Məhkəmə qərarları › İş №2-1(103)-1767/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1767/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1767/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi və əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2137/2024 nömrəli, 06 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 03 avqust 2013-cü il tarixli 3-17-1/2-14-174304/2023 saylı qərarının ləğv edilməsi və hüquqlarının bərpa edilməsi, ona təyin edilmiş əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş məbləğlərin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-7830/2023 nömrəli qərarının ləğv edilməsi və 55 yaşdan təyin edilmiş pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 04 avqust 1953-cü il tarixdə anadan olmuşdur. 1970-ci ildə Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kənd orta məktəbini bitirmişdir. 05 iyul 1970-ci il tarixindən 22 may 1972-ci il tarixinədək Füzuli rayonu Lenin adına sovxozda fəhlə işləmişdir. 1972-ci ilin iyun ayından 1974-cü ilin iyun ayınadək sabiq Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 22 iyul 1974-cü il tarixində sabiq Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 54 saylı Trestinin 45 saylı Tikinti İdarəsinə fəhlə vəzifəsinə qəbul olunmuş və 04 may 1975-ci il tarixinədək həmin idarədə həmin vəzifədə işləmişdir. 15 may 1975-ci il tarixində “X9” İdarəsində motorist şagirdi vəzifəsinə işə qəbul olunmuş və 22 iyul 1975-ci il tarixinədək həmin idarədə həmin vəzifədə işləmişdir. 22 iyul 1975-ci il tarixində həmin İdarədə 2-ci dərəcəli motorist vəzifəsinə işə keçirilmişdir. 17 yanvar 1977ci il tarixində həmin idarədə kran ustası vəzifəsinə keçirilmiş və 31 avqust 1977-ci il tarixinədək həmin vəzifədə işləmişdir. 09 sentyabr 1977-ci il tarixində N.A.İzotov adına Şaxtaya işə qəbul olunmuş və 10 may 1977-ci il tarixinədək həmin Şaxtada işləmişdir. 17 oktyabr 1977-ci il tarixində “X9” İdarəsində kran ustası vəzifəsinə keçirilmişdir. 19 dekabr 1983-cü il tarixindək matros vəzifəsinə keçirilmişdir. 11 aprel 1984-cü il tarixində “X9” İdarəsinə məxsus gəmidə 2-ci dərəcəli motorist vəzifəsinə keçirilmişdir. 25 mart 1985-ci il tarixində “X9” İdarəsinə məxsus gəmidə 2-ci dərəcəli matros vəzifəsinə keçirilmişdir. 18 dekabr 1985-ci il tarixində “X9” İdarəsinə məxsus gəmidə kran ustasının köməkçisi vəzifəsinə keçirilmişdir. 14 avqust 1986-cı il tarixində “X9” İdarəsinə məxsus gəmidə matros vəzifəsinə keçirilmişdir. 15 oktyabr 1986-cı il tarixində “X9” İdarəsinə məxsus gəmidə kran ustası köməkçisi vəzifəsinə keçirilmişdir. 13 avqust 1998-ci il tarixində “X9” İdarəsinə məxsus gəmidə kran ustası köməkçisi vəzifəsinə keçirilmişdir. 08 iyun 2001-ci il tarixində İ.Hüseynov adına gəmidə kran ustası vəzifəsinə keçirilmiş və 28 mart 2003-cü il tarixinədək həmin vəzifədə işləmişdir. 07 aprel 2003-cü il tarixində “X11 Kontraktors İnk.” Şirkətinə kran sürücüsü vəzifəsinə işə qəbul olunmuş və 30 may 2008-ci il tarixinədək həmin vəzifədə işləmişdir. 17 iyul 2008-ci il tarixində İ.Hüseynov adına gəmidə kran ustası vəzifəsinə işə qəbul olunmuş və 10 noyabr 2008-ci il tarixinədək həmin vəzifədə işləmişdir. Struktur dəyişikliyi ilə əlaqədar 01 dekabr 2008-ci il tarixində İ.Hüseynov adına gəminin 1ci heyətinə kran ustası vəzifəsinə keçirilmiş və 31 mart 2010-cu il tarixinədək həmin vəzifədə işləmişdir. 08 iyul 2010-cu il tarixində İ.Kərimov adına gəmidə kran ustası vəzifəsinə keçirilmiş və 19 iyul 2010-cu il tarixinədək həmin vəzifədə işləmiş, 10 yanvar 2012-ci il tarixində “X11 Kontraktors İnk.” Şirkətinə kran operatoru vəzifəsinə işə qəbul olunmuş və 10 fevral 2014-cü il tarixinədək həmin vəzifədə işləmişdir. 23 may 2014-cü il tarixində “X2 S.V” Şirkətinin Azərbaycan Filialına kran operatoru vəzifəsinə işə qəbul olunmuş və 11 aprel 2017-ci il tarixinədək həmin vəzifədə işləmişdir. İddiaçı 04 avqust 2006-cı il tarixində güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmışdır. 2023-cü ilin ayından iddiaçıya güzəştli şərtlərlə pensiyanın düzgün təyin edilmədiyi və artıq məbləğdə pul ödənildiyi bildirilərək son 3 il üçün artıq ödənilmiş məbləğin hissə-hissə tutulacağı bildirilmişdir. Həmin tarixdən hər ay ödənilən pensiya məbləğindən 103,93 manat məbləğində pul tutulur. İddiaçı pensiya məbləğinin düzgün və qanuni təyin edilməsini bildirərək ondan guya artıq ödənilmiş məbləğin tutulmasına etiraz etmiş və bu barədə cavabdehə 11 iyul 2023-cü il tarixində yazılı müraciət etmişdir. Cavabdeh tərəfindən 03 avqust 2023-cü il tarixli məktubla bildirilmişdir ki, “Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşınızın tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına görə təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 52 yaşınızın tamam olduğu xx.xx.2006-cı il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsinin xx.xx.2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla Sizə ümumilikdə 65.375,54 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 65.375,54 manat pul vəsaiti cari ilin aprel ayından etibarən hər ay 103,93 manat əmək pensiyanızdan tutularaq büdcəyə bərpa ediləcəkdir”. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixinədək qazanmışdır. Artıq ödənilmiş əmək pensiyası məbləği onun razılığı olmadan əmək pensiyasını təyin edən orqanın qərarı əsasında tutulur. Bu barədə məhkəməyə müraciət olunmamışdır və artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə məhkəmə qərarı yoxdur. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-2137/2024 nömrəli, 06 dekabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-7830/2023 nömrəli qərarı ləğv edilmiş, İddiaçı 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin bərpa edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı iddia tələbi təmin edilərək, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 7830/2023 nömrəli qərarı ləğv edilmiş, iddiaçıya 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin bərpa edilməsi vəzifəsi cavabdeh Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı əsassızdır və ləğv edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin, “b” bəndinə uyğun olaraq isə 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını sözügedən Qərarla təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya 53 yaşının tamam olduğu 4 avqust 2006-cı il tarixindən Fondun Xətai rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində (11000000-X) qazma yarımbəndində qaldırıcıların maşinistləri (1100000a—14012) vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Fondun Xətai rayon şöbəsinə təqdim etdiyi “X12 Donanaması” X3 Donaması İdarəsinin ona dair 2 aprel 2008-ci il tarixli EV-272 nömrəli arayışda xx.xx.1977xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində krançı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi krançı vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş qaldırıcıların maşinistləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək 1 №-li siyahı üzrə iddiaçının güzəştli iş stajı yoxdur. İddiaçının işlədiyi vəzifə sözügedən Qərarla təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahı”da nəzərdə tutulmuşdur. Bu səbəbdən də iddiaçının 53 yaşdan deyil, 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixində qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 53 yaşının tamam olduğu 4 avqust 2006-cı il tarixindən qanunazidd olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 905,88 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 1039,05 manat təşkil edir. “İnzibati icraat haqqında” Qanunun 21.3.4-cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Pensiya hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısının dinləmək faktiki cəhətdən mümkün olmur. Eyni zamanda formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Lakin Bakı İnzibati Məhkəməsi qeyd olunanları nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtləriə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-cı maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələbiərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahı”sının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı (X) bölməsinin, neft-qaz və qaz kondensatının hasilatı (********) bəndində qaldırıcıların maşinistləri (1100000a—14012) vəzifəsi, “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahı”sının nəqliyyat bölməsinin (XXVİİİ) dəniz və çay donanması (********) bəndinin üzən heyət (1) yarımbölməsində (12100000—19906) dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) nəzərdə tutulmuşdur. Pensiya işinizə dair sənədlərə əlavə edilmiş “X12 Donanması”nın Sizə dair 2 aprel 2008-ci il tarixli ev-272 nömrəli arayışında xx.xx.1977-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “X3 Donanma İdarəsi”nin gəmilərində krançı vəzifəsində işlədiyiniz qeyd edilib. Bununla əlaqədar olaraq, iş stajınıza dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq sözügedən müəssisənin 31 may 2023-cü il tarixli 13-3-2/2-809/2023 nömrəli arayışında işlədiyiniz krançı vəzifəsinin yuxarıda qeyd olunan 320 nömrəli Qərarla təsdiq edilmiş 1 nömrəli Siyahıda deyil, 2 nömrəli Siyahıda nəzərdə tutulduğu qeyd edilib. Yuxarıda qeyd olunanlara əsasən, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşınızın tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kaptalına görə təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 52 yaşınızın tamam olduğu xx.xx.2006-cı il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla Sizə ümumilikdə 65375,54 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 65375,54 manat pul vəsaiti cari ilin aprel ayından etibarən hər ay 103,93 manat əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyanız həmin tarixdən 905,88 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 1039,05 manat olmaqla kart hesabınıza köçürülür. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının «Əmək pensiyasının yenidən hesablanması haqqında» xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-7830/2023 saylı qərarından görünür ki, yenidən hesablamanın səbəbi: artıqvermə, 1 nömrəlidən 2 nömrəliyə çəkildi. İddiaçıya xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildi. Hazırki pensiya məbləği 3200,88 manatdır, lakin xx.xx.2020-ci ildən 771,98 manat, xx.xx.2021-cü ildən 859,98 manat, xx.xx.2022-ci ildən 889,22 manat, xx.xx.2023-cü ildən isə 1039,05 manat təşkil edir. Yenidən hesablanmış pensiya məbləği 1039,05 manatdır. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). İşin faktiki hallarından görünür ki, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir (pensiya işinin surəti iş materiallarına əlavə edilmişdir). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının «Əmək pensiyasının yenidən hesablanması haqqında» xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-7830/2023 saylı qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq ona 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.1997-ci ilədək qanunvericiliklə tələb olunan ümumi və güzəştli iş stajı cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdeh məhz iddiaçının işlədiyi vəzifə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda deyil, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahı”sında nəzərdə tutulduğundan həmin Siyahı üzrə tələb olunan ümumi və güzəştli iş stajını toplamış iddiaçıya 57 yaşdan deyil, 55 yaşdan pensiya təyinatı və ya yenidən hesablanmasını qanunauyğun hesab etmir. Bu səbəbdən də iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 55 yaşdan deyil, 57 yaşdan təyin edilməli olması göstərilməklə cavabdeh tərəfindən mübahisələndirilən qərarla iddiaçıya təyin edilmiş pensiya yenidən hesablanmışdır. İş materiallarına əlavə edilmiş pensiya işində olan Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2009-cu il tarixli 1461 saylı qərarından görünür ki, iddiaçıya 55 yaşının tamam olduğu xx.xx.2008-ci ildən yaşa görə ömürlük pensiya təyin edilmişdir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 53 yaşının tamam olduğu xx.xx.2006-cı il tarixdən deyil, 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən təyin edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahı üzrə deyil, 2 nömrəli siyahı üzrə 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində həmin Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyi qeyd edilən zaman “əvvəllər qüvvədə olmuş” ifadəsi ilə bağlı hər hansı fərqli şərt və qayda müəyyən etməmişdir. Yəni maddənin məzmununda əvvəllər qüvvədə olmuş qanunvericilik dedikdə hər hansı tarix (xx.xx.1997-ci il və ya xx.xx.2000-ci il tarixədək qüvvədə olan) şərtləşdirilməmişdir. Sadalanan qanunvericilik normalarına və araşdırılmış sübutlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, iddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi stajı həmin normanın qüvvədə olduğu tarixədək qazanmış olsun. İddaçının 55 yaşı xx.xx.2008-ci ildə tamam olsa da, güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi stajı xx.xx.1997-ci ilədək qazanmış olduğu üçün, həmin tarixdə qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 55 yaşının tamam olduğu tarixdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Ona görə də iddiaçıya 55 yaşının tamam olduğu xx.xx.2008-ci ildə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini və həmin tarixdə (xx.xx.2008-ci ildə) qüvvədə olan normalara uyğun əmək pensiyasının hesablanması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Beləliklə, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən iddiaçı üçün əlverişli olan hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2137/2024 nömrəli, 06 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar