Məhkəmə qərarları › İş №2-1(103)-1765/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1765/2022

19.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1765/2022 19.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Dövlət Sosial Müdafiə Fonduna və həmin Fondun Nəsimi rayon xidmət nümayəndəliyinə qarşı «pensiyanın yenidən təyin edilməsi, ödənilməyən məbləğin müavinət kimi birdəfəlik ödənilməsi, ali təhsillə bağlı müavinətin verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2-1(112)-1485/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16-19 avqust 2022ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Dövlət Sosial Müdafiə Fonduna və həmin Fondun Nəsimi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ümumi əmək və təhsil stajına əsasən təsdiq edilmiş 37 il 11 ay staja əsasən bugünkü gün üçün 320 manat və ya ona yaxın məbləğdə pensiya təyin edilməsi, ümumi stajına əsasən təyin olunmuş lakin tam verilməmiş pensiyaya əsasən verilməmiş hissəsinin 5.400 manat miqdarında ona birdəfəlik müavinət kimi ödənilməsi və ali təhsilinə görə ikidəfəlik müavinətin (300+300=600 manat) ona verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 1940-cı il təvəllüdlüdür, əmək veteranıdır. Onun 37 ildən artıq əmək stajı var, lakin əmək stajı səhvən 35 il 10 ay kimi nəzərə alınmışdır. Sonradan müraciətləri əsasında onun əmək pensiyası 37 il 11 ay kimi hesablandığından, verilməyən 5.400 manat pensiya məbləğinin ən azı 3 illik hissəsini, yəni 1.080 manat pul vəsaitini almaq istəmişdir. Ona görə də onun əmək pensiyası 320 manat məbləğində olmalı idi. Bundan başqa, ali təhsil aldığı üçün ona 600 manat (300 + 300) müavinət verilməlidir. Lakin Dövlət Sosial Müdafiə Fondu həmin məbləğləri vermir. Ona pensiya artırılmaqla son üç ilin məbləği kimi 1.080 manat (ümumi məbləğ 5.400 manat təşkil edə bilər) və ali təhsilli olmasına görə 600 manat müavinətin verilməsini xahiş edir. Ölkə üzrə 2021-ci ilin yanvar ayında əmək pensiyalarında artım olduğundan, onun pensiya məbləği 262 manatdan 293 manata atrılmışdır. Əmək stajı əvvəldən 35 il 10 ay deyil, 37 il 11 ay göstərilsəydi, pensiya artımı da böyük olardı. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna, Fondun Nəsimi rayon şöbəsinə dəfələrlə müraciət etsə də, cavab, o cümlədən müsbət cavab almamışdır. Məhkəmə iddia ərizəsində cavabdeh qismində “Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi”nin göstərilməsini formal xəta kimi qiymətləndirmiş və həmin qurumun əvəzinə “Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon xidmət nümayəndəliyi”ni qəbul etmişdir. Sonradan iddiaçı tərəf məhkəməyə “dəqiqləşdirilmiş iddia ərizəsi” təqdim etmiş və ərizəsində eyni cavabdehlər qeyd olunmaqla tələbini aşağıdakı kimi göstərmişdir: - iddiaçıya ümumi əmək illəri və təhsil dövrünə görə 37 il 11 ay iş stajı ilə 320 manat məbləğində pensiya təyin edilməsi, ümumi stajına əsasən təyin olunaraq verilməyən 5.400 manat məbləğin birdəfəlik müavinət kimi ödənilməsi və ali təhsil aldığından ikidəfəlik müavinətin (600 manat) verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində iddianın əsasları kimi 37 il 11 ay stajı olmasına baxmayaraq, stajının cavabdeh orqan tərəfindən 35 il 10 ay göstərilməsini, buna görə də pensiya məbləğinin az hesablanması və ödənilməsinin qanunauyğun olmamasını göstərmişdir. Həmçinin, əyani ali təhsil aldığını bildirərək ona əlavə olaraq ümumilikdə 600 manat olmaqla 2 dəfəlik müavinət verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı bundan əvvəl Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş və Filial tərəfindən iddiaçıya təyin edilmiş pensiya yenidən hesablanmışdır. Hesab edilir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçıya pensiya təyin edilən dövrdə qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər – 60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, qadınlar – 55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda. Pensiya təyin edilməsi üçün qanunla başqa yaş həddi də müəyyən edilə bilər. İddiaçının əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçının əmək kitabçası 20 avqust 1962-ci il tarixdə tərtib edilmişdir. Əmək kitabçasına əsasən iddiaçı 1 avqust 1962-ci il tarixdən 10 may 1963-cü il tarixədək, 1 oktyabr 1963-cü il tarixdən 19 noyabr 1964-cü il tarixədək, 7 yanvar 1965-ci il tarixdən 1 oktyabr 1968-ci il tarixədək, 1 oktyabr 1968-ci il tarixdən 1 aprel 1994-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının diplomunun surətindən görünür ki, o, 1 sentyabr 1957-ci il tarixdən 1 iyun 1962-ci il tarixədək M.Əzizbəyov adına X4 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. Yuxarıda qeyd olunan illər iddiaçıya pensiya təyin edilərkən nəzərə alınmışdır. Belə ki, iddiaçının əmək kitabçası və diplomuna əsasən ümumi stajı 35 il 10 ay 21 gün təşkil edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İstinad olunan Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bu Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29-cu maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı (əmək haqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İddiaçıya yaşa görə pensiya 26 yanvar 2001-ci il tarixdə təyin edilmişdir, Pensiyaçının uçot vərəqindən də göründüyü kimi, 1 yanvar 2006-cı il tarixdən 1 aprel 2006-cı il tarixədək pensiyanın baza hissəsi 25 manat olmaqla pensiyanın məbləği 25 manat olmuş, 1 aprel 2006-cı il tarixdən 1 oktyabr 2006-cı il tarixədək baza hissə 30 manat olmaqla pensiyanın məbləği 30 manat, 1 oktyabr 2006-cı il tarixdən 1 yanvar 2007-ci il tarixədək baza hissə 35 manat olmaqla pensiyanın məbləği 35 manat, 1 yanvar 2007-ci il tarixdən 1 fevral 2007-ci il tarixədək baza hissə 40 manat olmaqla pensiyanın məbləği 40 manat, 1 fevral 2007-ci il tarixdən 1 yanvar 2008-ci il tarixədək baza hissə 50 manat olmaqla pensiyanın məbləği 50 manat, 1 yanvar 2008-ci il tarixdən 1 sentyabr 2008-ci il tarixədək baza hissə 60 manat olmaqla pensiyanın məbləği 60 manat, 1 sentyabr 2008-ci il tarixdən 1 sentyabr 2010-cu il tarixədək baza hissə 75 manat olmaqla pensiyanın məbləği 75 manat, 1 sentyabr 2010-cu il tarixdən 1 iyul 2011ci il tarixədək baza hissə 85 manat olmaqla pensiyanın məbləği 85 manat, 1 iyul 2011-ci il tarixdən 1 yanvar 2012-ci il tarixədək baza hissəsi 85 manat, sığorta hissəsi 73,58 manat olmaqla pensiyanın məbləği 158,58 manat, 1 yanvar 2012-ci il tarixdən 1 yanvar 2013-cü il tarixədək baza hissəsi 85 manat, sığorta hissəsi 73,39 manat olmaqla pensiyanın məbləği 164,39 manat, 1 yanvar 2013-cü il tarixdən 1 sentyabr 2013-cü il tarixədək baza hissəsi 85 manat, sığorta hissəsi 80,26 manat olmaqla pensiyanın məbləği 165,26 manat, 1 sentyabr 2013-cü il tarixdən 1 yanvar 2014-cü il tarixədək baza hissəsi 100 manat, sığorta hissəsi 80,26 manat olmaqla pensiyanın məbləği 180,26 manat, 1 yanvar 2014-cü il tarixdən 1 fevral 2015-ci il tarixədək baza hissəsi 100 manat, sığorta hissəsi 82,29 manat olmaqla pensiyanın məbləği 182,19 manat, 1 fevral 2015-ci il tarixdən 1 fevral 2016-cı il tarixədək baza hissəsi 100 manat, sığorta hissəi 83,34 manat olmaqla pensiyanın məbləği 183,34 manat, 1 fevral 2016-cı il tarixdən 1 fevral 2016-cı il tarixədək baza hissəsi 100 manat, sığorta hissəsi 86,67 manat olmaqla pensiyanın məbləği 186,67 manat, 1 fevral 2016-cı il tarixdən 1 yanvar 2017-ci il tarixədək baza hissəsi 110 manat, sığorta hissəsi 86,67 manat olmaqla pensiyanın məbləği 196,67 manat, 1 yanvar 2017-ci il tarixdən baza hissəsi 110 manat, sığorta hissəsi 97,42 manat olmaqla pensiyanın məbləği 207,42 manat olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Yuxarıda istinad olunan maddəyə uyğun olaraq 8 iyul 2021-ci il tarixli **********7 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarla iddiaçının pensiyası yenidən hesablanmış və pensiyanın məbləği 293.33 manatdan 294.11 manata çatdırılmışdır. Bundan başqa, İddiaçı iddia ərizəsində əyani ali təhsil aldığı üçün ona ümumilikdə 600 manat olmaqla 2 dəfəlik müavinət ödənilməli olduğunu qeyd etmişdir. Həm iddiaçının təhsil aldığı dövrdə, həm də hal-hazırda qüvvədə olan qanunvericilikdə əyani təhsil almış pensiyaya çıxmış şəxslərə hər hansı birdəfəlik ödənişin verilməsi nəzərdə tutulmamışdır. Bunun səbəbidir ki, iddiaçı bununla bağlı hər hansı qanunvericilik aktına istinad edə bilməmişdir. Beləliklə istinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən və iş üzrə icraat materiallarından da məlum olur ki, iddiaçıya təyin edilmiş pensiyanın məbləği cavabdeh orqan tərəfindən düzgün hesablanmışdır. Göstərilənlərə əsaslanaraq məhkəmədən İddiaçı iddiasının təmin edilməməsi xahiş olunmuşdur. İddiaçı tərəf məhkəməyə növbəti “dəqiqləşdirilmiş iddia ərizəsi” təqdim etmiş və ərizəsində cavabdehlər kimi DSMF və DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd olunmaqla tələbini aşağıdakı kimi göstərmişdir: - iddiaçıya ümumi əmək illəri və təhsil dövrünə görə 37 il 11 ay iş stajı ilə əmək pensiyasının 30 manat artırılaraq yenidən təyin edilməsi, ümumi stajına əsasən təyin olunaraq verilməyən 5.400 manat məbləğin birdəfəlik müavinət kimi ödənilməsi və ali təhsil aldığından ikidəfəlik müavinətin (600 manat) verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması. Bakı İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2-1(112)-1485/2022 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsinin qəbulundan imtina edilmiş və iddia mümkün sayılmamışdır. (hakim: R.Kərimli) Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində iddia ərizəsində qeyd etdiyi dəlilləri qeyd edərək iddiasının təmin edilməsini və ya birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona ümumi əmək illəri və təhsil dövrünə görə 37 il 11 ay iş stajı ilə əmək pensiyasının 30 manat artırılaraq yenidən təyin edilməsi, ümumi stajına əsasən təyin olunaraq verilməyən 5.400 manat məbləğin birdəfəlik müavinət kimi ödənilməsi və ali təhsil aldığından ikidəfəlik müavinətin (600 manat) verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər – 60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda; qadınlar – 55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda. Pensiya təyin edilməsi üçün qanunla başqa yaş həddi də müəyyən edilə bilər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı ilkin iddiasında üç tələb irəli sürür: 1) 37 il 11 ay iş stajı ilə 320 manat və ya ona yaxın məbləğdə pensiya təyin edilməsi; 2) ümumi stajına əsasən təyin olunaraq verilməyən 5.400 manat məbləğin birdəfəlik müavinət kimi ödənilməsi; 3) ali təhsil aldığından ikidəfəlik müavinətin (600 manat) verilməsi. Məhkəmə ilkin tələblər üzrə aşağıdakıları qeyd etmişdir: Birinci tələb üzrə – iddiaçı iddia ərizəsində qanunvericiliyin hansı normasına istinadən əmək pensiyasının məbləğinin 320 manat həcmində təyin ediməsini əsaslandırmamış, eləcə də “və ya ona yaxın məbləğdə təyin edilməsi” ifadələrini işlətməklə qeyri-müəyyən tələb irəli sürmüşdür. Bundan başqa, iddiaçının DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciəti əsasında onun əmək pensiyasının məbləği məhkəmədə hazırkı iddianı qaldırmamışdan əvvəl artırılmışdır; İkinci tələb üzrə – mövcud əmək qanunvericiliyi əmək pensiyasının yenidən hesablanması zamanı keçmiş müddət üzrə ödənilməmiş məbləğin son 3 illik dövr üzrə hissəsinin birdəfəlik deyil, yalnız “pensiya məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə” ödənilməsini nəzərdə tutur; Üçüncü tələb – şəxsin ali təhsil alması ilə bağlı hər hansı həcmdə, o cümlədən 300 manat və ya 600 manat müavinət alması, yaxud onun əmək pensiyasına əlavə edilməsi qanunvericilikdə müəyyən edilməmişdir. Göründüyü kimi, qaldırılan məsələlər ilə bağlı cavabdehlər Dövlət Sosial Müdafiə Fondu və həmin Fondun Nəsimi rayon xidmət nümayəndəliyi tərəfindən hazırkı iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmənin qənaəti belə olmuşdur ki, ilkin iddia ərizəsində göstərilən tələblər üzrə inzibati mübahisəyə baxıla bilməz. İddianın dəyişdirilməsi məsələsinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, dəyişiklik ilkin iddiadan yalnız birinci tələb fərqlidir: ərizədə “320 manat məbləğində pensiya təyin edilməsi” tələbi “əmək pensiyasının 30 manat artırılması” tələbi ilə əvəz edilmişdir. Nəzərə alınmalıdır ki, bu tələb də hansı normaya istinad irəli sürüldüyü əsaslandırılmamışdır və yeni variantda tələbi ilə bağlı iddia qaldırmamışdan əvvəl yeni ərizədə göstərilən inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edilməsi məhkəmə icraatında müəyyən edilmir. Ona görə də məhkəmə iddianın dəyişdirilməsinin qəbul olunmasını məqsədəuyğun saymamışdır. Həmçinin nəzərə almışdır ki, iddiaçı iddia ərizəsində iki cavabdeh – DSMF və DSMF-nin yerli qurumunu göstərsə də, icraatında İPM-in 30-cu maddəsi ilə təsbit olunmuş iştirakçılığa əsas verən xüsusat müəyyən edilmir və inzibati mübahisəyə baxılması üzrə DSMF pensiya təyin etmədiyindən (onun yerli qurumu bu təyinatı apara bilər), müvafiq səlahiyyətli qurum kimi çıxış edə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2-1(112)-1485/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar