Məhkəmə qərarları › İş №2-1(103)-1764/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1764/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1764/2022 15.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması, vurulmuş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidovdan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (qızı) X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması, vurulmuş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-507/2021 saylı 28 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” xx.xx.2018-ci il tarixli ******* saylı arayışından görünür ki, 27 may 1970-ci il təvəllüdlü İddiaçı 13846/m nömrəli, 05 iyul 2018-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən Azərbayan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Həbsxanasının rəisinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 08/63-BÇ saylı məktubda qeyd olunur: Sizin xx.xx.2018-ci il tarixli, xx/xx-2510 saylı sorğunuza Dövlət Miqrasiya Xidmətində aidiyyəti üzrə baxılmışdır. xx.xx.1970-cı il təvəllüdlü İddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbayan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Həbsxanasının rəisinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur: Məhkum İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanladığı 17/351512 nömrəli müraciətinə baxılmışdır. İddiaçı təkrarən izah olunur ki, vətəndaşlığın bərpası ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət olunmalı, həmin xidmət vətəndaşlığın bərpa olunmasından imtina etdiyi təqdirdə onun qərar və ya hərəkətləri ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edə bilərsiniz. 10 fevral 1992-ci il tarixdə verilmiş B seriyalı 225287 saylı diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə Azərbaycan Respublikası Mingəçevir şəhəri 69 nömrəli texniki pəşə məktəbinə daxil olmuş və xx.xx.1989-cu il tarixdə orta təhsil almaqla elektrik avadanlığına xidmət üzrə elektrik mantyoru peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirərək orta təhsil almışdır. Azərbaycan SSR Mingəçevir şəhəri İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş XXİİ-JQ seriyalı 747408 nömrəli SSRİ vətəndaşının pasportun surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə Donetsk vilayəti, Slavyansk şəhərində doğulmuşdur. Pasportda olan qeyddən görünür ki, o, ünvan 4 ünvanına xx.xx.1987-ci ildə qeydiyyata alınmışdır. DİN-in MAPS şöbəsinin xx.xx.2018-ci il tarixli məlumatına əsasən İddiaçı Azərbaycan Respublikasında qeydiyyatı yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktublardan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat yoxdur. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin A-0075 saylı 20 fevral 2003-cü il tarixli hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7, 228.1 və 234.1 maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, CM-nin 120.2.4 və 120.2.7 maddələri ilə ömürlük azadlıqdan məhrümetmə cəzasına, CM-nin 228.1 maddəsi ilə 3 (üç) il müddətinə, CM-nin 234.1 maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə üzərində ömürlük azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Həbsxanasının arayışından görünür ki, xx.xx.1970-ci il təvəllüdlü, ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İddiaçı hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Həbsxanasında cəza çəkir. Cəzasının əvvəli: xx.xx.2002-ci il. İş materiallarında olan Mingəçevir şəhər Mənzil İstismar sahəsinin xx.xx.2021-ci il tarixli 463 saylı arayışından görünür ki, İddiaçı həqiqətən ünvan 5 ünvanında 1981-ci ildən 2002-ci ilə qədər yaşamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 409 saylı məktubda qeyd olunur: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsində saxlanmada qalan qeydiyyat sənədlərinə əsasən xx.xx.1970-ci il təvəllüdlü Mustafayev X4 ŞHK-ğı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir; xx.xx.1992-ci il tarixdə Mingəçevir ŞHK-ğı tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmış İddiaçı Milli Orduda xidmət müddəti haqqında rəsmi məlumat ünvanımıza daxil olmamışdır; qeydiyyat kartasında "Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2003-cü il tarixli qərarı ilə hərbi hissəni (161 №-li) tərk etməsi faktı üzrə cinayət işinin başlanması rədd olunub" qeydi var. Əlavə olaraq məlum edirəm ki, xx.xx.1991-ci il tarixdən Mingəçevir ŞHK-nın qeydiyyatında olmuş İddiaçı məhkum olunduğu üçün xx.xx.1998-ci il tarixdə hərbi üçotdan çıxarılmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Təşkilati Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019- cu il tarixli R/İNZ-4554 saylı məktubda qeyd olunur: Sizin xx.xx.2019-cu il tarixli, İNZ-224 daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş müraciətinizə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində aidiyyəti uzrə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında xx.xx.2015-ci il tarixli 84 nömrəli Qərarının 2.2.1 və 4.1.1-ci yarımbəndlərinin tələblərinə əsasən, şəxsin "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır və şəxslər həmin Qanun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda onların Azərbaycan Respubİikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Həmçinin, həmin Qərarın 3.8-ci yarımbəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığ haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi xidmət dövrü Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir. Göründüyü kimi, Siz “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-cı il oktyabrın 7-dək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmadığınız (bu barədə DİN tərəfindən müvafiq məlumat təqdim olunmuşdur) və eləcə də, həmin vaxt hərbi xidmətdə olmadığınız üçün Sizin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətiniz tanınmamışdır. Əlavə olaraq bildiririk ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, Sizin 1989-cu il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağınız və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağınız faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövət Miqrasiya Xidmətinə müraciət edə bilərsiniz. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “vətəndaşlıq mənsubiyyətinin tanınması, vurulmuş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Qobustan Həbsxanasının rəisinin adına bildiriş gəlmişdir. Sözügedən bildirişdə şəxsən ona məlumat verilmədən, heç bir məhkəmənin qərarına istinad edilmədən onun Azərbaycan Respublikasının vətəndaşlığından məhrum olması nəzərə çatdırılmışdır. Bu qanuna və etik normalara zidd qərardan təərfindən şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edilmişdir. Həmin məhkəmə onun müraciətinə baxmış və xx.xx.2019-cu il tarixdə 6405/2019 saylı qərarla ona tövsiyə edilmişdir ki, vətəndaşlığının bərpası ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir, cavabdeh tərəfindən onun barəsində müsbət qərar qəbul olunmadığı təqdirdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməlidir. O, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisinin adına yazdığı müraciətdə onun vətəndaşlığını sübüt edən sənədlərin surətlərini (hərbi bilet, pasport və digər sənədlər) əlavə etmişdir. Onun SSRİ vətəndaşının pasportu Qobustan Həbsxanasının xüsusi şöbəsində 2003-cü ildən saxlanılır və lazım olan təqdirdə şöbənin əməkdaşları tərəfindən təqdim olunması üçün surəti çap olunur. Onun ünvanladığı müraciət aidiyyəti üzrə cavabdeh tərəfindən baxılmış və xx.xx.2019-cu il tarixli 4554 saylı qərarı ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında xx.xx.2015-ci il tarixli 84 nömrəli Qərarının 2.2.1 və 4.1.1-ci yarımbəndlərinə, həmçinin həmin qərarın 3.8-ci yarımbəndinə əsasən iddiaçını Azərbaycan Respublikasının vətəndaşı kimi tanımamışlar və əlavə olaraq bildirmişlər ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli qanununun 14-cü maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Onun cavabdehə təqdim etdiyi sənədlər tam şəkildə sübüt edir ki, onun daimi yaşayış yeri olmuş və o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı xx.xx.2018-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən onun Azərbaycan Respublikası vətəndaşı olmadığı barədə xx.xx.2018ci il tarixdə ******* nömrəli qərar qəbul edilmişdir. Dövlət Miqrasiya Xidməti sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikasında iddiaçının pasport qeydiyyatında olması barədə məlumat yoxdur. Qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-cü bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o, adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək - 1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasının və ya Azərbaycan SSR-in - vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-507/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması, vurulmuş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası “vurulmuş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” hissəsində mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-507/2021 saylı 28 dekabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, onun daimi qeydiyyatda olması sənədlərlə sübut olunur. SSRİ pasportunda qeydiyyat ştampı onu göstərir. Orada göstərilən ünvan Lermontova 9, ev 118 sonradan küçə adı dəyişdirilərək Aydın Məmmədov, 9, ev 118 olmuş, bu barədə məhkəməyə məlumat verilmişdir. Onun sənədlərinin kökləri 2003-cü ilədək aidiyyəti qurumların saxlanc yerlərində saxlanmış, lakin 2003-cü ildən sonra yox olmuşdur. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi (qızı) X2 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2019-cu il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” barədədir. Bununla bağlı o, cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasında imtina edilmişdir. Bundan sonra o, məhkəməyə müraciət etmiş, lakin iddiası təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh orqanın imtinasının əsaslı olmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin eddilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi» Qaydasının 2.2.1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslardan biridir. Həmin Qaydanın 3.4.3-cü bəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərdən biridir. Həmin Qaydanın 4.1.1-ci bəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. İş materiallarından görünür ki, iddiaçı 27 may 1970-ci ildə Donetsk vilayəti, Slavyansk şəhərində doğulmuşdur. O, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etsə də, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək - xx.xx.1998-ci ilədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatının olmadığı müəyyən edildiyindən, cavabdeh orqanın qərarı ilə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. Göründüyü kimi, iddiaçının "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı sayılması üçün o, həmin qanunun qüvvəyə mindiyi günədək, yəni xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmalı idi. Lakin iş materiallarından, o cümlədən iddiaçının özü tərəfindən tərtib edilmiş “tərcümeyi-hal”dan (i.v. 82) müəyyən olunur ki, iddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktublardan da görünür ki, iddiaçının Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. Odur ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri Kollegiya əsassız hesab edir və belə nəticəyə gəlir ki, həmin dəlillər qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi və iddianın təmin olunması üçün əsas vermir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasının təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün bu barədə qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-507/2021 saylı 28 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Həmid Həmidov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar