Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1768/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı QƏRARİ İş № 2-1(103)-1768/2023 (Açar sözlər: “çıxarışın verilməsi”) Bakı şəhəri 24 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1689/2022 saylı, 18 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Səbail rayon İcra Hakimiyyətinin Başçısının 02 fevral 1995-ci il tarixli, 395 №-li Sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır.
2. Ekspert rəyindən görünür ki, aparılmış ekspertiza tədqiqatının nəticəsində Səbail rayon İcra Hakimiyyətinin 395 saylı xx.xx.1995-ci il tarixli sərəncamı əsasında İddiaçı ayrılmış torpaq sahəsinin iş materiallarında olan coğrafi mövqeyini əks etdirən yerləşmə cizgisində qeyd olunan sahə ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraatİ
3. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 6 ünvanında yerləşən 34A saylı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının yarandığını iddia edir və bunu yerli icra hakimiyyətinin sərəncamının mövcudluğu ilə əsaslandırır.
5. İddiaçı cavabdeh tərəfindən verilmiş imtinanı əsassız hesab edir və onun hüquqlarının pozulmasına səbəb olduğunu bildirir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Cavabdeh iddia tələbinə münasibətdə etiraza əlavə təqdim edərək bildirmişdir ki, təqdim edilmiş Səbail rayon İcra Hakimiyyəti başçısının 395 saylı, xx.xx.1995-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncam əsasında tərtib olunan torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcud olduğundan yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci yaşayış massivi, döngə 6, 34A saylı torpaq sahəsinə dair cizgidə göstərilən tarixdə qüvvədə olan qanunvericilik tələblərinə uyğun olaraq, təqdim olunmuş cizgi memarlıq xidməti tərəfindən təsdiq olunmalıdır. Bu səbəbdən qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş yerləşmə cizgisi təqdim edilməlidir. Eyni zamanda torpaq sahəsinə baxış keçirmək və texniki çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin təmin edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1689/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın tələbi təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 6 ünvanında yerləşən 34A saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 02 fevral 1995-ci il tarixli, 395 №-li Sərəncamı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində sadalanan sənədlərin əhatə dairəsinə düşməklə yanaşı hüquqmüəyyənedici sənəd hesab olunur və iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yarandığına dəlalət edir. Lakin, nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan Sərəncamın mövcudluğunu və ya mötəbərliyini mübahisələndirmir, həmin Sərəncam əsasında verilmiş yerləşmə cizgisinin mötəbərliyini şübhə altına alır.
9. Bununla bağlı Məhkəmə qeyd etmək istəyir ki, torpaq sahəsinin yerləşmə cizgisi torpaqayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında tərtib olunur. Həmçinin nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində mülkiyyət və ya istifadə hüququ həmin torpaq sahəsinin ayrılması (icarəyə, istifadəyə, mülkiyyətə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlər əsasında və həmin sənədlərə uyğun olaraq tərtib olunmuş torpaq sahəsinin yerləşmə cizgisinin ləğvi tələb oluna bilməz. Torpaq sahəsinin ayrılması səlahiyyətinə malik olan orqanlar həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı yalnız qanunvericiliyin tələblərinə bağlıdırlar və torpaq sahəsinin müvafiq qanunvericiliyə uyğun şəkildə ayrılması onların məsuliyyət sferasına aiddir.
10. Məhkəmə diqqətə çatdırır ki, həm cavabdeh inzibati orqan, həmçinin də Səbail rayon İcra Hakimiyyəti iddiaçı tərəfindən təqdim olunmuş yerləşmə cizgisini şübhə altına alsalar da, yerləşmə cizgisinin mötəbərliyini şübhə altına alacaq halların nə ilə bağlı olmasını əsaslandıra bilməmişdirlər.
11. Məhkəmə bununla bağlı ilkin olaraq qeyd edir ki, yerləşmə cizgisinin səlahiyyətli orqan tərəfindən təsdiq olunub-olunmaması iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun üçün əlavə məsuliyyətə səbəb ola bilməz.
12. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin yerləşmə cizgisinin səlahiyyətli orqan tərəfindən təsdiq olub-olunmamasından asılı olmayaraq, yerli icra hakimiyyəti dövlət orqanı kimi vətəndaşa etimad hüququ göstərmiş, mübahisəli torpaq sahəsinin ayrılması barədə Sərəncam əsasında torpaq sahəsinin yerləşmə cizgisini təsdiq etmişdir ki, bununla da iddiaçıya etimad hüququ göstərərək, ona uzun illər ərzində torpaq sahəsi ilə bağlı təsərrüfat aparmaq imkanı vermişdir.
13. Məhkəmə xüsusi ilə diqqətə çatdırır ki, yerləşmə cizgisinin arxivdə saxlanılmaması, həmin sənədin ümumiyyətlə mövcudluğunu istisna etmir. Çünki, nə cavabdeh inzibati orqan, nədə ki Səbail rayon İcra Hakimiyyəti yerləşmə cizgisinin saxta (möhürün, imzaların) olmasını sübut edə bilməmişdirlər.
14. Digər tərəfdən isə Məhkəmə qeyd edir ki, yerləşmə cizgisi yerli icra hakimiyyətinin nəznində olan nümayəndəlik tərəfindən təsdiq olduğundan, bu hal həmin sənədin mötəbərliyini şübhə altına almaq üçün əsasları aradan qaldırır.
15. Məhkəmə hesab edir ki, məhkəmə icraatı zamanı təqdim olunmuş yerləşmə cizgisi bilavasitə torpaqayırma Sərəncamı qəbul edən Səbail rayonu İcra Hakimiyyətinin nəznində olan Badamdar qəsəbəsi Nümayəndəliyi tərəfindən təsdiq olunduğundan, yerləşmə cizgisinin arxivdə aşkar edilməməsi, onun mötəbərliyini şübhə altına almaq üçün əsas hesab edilmir.
16. Buna baxmayaraq Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq Səbail rayon İcra Hakimiyyətinin 395 saylı xx.xx.1995-ci il tarixli sərəncamı əsasında İddiaçı ayrılmış torpaq sahəsinin coğrafi mövqeyini əks etdirən yerləşmə cizgisi ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşməsi; üst-üstə düşmürsə konkret olaraq üst-üstə düşməyən hissənin koordinatlarının müəyyən edilməsi; üst-üstə düşmədiyi təqdirdə yerləşmə cizgisində göstərilən torpaq sahəsi və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin mülkiyyətçilərinin və koordinatlarının müəyyən edilməsini zəruri hesab etmiş və iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Ekspert rəyindən görünür ki, aparılmış ekspertiza tədqiqatının nəticəsində Səbail rayon İcra Hakimiyyətinin 395 saylı xx.xx.1995-ci il tarixli sərəncamı əsasında İddiaçı ayrılmış torpaq sahəsinin iş materiallarında olan coğrafi mövqeyini əks etdirən yerləşmə cizgisində qeyd olunan sahə ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir.
17. Məhkəmə diqqətə çatdırır ki, hər nə qədər də cavabdeh inzibati orqan yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluğun mövcud olmasını iddia etsə də, bu hal ekspert rəyində göstərilənlər ilə təkzib olunmuşdur.
18. Məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi inandırıcı olmaqla yanaşı həmçinin həmin rəyi təkzib edən hər hansı dəlil olmadığından, mötəbər sübut kimi qəbul edilməlidir.
19. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etmək üçün hüquqmüəyyənedici sənədə malik olduğundan, həmçinin cavabdehin imtina məktubunda göstərilən əsaslar təkzib olunduğundan, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
20. Birinci instansiya məhkəməsi Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.-cı, 8.0.1.-ci, 8.0.3.-cü, 8.0.4.-cü, 8.0.5.-ci, 8.0.6.-cı, 8.0.7.-ci, 8.0.8.-ci, 8.0.9.-cu, 8.0.9.1.-ci, 8.0.9.1.1.-ci, 8.0.9.1.2.-ci, 8.0.9.2.-ci, 8.0.10.cu, 8.0.10.1.-ci, 8.0.10.2.-ci, 8.0.11.-ci, 8.0.12.-ci, 15.1.-ci, 15.1.1.-ci, 15.1.2.-ci, 15.1.3.-cü, 15.1.4.-cü, 15.1.5.-ci, 15.1.6.-cı maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü, 6.-cı maddəsinə, “İnzibati icraat haqqında” Qanununun 11-ci maddəsinə, 15.1-ci, 15.2-ci, 24.1-ci 24.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin: (zamanında qüvvədə olan) 36-cı maddəsinə, Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci,13-cü maddəsinə əsasən istinad etmişdir.
b)Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
21. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1689/2022 saylı, 18 noyabr 2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş təqdim edilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının 395 saylı, xx.xx.1995-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncam əsasında tərtib olunan torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcud olduğundan yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Bu barədə iddiaçıya **********23 saylı, xx.xx.2018-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildiriş ünvanlanmışdır. Əlavə olaraq, elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş cizgidə istinad və məsafələr qeyd edilmədiyindən sənəd üzrə sahəni müəyyənləşdirmək mümkün olmamışdır.Həmçinin, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən xx.xx.2021-ci il tarixli müraciəti zamanı aparılan araşdırma zamanı məlum omuşdur ki, yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı idarə tərəfindən aidiyyatı quruma sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 6 ünvanında yerləşən 34A saylı torpaq sahəsinə dair cizgidə göstərilən tarixdə qüvvədə olan qanunvericilik tələblərinə uyğun olaraq, təqdim olunmuş cizgi memarlıq xidməti tərəfindən təsdiq olunmalıdır. Bu səbəbdən qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş yerləşmə cizgisi təqdim edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir.Həmçinin, müvafiq torpaq sahəsi ilə bağlı X3 ********** nömrəli xx.xx.2017-ci il tarixli idarəyə müraciəti olmuş və idarə tərəfindən **********26 nömrəli, xx.xx.2017-ci il tarixdə cavab məktubu göndərilmişdir.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
24. Apellyasiya şikayətinin dəlilləri baxımından X4 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
e) Prosses iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Əlavə olaraq verilən suallara cavabında bildirmişdir ki, iddia etdiyi torpaq sahəsi 30 ildir ki, hasarlanmış və onun istifadəsindədir.Heç bir digər şəxslə, o cümlədən X4 ilə torpaq mübahisəsi yoxdur.
27. Apellyasiya şikayətinin dəlilləri baxımından 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş X4 məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmişdir. 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş X4 məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilməsinə görə ünvan və istifadəsində olan telefon nömrəsinin dəqiqləşdirilməsi üçün məhkəmə iclas katibi X4 ilə xx.xx.2023-cü il tarixdə sonuncuya məxsus telefon vasitəsilə əlaqə saxlamışdır.(xx.xx.2023-cü il tarixli telefonaqramma tərtib olunmuşdur) X4 eyni zamanda bildirmişdir ki, onun heç kimlə, o cümlədən iddiaçı ilə torpaq mübahisəsi yoxdur.3-cü şəxsin dəqiqləşdirilmiş telefon nömrəsinə məhkəmə iclası barədə SMS də göndərilmişdir.Lakin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş X4 məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; - 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; - 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
29. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 4. Torpaq sahəsi
1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.
2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. (...)
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsus vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.
30. “İnzibati icraat haqqında” Qanun: - 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
31. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin: (zamanında qüvvədə olan) - Maddə 36. Rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhərdə rayon icra hakimiyyəti başçılarının nümayəndəliyi
1. Rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəliyi fəaliyyət göstərir.
1. Rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti orqanının nümayəndəliyinə rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısı tərəfindən təyin olunmuş nümayəndə rəhbərlik edir
2. Rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəsi: 1) rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək göstərir, onun səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər verir, tapşırıqlarını həyata keçirir; 2) vətəndaşların qəbulunu həyata keçirir, onların şikayət, ərizə və təkliflərinə baxır və lazımi tədbirlər görür; 3) qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparır, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparır, vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və qanunvericiliklə nəzərdə tutulmuş digər arayışlar verir; 4) Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir.
32. Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun - 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. - 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir.
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1-ci məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
35. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
37. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 6 ünvanında yerləşən 34A saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini arzulayır.
38. Beləliklə, iddiaçı torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının yarandığını bilavasitə yerli icra hakimiyyəti tərəfindən qəbul edilmiş Sərəncamın mövcudluğu ilə əsaslandırır. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 02 fevral 1995-ci il tarixli, 395 №-li Sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır.
39. Təkzib olunmaz haldır ki, yerli icra hakimiyyətinin torpaqayırma barədə Sərəncamı mövcuddur və həmin sərəncamın mövcudluğu hər hansı şübhə doğurmur.
40. Məhkəmə qeyd edir ki, yuxarıda adı çəkilən sərəncam, yəni, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 02 fevral 1995-ci il tarixli, 395 №-li Sərəncamı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində sadalanan sənədlərin əhatə dairəsinə düşməklə yanaşı hüquqmüəyyənedici sənəd hesab olunur və iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yarandığına dəlalət edir.
41. Lakin, nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan Sərəncamın mövcudluğunu və ya mötəbərliyini mübahisələndirmir, həmin Sərəncam əsasında verilmiş yerləşmə cizgisinin mötəbərliyini şübhə altına alır.
42. Kollegiya qeyd edir ki, Torpaq sahəsinin yerləşmə cizgisi torpaqayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında tərtib olunur. Həmçinin nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində mülkiyyət və ya istifadə hüququ həmin torpaq sahəsinin ayrılması (icarəyə, istifadəyə, mülkiyyətə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlər əsasında və həmin sənədlərə uyğun olaraq tərtib olunmuş torpaq sahəsinin yerləşmə cizgisinin ləğvi tələb oluna bilməz. Torpaq sahəsinin ayrılması səlahiyyətinə malik olan orqanlar həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı yalnız qanunvericiliyin tələblərinə bağlıdırlar və torpaq sahəsinin müvafiq qanunvericiliyə uyğun şəkildə ayrılması onların məsuliyyət sferasına aiddir.
43. Məhkəmə diqqətə çatdırır ki, həm cavabdeh inzibati orqan, həmçinin də Səbail rayon İcra Hakimiyyəti iddiaçı tərəfindən təqdim olunmuş yerləşmə cizgisini şübhə altına alsalar da, yerləşmə cizgisinin mötəbərliyini şübhə altına alacaq halların nə ilə bağlı olmasını əsaslandıra bilməmişdirlər.
44. Məhkəmə bununla bağlı ilkin olaraq qeyd edir ki, yerləşmə cizgisinin səlahiyyətli orqan tərəfindən təsdiq olunub-olunmaması iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun üçün əlavə məsuliyyətə səbəb ola bilməz.
45. Məhkəmə Kollegiyası, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir.
46. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin yerləşmə cizgisinin səlahiyyətli orqan tərəfindən təsdiq olub-olunmamasından asılı olmayaraq, yerli icra hakimiyyəti dövlət orqanı kimi vətəndaşa etimad hüququ göstərmiş, mübahisəli torpaq sahəsinin ayrılması barədə Sərəncam əsasında torpaq sahəsinin yerləşmə cizgisini təsdiq etmişdir ki, bununla da iddiaçıya etimad hüququ göstərərək, ona uzun illər ərzində torpaq sahəsi ilə bağlı təsərrüfat aparmaq imkanı vermişdir.
47. Məhkəmə xüsusi ilə diqqətə çatdırır ki, yerləşmə cizgisinin arxivdə saxlanılmaması, həmin sənədin ümumiyyətlə mövcudluğunu istisna etmir. Çünki, nə cavabdeh inzibati orqan, nədə ki Səbail rayon İcra Hakimiyyəti yerləşmə cizgisinin saxta (möhürün, imzaların) olmasını sübut edə bilməmişdirlər.
48. Digər tərəfdən isə Məhkəmə qeyd edir ki, yerləşmə cizgisi yerli icra hakimiyyətinin nəznində olan nümayəndəlik tərəfindən təsdiq olduğundan, bu hal həmin sənədin mötəbərliyini şübhə altına almaq üçün əsasları aradan qaldırır.
49. Məhkəmə hesab edir ki, məhkəmə icraatı zamanı təqdim olunmuş yerləşmə cizgisi bilavasitə torpaqayırma Sərəncamı qəbul edən Səbail rayonu İcra Hakimiyyətinin nəznində olan Badamdar qəsəbəsi Nümayəndəliyi tərəfindən təsdiq olunduğundan, yerləşmə cizgisinin arxivdə aşkar edilməməsi, onun mötəbərliyini şübhə altına almaq üçün əsas hesab edilmir.
50. Buna baxmayaraq Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq Səbail rayon İcra Hakimiyyətinin 395 saylı xx.xx.1995-ci il tarixli sərəncamı əsasında İddiaçı ayrılmış torpaq sahəsinin coğrafi mövqeyini əks etdirən yerləşmə cizgisi ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşməsi; üst-üstə düşmürsə konkret olaraq üst-üstə düşməyən hissənin koordinatlarının müəyyən edilməsi; üst-üstə düşmədiyi təqdirdə yerləşmə cizgisində göstərilən torpaq sahəsi və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin mülkiyyətçilərinin və koordinatlarının müəyyən edilməsini zəruri hesab etmiş və iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Ekspert rəyindən görünür ki, aparılmış ekspertiza tədqiqatının nəticəsində Səbail rayon İcra Hakimiyyətinin 395 saylı xx.xx.1995-ci il tarixli sərəncamı əsasında İddiaçı ayrılmış torpaq sahəsinin iş materiallarında olan coğrafi mövqeyini əks etdirən yerləşmə cizgisində qeyd olunan sahə ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir.
51. Məhkəmə diqqətə çatdırır ki, hər nə qədər də cavabdeh inzibati orqan yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluğun mövcud olmasını iddia etsə də, bu hal ekspert rəyində göstərilənlər ilə təkzib olunmuşdur.
52. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2).
53. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir.
54. Məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi inandırıcı olmaqla yanaşı həmçinin həmin rəyi təkzib edən hər hansı dəlil olmadığından, mötəbər sübut kimi qəbul edilməlidir.
55. Beləliklə, torpaq sahəsinin ayrılması barədə sərəncam əsasında tərtib olunan torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcud olmasına dair apellyasiya şikayətinin dəlilləri təsdiqini tapmamışdır.
56. Apellyasiya şikayətinin müvafiq torpaq sahəsi ilə bağlı X3 ********** nömrəli xx.xx.2017-ci il tarixli idarəyə müraciəti olması dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri baxımından 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş X4 məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmişdir. 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş X4 məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilməsinə görə ünvan və istifadəsində olan telefon nömrəsinin dəqiqləşdirilməsi üçün məhkəmə iclas katibi X4 ilə xx.xx.2023-cü il tarixdə sonuncuya məxsus telefon vasitəsilə əlaqə saxlamışdır.(xx.xx.2023-cü il tarixli telefonaqramma tərtib olunmuşdur) X4 eyni zamanda bildirmişdir ki, onun heç kimlə, o cümlədən iddiaçı ilə torpaq mübahisəsi yoxdur.3-cü şəxsin dəqiqləşdirilmiş telefon nömrəsinə məhkəmə iclası barədə SMS də göndərilmişdir.Lakin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş X4 məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
57. Yuxarıda qeyd edilənləri, həmçinin, Ekspert rəyinə əsasən aparılmış ekspertiza tədqiqatının nəticəsində Səbail rayon İcra Hakimiyyətinin 395 saylı xx.xx.1995-ci il tarixli sərəncamı əsasında İddiaçı ayrılmış torpaq sahəsinin iş materiallarında olan coğrafi mövqeyini əks etdirən yerləşmə cizgisində qeyd olunan sahə ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edildiyini, 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş X4 ilə iddiaçının torpaq sahəsinə dair mübahisəsi mövcud olmasına dair heç bir hal aşkar olunmadığını, iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etmək üçün hüquqmüəyyənedici sənədə malik olduğunu, beləliklə cavabdehin imtina məktubunda göstərilən əsaslar təkzib olunduğunu nəzərə alaraq, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
58. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1689/2022 saylı, 18 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1689/2022 saylı, 18 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.