Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1764/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş stajının müəyyən edilərək pensiyanın təyin edilməsi barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4219/2021 saylı 26 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 22-23 iyun 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun 21.10.1975-ci il tarixdən 04.07.1989-cu il tarixədək Şərur rayon Kolxoz Ticarət İdarəsində 1-ci dərəcə fəhlə işləməsi və 01.02.2012-ci il tarixdən 21.01.2020-ci il tarixədək Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Nəqliyyat sahəsində fəhlə işində çalışdığından iş stajının müəyyən edilərək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1958-ci il tarixdə anadan olmuş, əmək fəaliyyətinə 21.10.19745-ci il tarixdə Naxçıvan Respublikasının Şərur rayonunda Kolxoz Tikinti idarəsində 1-ci dərəcə fəhlə kimi işə qəbul olmuş, 04.07.1989-cu il tarixdə 73 saylı əmrlə həmin işdən azad olunmuşdur. 01.02.2012-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Nəqliyyat sahəsində fəhlə işinə qəbul olmuş və 21.01.2020-ci il tarixdə həmin işdən azad olunmuşdur. O, 2-ci qrup əlildir. Onun əmək kitabçası itirilmiş, lakin həmin dövrlər ərzində qeyd olunan sahələr üzrə işlədiyinə dair arxiv arayışı və arayış mövcuddur. İddiaçı pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən təqdim olunan 22.01.2021-ci il tarixli məktubda iddiaçının həmin dövrlər ərzində qeyd edilən sahələr üzrə işlədiyinə dair hüquq müəyyənedici sənədin olmadığı bildirilmiş və iş stajının müəyyən edilərək pensiyanın təyin edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, ona iş stajı müəyyən edilərək pensiya təyin edilməlidir. Belə ki, əmək kitabçası mövcud olmasa da, onun iş stajının olması faktı Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi və Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təsdiq edilmişdir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4219/2021 saylı 10 fevral 2021-ci il tarixli qərardadı ilə iş üzrə qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidməti nümayəndəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4219/2021 saylı 26 aprel 2021-ci il tarixli qərardadı ilə iddia tələbi İddiaçı 01.02.2012-ci il tarixdən 21.01.2020-ci il tarixədək (7 il 11 ay 21 gün) Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində fəhlə kimi iş stajının müəyyən olunması hissəsində mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4219/2021 saylı 26 aprel 2021ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı Naxçıvan Respublikasının Şərur rayonunda Kolxoz Tikinti idarəsində 21.10.1975-ci il tarixdən 04.07.1989-cu il tarixə qədər 1-ci dərəcə fəhlə kimi 13 il 8 ay 14 gün iş stajının müəyyən olunması, cavabdehin imtinasının həmin hissədə qanunsuz hesab edilməsi və iddia tələbinin pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməməsi qərara alınmışdır. (hakim: G.Sevdimalıyeva) Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, əlilliyə görə əmək pensiyası təyin olunmasının şərtləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində müəyyən edilərək göstərilmişdir əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddia ərizəsinə əlavə olunan sənədlərdən məlum olur ki, İddiaçı 30.01,1958-ci il təvəllüdlüdür, ona İİ dərəcə əlillik 19.10.2020-ci ildə təyin olunmuşdur. İddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan staj: (62-15 )*4/12=188 ay (15 il 8 ay). Tələb olunan sığorta kapitalının hesablanması: (15 il *12+8 ay)*144/192=141 141*200=28200 Birinci instansiya məhkəməsinin təmin etdiyi İddiaçı Naxçıvan Respublikasının Şərur rayonunda Kolxoz tikinti idarəsində 21.10.1975-ci il tarixdən 04.07.1989-cu il tarixə qədər 1-ci dərəcə fəhlə kimi 13 il 08 ay 14 gün iş illəri sosial sığorta stajı nəzərə alınması iddiaçı üçün heç bir hüquqi nəticə yaratmadığına görə qərar həmin hissədə rədd olunmalıdır. İddiaçıya tələb olunan staj 15 il 08 ay. Bundan əlavə iddiaçının Naxçıvan Respublikasının Şərur rayonunda Kolxoz tikinti idarəsində 21.10.1975-ci il tarixdən 04.07.1989-cu il tarixə qədər 1-ci dərəcə fəhlə kimi 13 il 08 ay 14 gün iş illəri sosial sığorta stajı nəzərə alınması qanuna ziddir. Ona görə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmış ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyən şəxsı işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Hesab edirlər ki, məhkəmə hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Həmçinin qeyd edirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə tərəflərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı 21.10.1975-ci il tarixdən 04.07.1989-cu il tarixədək Şərur rayon Kolxoz Ticarət İdarəsində 1-ci dərəcə fəhlə işləməsi və 01.02.2012-ci il tarixdən 21.01.2020-ci il tarixədək Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Nəqliyyat sahəsində fəhlə işində çalışdığından iş stajının müəyyən edilərək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və qeyd etmişdir ki, İddiaçı Naxçıvan Respublikasının Şərur rayonunda Kolxoz Tikinti idarəsində 21.10.1975-ci il tarixdən 04.07.1989-cu il tarixə qədər (13 il 8 ay 14 gün) işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən normaları nəzərə almaqla kollegiya hesab etmişdir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1981-2000ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 05.03.2018-ci il tarixli 13/203 nömrəli arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb olunan minimum məbləği 28200 manat təşkil edir. 28200 manat pensiya kapitalının minimum məbləğinin qarşılığında qeydə alınmış pensiya kapitalı cəmi 17649,76 manat təşkil edir ki, bu da İİ qrup əlil olan iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün yetərsizdir. İddiaçıya İİ qrup əlil kimi sosial müavinət almaq hüququ izah olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 05.03.2018-ci il tarixli 13/203 nömrəli arayışından görünür ki, iddiaçı Axundov X4 Respublikasının Şərur rayonunda Kolxoz Tikinti idarəsində 21.10.1975-ci il tarixdə 1-ci dərəcə fəhlə kimi işə qəbul olmuş, 04.07.1989-cu il tarixdə (13 il 8 ay 14 gün) 73/k saylı əmrlə həmin işdən azad olunmuşdur. İş materiallarında olan Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 07.01.2021-ci il tarixli 08 nömrəli arayışından görünür ki, İddiaçı 01.02.2012-ci il tarixdən 21.01.2020-ci il tarixədək (7 il 11 ay 21 gün) Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində fəhlə işində işlədiyi barədə məlumat qeyd edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçıya 19.10.2020-ci il tarixdə ikinci dərəcəli əlillik verilmişdir. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 22.01.2021-ci il tarixli **********3 saylı məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” qaydalarının 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə X2 X6 Sisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edildiyi, əmək kitabçası Fondun Binəqədi rayon xidmət nümayəndəliyinə və ya 1 saylı “ASAN” Xidmət Mərkəzinə təqdim etdiyi təqdirdə iddiaçının əmək pensiyası hüququna təkrar baxılacağı göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində əmək pensiyalarının növləri və tərkibləri (yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası) müəyyən edilmişdir. Bu Qanunun “Yaşa görə əmək pensiyası” adlanan İİ fəslində yaşa görə əmək pensiyasının təyin edilməsinin şərtləri əks olunmuşdur. Həmin Qanunun 12.1-ci əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya 19.10.2020-ci il tarixdən ikinci qrup əlillik təyin edilmişdir. İİ qrup əlil kimi pensiya təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur – 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Birinci şərtlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, ona İİ dərəcə əlillik 19.10.2020-ci il tarixdə təyin olunmuşdur. Ona əmək pensiyası təyin edilməsi üçün 15 il 8 ay (62 yaş -15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 47) x 4 ay = 188 ay/12= 15 il 6 ay) sığorta stajının olması tələb edilir. İddiaçının stajı Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 05.03.2018-ci il tarixli 13/203 nömrəli arayışına əsasən, 13 il 8 ay 14 gün və Binəqədi rayon MənzilKommunal Təsərrüfatı Birliyinin 07.01.2021-ci il tarixli 08 nömrəli arayışına əsasən 7 il 11 ay 21 gün cəmi 21 il 8 ay 5 gün olmaqla təsdiq edilir. İİ qrup əlil olan iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan digər şərtin, yəni fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-vermədiyi məsələsi yoxlanmalıdır. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, ona İİ dərəcə əlillik 19.10.2020-ci il tarixdə təyin olunmuşdur. İddiaçıya tələb olunan pensiya kapitalının hesablanması (15 il*12+6 ay)*144/192=139,5; 139,5*200=27900 manat. Beləliklə, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb olunan minimum məbləği 27900 manat təşkil edir. İddiaçının 13 il 8 ay 14 gün (01.01.2006-cı ilədək olan dövr) və 7 il 11 ay 21 gün (01.01.2006-cı ildən sonrakı dövr) olmaqla cəmi 21 il 8 ay 5 gün iş stajı var. İş stajı illərinin sığorta kapitalına çevrilməsi: 2006-cı il 1 yanvaradək olan dövrə münasibətdə ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı saylarına mütənasib hesablanmaqla) pensiya kapitalı hesablanmalıdır. (13 il tam il stajı * 306 manat) + (306 / 12 ay * 08 ay) = 4182 manat. Həmin vəsaitin 2019-cu il tarixə indeksləşdirilmiş məbləği 11513 manat təşkil edir. 2006-cı ilin 1 yanvarından sonrakı dövr üçün pensiya kapitalının məbləği iddiaçının subhesabından çıxarışa əsasən 6136,76 manat təşkil edir. Beləliklə, iddiaçıya münasibətdə qeydə alınmış pensiya kapitalı cəmi 17649,76 manat təşkil edir (11513 manat (01.01.2006-cı ilədək olan dövr üçün) + 6136,76 manat (01.01.2006-cı ildən sonrakı dövr üçün) Odur ki, 28200 manat pensiya kapitalının minimum məbləğinin qarşılığında qeydə alınmış pensiya kapitalı cəmi 17649,76 manat təşkil edir. Beləliklə, onun əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün sığorta stajı olsa da, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün onun əlilliyə görə əmək pensiyası hüququ yaranmır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: İ) tələb olunan yaş; İİ) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. 1 iyul 2020 – 30 iyun 2021 il üçün kişilər üçün pensiya yaşı 65 yaş, qadınlar üçün 62 yaşdır. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, pensiya təyin edilməsi ilə müraciət etdiyi vaxta yaşı 62-dir. Göründüyü kimi iddiaçının iddia qaldırdığı vaxta yaşa görə pensiya təyin edilməsi hüququ yaranmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan hal aşkar edilmir. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Nəzərə alınmalıdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). İPM-in 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı cavabdehin yuxarıda qeyd edilən imtinası ilə hüququnun pozulduğunu o halda iddia edə bilər ki, məhz iddia etdiyi illərin sığorta stajına daxil edilməsi ona əmək pensiyasının təyin edilməsi və ya artıq buna qədər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə nəticələnə bilər. Buradan, hazırkı məzmunda iddia o halda mümkün sayıla bilər ki, bu məzmunda iddianın təmin olunması (iddia etdiyi illərin sığorta stajına daxil edilməsi) ilə cavabdehin iddiaçıya əmək pensiyası təyin etmək və ya təyin edilmiş pensiyanı yenidən hesablamaq öhdəliyi yaranacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Naxçıvan Respublikasının Şərur rayonunda Kolxoz tikinti idarəsində 21.10.1975-ci il tarixdən 04.07.1989-cu il tarixə qədər 1-ci dərəcə fəhlə kimi 13 il 08 ay 14 gün iş illəri sosial sığorta stajı kimi nəzərə alınması iddiaçı üçün heç bir hüquqi nəticə yaratmadığından iddia mümkün sayıla bilməz. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4219/2021 saylı 26 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1764/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1764/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver