Məhkəmə qərarları › İş №2-1(103)-1765/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1765/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1765/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-953/2021 saylı 31 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 04.05.2020-ci il tarixli imtinasının əsassız hesab edilməklə Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 190 kv.metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri, Nizami rayon Nizami Bələdiyyəsinin 20.07.2006-cı il tarixli, 53 saylı qərarı ilə Bakı şəhəri Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 190 kv.metr torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Buna dair torpaqların alqı-satqısına dair akt və torpaq sahəsinin cizgi sxemi iddiaçıya verilmişdir. Həmin torpaq sahəsi 15 ildən artıqdır ki, iddiaçının istifadəsində və sahibliyindədir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını cavabdehdən xahiş etsə də müraciəti təmin edilməmişdir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-953/2021 saylı 31 mart 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: M.Hacıbəyova) Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, qərar qəbul edilən zaman məhkəmə “torpaq alqı-satqısına dair akt”ın müvafiq torpaq şöbəsi tərəfindən imzalanması və qeydiyyata alınması məcburi şərt kimi aktın tərtib edildiyi dövrdə nəzərdə tutulsa da, bu şərtə əməl edilməməsini əsas gətirmişdir. Məhkəmənin bu dəlilinə qarşı bildirir ki, vətəndaş olaraq, müvafiq bələdiyyəyə müraciət etmiş və Bakı şəhəri Nizami rayon Nizami Bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli 53 saylı qərarı ilə Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 190 kv.m torpaq sahəsi mülkiyyətinə verilmişdir. Buna dair torpaqların alqı-satqısına dair akt və torpaq sahəsinin cizgi sxemi ona verilmişdir. Həmin torpaq sahəsinə dair tərəfindən Bələdiyyənin hesabına 2006-cı ildə 798 manat pul ödənilmişdir. Həmin torpaq sahəsi 15 ildən artıqdır ki, istifadə və sahibliyindədir. Qeyd olunan prosedurlardan sonra ona ayrılmış torpaq sahəsinə dair qərarın müvafiq torpaq şöbəsində və ya Ədliyyə Nazirliyi X3 aşkar olunmaması (bələdiyyə və ya başqa inzibati orqan işçisinin səhlənkarlığı) onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata almaqdan imtina üçün əsas olmamalı və onun mülkiyyət hüququ məhdudlaşdırılmamamlıdır. Dövlətin inzibati orqanının və ya Bələdiyyənin qarşılıqlı əlaqə olmadan fəaliyyəti vətəndaşın Konstitusiya Qanununun 13-cü maddəsində qeyd olunmuş Mülkiyyət Hüququnun pozulmasına gətirib çıxarmamalıdır. Həmin qanunun 13-cü maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bakı İnzibati məhkəməsinin 2-1(112)- 953/2021 saylı, 31.03.2021-ci il tarixli qərarı isə dövlət və bələdiyyə orqanının qarşılıqsız fəaliyyətinin nəticəsi kimi onu mülkiyyət hüququndan məhrumetməyə yönəlib. Bu əsaslarla da hesab edir ki, qərar ədalətsiz və əsassızdır, apelyasiya instansiyası tərəfindən ləğv edilməli, iddia tələbi təmin edilməlidir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı cavabdehin 04.05.2020-ci il tarixli imtinasının əsassız hesab edilməklə Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 190 kv.metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçı tərəfindən torpağın ona satılması barədə Nizami bələdiyyəsinin qərarı, alqı-satqı aktı həm cavabdehə, həm də məhkəməyə təqdim edilsə də Nizami bələdiyyəsinin qeyd edilən qərarı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 20.10.2020-ci il tarixli məktubuna əsasən həmin Mərkəzdə mövcud deyildir. “Torpağın alqı-satqısına dair aktı”n müvafiq (rayon, şəhər) torpaq şöbəsi tərəfindən imzalanması və qeydiyyata alınması məcburi şərt kimi aktın tərtib edildiyi dövrdə qanunvericilikdə nəzərdə tutulsa da bu şərtə də əməl edilməmiş, torpaq şöbəsi tərəfindən akt imzalanmamış və qeydiyyata alınmamışdır. Yəni torpağın iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün tələb edilən sənədlər qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermirlər. Eyni zamanda məhkəmə onu da qeyd etmişdir ki, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafə məlumatları qeyd edilmədiyindən sənədin həmin sahəyə aid olub olmamasını araşdırmaq mümkün deyildir. Göstərilən halları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsaslı olduğundan iddiaçının hazırda cavabdehə qarşı irəli sürdüyü iddiasının hüquqi əsasları mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan 265105 №li, 28.01.1999-cu il tarixli vəsiqədən görünür ki, iddiaçı ikinci qrup əlildir. İş materiallarında olan Bakı şəhəri, Nizami rayonu, Nizami bələdiyyəsinin 53 nömrəli, 20.07.2006-cı il tarixli ”Torpağın mülkiyyətə verilməsinə dair” qərarından görünür ki, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 190 kv.metr torpaq sahəsinin əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) sənədləşdirilməsi və Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 10, mənzil 8-də qeydiyyatda olan vətəndaş İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan “Torpaqların alqı-satqısına dair akt”dan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nizami bələdiyyəsinə iddiaçı 27.06.2006-cı ildə torpaq sahəsini almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyənin ümumi iclasında baxılmış və Nizami Bələdiyyəsi ərazisində 0.019 ha torpaq sahəsi satılması barədə 53 nömrəli, 20.07.2006-cı il tarixli qərar qəbul edilmişdir. Bunun müqabilində iddiaçı tərəfindən Nizami bələdiyyəsinin hesabına 798 manat haqq ödənilmişdir. İş materiallarında olan Nizami bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş cizgi sxeminə əsasən İddiaçı istifadəsində olan torpaq sahəsinin ölçüsü 190 kv.metr göstərilmişdir. İş materiallarında olan 14.07.2006-cı il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən Nizami bələdiyyəsinə 798 manat torpaq haqqı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 04.05.2020-ci il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi təqdim edilmiş torpaqların alqı-satqısına dair akt keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinin ayrılmasına dair akt keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi ilə bağlı Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi təqdim olunmadığı, həmçinin göstərilən torpaq sahəsi binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə binanın mülkiyyətçilərinə məxsus olduğu göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 20.10.2020-ci il tarixli məhkəməyə ünvanlanmış məktubundan görünür ki, Bakı şəhəri Nizami bələdiyyəsinin 20.07.2006-cı il tarixli,53 nömrəli qərarına dair məlumat X3 aşkar edilməmişdir. İş materiallarında olan cavabdehin məhkəməyə ünvanlanmış 05.11.2020-ci il tarixli məktubundan görünür ki, göstərilən, 2 mərtəbəli yaşayış binasının bitişik hissəsində yerləşən 184,3 kv.metr torpaq sahəsinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmiş, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafə məlumatları qeyd edilmədiyindən sənədin həmin sahəyə aid olub olmamasını araşdırmaq mümkün olmamışdır. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir. Bələdiyyə ərazisi olması barədə bazada məlumat yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı əsasları müəyyən edilmişdir. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.02.2016cı il tarixli fərmanı imzalanana qədər qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nda göstərilirdi: “5. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bələdiyyə torpaqlarının vətəndaşlara və hüquqi şəxslərə satışı onların ərizələrinə əsasən bələdiyyənin qərarı və tərəflər arasında bağlanan müqavilə ilə, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların alqı-satqısı isə onlar arasında notarial qaydada bağlanan müqavilələrə əsasən həyata keçirilir. Bələdiyyə orqanı ərizəyə 10 gün müddətində baxır, torpaq ehtiyatı imkanlarını nəzərə alaraq ilkin sənədləşdirməni həyata keçirmək üçün rayon, şəhər torpaq şöbəsinə müvafiq tapşırıq verir...8. Torpaq sahələrinin alqı-satqısı aşağıdakı qaydada həyata keçirilir Bələdiyyə orqanı ərizəyə 10 gün müddətində baxır, torpaq ehtiyatı imkanlarını nəzərə alaraq ilkin sənədləşdirməni həyata keçirmək üçün rayon, şəhər torpaq şöbəsinə müvafiq tapşırıq verir. Rayon, şəhər torpaq şöbəsi qanunvericiliklə müəyyən edilmiş qaydada satılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.a) satılacaq torpaq sahəsinin faktiki ölçüsü barədə arayış;b) satılacaq torpaq sahəsinin qayiməsindən (sertifikatından) çıxarış;v) ərazi üzrə adambaşına düşən orta torpaq norması barədə arayış;q) satılması nəzərdə tutulan sahənin təsdiq edilmiş yerquruluşu planından çıxarış. Həmin qaydaların əlavəsi olan “Torpaqların alqı-satqısına dair” Aktın 3-cü bəndində aktın bələdiyyənin nümayəndəsinin, torpaq alanın imzalaması ilə yanaşı rayon, şəhər torpaq şöbəsinin müdiri tərəfindən imzalanması, habelə həmin aktın rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınması da məcburi şərt kimi nəzərdə tutulurdu. Məhkəmə tədqiqatı və iş materialları ilə müəyyən olundu ki, iddiaçı Nizami rayon bələdiyyəsinin 53 nömrəli, 20.07.2006-cı il tarixli ”Torpağın mülkiyyətə verilməsinə dair” qərarına əsasən Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 190 kv metr torpaq sahəsi iddiaçıya satılmışdır, bu barədə torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir, iddiaçı tərəfindən həmin torpaq sahəsinə görə bələdiyyəyə 798 manat ödənilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etsə də müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi təqdim edilmiş torpaqların alqısatqısına dair akt keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinin ayrılmasına dair akt keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi ilə bağlı Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi təqdim olunmadığı, həmçinin göstərilən torpaq sahəsi binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə binanın mülkiyyətçilərinə məxsus olduğu göstərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Nizami bələdiyyəsinin qeyd edilən qərarı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 20.10.2020-ci il tarixli məktubuna əsasən həmin Mərkəzdə mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, torpağın iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün tələb edilən sənədlər qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermir. Belə ki, “Torpağın alqı-satqısına dair aktı”n müvafiq (rayon, şəhər) torpaq şöbəsi tərəfindən imzalanması və qeydiyyata alınması məcburi şərt kimi aktın tərtib edildiyi dövrdə qanunvericilikdə nəzərdə tutulsa da bu şərtə də əməl edilməmiş, torpaq şöbəsi tərəfindən akt imzalanmamış və qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının 15.03.2002-ci il tarixli, 274 İİQ saylı Qanunu ilə təsdiq edilmiş, Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında‖ Əsasnamənin: - 7-ci bəndinin tələbinə əsasən (mübahisəli sərəncamın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən) torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. - 18-ci bəndinə əsasən (mübahisəli sərəncamın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən) Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - 19-cu bəndinə əsasən bələdiyyə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Qanunun tətbiq edilməsi barədə AR Prezidentinin 06.05.2002-ci il tarixli, 696 saylı Fərmanının tələbinə görə Əsasnamənin 7-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətlər (bu halda BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi nəzərdə tutulur), Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bəndlərində nəzərdə tutulmuş müvafıq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlar həyata keçirirlər (mübahisəli sərəncamın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən). Göründüyü kimi sadalanan normalara əsasən müvafiq bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması üçün əvvəlcə Memarlıq və Şəhərsalma İdarəsinin rəyi alınmalı, ayrılması nəzərdə tutulan torpaq sahəsinin yeri, habelə torpaq sahəsinin yerləşdiyi zona və torpağın normativ qiyməti Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müəyyən edilməli, yalnız bundan sonra torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə qərar qəbul etməli idi. Lakin iş materiallarından da göründüyü kimi, Bələdiyyə tərəfindən mübahisələndirilən torpaq sahəsi satılarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə sonuncu tərəfindən əməl olunmamış, yəni bələdiyyə tərəfindən müvafiq icra hakimiyyəti orqanının rəyi alınmamışdır. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının müraciətinə cavabdehin verdiyi imtina cavabı qanunidir və deməli, cavabdehin üzərinə iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması üçün əsas yoxdur. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Başqa sözlə, bələdiyyə torpağını əldə etmiş şəxs həmin sahə üzərində mülkiyyət hüququnun tanınmasını tələb edərkən sözügedən sahəni qanunvericiliyin bununla bağlı tələblərinə əməl etməklə əldə etdiyini sübut etməlidir. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bu Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə tərəfindən işdə olan sübutlara əsasən hərtərəfli araşdırma aparılmış, işin müəyyən edilmiş həqiqi halları üzrə maddi hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı olan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-953/2021 saylı 31 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar