Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1763/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1180/2021 saylı, 16.03.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı (hazırkı adı: Xüsusi Şərtlərlə Mərkəzi Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasında vətəndaşların "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə 57 yaşının tamam olduğu vaxtdan, yəni 29 noyabr 2012-ci il tarixindən əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: «…İddiaçı, EB 014088 nömrəli diploma əsasən 1973-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxiil olmuş və 23 iyun 1979-cu ildə “sənaye və mülki tikinti” ixtisası üzrə kursu bitirmişdir. Azərbaycan Respubliksı SHXÇ üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsi tərəfindən 28.01.2020-ci il tarixli 5 saylı arayışına əsasən 24.04.1980-ci il tarixdən 18.10.1981-ci il tarixinədək SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir rayon Dövlət Arxivindən 29 yanvar 2020-ci il tarixində verilən 27 saylı arxiv arayışına əsasən onun əmək fəaliyyəti ilə bağlı stajı aşağıdakı kimi olmuşdur: 1) 21.09.1979-24.04.1980, Kürdəmir Təsərrüfatlar Tikinti İdarəsində inşaat ustası, əsas 21.09.1979-cu il tarixli əmr № 118 (həmin müəssisədə güzəştli şərtlər əsasında stajı 6 ay 3 gündür); 2) 24.04.1980-18.10.1981-ci il tarixli SSRİ Silahlı Qüvvələrində hərbi xidmət, Azərbaycan Respubliksı SHXÇ üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsi tərəfindən 28.01.2020- ci il tarixli 5 saylı arayışına əsasən (1 il 5 ay olan həmin müddət ümumi iş stajına daxildir); 3) 03.11.1981-ci il tarixindən hərbi xidmətdən qayıtdıqdan sonra Kürdəmir Təsərrüfatlar Tikinti İdarəsində inşaat ustası vəzifəsinə qəbul olunmuşdur (qəbul olunma əmri 03.11.1981, N; 125, həmin vəzifədən çıxma əmri, 15.07.1992, əmr N; 80); 4) 15.07.1992 - 08.09.1995 Kürdəmir Təsərrüfatlar Tikinti İdarəsində iş icraçısı vəzifəsində işləmiş, əsas 15.07.1992-cu il tarixli əmr N; 80, 08.09.1995-ci il tarixli əmr № 100 (həmin müəssisədə güzəştli şərtlər əsasında stajı 10 il 10 ay 12 gündür); 5) 11.09.1995-27.10.2005-ci ilə gədər Kürdəmir şəhərində olan 63 saylı X2 iş icraçısı vəzifəsində işləmişdir, əsas 11.09.1995-ci il tarixli əmr N; 25/19, 27.10.2005-ci il tarixli əmr № 32 (həmin müəssisədə güzəştli şərtləri əsasında stajı 10 il 1 ay 20 gündür). Notarius tərəfindən təsdiq olunmuş əmək kitabçasına və arxiv arayışına əsasən sığorta iş stajı 26 il 28 gündür. Ali məktəbdən təyinatla gənc mütəxəssis kimi işləməyə göndərildiyi üçün, təhsil aldığı 5 il də iş stajı sayılmalıdır. Belə olan halda onun ümumi iş stajı 31 il 28 gündür. 31 ildən çox olan əmək fəaliyyətinin 24 ildən çoxunu əmək şəraiti zərərli olan işlərdə işlədiyindən, 57 yaşı tamam olandan sonra, yəni 29 noyabr 2012-cı il tarixindən ona güzəştli şərtlərlə pensiya təyin olunmalı idi. 2020-ci ilin əvvəllərində əmək kitabçası və güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağını təsdiq edən arxiv arayışını da İdarəyə təqdim etmiş, ona bildirmişlər ki, hər şey qaydasındadır, əmək kitabçasının notarius tərəfindən təsdiq olunmuş surətini də təqdim etmək lazımdır. Əmək kitabçasının notarius tərəfindən təsdiq olunmuş surətindən də göründüyü kimi 29 yanvar 2020-ci il tarixində o əmək kitabçasının surətini təsdiq elətdirmişdir. Ondan sonra da dəfələrlə İdarəyə müraciət edərək aidiyyətli sənədləri təqdim etmişdir. Lakin hər dəfə müxtəlif bəhanələrlə sənədləri geri qaytarılmışdır. Ona görə də onda şübhələr yaranmağa başladı ki, sənədlərini itirəcəklər. Ehtiyat məqsədilə 12.05.2020-ci il tarixində 2 saylı Asan Xidmətində ikinci dəfə əmək kitabçasının surətini notariusda təsdiq elətdirmişdir ki, əmək kitabçasının əsli ilə onda olan təsdiq olunmuş surətini pensiya üçün təqdim edəndə, təsdiq olunmuş bir surəti onda qalsın. Lakin evə gəlib sənədləri yerbəyer etdikdə görmüşdür ki, əmək kitabçasının əsli yoxdur. 4-5 gün ehtimal olunan yerlərdə axtarış apardıqdan sonra, onda də belə bir ehtimal yaranmışdır ki, əmək kitabçası 21 saylı marşurutda itirmişdir. Ona görə də bu barədə 17.05.2020-ci il tarixində aidiyyəti üzrə Xətai Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Axırıncı dəfə 12 may 2020-ci il tarixində əmək kitabçasını notariusda təsdiq olunmuş surəti ilə təqaüdün təyin olunması üçün zəruri olan bütün sənədləri İdarəyə göndərsə də yenə də ona 31 may 2020-ci il tarixli imtina cavabı göndərilərək göstərilmişdir ki, müvafiq sənədlərin əsilləri tam şəkildə təqdim olunduqdan sonra işə baxıla bilər. Əmək kitabçasının əslini təqdim edə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Arxiv arayışından və əmək kitabçasının surətindən də göründüyü kimi, onun 29 noyabr 2012-ci ildə 57 yaşı tamam olanda ümumi iş stajı 25 ildən çox olmuşdur. Həmin stajın da 20 ilindən çoxu güzəştli şərtlərlə pensiyasının təyin olunmasına əsas verən sahələrdə işləmişdir. Qanunla ona 29 noyabr 2012-ci il tarixdən həmin şərtlər daxilində ona pensiya hesablanmalıdır…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1180/2021 saylı, 16.03.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «…məhkəmə ehtimallara əsaslanmışdır. Guya onun iş stajının 25 ildən çox olması, 12 il 6 ay güzəştli iş stajına malik olması məhkəmə araşdırması zamanı öz əksini tapmamışdır. Hakimin qərarı qanunsuzdur. Konkret olaraq hansı əsaslara görə iddianın rədd olunması göstərilməmişdir. Göstərilənlərin hamısı ümumi əsaslardır və heç biri onun iddia tələbinin rədd olunması üçün əsas ola bilməz. O, onunla bir yerdə və bir vaxtda eyni müəssisələrdə işləyən keçmiş iş yoldaşlarının əmək kitabçalarının surətini də apellyasiya şikayətinə əlavə edir. Onların əmək kitabçalarına vurulan möhürlər eynidir. Möhürlərin fərqli olmasına səbəb idarənin adının dəyişdirilməsidir. Onunla birlikdə işləyən şəxslərin əmək kitabçasında eyni adam qeydləri aparıb. Necə olur ki, həmin şəxslərin işlədiyi vaxt güzəştli şərtlərə daxil edilir, lakin onun iş stacjına daxil olunmur. Bunlara məhkəmə aydınlıq gətirilməli, lazım gəlsə ekspertiza təyin olunmalı idi və bu istiqamətdə ona hüquqi yardım göstərilməmişdir. Bundan əlavə, onun işlədiyi vaxtlarda Kürdəmir rayonunun baş memarı işləyən X8 da onunla bağlı Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi ərizədə göstərmişdir ki. həmin illər ərzində nazirliklərin baş idarələrin və tikinti trestlərinin adları tez-tez dəyişilsə də eyni möhürlərdən istifadə olunmuşdur…» Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş, işdə olan əmək kitabçasının notariat qaydasında təsdiq olunmuş surətində 11.09.1995-27.10.2005-ci illərdə «63 saylı X2 iş icraçısı vəzifəsində işlədiyi dövrün qeydini aparan şəxsin («Ok. Mamedova N») imzası (və yazı) ilə, onun məhkəməyə təqdim etdiyi digər iş yoldaşlarının əmək kitabçalarında olan qeydlərdə olan imza (və yazı) ilə olan fərqli olması barədə məhkəmənin sualını cavablandırarkən, əmək kitabçasındakı həmin imzanı «Ok. Mamedova N» tərəfindən deyil, onun əvəzində müəssisənin müdirinin özü tərəfindən imzalandığını bildirmişdir. Məhkəmə kolegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, iddiaçının təqdim etdiyi əmək kitabçasının surəti üzrə onun əmək fəaliyyətinin qeydlərdə möhürlərdə və yazılarda olan uyğunsuzluqlara və əmək kitabçasının əslini təqdim edilmədiyinə görə iddiaçının güzəştli pensiya təyin olunması üçün müvafiq iş stajını müəyyən etmək mümkün olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmsını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instasiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, 01.01.2006-cı il tarixdən qüvvədə olan, «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə 13.06.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin «d» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, döktoanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir; Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1.1 və 3.2.1-ci bəndlərinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir). İddia ərizəsinə və işin digər materiallarına əsasən müəyyən olunur ki, konkret halda iddiaçının əmək kitabçası mövcud deyil, iddiaçının deməsinə görə əmək kitabçasını qeyrimüəyyən şəraitdə itirmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi, Azərbaycan Respubliksı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsinin 28.01.2020- ci il tarixli 5 saylı arayışına əsasən və 26 sentyabr 1979-cu il tarixində verilmiş 014088 nömrəli diploma əsasən 1 il 5 ay hərbi xidməti və onun 5 il ali məktəbdə təhsil müddəti müəyyən olunur. Eyni zamanda, iddiaçının iş materiallarına əlavə edilmiş 2 saylı ASAN-2 xidmət mərkəzində notarial qaydada təsdiq olunmuş, əmək kitabçasının surətinə əsasən isə əmək faliyyəti üzrə aşağıdakı qeydlər müəyyən edilir: 1) 21.09.1979-24.04.1980 Kürdəmir Təsərrüfatlararası Tikinti İdarəsi, inşaat ustası ( 7 ay 3 gün ); 2) 03.11.1981-15.07.1992 - həmin idarədə inşaat ustası (10 il 8 ay 12gün); 3) 15.07.1992 - 27.10.2005 - 63 saylı X2 iş icraçısı 13 il 3ay 12 gün. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, birinci iki halda iddiaçının Kürdəmir Təsərrüfatlararası Tikinti İdarəsində iş stajına dair əmək kitabçasının qeydlərinn tamlığının pozulması, qaralama və düzəlişlər mövcud olmasa da, üçüncü halda, əmək kitabçasının 6-7-ci qeydləri üzrə onun «15.07.1992 - 27.10.2005-ci illərdə 63 saylı X2 iş icraçısı» kimi işə qəbul və işdən azad olunma barədə yazılar bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Həmin qeydlər iddiaçı tərəfindən məhkəməyə təqdim olunan, onunla həmin müəssisədə birgə çalışmış digər iş yoldaşlarıın («A.İ.Abuşov», H.H.Dünyamalıyev») əmək kitabçalarının əsillərində qeydlər qarşılıqlı tədqiq olunarkən müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasında (surətində) «27.10.2005. Öz ərizəsinə əsasən işdən azad edilsin» 27/10.2005 əmr-32. Ok: imza Mamedova N» sözlərindən ibarət 7-ci qeydi dolduran və onu imzalayan 63 saylı X1 kadrlar əməkdaşı «Mamedova H» adlı şəxsin imzası və yazıları, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən həmin şəxslərin «əmək kitabçasındakı kadrlar əməkdaşı Mamedova H adlı şəxsin imza və yazıları ilə eyni olmadığı adi gözlə də müşahidə olunur. Hazırkı mərhələdə İddiaçı bu hala aydınlıq gətirərkən bildirmişdir ki, onun əmək kitabsının (konkret halda surətinin) onun işdən azad olunması barədə mübahisələndirilən 7-ci qeydin altındakı müssəsinənin kadrlar əməkdaşı «Mamedova H» tərəfindən deyil, müdiri tərəfindən imzalanmışdır. Belə olan halda, həm də əmək kitabçasının əsli məhkəməyə təqdim edilmədiyi (iddiaçının deməsinə görə itirilməsi) təqdirdə, iddiaçının əmək kitabçasının surətində olan mübahisələndirilən «15.07.1992-27.10.2005-ci illərə dair 63 saylı X2 işləməsi barədə 6-7ci qeydlərin sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirilməsi istisna edir. Bu baxımından, iddiaçının əmək fəaliyyətininə dair yalnız arxiv məlumatlarının tədqiq olunması zərurəti yaranmış, bununla bağlı aparılan məhkəmə araşdırması zamanı isə aşağıdakılar müəyyən olunmuşdur. İddiaçının iddia ərizəsində istinad etdiyi, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir rayon Dövlət Arxivinin 29 yanvar 2020ci il tarixli 27 saylı arxiv arayışında onun - 21.09.1979-cu il tarixindən 24.04.1980-ci il tarixinə kimi və 03.09.1981-ci il tarixindən 15.07.1992-ci tarixinə kimi Kürdəmir Təsərrüfatlararası Tikinti İdarəsində inşaat ustası, 08.09.1995-ci il tarixindən 27.10.2005-ci il tarixə kimi isə 63 saylı X6 (SMD) iş icraçısı vəzifələrində işlədiyi göstərilmişdir. Lakin həmin arxiv arayışında hansı arxiv sənədlərnə istinad edildiyi göstərilməmişdir. İşdən görünür ki, bununla bağlı birinci instansiya məhkəməsinin Milli Arxiv İdarəsinə ünvanladığı müvafiq sorğusu sonuncu tərəfindən aidiyyəti üzrə baxılması üçün Milli Arxivin Kürdəmir Rayon Dövlət Arxivinə göndərilmiş və bu sonuncu məhkəməyə ünvanladığı 14 avqust 2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, iddiaçı «İddiaçı barəsində verilmiş 29 yanvar 2020-ci il tarixli 27 nömrəli arxiv arayışı, onun əmək kitabçası əsasında verilmişdir. İddiaçı çalışdığı Kürdəmir Təsərrüfatlararası Tikinti İdarəsi və 63 saylı X4 şəxsi heyətə dair sənədləri Kürdəmir rayon Dövlət Arxivi İdarəsinə təhvil verməmişdir…» İddiaçının məhkəməyə verdiyi izahatlarına əsasən isə müəyyən olunmuşduur ki, çalışdığı 63 saylı X5 fəaliyyəti yoxdur və hal-hazırda Kürdəmir rayonunda belə bir qürum mövcud deyil. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********549000 №-li,17.08.2020-ci il tarixli məhkəməyə ünvanlanmış məktubunda isə bildirmişdir ki, dövlət reyestrində 63 saylı X1 17.05.1989-cu il tarixdə 24 qeydiyyat nömrəsi ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur, lakin müəssisənin 2004-cü ildən hazırki dövrədək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Dövlət Vergi Xidmətinin qeyd olunan məlumatından da göründüyü kimi, 63 saylı X3 2004-cü ildən hazırkı dövrə qədər inventarlaşmadan keçməmiş və VÖEN almaq üçün vergi orqanına müraciəti mövcud deyil. Halbuki, iddiaçının əmək kitabçasının işə əlavə olunmuş surətində onun həmin Dəstədən 27.10.2005-ci il tarixinə işdən azad olunması barədə qeydi mövcuddur. Beləliklə də, qeyd olunanlar nəzərə alınmaqla, iddiaçının 15.07.1992 - 27.10.2005 - 63 saylı X2 iş icraçısı kimi işlədiyi 13 il 3 ay 12 gününün onun iş stajı kimi qəbul olunmasını istisna edilir. Belə olan halda, onun 01.01.2006-cı il tarixinədək 25 il ümumi iş stajı və bunun 12 il 6 aynını güzəştli pensiya hüququ verən vəzifədə çalışması, bununla da ona 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Halbuki, İPM-in 14.3-cü maddəsinin tələbinə görə İPM-in 14.3-cü maddəsinin tələbinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən güzəştli şərtlələ 57 yaşından pensiya təyin edilməsindən imtina olunması qanuni və əsaslıdır. Ona görə də bu imtina iddiaçının hüquqlarının pozulması kimi yozula bilməz. İPM-in 73.1-ci maddəsi də məhz nəzərədə tutur ki, məhkəmə o halda inzibati aktın qəbul edilməsi barədə inzibati orqanın üzərinə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya onun hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarının pozulmasına səbəb olsun. Beləliklə də qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın ehtimallara əsaslandığını və qanunsuz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1180/2021 saylı, 16.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1180/2021 saylı, 16.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1763/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1763/2021
14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver