Məhkəmə qərarları › İş №2-1(103)-1767/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1767/2021

15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1767/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın təyin olunması” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2-1(81)-4301/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə və prosessual müddətin bərpasına dair ərizəyə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (sonradan - İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 52 yaşı tamam olduğu tarixdən, yəni 26.07.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2-1(81)- 4301/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh 20 may 2021-ci il tarixdə həmin qərardan apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə verərək, qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini, apellyasiya şikayətinin qəbul edilərək apellyasiya şikayəti üzrə icraatın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini və apellyasiyanın mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla apellyasiya şikayətinin mümkünlük məsələsinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müddətin bərpası barədə ərizəsi təmin edilməməli, apellyasiya mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Мəcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. İş materiallarından görünür ki, mübahisələndirilən qərarın surəti 18 noyabr 2019-cu il tarixli müşayiətedici məktubla sifarişli-xəbərnaməli poçt vasitəsi ilə tərəflərə göndərilmiş, qərarın çatması barədə sənəd mövcud olmasa da, qərar 07.02.2020-ci il tarixli məktubla cavabdeh inzibati orqana icra edilməsi üçün göndərilmiş və məhkəmə qərarı cavabdeh tərəfindən 17.02.2020-ci il tarixdə xəbərnaməyə imza edilərək qəbul edilmişdir. Kollegiya qeyd edir ki, mübahisələndirilən məhkəmə qərarından şikayət vermə müddəti cavabdeh inzibati orqana icra edilməsi üçün məhkəmə qərarının təqdim edildiyi vaxtdan hesablansa belə cavadeh tərəfindən müddət ötürülməklə apellyasiya şikayətinin verildiyi müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Qanunverici müddət buraxılarkən konkret hansı halların üzrlü olmasını qeyd etməsə də, bu hamıya məlum olan hallarla əlaqədar olur (məsələn, şəxsin xəstəliyi, ailə üzvlərindən hər hansı birinin ölməsi, xidməti ezamiyyətdə olması, təbii fəlakətin baş verməsi və s.) “Üzrlü” sözünün terminoloji təhlilindən görünür ki, həmin söz leksik mənasına görə “səbəbi qəbul oluna bilən” hallarda işlədilir. Hazırki halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı rəsmi qaydada cavabdehə təqdim edildiyindən sonuncu tərəfindən apellyasiya şikayəti verilməsi müddəti üzrsüz səbəbdən buraxılmışdır. Ona görə də, ərizə təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 85.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir, bu səbəbdən həmin şikayət üzrə apellyasiya mümkün sayılmamalı və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2-1(81)- 4301/2019 saylı qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2-1(81)- 4301/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar