Məhkəmə qərarları › İş №2-1(103)-1768/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1768/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1768/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, iddiaçının, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətini tanınması tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-542/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ι. İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə ərizəsinin (sorğusunun) təmin edilməməsi barədə cavabdehin xx.xx.2019-cu il tarixli ******* nömrəli qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı, 08 iyul 1960-cı ildə tarixdə Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olmuş, xx.xx.1979-cu il tarixdə Ağcabədi rayonunda hərbi xidmət keçmiş, daha sonra xx.xx.1987-ci il tarixdə X9 ilə nikaha daxil olmuş, həmin nikahdan onun 3 övladı dünyaya gəlmişdir. O, aşağıda adları qeyd olunan ailə üzvləri ilə birlikdə 24 oktyabr 1999-cu il tarixə kimi Ağcabədi rayonunun Minəxorlu kəndində yaşamış və qeydiyyatda olmuşdur. Ona Azərbaycan Respublikasının vətəndaşı kimi 10 dekabr 1998-ci il tarixdə pay torpağı verilmiş, eyni zamanda o, Azərbaycan SSR-nin pasportundan istifadə edərək xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası ərazisini tərk etmiş və 31 avqust 2000-ci il tarixində Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş və xx.xx.2000-ci il tarixdə Rusiya Federasiyasında hərbi qeydiyyata alınmışdır. O, 13 mart 2019-cu il tarixdə cavabdehə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş, lakin sonuncu “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) onun Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmadığını əsas gətirərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli qərar qəbul etmişdir (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bu qanunun qüvvəvə mindivi günədək Azərbaycan Respublikasının vətəndaslığında olmuş şəxslər (o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu qanunun qüvvəvə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun) Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. İddiaçı hesab edir ki, o, 24 oktyabr 1999-cu il tarixədək Ağcabədi rayonu Minəxorlu kəndində yaşayıb və qeydiyyatda olmuş, buna görə də onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4-cü maddəsinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər (yəni “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olan) “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda, eyni zamanda doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndası olmuşdursa, bu halda səxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Onun doğum haqqında şəhadətnaməsində valideynlərinin hər ikisi - atası X3, anası X7 Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Cavabdeh həm Qanununun, həm də həmin Qaydaların müddəalarını nəzərə almamış qanunsuz və əsassız qərar qəbul etmişdir. Buna görə də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-cü bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. O halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək - 1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasının və ya Azərbaycan SSR-in vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). İşin hallarından da (o cümlədən, Xidmətə təqdim edilmiş tərcümeyi-haldan) görünür ki, şəxs Rusiya Federasiyasının vətəndaşıdır və 2016-cı ildən 2018-ci ilədək Rusiya Federasiyasından Azərbaycan Respublikasına gediş-gəlişlər etmiş və hazırda ölkə ərazisində xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müvəqqəti yaşamaq üçün icazəsi vardır. Buna görə də ona münasibətdə yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-542/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti forma və məzmunca Azərbaycan Respublikasının İnzibati Presessual Məcəlləsinin 85-ci maddəsinin tələblərinə uyğundur şikayət üzrə apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassız və qeyri-qanunidir. Belə ki, məhkəmə iddiaçının 1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı olmadığından onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasından cavabdeh imtinasını əsaslı hesab etmişdir. Lakin iddiaçıya 1998-ci il tarixdə pay torpağı verilmişdir. Eyni zamanda, iddiaçı ailə üzvləri ilə birlikdə 24 oktyabr 1999-cu il tarixə kimi Ağcabədi rayonunun Minəxorlu kəndində yaşamış və qeydiyyatda olmuşdur. İddiaçı Azərbaycan SSR-in pasportundan istifadə edərək xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmiş, 31 avqust 2000ci il tarixində Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş və xx.xx.2000-ci il tarixdə Rusiya Federasiyasında hərbi qeydiyyata alınmışdır. Vəkil sorğusuna Ağcabədi RPŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli cavab məktublarına əsasən iddiaçının qeydiyyatdan çıxması barədə heç bir məlumat yoxdur və bu barədə fərdi uçot kartoçkasında qeydiyyat aparılmamışdır. İddiaçı heç vaxt qeydiyyatdan çıxarılması barədə ərizə ilə müraciət etməmişdir. Buna isinadən məhkəmənin bütün halları araşdırmadan iddianı rədd etməsi əsassızdır. Məhkəmə kollegiyasının xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinə etirazını bildirərək Miqrasiya Xidməti tərəfindən şəxsin Azərbaycan Respublikasında qeydiyyatda olub olmaması yalınız AR DİN MAPS arayışına əsasən müəyyən olunduğunu, iddiaçının qeyd etdiyi kimi, əgər o, Ağcabədi rayonunda qeydiyyatdadırsa, MAPS-dan onun qeydiyyatda olanları sırasına salınmasını tələb etməli olduğunu, təmin olunduğu halda artıq onun Miqrasiya Xidmətindən deyil, birbaşa daxili işlər orqanlarından vətəndaşlıq vəsiqəsinin verilməsini tələb etmək hüququn malik olduğunu bildirərək, qeyd olunanlar və hər bir halda, iddiaçının həm də Rusiya Federasiyasının vətəndaşı olduğu halda, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasının mümkünsüz olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarının l qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ΙΙ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, məcburetmə haqqında iddia vasitəsilə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtinasına dair cavabdehin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə yeni qərar qəbul edilməsini tələb etmişdir. İddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlilləri, qanunvericiliyin tələbləri nəzərə alınmaqla, iş üzrə sənədlərlə müəyyən olunan hallarla qarşılıqlı təhlili aparıldıqda, cavabdeh Dövlət Miqrasiya Xidməti tərəfindən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina barədə qərarının əsassız qanunsuz qeyri-qanuni olduğu öz təsdiqini tapmır. Belə ki,“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (xx.xx.1998-ci il, № 527-İQ) Qanunun 5-ci maddəsinin 4-cü hissəsinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı (Dövlət Miqrasiya Xidməti) tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş, Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasının 2.2.1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraata şəxsin özünün və ya mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının, prokurorluq və məhkəmə orqanlarının sorğusu əsasında başlanılır. Həmin Qaydanın 3.2-ci bəndinə əsasən dövlət orqanları tərəfindən sorğu verilərkən, müvafiq sorğu vərəqinə (1 nömrəli əlavə) bu Qaydanın 3.4.1-ci və 3.4.3–3.4.10-cu yarımbəndlərində nəzərdə tutulan sənədlər əlavə edilir və müşayət məktubu ilə Dövlət Miqrasiya Xidmətinə göndərilir. Bu Qaydanın 3.4.3–3.4.6-cı yarımbəndlərində nəzərdə tutulan sənədlər Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən əldə edilməsi mümkün olduğu təqdirdə təqdim edilir. 3.3. Dövlət Miqrasiya Xidmətinə şəxs özü sorğu verdikdə, müvafiq ərizə-anketə (2 nömrəli əlavə) bu Qaydanın 3.4.1–3.4.10-cu yarımbəndlərində nəzərdə tutulan sənədləri əlavə edir. 3.4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 3.4.1. 2 ədəd 3x4 sm ölçüdə fotoşəkil; 3.4.2. tərcümeyi-hal; 3.4.3. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə); 3.4.4. pasportun və ya şəxsiyyətini təsdiq edən digər sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.5. doğum haqqında şəhadətnamənin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.6. yetkinlik yaşına çatmamış uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti; 3.4.7. şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.8. övladlığa götürülmə halında əcnəbi uşağın və ya vətəndaşlığı olmayan uşağın övladlığa götürülməsi barədə sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.9. bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan hallarda müvafiq razılıq ərizələri; 3.4.10. bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti. 3.5. Bu Qaydanın 3.4.4–3.4.10-cu yarımbəndlərində nəzərdə tutulan sənədlərin surətlərinin həmin sənədlərin əsli və ya onların notariat qaydasında, yaxud ona bərabər tutulan qaydada təsdiq olunmuş surətləri ilə tutuşdurulması və məsul icraçının iştirakı ilə razılıq ərizələrinin yazılması Dövlət Miqrasiya Xidmətinə şəxs özü sorğu verdikdə sənədlər qəbul edilərkən, dövlət orqanları sorğu verdikdə isə sorğu verən dövlət orqanlarında həyata keçirilir. 3.6. Sorğu şəxsin qanuni nümayəndəsi tərəfindən verildikdə, bu hüququ təsdiq edən müvafiq sənəd sorğuya əlavə edilməlidir. 3.7. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslərin cəzaçəkmə müddəti Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir. Bu halda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən cəzaçəkmə müddəti göstərilməklə verilmiş sənəd sorğuya əlavə edilməlidir. 3.8. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi xidmət dövrü Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir. Bu halda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən hərbi xidmət dövrü göstərilməklə verilmiş sənəd sorğuya əlavə edilməlidir. 3.9. Yaşayış yeri üzrə qeydiyyatı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı kimi onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin yaşayış yeri üzrə qeydiyyatı qəbul edilir. 3.10. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatı kimi onların yaşadıqları müəssisələr, yataqxanalar (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün), qəyyumun (himayəçinin) və ya övladlığa götürən şəxsin yaşayış yeri qəbul edilir.” Həmin Qaydanın 3.11-ci bəndinə əsasən Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. “Qayda”nın adıçəkilən 3.4.3-cü bəndinin qeyd olunan tələbindən göründüyü kimi, şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olmasının müəyyənləşdirilməsi üçün onun həmin Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatının olub-olmaması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənədin (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) sorğu verən şəxsin ərizə anketinə əlavə olunması tələb olunur. Qeyd olunan sənədi vermək səlahiyyəti isə Daxili işlər İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyati və Miqrasiya İdarəsi (“BPQMİ”) tərəfindən həyata keçirilir. İş materiallarının 103 və 106-cü vərəqlərində olan AR DİN-in BPQMİ-nin xx.xx.2021ci il tarixli məktubuna, eləcə də, həmin İdarənin MAPS üzrə məlumat şöbəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən isə müəyyən olunur ki, iddiaçı X1 Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə BQMİ-də məlumat aşkar olunmamışdır (BQMİ-nin həmin məktubunda həm də bildirilmişdir ki, iddiaçı M.Süleymanov Abcabədi RPŞ tərəfindən 10.1992-ci il tarixində keçmiş SSRİ pas ilə təmin olumuş, lakin həmin RPŞ-nin qeydiyyat məsələləri qrupunun kartotekasında M.Süleymanovun barəsində yaşayış yeri üzrə qeydiyyatda olmasını və ya qeydiyyatdan çıxmasını sənəd aşkar olunmamışdır). Belə olan halda, adıçəkilən “Qayda”nın 3.4.3-cü bəndinin tələbindən irəli gələn AR DİN-in Baş BPQMİ-nin sorğu verənə təqdim olunan sənədə (həmin İdarənin MAPS arayışına) əsasən iddiaçının nəinki qeyd olunan tarixədək ümumiyyətlə, onun BPQMİ-də Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatının aşkar edilməməsi onu deməyə əsas verir ki, cavabdeh orqan tərəfindən xx.xx.2019-cu il tarixli ******* nömrəli qərarı ilə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsindən imtina olunması qanuni olmuşdur. Çünki, cavabdeh qanunvericiliyin qeyd olunan tələbi baxımından, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olmasını təsdiq edən sənədi verməkdə səlahiyyəti olan orqan - AR DİN-in BPQMİ-dir və yalınz həmin İdarə tərəfindən verilən sənəd (arayış) əsasında onun 1998-ci il oktyabrın 7dək Azərbaycan Respublikasında qeydiyyatda olmasını. Bununla da Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşirmək imkanına malikdir. “İnzibati icraat haaqqında” Azərbaycan Respublikası Qanunun 45.3-cü maddəsi də məhz nəzərdə tutur ki, Qanunu pozmaqla əldə olunmuş sübutlardan istifadə oluna bilməz. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının iddia ərzəsində və apellyasiya şikayətində istinad etdiyi, Ağcabədi RPŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli cavab məktublarına əsasən onun qeydiyyatdan çıxması barədə heç bir məlumatın aşkar olunmaması, habelə, Ağcabədi RİHB-nin Minəxorlu kənd inzibati dairəsi üzrə nümayəndəliyinin 02.072021-ci il tarixli arayışana əsasən iddiaçının həmin kənddə qeydiyyatda olub yaşamasına dair işdə olan arayış, eyni zamanda, adına xx.xx.1998-ci il dekabr tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının mövcud olması – bütün bu sənədlərin cavabdeh Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının 1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikası ərazisində qeydiyyatının tanınmasına əsas ola bilən sənəd kimi qəbul edilməsi istisna edilir. İddiaçının istianad etdiyi həmin sənədlər, əslində, onun müvafiq müraciəti əsasında Ağcabədi rayonu Minəxorlu kəndində qeydiyyatda olması barədə məlumatın AR DİN-in Baş BPQMİ-nin məlumat bazasına daxil edilməsi və müvafiq arayışın verilməsi üçün əsas ola bilər. Onu da qeyd etmək lazımdır ki, cavabdehin iş materiallarının 60-cı vərəqində olan xx.xx.2020-ci il tarixli qərarından aydın olur ki, iddiaçının müraciətinə əsasən iddiaçıya ölkə ərazisində müvəqqəti yaşamaq icazəsi verilmiş, daha sonra icazə müddəti uzadılmışdır ki, bu halın mövcudluğu da adıçəkilən Qaydanın 4.3-cü bəndinin tətbiq edilməklə, iddiaçının Azərbaycan Respubliksının vətəndaşlığına mənsubiyyətinin tanınmasını mümkünsüz edir. Beləliklə də, tədqiq olunan sübutlarla müəyyən edilən hallara və qanunvericilyin tələblərinə əsasən müəyyən olunur ki, cavabdehin 19 sentyabr 2018-ci il tarixli qərarı ilə iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini tanınmasından imtina olunması qanuni və əsaslıdır. Bu baxımdan, həmin qərar iddiaçının hüquqlarını pozması kimi yozula bilməz. İPM-in 73.1-ci maddəsi də, məhz, onu ehtiva edir ki, məhkəmə o halda, məcburetmə qaydasında inzibati orqanın üzərinə iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoya bilər ki, inzibati aktın qəbul olunması qəbulundan imtina olunması qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın əsassız və qeyri-qanuni olduğunu əsaslandıran dəlilləri ilə razılaşmır yekunda belə nəticəyə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 542/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Göstərilənlərə əsasən və İPM-in 14, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-542/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsilə Azərbaycan Respublikasın Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar