Məhkəmə qərarları › İş №2-1(103)-1766/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1766/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1766/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiaçının aldığı təhsilin qanuni hesab edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 426/2021 saylı, 11 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1998-ci ildə X2 Kollecinin Pedaqoji fakultəsini ibtidai təhsil pedaqogikası və metodikası ixtisası üzrə tam kursu bitirərək, Dövlət İmtahan Komissiyasının 17 iyun 1998-ci il tarixli qərarı ilə iddiaçıya ibtidai sinif müəllimi və əlavə əmək ixtisası verilərək buna dair ona verilmiş AZ № 00784 saylı diplomun qanuniliyinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı 1993-1998-ci illərdə X2 Kollecində aldığı təhsilin qanuni hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-426/2021 saylı, 11 mart 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiaçının aldığı təhsilin qanuni hesab edilməsi tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-426/2021 saylı, 11 mart 2021-ci il tarixli qərarı İddiaçı 23.04.2021-ci ildə məhkəmə xəbərnaməsinə qol çəkilməklə çatdırılmış, lakin o, apellyasiya şikayətini Bakı İnzibati Məhkəməsinə 25 may 2021-ci il tarixdə təqdim etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün məhkəmə iclası təyin etmiş və icraatın iştirakçılarının dinlənilmə hüququnun təmin edilməsi üçün iddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. İddiaçıya göndərilmiş məhkəmə bildirişində məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsini yerinə yetirərək cavabdehə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə məhkəməyə ərizə təqdim edilməsini təklif etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və həmin qərara dair apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. İş materiallarından görünür ki, İddiaçı 1998-ci ildə X2 Kollecinin Pedaqoji fakultəsini ibtidai təhsil pedaqogikası və metodikası ixtisası üzrə tam kursu bitirərək, Dövlət İmtahan Komissiyasının 17 iyun 1998-ci il tarixli qərarı ilə iddiaçıya ibtidai sinif müəllimi və əlavə əmək ixtisası verilərək buna dair ona verilmiş AZ № 00784 saylı diplomun qanuniliyinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-426/2021 saylı, 11 mart 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmənin qeyd olunan qərarı 23.04.2021-ci ildə məhkəmə xəbərnaməsinə (iş materialları, səhifə 92) imza etməklə iddiaçı tərəfindən qəbul edilmiş, apellyasiya şikayəti 25.05.2021-ci ildə apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddət 02 gün buraxılmaqla verilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilmə müddətinin üzürlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı bir sənəd və ya digər sübut növü məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair məhkəməyə ərizə də təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiyanın mümkünlüyü barədə kollegiya iclasında iddiaçı iştirak etməmiş, apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmadığı barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, məhkəmə bildirişində məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsini yerinə yetirərək iddiaçıya apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə məhkəməyə ərizə təqdim edilməsini təklif etməsinə baxmayaraq, iddiaçı məhkəməyə heç bir ərizə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərarlarından şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.2-87.4-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qanunla müəyyən olunmuş vaxtda verilmədiyi üçün apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də iddiaçının qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-426/2021 saylı, 11 mart 2021-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmasın, apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh., Yusif Səfərov küç. 14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar