Məhkəmə qərarları › İş №2-1(103)-1763/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1763/2022

27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1763/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2267/2022 saylı, 10 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı qız cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci bəndinə əsasən müraciət etdiyi tarixdən əvvəlki üç il üçün əmək pensiyasının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2267/2022 saylı, 10 fevral 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinə baxılmasından imtina etməmiş, əksinə müvafiq sənədlərin əsillərini tam şəkildə təqdim etdikdən sonra ona güzəştli pensiya təyinatının aparılması məsələsinə baxılacağını bildirilmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə verilən cavab imtina kimi qəbul edilə bilməz. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh tərəf apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəfin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı qız Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1961-cı il tarixdə İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olmuşdur. - ДT № 785076 saylı diploma əsasən, Musayeva (hazırda Rüstəmova) Gülfəxrinə Qulu qızı 1979-1981-ci illərdə Sumqayıt Tibb Məktəbində təhsil almış və ona “tibb bacısı” ixtisası verilmişdir. - İddiaçının ИТ-İ № ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 31.08.1979-cu ildə Sumqayıt Tibb Məktəbinin uşaq müalicə-profilaktika müəssisələri üçün tibb bacısı şöbəsinin şagirdlər sırasına daxil edilmiş, 06.07.1981-ci ildə tamamlanmış tibb təhsili ilə uşaq müalicə-profilaktika müəssisələri üçün tibb bacısı ixtisası verilmşdir. 05.10.1981- 16.08.1982-ci illərdə Azərbaycan SSR İsmayıllı rayonu “Xanlar” adına Çaxır sovxozu. Talış qəsəbəsinin uşaq baxçasına tibb bacısı vəzifəsinə qəbul edilmiş, Azərbaycan SSR İsmayıllı rayonu Mərkəzi feldşer xəstəxanası. 16.08.1982-26.09.1983-cü illərdə İsmayıllı rayon Komitəsinin Qalıxanc həkim ambulatoriyasının tibb bacısı vəzifəsində, 02.01.1985-23.10.1986-cı illərdə masaj üzrə tibb bacısı vəzifəsində işləmiş, 23.10.1986-01.09.1989-cu illərdə prosedur kabinetinin tibb bacısı, 01.09.1989- 22.10.2004-cü illər ərzində sahə tibb bacısı, 27.10.2004-cü ildən hal-hazıradək K.Y.Fərəcova adına X1 yoluxucu xəstəliklər şöbəsində tibb bacısı vəzifəsində işləyir. - Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 27 iyul 2021-ci il tarixli, **********0 saylı imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə müraciətinə baxılmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad olunaraq bildirilmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin ediiməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) tələblərinə uyğun qaydada İddiaçı tərəfindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına şəxsiyyət vəsiqəsinin surəti, ümumi iş stajınıı təsdiq edən sənədlərin əsllərinin (əmək kitabçasının, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.), "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının əslinin, pensiya təyin edilməsi ilə bağlı ərizəyə əlavə edilməklə təqdim edildikdən sonra baxıla bildiyi qeyd olunaraq, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırki işdən görünür ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci ilədək qüvvədə olmuş redasiyasına əsasən, 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin hallarını hərtərəfli araşdıran məhkəmə kollegiyası bildirir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 52 yaşı 27.10.2014-cü ildə tamam olduğundan və zəruri iş stajı 01.07.2017-ci il tarixədək toplandığından, hazırki mübahisə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən tənzimlənməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə görə 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Qanunvericilikdən də göründüyü kimi, iddiaçının 52 yaşının tamam olduğu 27.10.2014-cü il tarixdən əmək pensiyası hüququ yaranmışdır. Ona həmin tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün isə digər 2 şərt ödənilməlidir: 01.07.2017-cü il tarixə azı 20 il iş stajı toplanmış olmalı və həmin müddətin 10 ilini zərərli işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. 01.01.2006-cı il qədər qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materiallarından müəyyən edilir ki, 01.07.2017-ci il tarixə iddiaçı G. Rüstəmovanın təhsil dövrü (06.07.1981 - 31.08.1979 = 1 il 10 ay 05 gün) də daxil olmaqla, 36 il 04 ay 20 gün iş stajı toplanmışdır. (16.08.1982 - 05.10.1981 = 10 ay 11 gün) + (26.09.1983 – 16.08.1982 = 1 il 01 ay 10 gün) + (23.10.1986 – 02.01.1985 = 1 il 09 ay 21 gün) + (01.09.1989 – 23.10.1986 = 2 il 10 ay 08 gün) + (27.10.2004 – 01.09.1989 = 15 il 01 ay 21 gün) + (01.07.2017 – 27.10.2004 = 12 il 08 ay 04 gün) = 36 il 04 ay 20 gün) İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X2 tərəfindən iddiaçıya verilən 16 sentyabr 2021-ci il tarixli “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair” Arayışdan görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X1 27.10.2004-cü il tarixdən halhazıradək yoluxucu xəstəliklər şöbəsində tibb bacısı şöbəsində işləyir. İşlədiyi vəzifə üzrə iş stajı 16 il, 10 ay, 20 gün təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X2 tərəfindən iddiaçıya verilən 21 aprel 2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X1 27.10.2004-cü il tarixdən halhazıradək yoluxucu xəstəliklər şöbəsində tibb bacısı şöbəsində işləyir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X2 tərəfindən verilmiş 04 fevral 2022-ci il tarixli, 161 saylı arayışından görünür ki, İddiaçı həqiqətən 27.X.2004 tarixindən hazırkı dövrə qədər K.Y.Fərəcova adına ETPİ-nun yoluxucu xəstəliklər şöbəsində tibb bacısı vəzifəsində çalışır və ona X10 üzrə X7 Heyətinin 21 yanvar 2020 tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş Təbib HPŞ tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydışının 7.1 maddəsinin Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə 7.1.15. bəndinə əsasən yoluxucu xəstəliklər və bağırsaq qurdları ilə yoluxmuş xəstələrlə stasionar şöbələrdə tibb heyəti vəzifələrində çalışan İddiaçı hər ay vəzifə maaşlarının 15%-i miqdarında əlavə haqq ödənilir. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X2 tərəfindən məhkəməyə təqdim edilən 27 may 2022-ci il tarixli “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair” Arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X1 27.10.2004-cü il tarixdən halhazıradək güzəştli şərtlərlə pensiya hüququ verən Mədə bağırsaq İnfeksion şöbəsinin tibbi bacısı vəzifəsində işləyir (61K saylı, 28.10.2004-cü il tarixli əmr). İşlədiyi vəzifə üzrə iş stajı 17 il, 06 ay, 23 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri bilavasitə infeksion xəstələrə xidmət göstərilməsi, Azərbayan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19-cu bəndinin a) yarımbəndinə (orta tibb heyəti) uyğundur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Beləliklə, iddiaçının 27.10.2004-cü ildən hazırki tarixədək işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə “Səhiyyə və sosial təminat idarələri” adlı 19-cu bölmənin a) yarımbəndində qeyd olunan vərəm və infeksion idarələrində, bölmələrində kabinetlərində orta tibb heyəti vəzifəsinə uyğun gəldiyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmaqla, 27.10.2014-cü ilə 10 il güzəştli iş stajının toplandığı müəyyən edilir. Beləliklə, sadalananlardan da göründüyü kimi, iddiaçıya 52 yaşının tamam olduğu 01.07.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan (azı 20 il ümumi iş stajı və azı 10 il güzəştli staj) şərtlər ödənildiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdehin qeyd edilən mövqeyinə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “... iddiaçı tərəfindən tələb olunan sənədlərin - şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının, güzəştli iş stajını təsdiq edən müvafiq arayışın (işlədiyi peşənin xarakterinə dair) məhkəməyə təqdim edildiyi təqdirdə, inzibati orqana təqdim edilməməsi inandırıcı hal olmamışdır. ... cavabdeh inzibati orqan tərəfindən həm imtina cavabı verilərkən, həm də məhkəmə araşdırması zamanı iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının, tələb olunan pensiya yaşının olmadığı mübahisələndirilməmişdir.” İnzibati orqanın apelyasiya şikayətini əsassız hesab edən kollegiya bildirir ki, cavabdeh orqan apelyasiya şikayətində zəruri sənədlərin iddiaçı tərəfindən tam təqdim edilmədiyini qeyd etmişdir. Apelyasiya baxışı zamanı isə cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçının güzəştli arayışı olsa belə, tələbinin məhkəmədənkənar həll ediləcəyinə təminat verilmir, məhkəmə qaydasında həll edilməsi xahiş olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarından müəyyən edilir ki, iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair cavabdeh orqana 30.04.2021-ci il tarixdə müraciət etmişdir. Belə olan halda, iddiaçıya 52 yaşının tamam olduğu 27.10.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və müraciət etdiyi 30.04.2021-ci il tarixdən əvvəlki üç il üçün qanunla müəyyən edilmiş qaydada ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 10 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2267/2022 saylı, 10 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Yusifov Cahangir Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar