Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1768/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Üçüncü şəxslər X7 və X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehnə qarşı (üçüncü şəxslər X7 və X5 işə cəlb edilməklə) “aparılmış registrin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 noyabr 2023-ci il tarixli, 2-1(112)-13756/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehnə qarşı “ünvan 1 ünvanında yerləşən 0,1083 ha ölçüdə torpaq sahəsinin cavabdehin balansına keçirilməsinə dair hərəkətlərinin qanunsuz sayılmaqla bununla əlaqədar aparılmış registrin etibarsız hesab edilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı sərəncamların ləğv edilməsinə dair məhkəmə araşdırmaları zamanı Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi tərəfindən təqdim edilmiş torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar verilən registrdən çıxarışdan müəyyən edilir ki, Azon Zavodunun balansında olmuş və iddiaçıya verilmiş ünvan 2 ünvanında yerləşən 0.1083 ha ölçüdə torpaq sahəsi sonradan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn balansına verilmişdir. Məhz həmin registr sənədi əsasında, qeyd edilən ünvanda yerləşən və vətəndaş İddiaçı qanuni istifadəsində olan və üzərində sonuncunun inşa etdiyi qeyri-yaşayış sahəsi yerləşən torpaq sahəsi üçüncü şəxslərin adına özəlləşdirilmişdir. Məhkəmə araşdırmaları zamanı, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd edilən torpaq sahəsinin cavabdehin balansına hansı əsaslarla keçməsi barədə, habelə torpaq sahəsinin ayrılmasına dair heç bir rəsmi sənəd təqdim edilməmişdir. ünvan 2 ünvanında yerləşən 0.1083 ha ölçüdə torpaq sahəsinin hansı əsaslarla cavabdehin balansına keçməsinə dair bütün rəsmi sənədlərin, o cümlədən torpaq ayırma sənədlərinin onlara təqdim edilməklə ünvan 2 ünvanında yerləşən 0.1083 ha ölçüdə torpaq sahəsinin cavabdehin balansına keçməsinə dair aparılmış registrin etibarsız hesab edilməsi barədə cavabdehə yazılı müraciət etməsinə baxmayaraq, müraciətləri cavabsız qalmışdır. Yuxarıda göstərilənlərə əsasən hesab edirlər ki, ünvan 3 ünvanında yerləşən 0.1083 ha ölçüdə torpaq sahəsinə dair registr məlumatları mötəbər olmadığından həmin torpaqla bağlı aparılmış registr etibarsız hesab edilməlidir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, ünvan 4 ünvanında yerləşən 0.1083 ha torpaq sahəsi onun qanuni istifadəsinə verilib və öz vəsaiti hesabına tikililər inşa edib. Hesab edirlər ki, iddiaçının iddiası əsassızdır və təmin edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.” Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 17 fevral 2005-ci il tarixli, 125 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120 kv.m ölçüdə qeyri-yaşayış sahəsi vətəndaş İddiaçı Fərrux oğluna məxsus olması faktı təsdiq edilmişdir. Həmin Sərəncamın 2-ci bəndinə əsasən qeyri-yaşayış sahəsinin yerləşdiyi yer ilə bağlı icarə müqaviləsinin bağlanması tapşırığının icrası vətəndaş İddiaçı Fərrux oğlunun üzərinə qoyulmuşdur. Buradan belə nəticəyə gəlmək olar ki, Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 17 fevral 2005-ci il tarixli, 125 nömrəli Sərəncamı ilə vətəndaş İddiaçı Fərrux oğluna ünvan 2 ünvanından 0.1083 ha torpaq sahəsi ayrılmamışdır. Həmin torpaq sahəsinin vətəndaş İddiaçı Fərrux oğlu ilə heş bir hüquqi bağlılığı yoxdur. Bu səbəbdən də, iddia predmetinin əsassız və qüvvədə olan qanunvericiliklərə tam zidd olması açıq aşkar görünməkdədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13756/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə X7 və X5 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 21 noyabr 2023-ci il tarixli, 2-1(112)-13756/2023 saylı qərardadı ilə (hakim A.Abdullayeva) iddia mümkün sayılmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 21 noyabr 2023-ci il tarixli, 2-1(112)-13756/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə “Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”sinə istinad etsə də, iddianın əsaslarından birini, yəni Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamına əsasən, Azon zavodunun nəqliyyat sahəsində ümumi sahəsi 120.0 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin İddiaçı Fərrux oğlu tərəfindən tikilməsi, Xidmət tərəfindən yuxarıda qeyd edilən torpaq sahəsinə dair Sərəncamlar verilərkən həmin torpaq sahəsində iddiaçının inşa etdiyi tikililərin yerləşməsinin nəzərə alınmamasını diqqətdən kənarda qoymuşdur. Məhkəmə qərardadında Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamında Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120.0 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinin İddiaçı Fərrux oğluna məxsus olması faktı təsdiq edilsə də, bu sərəncam özlüyündə hər hansı bir hüquqi nəticə doğurmadığı qeyd edilmiş, bununla da məhkəmə mübahisəli torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin məhz iddiaçı tərəfindən inşa edidiyini açıq etiraf etmişdir. Digər tərəfdən, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamını tam qiymətlədirə bilməyən hakim, iş materiallarında olan digər sənədləri, xx.xx.1999-cu il tarixli icarə müqaviləsini, Azon zavodu tərəfindən verilmiş sənədləri ümumiyyətlə tədqiq etməmişdir. Halbuki, iş üzrə məhz Azon zavodunun sənədlərindən istifadə edən üçüncü şəxs E.Qəhrəmanov özü də mübahisəli torpaq sahəsinin və onun üzərində olan daşınmaz əmlakın əmisi, hazırkı iddiaçıya məxsus olmasını etiraf etmişdir (bununla bağlı məhkəmə qətnaməsi təqdim edilmişdir). Azon zavodunun iş üzrə üçüncü şəxs kimi cəlb edilməsinin zəruriliyi apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə də təsdiq olunmuşdur. Məhkəmə “Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”sinə istinad etsə də, iddianın əsaslarından birini, yəni Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamına əsasən, Azon zavodunun nəqliyyat sahəsində ümumi sahəsi 120.0 kv.m. ölçüdə qeyri-yaşayış sahəsinin İddiaçı Fərrux oğlu tərəfindən tikilməsi, Xidmət tərəfindən yuxarıda qeyd edilən torpaq sahəsinə dair Sərəncamlar verilərkən həmin torpaq sahəsində iddiaçının inşa etdiyi tikililərin yerləşməsinin nəzərə alınmamasını diqqətdən kənarda qoymuşdur. Məhkəmə, öz mövqeyini ümumiyyətlə əsaslandıra bilməmiş, iddianın əsaslarından birini, yəni Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamına əsasən, Azon zavodunun nəqliyyat sahəsində ümumi sahəsi 120.0 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin İddiaçı Fərrux oğlu tərəfindən tikilməsi, Xidmət tərəfindən yuxarıda qeyd edilən torpaq sahəsinə dair Sərəncamlar verilərkən həmin torpaq sahəsində iddiaçının inşa etdiyi tikililərin yerləşməsinin nəzərə alınmamasını diqqətdən kənarda qoymuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən üçüncü şəxslərin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İşin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 125 nömrəli xx.xx.2005-ci il tarixli sərəncamı ilə İddiaçı Fərrux oğluna Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120.0 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin ona məxsus olması və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktının təsdiq edilməsinə və həmin sərəncama əsasən qeyri-yaşayış sahəsinin yerləşdiyi yerin icarə xərclərinin ödənilməsi üçün İddiaçıla rayonun müvafiq qurumları arasında müqavilə bağlanılmasının qərara alınmasına istinad edərək, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin üçüncü şəxslərin adına qanunsuz özəlləşdirildiyini, ümumiyyətlə həmin torpaq sahəsinin heç bir əsas olmadan cavabdehin balansında olmasını, bu səbəblə də, torpaq sahəsinin cavabdehin balansında olmasına dair aparılmış registrin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İşdə olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamından görünür ki, 3-cü Yasamal küçəsi, 179 saylı evdə yaşayan vət. İddiaçı Fərrux oğluna Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120.0 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinin məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktı təsdiq edilmiş, qeyri-yaşayış sahəsinin yerləşdiyi yerin icarə xərclərinin ödənilməsi üçün vət. İddiaçıla rayonun müvafiq qurumları arasında müqavilə bağlanılması qərara alınmışdır. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2941/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi, iddia ərizəsinə əlavə və yekun olaraq iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə cavabdehlər X3 və X4 qarşı məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamı ilə İddiaçı verilmiş 120 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin, cavabdeh E.Mustafayevin adına rəsmiləşdirilmiş 51.2 kv.m hissəsi istisna olmaqla, naturada ayrılması və qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus hissəsindən cavabdehlərin çıxarılması, qeyri-yaşayış sahəsinin iddiaçıya aid hissəsi boşaldılaraq, iddiaçının sahiblik və istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4313/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 2941/2022 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4313/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, “...Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli Sərəncamı iddiaçıya Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120 kv.m ölçüdə qeyri-yaşayış sahəsi məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktının təsdiq edilməsi ilə bağlı olmuşdur. Başqa sözlə, həmin sərəncamla iddiaçıya qeyri-yaşayış sahəsi, yaxud torpaq sahəsi ayrılmamışdır. Bunun ayrılması da mümkün ola bilməzdi. Çünki mübahisəli qeyri-yaşayış sahəsi və yerləşdiyi torpaq sahəsi həmin vaxt dövlət mülkiyyətində olmuşdur. “Azon” zavodu tərəfindən Dövlət Torpaq Komitəsinə ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubun da iddianın əsaslılığına heç biri təsiri ola bilməz. Çünki, qeyd olunan məktubun nə dərəcədə qanuni olmasının yoxlanılması hazırki icraatın predmeti olmasa da, “Azon” zavodunun rəhbərliyinin həmin vaxt zavodun ərazisindəki dövlət mülkiyyətində olan torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etməmək kimi bir səlahiyyəti ola bilməzdi. Qeyd olunan sərəncamın və məktubun nə dərəcədə qanuni olubolmaması nəzərə alınmasa belə, iddiaçı bu dövr ərzində həmin qeyri-yaşayış və torpaq sahəsini hansısa hüquqla öz adına qeydə alınmasına nail ola bilməmişdir.” Həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4371/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2941/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamına qiymət verilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamında Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120.0 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinin İddiaçı Fərrux oğluna məxsus olması faktı təsdiq edilsə də, bu sərəncam özlüyündə hər hansı bir hüquqi nəticə doğurmur. Belə ki, həmin sərəncamın qəbul edildiyi dövrdə qüvvədə olan “Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” təsdiq edilmiş, həmin Əsasnamədə yerli icra hakimiyyətinin əmlakın hər hansı şəxsə məxsus olması barədə faktı təsdiq etmək kimi bir səlahiyyəti nəzərdə tutulmamışdır. Həmin Əsasnamənin: - 17.1-ci bəndinə əsasən yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlakın tərkibinə Azərbaycan Respublikasının dövlət büdcəsindən (Naxçıvan Muxtar Respublikasında — Naxçıvan Muxtar Respublikasının büdcəsindən) ayrılan vəsaitlər və məqsədli fondların vəsaiti, dövlət yaşayış fondu, dövlət yaşayış fondunun evlərində qeyriyaşayış binaları, mühəndis-kommunikasiya, infrastruktur obyektləri (su kəmərləri, kanalizasiya təsərrüfatları, istilik təchizatı, elektrik təchizatı, qaz təchizatı, şəhər elektrik nəqliyyatı qurğuları və şəbəkələri, digər abadlıq obyektləri), istehlakçılara bilavasitə kommunal xidmətlər göstərən və yerli icra hakimiyyəti orqanlarının ərazisində yerləşən və qanunvericiliklə müəyyən edilmiş qaydada onların sərəncamına verilmiş digər əmlak daxildir. - 17.2-ci bəndinə əsasən yerli icra hakimiyyətlərinin sərəncamında torpaq sahələri, təbii obyektlər, maliyyə aktivləri, qeyri-yaşayış binaları, müəssisələr, digər əmlak kompleksləri, təhsil, mədəniyyət, səhiyyə, idman müəssisələri, müvafiq ərazinin iqtisadi inkişafının, əhalinin kommunal-məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün digər əmlak ola bilər. -18.1-ci bəndinə görə müvafiq yerli icra hakimiyyətlərinin sərəncamında olan obyektlər üzərində sərəncam verilməsi və onların idarə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 18.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının: 1) məqsədli fondların vəsaitləri üzərində sərəncam vermək; 2) yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlak barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə hüquqi hərəkətlər etmək hüququ vardır. - 18.3-cü bəndinə görə dövlət əmlakı yerli icra hakimiyyətlərinin operativ idarəçiliyində və ya tam təsərrüfat səlahiyyətində ola bilər. - 19.1-ci bəndinə görə yerli icra hakimiyyətlərinin qeyri-dövlət müəssisə, idarə və təşkilatlarla münasibətləri müqavilə əsasında qurulur. İstinad olunan normalardan görünür ki, yerli icra hakimiyyətinin yalnız onun sərəncamında olan əmlaka münasibətdə hüquqi hərəkətlər etmək səlahiyyəti mövcud olmuş, bu zaman digər şəxslərlə münasibətlərini müqavilə əsasında həyata keçirməsi təsbit edilmişdir. İşin yuxarıda qeyd olunan hallarından isə görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi Yasamal rayon İcra Hakimiyyətinin deyil, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və xidmət müəssisələrinin idarəetmə mərkəzinin balansında olmuş, bununla da İcra Hakimiyyəti həmin əmlaka münasibətdə hər hansı bir səlahiyyətə malik olmamışdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri (maddə 19. Azərbaycan Respublikasında torpaq sahələri üzərində mülkiyyət hüququ mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsilə alınıb satıla bilər) bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Eyni zamanda, Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Mübahisəli sərəncamın qəbul edildiyi dövrdə qüvvədə olan “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 6 mart 2000-ci il tarixli 291 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Göründüyü kimi, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamının qəbul edildiyi dövrdə yerli icra hakimiyyətinin torpaq ayırma səlahiyyəti də olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında düzgün olaraq qeyd etmişdir ki, həmin sərəncam mübahisəli əmlaka münasibətdə hər hansı bir hüquq yaratmadığından iddiaçının cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı aparılmış registrin etibarsız hesab edilməsi barədə hazırki iddia tələbini qaldırmaqda subyektiv hüququ istisna edilməli və iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından əsaslandırılmış iddia tələbi kimi qəbul edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 noyabr 2023-ci il tarixli, 2-1(112)-13756/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1768/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1768/2024
22.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver