Məhkəmə qərarları › İş №2-1(103)-1763/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1763/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1763/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı X8 Məsuliyyətli Cəmiyyəti 1 saylı Rabitə Xidmətləri Mərkəzinə qarşı “istehsalat zədəsinə görə müvafiq ödəncin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8440/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı X8 Məsuliyyətli Cəmiyyəti 1 saylı Rabitə Xidmətləri Mərkəzinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Sığorta və X1rşı istehsalat zədəsinə görə ödənilməyən pulların ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, o, 1962-ci ildən 2014-cü ilə kimi rabitə sahəsində işləməyə başlamışdır. Xidməti ilə rabitə sahəsinin zirvəsinə qalxmışdır. Əməkdar Rabitəçi, Əmək Veteranı, 2 orden, 20 medal qazanmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Rabitə sahəsində gənc olarkən 1966-cı ildə, istehsalat zədəsi almışdır. İstehsalat zədəsinə görə, 1966-cı ildən, 1972ci ilə qədər 2-ci qrup “X10 travması” ilə əlil olmuşdur. Yaşa görə pensiyaya çıxanda 2014-cü ildə, 1966-cı ildən 1972-ci ilə qədər 6 il əlil olduğu illəri iş stajına əlavə edərək nəzərə alınmışdır. Bu da, istehsalat zədəsini bir daha əsaslandırır. İstehsalat zədəsi olmayan vətəndaşlara illər stajının üstünə hesablanmır. İşlədiyi dövürlər ərzində istehsalat zədəsini aldığına görə, ona idarə tərəfdən heçbir yardımlar və aylıq ödəmələr olunmamışdır. Rəbitə Nazirliyinin X5 (hal hazırda adı dəyişilərək Rəqəmsal inkişaf və Nəgliyyat Nazirliyi X3 1 saylı Rabitə Xidmətləri Mərkəzi sayılır) “kabel lehimləyici” vəzifəsində çalışmışdır. İşlədiyi “kabel lehimləyici” vəzifəsi ağır iş olduğu üçün güzətli şərtlərlə pensiyaya çıxaraq, yenidən öz işində işləyərək 2014-cü ildə pensiyaya çıxmışdır. Heç bir hallarda ona aldığı istehsalat zədəsinə görə hər ay üçün pul ödənilməyib. Bununla bağlı Dövlət Sosial Müdafiə Fonduna da, müraciət etmişdir. Müraciətinə cavab olaraq “Выписка ИЗ АКТА ОСВИДЕТЕЛЬСТВОВАНИЯ № 1116” əsas müayinə aktının Dövlət Sosial Müdafiə Fondunun 15 dekabr 2022-ci il tarixli **********3 nömrəli məktubu vasitəsi ilə təqdim etmişdir. Onun Dövlət Sosial Müdafiə Fonduna müraciətinə əsas xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək X2 keçirilmiş “kəllə beyin travması” ilə bağlı müalicə və müayinə, 1966-cı ildə aldığı “istehsalat zədəsi” travması olmuşdur. Onun hər iki travmasının nəticəsində qulaqlarının süni yuxu altında testi, 33, 1 rate, 2000 sweep click şiddətində aparılan test zamanı sol qulaq 70 dBnHL intensevlikdə dalğa əldə edildi, sağ qulaqda 3-cü dərəcə neyrosensor tip ağır eşitmə qeyd edilmişdir. 1966-cı ildə aldığı travma nəticəsində gözündə katarakta xəstəliyi yaranaraq nəticədə sol gözü çıxarılmışdır. 3-cü qrup gözdən əlildir. Travması ağrılarını getdikcə göstərir, qulaqlarının hər ikisinin 3-4 ağır eşitmə nəticəsində, yoxlamadan keçərək dövlət tərəfindən iki eşitmə aparatı ona verilmişdir xx.xx.2022-ci ildə göndərişlər Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasının “Bera” testindən keçərək bu faktlarda protezləşmə tövsiyə olunaraq əldə etmişdir. Bununa yanaşı, X9 müayinələr zamanı başının və ayaqlarının qan dövranının pozulması, dizdən aşağı ətraflarda keyləşmələr aşkarlanmışdır ki, epikrizdə xüsusi damar dopleri olunaraq rəy qeyd olunmuşdur. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 2-ci qrup gözdən əlil olaraq hər ay işlədiyi müəssisə tərəfindən istehsalat zədəsinə görə aylıq 80 faiz ödəncin 2023-cü ildən etibarən verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 2-1(112)-8440/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Sığorta və X6 münasibətdə mümkün sayılmamışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8440/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti və apellyasiya şikayətinin dəqiqləşdirilməsini təqdim edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasının inzibati prosesual məcəlləsinin 58.7 –ci maddəsinə istinad edərək ,sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmamışdır. Məhkəmə tərəfindən heç bir sorğu verilməmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına dəvət olunmamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və onun vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8440/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - İddiaçının müraciətinə əsasən Dövlət Sosial Müdafiə Fondu tərəfindən 15 dekabr 2022-ci il tarilxi **********3 nömrəli məktubla iddiaçının əlilliyini təsdiq edən tibbi sosial ekspert komissiyasının müayinə aktlarından çıxarışın surətləri təqdim edilmişdir. Həmin təqdim edilmiş sənədlərdəki İZ aktlarında qeyd edilmişdir ki, baş verən hadisə texniki təhlükəsizlik şərtlərinin pozulması səbəbindən və işçilərdən asılı olmayan səbəbdən tamamilə təsadüfən baş verdiyindən hər hansı bir tədbir görülməsi qeyrimümkün olmuşdur. - İddiaçının müraciətinə əsasən cavabdeh tərəfindən onun əmək müqaviləsinə 1966-cı ildə əliliklə əlaqədar xitam verilməsi barədə Azərbaycan Respubliksaının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilən əmrlərin surəti 2 vərəqdən ibarət olmaqla təqdim edilmişdir. Həmin əmrlərə əsasən müəyyən edilmişdir ki, X3 (X4) kabel briqadasının 5-ci dərəcəli kabelçisi İddiaçı ikinci qrup əlilliklə pensiya çıxması ilə əlaqədar xx.xx.1966-cı il tarixdən tutduğu vəzifədən azad edilmiş və əmək haqqı fərqinin səksən faizinədək ödənilməsi barədə ödənilməsi qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TibbiSosial Ekspert Komisisyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışa əsasən iddiaçıya “ümumi xəstəlik” səbəbindən üçüncü dərəcə müddətsiz əlillik təyin edilmişdir. - Cavabdeh tərəfindən ididaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubuna əsaəsn bildirilmişdir ki, müraciətlərinə əlavə edilən sənədlərdə onun 1966-cı ildə X5 iş vaxtı ərzində istehsalat zədəsinin alınması barədə hüquqmüəyyənedici sənədlər aşkarlanmamışdır. İstehsalat zədəsinin alınması ilə bağlı hüquqmüəyyənedici sənədlər olduğu təqdirdə, ödənişin olunması məsələsinə baxıla bilər. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 207-ci maddəsinə əsasən işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Əməyin mühafizəsi normaları və qaydaları bu Məcəllə ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. - 239-cu maddəsinin 1-ci bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. - 239-cu maddəsinin 2-ci bəndinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Qaydaların: - 1.2-ci bəndinə əsasən işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. - 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. - 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. - 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X7 Xidmətinin yerli bölməsinə məlumat verməlidir. - 1.8-ci bəndinə əsasən istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. - 2.1-ci bəndinə əsasən ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X7 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X7 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırki mərhələdə üçüncü dərəcəli əlilliyə (əlillin səbəb əlaqəsi istehsalat zədəsi deyil, ümumi səbəbdən qeyd edilmişdir) malik olması və istehsalatda baş vermiş bədbəxt hadisə barədə İZ aktının mövcudluğu, iddiaçıya əmək vəzifələrini yerinə yetirərkən xəsarət almağı səbəbi ilə ona dəymiş zərərə görə müvafiq ödəncin tələb edilməsi hüququnu vermir. Şəxsin bu ödənci tələb etmək hüququ yalnız o halda yarana bilər ki, əgər istehsalat qəzası nəticəsində işçinin səhhətinə vurulan zərər bilavasitə işəgötürənin təqsiri (tam və ya qismən) ilə bağlı olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarına əsasən: - AR Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar yaranan maddi məsuliyyət həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxıçından yanız işəgötürən təqsirli olduqda yaranır. AR Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa görə işəgötürənin təqsirinin tam və ya qismən olmasında asılı olmayaraq, həmin Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işçiyə əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclərin, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin ödənilməsi yalnız işəgötürənin təqsiri olduqda yol verilir. Həmçinin, qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda işəgötürənin təqsiri iş materialları ilə müəyyən edilmir. Belə ki, iş üzrə iş materiallarında olan iz aktına (tədqiqat aktına) əsasən müəyyən edilmişdir ki, baş verən hadisə texniki təhlükəsizlik şərtlərinin pozulması səbəbindən və işçilərdən asılı olmayan səbəbdən tamamilə təsadüfdən baş vermişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən işin halları tam,hərtərəfli və obyektiv araşdırılmışdır. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına dəvət olunmaması ilə bağlı isə qeyd edilməlidir ki, iş materiallarından görünür ki, məhkəmə iclaslarının vaxtı və yeri barəsində cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı X8 Məsuliyyətli Cəmiyyəti 1 saylı Rabitə Xidmətləri Mərkəzinə məhkəmə bildirişləri ünvanlanmışdır. Azərbaycan Respublikası İPM-nin: 62.1. Məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. 62.3. Məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8440/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8440/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar