Məhkəmə qərarları › İş №2-1(103)-1763/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1763/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1763/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və s.” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9937/2024 nömrəli, 02 dekabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin pensiyanın yenidən hesablanması ilə bağlı qərarının tam şəkildə icrasını təmin etmək üçün pensiyaya əlavənin və əvvəlki dövr üzrə ödənilməmiş pensiyanın məbləğinin məhkəmədə müəyyən olunmasını və müəyyən olunmuş məbləğin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-9937/2024 nömrəli, 02 dekabr 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun əmək pensiyasının 7 oktyabr 2016-cı il tarixdən yenidən hesablanması ilə bağlı hərəkətlərin qanunsuz sayılması, iddiaçının əmək pensiyasının 09 oktyabr 2020-ci il tarixdən yenidən hesablanması və əvvəlki dövr üztə ödənilməmiş pensiya məbləğinin ayların sayma bölünərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi 2-1(112)-778/2023 saylı 08 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, DSMF Binəqədi rayon şöbəsinin İddiaçı əmək pensiyasının 7 oktyabr 2016-cı il tarixdən yenidən hesablanması ilə bağlı hərəkətlərinin qanunsuz sayılması və iddiaçının əmək pensiyasının 09 oktyabr 2020-ci il tarixdən yenidən hesablanması və əvvəlki dövr üztə ödənilməmiş pensiya məbləğinin ötən dövrdəki ayların sayma bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəf apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsində cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verərək, məhkəməyə təqdim etdiyi apellyasiya şikayətini geri tələb etdiyinə görə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-411/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsində bildirilmişdir ki, əgər cavabdeh söz verdiyi öhdəlikləri yerinə yetirməkdən yayınarsa və ya yenidən hesablanmış pensiyaya əlavənin və əvvəlki dövr üzrə ödənilməmiş pensiyanın məbləğinin hesablanması ilə bağlı narazılığı olsa, bu işə Bakı İnzibati Məhkəməsində yeni iddia əsasında baxılmalıdır. Məhkəmə qərarına əsasən yenidən hesablanmış pensiyaya əlavə az olduğundan yenidən və ödənilməmiş pensiyanın hesablanmalarının surətini ya da izahatını almaq üçün xx.xx.2024-cü il tarixdə və bundan sonra da dəfələrlə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yazılı müraciət etmişdir. Yazılı cavab verilmirdi, şifahi isə imtina cavabı verilirdi. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında öz pensiya işi ilə tanış olmasına şərait verilmədiyinə görə bunu etmək üçün yenidən Bakı İnzibati Məhkəməsinə iddia ilə müraciət etməyə məcbur olmuşdur. Lakin məhkəmə də yazılı vəsatətlərinə baxmayaraq, cavabdehdə olan istədiyi sənədlərin məhkəməyə təqdim olunmasını təmin edə bilmədi. Cavabdeh tərəfi pensiyanın yenidən hesablamasına aid sənədlərin əvəzinə pensiya işində olan və hesablamaya aid olmayan (daxili yazışmalar, sərəncamlar, sosial sığorta ödənişləri, sorğular, cavablar və sairə) çox saylı sənədlər təqdim etdi (100-ə yaxın səhifə). Məhkəmə araşdırılması üçün lazımsız olan, təqdim olunmuş bu sənədlər araşdırılmadı və məhkəmə bu sənədlərə hüquqi qiymət vermədən, onları sübut kimi qəbul etdi. Vəsatətində, cavabdehdə olan istədiyi konkret sənədləri və arayışları qeyd etmişdir. Məhkəmə isə vəsatətində qeyd etdiyi konkret sənədlərin və arayışların adını ümumiləşdirib, qısaldaraq cavabdehə vəsatəti ilə bağlı qeyri-konkret sorğu göndərib. Sorğuya cavabı almadan, cavabdehin əvvəl təqdim etdiyi sənədlərlə kifayətlənərək, təqdim etmək istədiyi sübutlarını, hesablamalarını qəbul etməyərək, məhkəmə 02 dekabr 2024-cü il tarixli 2-1(112)-9937/2024 saylı qərardadla iddianı mümkün saymadı. Məhkəmənin yekun qərarı qəbul ediləndən sonra cavabdehdən sorğuya gecikdirilmiş, xx.xx.2024-ci il tarixli bir cavab gəldi. Vəsatətində cavabdehə vermədiyi suallara cavab verilirdi. Verilən suallar və tələblər isə cavabsız qaldı. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində iddia tələbi aydın ifadə olunmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında iddiaçıya hüquqi yardım edilməmişdir. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, «… məhkəmə iddiaçının eyni tələblə eyni tərəfə qarşı daha əvvəl məhkəməyə müraciət etdiyi, həmin iş üzrə artıq qanuni qüvvəsini almış məhkəmə qərarının olduğu, ən əsası isə iddiaçının cari tələbinin ilkin tələbdən fərqli olduğu (əmək pensiyasının hesablanması zamanı yeni xüsuslar müəyyən olunmamışdır) müəyyən olunmadığından, həm indiki tələbin, həm də əvvəlki tələbin eyni hüquqi və faktiki məzmun daşıdığı qənaətinə gəlinir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, hazırkı iddia mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır». Lakin birinci instansiya məhkəməsi tərəfindən pensiyanın yenidən hesablanması üçün iddia tələbində göstərilən əsasların əvvəlki inzibati iş üzrə iddia tələbində göstərilən əsaslarla eyni olub-olmaması, iddia tələbində pensiyanın yenidən hesablanması ilə bağlı məhkəmə qərarının tam şəkildə icrasını təmin etmək üçün pensiyaya əlavənin və əvvəlki dövr üzrə ödənilməmiş pensiyanın məbləğinin müəyyən olunması və ödənilməsi göstərilsə də, iddia tələbinin məhz məhkəmə qərarının icrası ilə bağlı olub-olmaması məsələləri araşdırılmamış və buna məhkəmə tərəfindən qiymət verilməmişdir. Apellyasiya şikayətinin məzmunundan və iş materiallarından görünür ki, iddiaçı məhkəmə qərarında göstərilməyən dövrlərin və pensiya kapitalı məbləğinin ona təyin edilmiş pensiya məbləğinin hesablanması zamanı düzgün hesablanmadığını mübahisələndirir. Lakin qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmamış, bununla əlaqədar iddia tələbinin dəqiqləşdirilməsi üçün iddiaçıya hüquqi yardım edilməmişdir. Birinci instansiya məhkəməsi əmək pensiyasının yenidən hesablanması üçün iddiaçının mübahisələndirdiyi əsasları müəyyənləşdirməli, əmək pensiyasının hesablanması zamanı hansı dövrlərin və hansı məbləğdə pensiya kapitalının nəzərə alındığını və iddiaçı tərəfindən bununla əlaqədar hansı halların mübahisələndirildiyini aydınlaşdırmalı, buna uyğun iddia tələbinin dəqiqləşdirilməsi üçün iddiaçıya hüquqi yardım edilməli, bundan sonra iddianın mümkünlük məsələsinə qiymət verilməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 3.5. Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Göründüyü kimi, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Apellyasiya instansiyası məhkəməsi isə iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidir. Lakin birinci instansiyası məhkəməsi iddiaçının hüquqi marağının nədən ibarət olmasını müəyyən etmədən və aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında iddiaçıya hüquqi yardım etmədən, yardım etmək vəzifəsinə əməl etmədən iddianı mümkünsüz saymışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv olunmalı, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İnzibati iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməli olduğundan apellyasiya şikayəti iddianın təmin edilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9937/2024 nömrəli, 02 dekabr 2024-cü il tarixli qərardadı ləğv edilsin və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar