Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1769/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3122/2021 saylı, 19.03.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı 57 yaşdan, yəni 30 iyul 2012-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə xx.xx.1955-ci il təvəllüdlü iddiaçı 20.11.1974-10.12.1976-cı ilərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, 30.01.1978-01.09.1983-cü illərdə “Azneftikinti” Trestinin 2 nömrəli Tikinti Quraşdırma İdarəsində 2-ci dərəcəli bənna, 01.09.1983- cü ildən Əli-Bayramlı Tikinti Quraşdırma İdarəsində 5-ci dərəcəli bənna işində əmək fəaliyyətini davam etdirərək 15.08.2005-ci ilə qədər həmin İdarədə işləmişdir. İşlədiyi həmin peşə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin, vəzfələrin siyahısında öz əksini tapmışdır. Odur ki. 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 15.10.2020-ci il tarixində cavabdehə müraciət etsə də, təmin edilməmişdir.Ona görə də məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının 22.10.2020-ci il tarixli müraciətinə ünvanladığı 10.12.2020-ci il tarixli məktubunda ərizəçinin təqdim etlməli sənədələri sadalayaraq onlar təqdim edildikdən sonra məsələyə baxılacağın bildirsə də, birinci instansiya məhkəməsində işə baxılarkən nümayəndəsi X3 iddianı qəbul etmədyini bildirərək, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3122/2021 saylı, 19.03.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı 22.10.2017-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, qalan hissədə iddia tələbi təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. Məhkəmə iddiaçının güzəştli iş stajının müəyyən edilməsində səhvə yol vermişdir. Belə ki, iddiaçıya məxsus əmək kitabçasında onun 30.01.1978-ci ildən 01.09.1983-jü ilədək Aznefttikinti Trestinin 2 saylı TQİ-də 2-5-ci dərəcəli bənna işində, 01.09.1983-cü ildən 15.08.2006-cı ilədək Əli-Bayramlı 2 saylı TQİ-də 5-6-cı dərəcəli bənna işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 №-li Siyahısının 29-cu bölməsində (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri») bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar vəzifəsi nəzərədə tutulmuşdur. İş materiallarından görünür ki, iddiaçının işlədiyi vəzifə Siyahıda qeyd olunan vəzifəyə uyğun gəlmir. Bu səbəbdən də iddiçının güzəştli şərtlərlə pensiya hüququ əldə etməsi üçün tələb olunan stajı 01.01.2006-cı il tarixinədək 12 il 6 aydan az təşkil edir. Məhkəmə kollegiyasının 12.08.2021-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir(Hazırkı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir). İddiaçının hazırkı məhkəmə iclasında iştirak edən nümayənəsi və vəkili K.Əbdürəhmanov cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instasiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, cavabdeh mübahisələndirir ki, iddiaçının işlədiyi bənna peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının 29-cu bölməsində qeyd olunan bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənna göstəricisinə uyğun gəlmir. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər (01.01.2006-cı il tarixə qədər) qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə 13.06.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1.1 və 3.2.1-ci bəndlərinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir). Qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq iş materiallarına (Sabirabad RPŞ tərəfindən 21.05.2010-cu il tarixində tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi, 20.11.1974-cü il tarixində verilmiş NZ ******* nömrəli hərbi bileti və 02.02.1979-cu il tarixində açılmış əmək kitabçasının surətlərinə) əsasən müəyyən edilir ki, xx.xx.1955-ci il təvəllüdlü iddiaçı: -20.11.1974-30.11.1976-cı illərdə Sovet Ordusunda xidmət etmiş (2 il 10gün); - 30.01.1978-01.09.1983-ci illərdə “Aznefttikinti” Trestinin 2 saylı TQİ-də 2-5-ci dərəcəli bənna işləmiş ( 5 il 7ay 9 gün); -01.09.1983-15.08.2006-ci illərdə (22 il 11 ay 14 gün), Əli-Bayramlı 2 saylı TQİ- də 5- 6-cı dərəcəli bənna kimi çalışmışdır (o cümlədən, 01.01.2006-cı il tarixinədək - 22 il 4 ay) . Beləliklə də qeyd olunanlardan göründüyü kimi, 01.01.2006-cı il tarixinə qədər, hərbi xidmət dövrü də nəzərə alınmaqla, iddiaçının 30 ildən də çox ümumi iş stajı mövcuddur ki, bunun da 27 il 11 ay 9 gününü qeyd edilən Tikinti Quraşdırma İdarələrində bənna peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin»in 2 №-li Siyahısının XXVİİ (22900000 “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri») bölməsinin 2290000a -12680 kodu üzrə - «Bənna briqadalarında və kompleks briqadaların manqalarında daim işləyən bənnalar» güzəştli pensiya hüququ verən peşələrə aid edilmişdir. Cavabdeh apellyasiya şikayətində Siyahının müvafiq bölməsi XXVİİ olduğu halda, 29-cu bölməsi kimi qeyd etmişdir. Digər tərəfdən, cavabdehin dəlillərindən belə anlaşılır ki, əmək kitabçasında mütləq şəkildə «Bənna briqadalarında və kompleks briqadaların manqalarında daim işləyən bənna” sözləri yazılmalıdır ki, iddiaçıya güzəştli şərtlərələ pensiya təyin edilməsi mümkün olsun. Cavabdehin qeyd olunan mövqeyi ilə əsla razılaşmaq mümkün deyil. Birincisi, Tikinti-Quraşdırma İdarələri konkret halda, mövcud olmadığı halda, izahlı arayışın alınması mümkün deyil, izahlı arayış işləyən işçilərə verilməsi mümkündür. İkincisi, həmin Təmir-Quraşdırma İdarələrində iddiaçının bənna kimi təkbaşına çalışması heç ağlabatan da deyil. Ən azından, tikinti-şquraşdırma idarələrində bir neçə bənna briqadası və ya manqasından ibarət tərkibdə fəaliyyət göstərməsi sübuta ehtiyacı olmayan bir haldır. Çünki, elə adından da görünür ki, tikinti-quraşdırma və tikinti-təmir işlərini yerinə yetirmək onların əsas fəaliyyət istiqamətini təşkil edir. Üçüncüsü, iddiaçı 5 ildən çox bir, 22 ildən də çox başqa bir – tikinti-quraşdırma təşkilatında bənna kimi işləməsi onu deməyə əsas verir ki, o, daimi olaraq həmin idarələrdə bənna peşəsində işləmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçının işlədiyi bənna peşəsinin 2 saylı Siyahı üzrə «Bənna briqadalarında və kompleks briqadaların manqalarında daim işləyən bənna” peşəsinə uyğun gəlmədiyini vurğulayan dəlillərini formal xarakterli dəlillər kimi qiymətləndirir. Beləliklə də göstərilənlər birmənalı olaraq onu deməyə əsas verir ki, 01.01.2006-cı il tarixinədək iddiaçının 30 ildən çox ümumi iş stajı olan və bu satajın da 27 ilindən çoxunu bənna peşəsində çalışmış xx.xx.1955-ci il təvəllüdlü iddiaçının «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinin tələbi baxımından, 01.01.2006-cı il tarixinədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin «b» bəndinə əsasən 57 yaşınının tamam olduğu 30.07.1912-ci il tarixdən güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur. Lakin «Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Birinci instansiya məhkəməsinin qərarından da, məhz, görünür ki, məhkəmə, işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticəyə gələrək, iddiaçıya, onun cavabdehə 22.10.2020-ci il tarixdə müraciətinin daxil olduğu tarixdən üç il əvvəldən, yəni, 22.10.2017-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyini cavabdehə həvalə etmişdir. İPM-in 73.1-ci maddəsi də nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3122/2021 saylı, 19.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3122/2021 saylı, 19.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1769/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1769/2021
02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver