sığorta haqları üzrə olan ödənişlər də aiddir. Cəmiyyət tərəfindən 2018-ci ilin 2-ci rübü üçün DSMF-yə hesabat təqdim edilmişdir. Həmin hesabatda DSMF-yə hesablanmış əmək haqqından ayırmaların məbləği 128.024,50 manat az göstərilmişdir. Sonradan tərəflərindən dəqiqləşdirilmiş hesabat verilərək bu məbləğ hesabata daxil edilmişdir. DSMF isə onlara heç bir hüquqi əsas olmadan 128024.50 manat maliyyə sanksiyası tətbiq etmişdir. Bu məbləğ hal-hazırda şəxsi vərəqəsində borc kimi göstərilir. Bu maliyyə sanksiyasının tətbiq edilməsi qanunvericiliyə ziddir. Bununla əlaqədar olaraq DSMF-yə müvafiq müraciət edərək borcun silinməsi xahiş olunmuşdur. Lakin sonuncu məsələnin Dövlət Sosial Müdafiə Fondunun qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinə aid olmadığını bildirilmişdir. Bundan sonra göstərilən borcun silinməsi üçün cavabdehə müraciət edilmiş, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti tərəfindən cəmiyyətin müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2019cu il tarixədək məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinə aid olduğu üçün aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunur. Göründüyü kimi hər iki dövlət orqanı səlahiyyətlərin kimə aid olmasını mübahisələndirsələr də cəmiyyətə qanunsuz olaraq hesablanmış borcun halhazırda Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin nəzarəti altında olması hazırkı iddianın ona qarşı qaldırılmasını zəruri edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2107/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(103)-2760/2019 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2107/2019 saylı, xx.xx.2019cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-923/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2760/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən məbləğin xx.xx.2019-cu il tarixədək hesablandığını nəzərə alaraq, həmin məbləğin hesablanıbhesablanmaması, hesablandığı halda, təsdiqedici sənədlərin və hesablamanın əsasları barədə məlumatın təqdim edilməsinə dair cavabdehin DSMF-yə ünvanladığı xx.xx.2019cu il tarixli məktubuna xx.xx.2019-cu il tarixli məktubla cavab verilmişdir. DSMF-nin məktubunda iddiaçının 2018-ci ilin İİ rüb üçün DSMF-yə təqdim etdiyi bəyannamədə göstərilən muzdlu gəlir məbləği ilə DSMF-yə təqdim edilmiş vahid rüblük hesabatda göstərilən əmək haqqı fondu arasında 512.098,0 manat fərq yarandığına görə DSMF tərəfindən iddiaçıya 5 iş günü ərzində yaranmış uyğunsuzluğun aradan qaldırılması və dəqiqləşdirilmiş hesabatın təqdim edilməsi üçün 2018-ci ilin 4 sentyabr tarixində hesabat məlumatlarında olan uyğunsuzluğun aradan qaldırılması üçün elektron qaydada müraciət edilməsi, əks halda, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi bildirilmişdir. Lakin iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulan müddət ərzində dəqiqləşdirilmiş hesabat təqdim edilməmişdir. Nəticədə “Sosial sığorta haqqında” Qanunun həmin dövrdə qüvvədə olmuş 21-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılmasına) görə azaldılmış 128.024,50 manat sosial sığorta haqqı bərpa edilməklə, belə hərəkətlərə təkrar yol verildiyinə görə həmin məbləğin 100 faizi məbləğində, yəni 128.024,50 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı tərəfindən sonradan 2018ci ilin 2-ci rübü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilmişdir. Dəqiqləşdirilmiş hesabat qəbul edilmiş və həmin məbləğ iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Lakin tətbiq edilmiş maliyyə sanksiyası qüvvədə saxlanılmışdır. Mübahisələndirilən maliyyə sanksiyası vergi ödəyicisi tərəfindən hesabatda göstərilən məbləğin göstərilməli olan məbləğə nisbətdə az göstərilməsinə görə tətbiq edilmişdir. Yəni, bu hansısa vergi məbləğinin hesablanması deyil ki, vergi ödəyicisi öz hesabat məlumatını dəqiqləşdirdikdən sonra vergi orqanı özünün hesabladığını ləğv etsin. Məhkəmənin mövqeyinə əsasən belə çıxır ki, ümumiyyətlə vergi ödəyicilərinə hər hansı maliyyə sanksiyası tətbiq edilməməlidir. Çünki vergi orqanı maliyyə sanksiyası tətbiq etdikdən sonra vergi ödəyiciləri bu hesabata dəqiqləşdirmə verməklə maliyyə sanksiyalarını siləcəklər. Bu cür mövqe qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndələri X4 və X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 2018-ci ilin İİ rübü üzrə DSMF-yə təqdim edilmiş hesabatlarla həmin dövr üçün vergi orqanlarına muzdlu işlə əlaqədar təqdim olunan bəyannamədə göstərilən əmək haqqı arasında fərq yaranmışdır. Cavabdehin və üçüncü şəxsin mövqeyinə görə iddiaçıya 5 iş günü ərzində uyğunsuzluqların aradan qaldırılması və dəqiqləşdirilmiş hesabatın təqdim olunması üçün 4 sentyabr tarixində hesabat məlumatlarında olan uyğunsuzluqların aradan qaldırılması barədə müraciət elektron qaydada göndərilmiş, əks halda qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi bildirilmişdir. Cəmiyyət göstərilən müddətdə dəqiqləşdirilmiş hesabatı təqdim etməmişdir. Bununla əlaqədar olaraq iddiaçıya 2018-ci ilin İİ rübü üçün 128024.50 manat məcburi dövlət sosial sığorta haqqı və buna müvafiq olaraq 100 faiz - 128024.50 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçıya maliyyə sanksiyası tətbiq edildikdən sonra 2018-ci ilin İV rübü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edərək, əsassız olaraq hesablanmış 128 024.50 manat maliyyə sanksiyasının silinməsini xahiş etmişdir. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti iddiaçıya xx.xx.2019-cu il tarixli məktub ünvanlayaraq qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixədək məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinə aid olduğu üçün aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya xx xxxx 2019-cu il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, müraciətdə qaldırılan məsələnin həlli Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinə aid deyildir. Əlavə olaraq bildirilmişdir ki, “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu 2019-cu ilin 1 yanvar tarixindən qüvvəyə minmişdir. “Sosial sığorta haqqında” Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini, baş vergi xidmət müşaviri R.Namazova xx.xx.2019-cu il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, Sizin 2019-cu il 4 iyun tarixli məktubunuza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Nazirlik) yanında Dövlət Sosial Müdafiə Fondunda baxılmışdır. Fondun elektron məlumat bazasında olan məlumatlara əsasən Vergilər Nazirliyi ilə üzləşmə zamanı İddiaçı ASC-nin 2018-ci ilin İİ rübü üçün vergi orqanlarına təqdim etdiyi bəyannamədə göstərilən muzdlu gəlir məbləği ilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmuş vahid rüblük hesabatda göstərilən əmək haqqı fondu arasında 512.098 manat fərq yaranmışdır. Belə ki, cəmiyyət göstərilən müddət üçün vergi orqanlarına muzdlu işlə əlaqədar gəlir mənbəyindən tutulan vergi ilə bağlı hesabat təqdim etmiş, lakin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən hesabatda 512.098 manat az əmək haqqı göstərilmişdir. İddiaçı ASC-yə 5 (beş) iş günü ərzində uyğunsuzluqların aradan qaldırılması və dəqiqləşdirilmiş hesabatın təqdim olunması üçün 2018-ci ilin 4 sentyabr tarixində hesabat məlumatlarında olan uyğunsuzluqların aradan qaldırılması barədə müraciət elektron qaydada göndərilmişdir. Əks halda qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi bildirilmişdir. Cəmiyyət göstərilən müddətdə dəqiqləşdirilmiş hesabatı təqdim etməmişdir. Bununla əlaqədar cəmiyyətə qanuna uyğun olaraq 2018-ci ilin İİ rübü üçün 128.024 manat 50 qəpik məcburi dövlət sosial sığorta haqqı və buna müvafiq olaraq 100 faiz məbləğində sanksiya, yəni 128.024 manat 50 qəpik məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçıya maliyyə sanksiyası tətbiq edildikdən sonra cəmiyyət 2018-ci ilin 4-cü rübü üçün dəqiqləşdirilmiş hesabatı təqdim etmişdir. Dəqiqləşdirilmiş hesabat Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edildikdən sonra cəmiyyətin şəxsi vərəqəsinə bərpa edilmiş 128.024 manat 50 qəpik məcburi dövlət sosial sığorta haqqı şəxsi vərəqədən azaldılmış, lakin 128.024,50 manat maliyyə sanksiyası isə “Sosial sığorta haqqında” Qanunun 21-ci maddəsinə əsasən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə öz qərarında qeyd edir ki, işdən görünür ki, cavabdeh iddianı qəbul etməmiş, məhkəmə isə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən əsaslandığı faktiki hallar və sübutları, istinad etdiyi normativ hüquqi aktları və onların qiymətləndirilməsini göstərməmiş, iddiaçının təqdim etdiyi hesabatda uyğunsuzluğun nədə ifadə edilməsini, uyğunsuzluğun cavabdehin təqsirli hərəkəti nəticəsində baş veribverməməsi əksini tapmamışdır. Məhkəmə iddiaçının 2018-ci ilin İİ rübü üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqının nə vaxt DSMF-nin hesabına ödənilməsini müəyyən etməmişdir. DSMF “Sosial sığorta haqqında” Qanunun 21-ci maddəsinə əsasən iddiaçı barəsində 2018-ci ilin İİ rübü üçün 128.024 manat 50 qəpik məcburi dövlət sosial sığorta haqqı və buna müvafiq olaraq 100 faiz məbləğində, yəni 128.024,50 manat maliyyə sanksiyası tətbiq etdiyini bildirmişdir. “Sosial sığorta haqqında” Qanunun 21-ci maddəsi bir neçə bənddən ibarət olmaqla iddiaçının hansı bəndə əsasən maliyyə məsuliyyətinə cəlb edilməsini məhkəmə konkretləşdirməmişdir. Qanunun 21-ci maddəsində bir bənddə qeyd edilmişdir ki, sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılmasına) görəazaldılmış sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə isə 100 faizi məbləğində maliyyə sanksiyası tətbiq edilir. İddiaçıya 100 faiz məbləğində maliyyə sanksiyası tətbiq edildiyindən əvvəllər belə hərəkətə yol verməsi, bu barədə ona maliyyə sanksiyası tətbiq edilməsi, maliyyə sanksiyası tətbiq edilməsi barədə cavabdehin qərarının qüvvədə olub-olmaması araşdırılmamışdır. Qanunun 21-ci maddəsində həmçinin qeyd edilmişdir ki, maliyyə sanksiyaları üzrə borclar bu Qanunun 14-cü maddəsinə uyğun olaraq tutulur. xx xxxxxx 2014-cü ildə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”nın 7.14-cü bəndinə görə DSMF orqanları rüblük hesabatı qanunvericiliklə müəyyən edilən vaxtda təqdim etməyən sığortaedənlərə hesabatın qanunvericiliklə müəyyən edilən vaxtda təqdim edilməməsinə görə maliyyə sanksiyasının tətbiq olunduğunu bildirir və hesabat 5 (beş) iş günü ərzində təqdim edilmədikdə qanunvericiliklə müəyyən edilmiş digər tədbirlərin görüləcəyi barədə xəbərdarlıq (Əlavə №8) göndərir. Apellyasiya məhkəməsi iddiaçının 2018-ci ilin ikinci rübünə aid vergi orqanına təqdim etdiyi bəyannamədə göstərilən muzdlu gəlir məbləği ilə DSMF-yə təqdim edilmiş vahid rüblük hesabatda göstərilən əmək haqqı fondu arasında yaranmış fərqin yaranması əsaslarını, uyğunsuzluğun aradan qaldırılması və dəqiqləşdirilmiş hesabatın 5 gün ərzində təqdim edilməsi barədə DSMF-nin iddiaçıya elektron qaydada göndərdiyi müraciətə cavab verməsi, iddiaçının hərəkətində məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsi (sosial sığorta haqqının azaldılması) ətraflı araşdırılıb yoxlanılmamışdır. İşdən görünür ki, cavabdeh özü də təsdiq etmişdir ki, iddiaçı dəqiqləşdirilmiş hesabatla məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişini həyata keçirmişdir. Bu ödənişin nə vaxt edilməsi, iddiaçı haqqında maliyyə sanksiyasının ödənişdən əvvəl, yaxud sonra tətbiq edilməsi, ödənişdən sonra maliyyə sanksiyasının tətbiqinin mümkünlüyü araşdırılmamışdır. xx xxxxxx 2014-cü ildə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”nın 7.15-ci bəndinə əsasən, DSMF orqanı rüblük hesabat təqdim edildiyi gündən 10 gün ərzində kameral sosial sığorta yoxlaması aparmalıdır. Kameral sosial sığorta yoxlaması nəticəsində hesabatların vaxtında təqdim edilməməsinə, məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmamasına və vaxtında ödənilməməsinə, habelə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınmaya dair faktlar aşkar edildikdə, müvafiq maliyyə sanksiyaları tətbiq olunur, sığortaedənin məcburi dövlət sosial sığortası üzrə şəxsi uçot hesabında müvafiq qeydlər aparılır və maliyyə sanksiyalarının 5 (beş) iş günü ərzində ödənilməsi tələbi barədə sığortaedənə bildiriş (Əlavə №9) göndərilir. Qaydaların 7.16-cı bəndinə görə əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatdakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda, sığortaedənlər tərəfindən həmin dövr (xx.xx.2006-cı ildən əvvəlki hesabat dövrünü əhatə etməmək şərti ilə) üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. İddiaçı barəsində kameral sosial sığorta yoxlaması aparılması, yoxlamanın Qaydalarda göstərilən müddətdə aparılması, dəqiqləşdirilmiş hesabatın təqdim edilməli olmasının əsası kimi Qaydaların konkret olaraq hansı bəndinin iddiaçı tərəfindən pozulması və müvafiq olaraq ona maliyyə sanksiyası tətbiq edilməsinin hüquqi əsası araşdırılmamışdır. “Sosial sığorta haqqında” qanunun mübahisənin yarandığı dövrdə qüvvədə olan 21ci maddəsinin 4-cü bəndində qeyd edilir ki, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılmasına) görə — azaldılmış sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə isə 100 faizi məbləğində cərimə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, maddənin dispozisiyasından da göründüyü kimi məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılmasına) görə maliyyə sanksiyası tətbiq edilməsi nəzərdə tutulmuşdur. Hazırkı halda isə iddiaçı tərəfindən məlumatın gizlədilməsi deyil, yanlışlığa yol verildiyi müəyyən edilir. Belə ki, iddiaçı tərəfindən 2018-ci ilin İİ rübü üzrə DSMF-yə təqdim edilmiş hesabatlarla həmin dövr üçün vergi orqanlarına muzdlu işlə əlaqədar təqdim olunan bəyannamədə göstərilən əmək haqqı arasında fərq yaranmışdır. Yəni iddiaçı vergi orqanına hesabatı düzgün təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı “Sosial sığorta haqqında” qanunun mübahisənin yarandığı dövrdə qüvvədə olan 21-ci maddəsinin 4-cü bəndinə əsasən (sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılmasına) görəazaldılmış sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə isə 100 faizi məbləğində cərimə tətbiq edilir) maliyyə məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya 100 faiz məbləğində maliyyə sanksiyasının tətbiq edilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi üçün cavabdehə və üçüncü şəxsə vaxt verilməsinə baxmayaraq nə cavabdeh, nə də ki üçüncü şəxs tərəfindən 100 faiz məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi üçün əsas olmuş (iddiaçının əvvəllər belə hərəkətə yol verməsi, bu barədə ona maliyyə sanksiyası tətbiq edilməsi, maliyyə sanksiyası tətbiq edilməsi barədə cavabdehin qərarının qüvvədə olub-olmaması) hallarının araşdırılması üçün zəruri heç bir sənəd təqdim edilməmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, nə qədər ki zəruri sənədlər müvcud deyil, 100 faiz məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi əsassızdır. Bundan başqa, həm cavabdeh, həm də üçüncü şəxs qeyd edir ki, iddiaçının 2018-ci ilin İİ rüb üçün DSMF-yə təqdim etdiyi bəyannamədə göstərilən muzdlu gəlir məbləği ilə DSMF-yə təqdim edilmiş vahid rüblük hesabatda göstərilən əmək haqqı fondu arasında fərq yarandığına görə DSMF tərəfindən iddiaçıya 5 iş günü ərzində yaranmış uyğunsuzluğun aradan qaldırılması və dəqiqləşdirilmiş hesabatın təqdim edilməsi üçün 2018-ci ilin 4 sentyabr tarixində elektron qaydada müraciət edilmiş, əks halda, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Məhkəmə kollegiyası tərəfindən yuxarıda qeyd olunan halların təsdiqi üçün sənədlərin təqdim edilməsi ilə bağlı imkan yaradılmasına baxmayaraq nə cavabdeh, nə də ki üçüncü şəxs tərəfindən uyğunsuzluğun aradan qaldırılması üçün bildirişin həqiqətən göndərilməsi, iddiaçıya dəqiqləşdirilmiş hesabatın verilməsi üçün vaxt verilməsi, göstərilən müddətdə dəqiqləşdirilmiş hesabatın təqdim edilməməsi barədə sübutlar təqdim edilməmişdir. “Məcburi dövlət sosial sığorta haqqının toplanması” Qaydasının 7.15.1-ci bəndinə əsasən kameral yoxlama zamanı hesabatın doldurulmasında səhvlər aşkar edildikdə və ya hesabatlar müəyyən olunmuş formada (və ya natamam məlumatlar təqdim edildikdə təqdim edilmədikdə, DSMF orqanı tərəfindən bu barədə sığortaedənə müraciət (Əlavə №10) göndərilir və 5 (beş) iş günü ərzində sığortaedəndən düzəliş edilmiş hesabatın təqdim olunması tələb edilir. “İnzibati icraat haqqında” qanunun inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Hazırkı iş üzrə nə cavabdeh, nə də ki üçüncü şəxs mübahisələndirilən maliyyə sanksiyasının əsaslı olmasına dair hər hansı sübut təqdim etmədiyi kimi, iddiaçı tərəfindən məlumatların gizlədilməsi halı da müəyyən edilməmişdir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin imtinası əsaslı olmamış, işə baxan birinci instansiya məhkəməsi də iddiaçının tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(82)-2107/2019 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2107/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Xəyal Sarıyev İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-1763/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1763/2020
11.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver