Məhkəmə qərarları › İş №2-1(103)-1765/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1765/2025

30.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1765/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların qismən ləğv edilməsi” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8201/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi idarə heyətinin qərarının İddiaçı aid hissədə ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdehin Tibbi-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli Qərarının və İdarə Heyətinin xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 19574/2023 №-li Qərarının İddiaçı aid hissənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya ilk dəfə hələ xx.xx.2017-ci il tarixdən ümumi xəstəlik səbəbindən 2-ci dərəcəli əlillik təyin edilmişdir. Təyin edilmiş əlillik 5 illik müddətə, yəni xx.xx.2022-ci ilədək təyin edilmişdir. İddiaçı bir müddət əlilliyə görə əmək pensiyası almış, lakin sonradan iddiaçıya təyin edilmiş əlillik altsistemində etibarsız hesab edilmişdir. Bundan sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(112)-1045/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Adıçəkilən qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Bundan sonra adıçəkilən qərar icraya yönəldilmiş və cavabdeh inzibati orqan tərəfindən icra edilərək iddiaçının dayandırılmış əlilliyi bərpa edilmişdir. Daha sonra iddiaçı səhhətində yaranmış problemlər ilə əlaqədar yenidən əlillik təyin olunması ilə əlaqədar cavabdeh orqana müraciət etmişdir. Sonuncu müraciət zamanı iddiaçının diaqnozu “eşitmənin neyro senso tipli 2 tərəfli itirilməsi. 2 tərəfli neyro sensor ağır eşitmə İİİ-İV dərəcə. eşitmə sinirinin xəstəlikləri, ikitərəfli koxlear nevrit" təşkil etmişdir. Qeyd edilən diaqnoz əsasında xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən qiymətləndirmə aparılaraq ona müddətsiz olaraq 2-ci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı bir müddət yeni qiymətləndirmə əsasında təyin olunmuş əlilik üzrə əmək pensiyası almışdır. Cavabdeh sonradan iddiaçıya müraciət edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə əyani müayinəyə dəvət etmişdir. İddiaçı qeyd edilən tarixdə əyani müayinədə olmuşdur. Bundan sonra cavabdeh orqan iddiaçıya təyin edilmiş əlilliyin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Cavabdehin qəbul etdiyi qərar iddiaçıya rəsmi olaraq təqdim edilməmişdir. Bu əsasdan iddiaçı tərəfindən cavabdehin Qərarının mübahisələndirilməsi üçün müddət ötürülməmişdir. Cavabdeh inzibati orqan iddiaçının əlillik qiymətləndirilməsini ləğv edərkən düzgün qənaətə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 №-li Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müainəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində alt sistemə daxil edilir. Göründüyü kimi, cavabdeh inzibati orqan ləğv etmə barədə bildirişdə və qərarda adıçəkilən normaya istinad etsə də, əlilliyin qiymətləndirilməsi qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların nədən ibarət olması, həmin sübutların kim tərəfindən təqdim edilməsi, eləcə də risk qrupu dedikdə bu qrupa kimlərin hansı meyar əsasında daxil edilməsini əsaslandırmamışdır.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8201/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

5. Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

6. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “hesab edirik ki, qəbul edilmiş qərar əsassız olduğundan ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, məhkəmə hesab etmişdir ki, iddiaçıya təyin olunmuş müddətsiz 3-cü dərəcəli əlillik qiymətləndirilməsi üzrə cavabdeh orqan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7-ci bəndinə əsasən iddiaçını əyani müayinəyə dəvət etmiş və nəticədə ona əlilliyin düzgün təyin edilmədiyini müəyyən edərək əvvəlki qərarını ləğv etmişdir. İddiaçı hazırda bu qərarı mübahisələndirsə də, qərarın qanunsuz olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə tərəfindən cavabdehin gəldiyi nəticənin doğruluğunu müəyyən etmək məqsədi ilə məhkəmə tibbi-ekspertizası təyin edilmiş lakin iddiaçı ekspertiza aparılmasından imtina etdiyinə görə sənədlər icrasız olaraq geri qayıtmışdır. Həmçinin məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçıya əlillik təyin etdikdən sonra Azərbaycan Dəmir Yolları QSC-nin xx.xx.2019-cu il tarixli məktubuna istinad edərək inzibati icrat başlamış, iddiaçı həmin icraatın başlanması barədə qərala razılaşaraq əyani müayinədə iştirak etmişdir. Hesab edirik ki. məhkəmənin gəldiyi nəticə qərəzli olmaqla yanaşı mövcud məhkəmə praktikasına da uyğun olmamışdır. Belə ki, istər Ali Məhkəmənin hazırkı mübahisə üzrə formalaşdırdığı məhkəmə təcrübəsi, istərsə də Ali Məhkəmənin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə icmalda göstərilən hüquqi mövqeylərin işə baxan hakim tərəfindən görməzdən gəlinmişdir. İddianın rədd edilməsi ilə nəticələnən məhkəmə qərarında yazılanların əksi olaraq qeyd olunmalıdır ki, iddiaçının müxtəlif dövrlərdə iki fərqli əlillik qiymətləndirilməsi mövcud olmuşdur. Birinci əlillik qiymətləndirilməsi xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilə qədər davam edən ümumi xəstəlik səbəbindən (ürək qüsurları ilə bağlı) 2-ci dərəcəli əlilliyi olmuş, ikinci qiymətləndirmə isə xx.xx.2022-ci ildən davam edən və mübahisə predmeti olan qərar əsasında ləğv edilən ümimi xəstəlik səbəbindən (eşitmə pozuntusu) müddətsiz 3-cü dərəcəli əlillik olmuşdur. İddiaçının birinci əlilik qiymətləndirilməsinin müddəti bitməmiş cavabdeh tərəfindən əlillik altsistemində etibarsız hesab edilmiş, həmin etibarsızlıqda ifadə olunan hərəkətlər iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən həmin əlillik qiymətləndirilməsi etibarsız hesab edildiyi tarixdən bərpa edilmişdir. Birinci əlillik qiymətləndirilməsi öz qüvvəsini itirdikdən sonra iddiaçı tərəfindən mövcud qanunverciliyə uyğun formada qeydiyyatda olduğu poliklinika tərəfindən səbətində mövcud olan patoloji pozuntular üzrə bu dəfə fərqli diaqnoz olmaqla yeni Forma 88 tərtib edilmiş və cavabdehin əlillik altsisteminə yerləşdirilmişdir. Cavabdeh orqan tərəfindən həmin forma 88 üzrə vətəndaşın sənədləri yoxlanılmış hətta vətəndaş əyani müayinədə iştirak etmiş və ona müddətsiz olaraq 3-cii dərəcəli əlillik qiymətləndirilməsi təyin edilmşdir. Cavabdeh orqan əlillik qiymətləndirilməsi qüvvədə olduğu dövrdə əlilliyin qiymətləndirilməsi qaydasının 3.7-ci bəndinə istinad etməklə iddiaçının yenidən əyani müayinəyə cəlb etmişdir. Göründüyü kimi inzibati orqan tərəfindən iddiaçıya münasibətdə hər hansı mötəbər sübut təqdim edilmədən inzibati icraat başlanılmış və həmin icraatın nəticəsində iddiaçının əlillik qiymətləndirilməsi ləğv olunmuşdur. Məhkəmə isə iddiaçının ikinci əlillik qiymətləndirilməsinin əsaslılığına şübhə doğuran mötəbər sübutlar olmamasına baxmayaraq inzibati orqanın haqsız mövqeyindən çıxış etmiş və iddianın rədd edilməsi barədə əsassız bir qərar qəbul etmişdir. Hesab edirik ki, işə baxan məhkəmə mövcud məhkəmə təcrübəsini nəzərə almaqla iddiaçının sağlamlıq vəziyyətinin yoxlanılması üçün məhkəmə tibbi ekspertizası da təyin etməməli idi. Çünki mövcud təcrübəyə əsasən hazırkı mübahisə üzrə ekspertiza o zaman təyin olunardı ki, cavabdeh orqan tərəfindən inzibati icraatın başlanılması üçün mötəbər sübutlar mövcud olmalı idi. Həmin sübutlar mövcud olmadan məhkəmənin tibbi ekspertiza təyin etməsi işə baxan hakimin bizə qarşı ədalətsiz mövqeyini bir daha sübut edir. Tərəflərin izahatları

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

İŞİN HALLARİ:

9. İş materiallarında olan 38 nömrəli Şəhər Poliniklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4118003AAE3Y nömrəli göndərişdən görünür ki, iddiaçının sağlamlıq vəziyyətinə əsasən ona Əsas diaqnoz - H93.3- Eşitmə sinirinin xəstəlikləri, İki tərəfli koxlear nevrit; Ağırlaşma - H90.3 - Eşitmənin neyrosensortipli ikitərəfli itirilməsi, İki tərəfli neyrosensor ağıreşitmə lll-İV dər.; Yanaşı xəstəliklər – İ20.8-Stenokardiyanın digər formaları, ÜİX. Stabil gərginlik stenokordiyası İİİ f.s, İ25.2- Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz; F48.0- Nevrasteniya, Somatik astenonevroz; İ11.0- [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİİ d; İ50.0 - Durğunluq ürək çatmamazlığı, Ürək çatmamazlığı İİİ f.s diaqnozu qoyulmuşdur.

10. İşdə olan cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)- 2207/2021 Qərarı cavabdeh tərəfindən icra edilərək xx.xx.2022-ci il tarixli, **********4 nömrəli xidməti məruzə ilə İddiaçı xx.xx.2017-ci il tarixində təyin edilmiş ümumi xəstəlik səbəbilə 5 il müddətinə (xx.xx.2022-ci il tarixinədək) ikinci dərəcə əlillik təyinatı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində bərpa edilmişdir. Əlillik müddətinin bitdiyi xx.xx.2022-ci il tarixindən sonra vətəndaşa dair 38 nömrəli Şəhər Poliniklinikası tərəfindən 4118003AAE3Y nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2022-ci il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində əlillik vəziyyətlərinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaşın qeydiyyat ünvanına xx.xx.2023-cü il tarixli, 3-17-4/2-R26861/2023 nömrəli bildiriş məktubu göndərilərək xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət edilmiş və müayinədə iştirak etmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlillik təyinatı qərarı xx.xx.2023- cü il tarixində ləğv edilərək diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.

11. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbisosial ekspert komissiyasının 3-17-4/3-1-95339/2023 saylı 7 noyabr 2023-cü il tarixli qərarından görünür ki, “Bakı şəhər sakini xx.xx.1968-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair tibb müəssisəsinin 4118003AAE3Y nömrəli göndərişi Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və ona xx.xx.2022-ci il tarixindən hesablanmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.20 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir (ESDAS **********1). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17- 4/2- R-26861/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ikitərəfli eşitmə zəifliyindən, başağrılarından, ürək nahiyyəsində ağrılardan şikayətlənmiş, bəzi müayinə sənədləri təqdim etmişdir. Təqdim etdiyi Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli 8832 nömrəli Məsləhət vərəqində diaqnoz “İkitərəfli koxlear nevrit. Neyrosensor ağıreşitmə lll-İV dərəcə”, ATU X1 xx.xx.2022-ci il tarixli medikamentoz yuxu altında BERA test nəticəsi “Hər iki qulaqda 3-4-cü dərəcəneyrosensor tip ağıreşitmə qeyd olunur.” şəklində göstərilsə də, ilkin əlillik təyinatında qan dövranı pozğunluğu, xroniki ürək çatışmazlığı olsa da, obyektiv müayinə zamanı nə xroniki qan dövranı pozğunluğuna aid əlamətlər, nə də 4-cü dərəcə ağıreşitmə müşahidə edilməmiş, ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Hər iki qulaqda İ dərəcəli ağır eşitmə (30 dB)." kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya pozulmayıb, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=61%). Aortal və Mitral qapaqlar fibrotikdir. Min MR Min TR. Perikard təmizdir.” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən xəstənin hazırkı vəziyyəti əlillik təyininə əsas vermədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2022-ci il tarixindən etibarən “Diaqnozun öz təsdiqini tapmaması” barədə qərar qəbul edilsin.”

TƏTBİQ EDİLƏN HÜQUQ:

12. “Əlilliyi olan şəxslərin hüquqları haqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.3. Tibbisosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 2.4. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

19. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğvinə yönəldiyi üçün kollegiya qəradadın qanuniliyini tam yoxlayır.

20. İşin materiallarından görünür ki, iddiaçıya “eşitmənin neyro senso tipli 2 tərəfli itirilməsi. 2 tərəfli neyro sensor ağır eşitmə İİİ-İV dərəcə. eşitmə sinirinin xəstəlikləri, ikitərəfli koxlear nevrit" diaqnozu əsasında xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən qiymətləndirmə aparılaraq müddətsiz olaraq 3-cü dərəcəli əlillik təyin edilmişdir.

21. Daha sonra isə cavabdeh iddiaçıya müraciət edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli Qərarı əsasında iddiaçıya təyin edilmiş əlillik ləğv edilmişdir.

22. Eyni zamanda cavabdehin 3-17-4/3-3-19574/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki: - xx.xx.2023-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 3 nəfər barəsində qüvvədə olan qərar ləğv edilmiş və “tam reabilitasiya olunması”na dair qərar qəbul edilmşdir; - xx.xx.2023-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 1 nəfər barəsində qüvvədə olan qərar ləğv edilmiş və “hissəvi reabilitasiya olunmasına dair qəbul edilmişdir; - 3.xx.xx.2023-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 3 nəfər şəxsin əlillik təyinatı barədə qərarı qüvvədə saxlanılmışdır. - xx.xx.2023-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 1 nəfər barəsində qüvvədə olan qərar ləğv edilmiş və “diaqnozun təsdiqini tapmaması”na dair qərar qəbul edilmişdir. - Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən 8 nəfərə dair tibbi-sosial ekspert komissiyalarının əlillik təyinatı barədə qüvvədə olan qərarları ləğv edilmış və “diaqnozun təsdiqini tapmaması” na dair qərar qəbul edilmişdir.

23. Hazırkı mübahisənin predmeti də məhz cavabdehin adıçəkilən qərarlarının ləğv edilməsi və iddiaçının əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi ilə bağlıdır.

24. Bununla əlaqədar olaraq iddiaçı məhkəməyə müraciət etmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir.

25. Birinci instansiya məhkəməsində icraat zamanı Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8201/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, iddiaçı həmin ekspertizada iştirak etmədiyindən məhkəmə sonda iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “...Məhkəmə qeyd edir ki, iddiaçının iştitrakı olmadan ekspertizanın keçirilməsi, ekspertiza keçirilmədən, ekspert qarşısında qoyulmuş suallar cavablandırılmadan isə iddiaçıya əlilliyin təyin edilməsindən imtinanın düzgünlüyünün müəyyən edilməsi, onun sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mümkünsüzdür.”

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

27. Kollegiya ilkin olaraq, mövcud qanunvericilik çərçivəsində iddiaçıya təyin olunmuş ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlilliyin sonradan cavabdeh qurum tərəfindən ləğv edilməsi ilə bağlı Agentliyin səlahiyyətinin olub-olmadığını, əgər varsa, onun hansı şərtlər çərçivəsində reallaşdırılması imkanının mövcudluğunun aydınlaşdırılmasını zəruri hesab edir.

28. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir

29. Göründüyü kimi, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin ləğv edilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.

30. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyənetməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır (Ali Məhkəmənin 2-1(102)-1043/2025 nömrəli qərar).

31. İşin hallarından isə məlum olur ki, cavabdeh yuxarıda qeyd olunan şərtlərdən birincisinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən özünün əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmaması, əgər belə sübutlar varsa, onların nədən ibarət olması əsaslandırılmamışdır.

32. Bundan əlavə qeyd etmək lazımdır ki, cavabdeh inzibati orqan iddiaçını əyani müayinəyə dəvət edərkən və əlilliyin ləğv edilməsi barədə qərar qəbul edərkən iddiaçıya 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə inzibati akt - cavabdeh orqanın xx.xx.2022-ci il tarixli qərarı qüvvədə olmuşdur. Eyni zamanda iddiaçının əlilliyinin qiymətləndirilməsi barədə göndəriş də olmamışdır.

33. İddiaçıya əlilliyin təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Belə ki, cavabdeh inzibati orqan əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

34. Qeyd etmək lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

35. İşin hallarından görünür ki, cavabdeh əlilliyin ləğv edilməsi ilə bağlı qəbul etdiyi müvafiq qərarı iddiaçıya rəsmi olaraq təqdim etməmişdir.

36. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

37. Birinci instansiya məhkəməsi iş üzrə təyin edilmiş tibbi ekspertizadan iddiaçının imtinasını onun iddia tələbinin təmin olunmasını istisna edən faktiki hallar kimi qiymətləndirsə də, məhkəmə kollegiyası diqqətə çatdırır ki, inzibati orqan İnzibati icraat haqqında qanunvericilik normalarına uyğun inzibati icraatı aparmalı olduğu halda aparmadıqda məhkəmələr həmin inzibati orqanın yerinə inzibati icraat aparmalı deyildir. Məhkəmələr yalnız inzibati orqan tərəfindən aparılmış inzibati icraat nəticəsində gəlinmiş nəticəni yoxlayır, bu nəticənin inzibati icraata uyğun olub-olmamasına qiymət verir.

38. Beləliklə yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

40. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

42. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv ediməli, iddia tələbi təmin edilməlidir.

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8201/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-19431/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-19574/2023 nömrəli qərarları İddiaçı aid hissədə ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar