Məhkəmə qərarları › İş №2-1(103)-1769/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1769/2024

29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1769/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (hazırkı adı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (hazırkı adı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı «pensiyanın yenidən hesablanaraq ödənilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərardadından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İdarənin 31 avqust 2016-cı il tarixli, 03/89/02-471 saylı inzibati akt hesab olunan məktubunda göstərilənlərin qanuna zidd hesab edilməsi, əlilliyinin cəbhədə olmaqla bağlı xəstəlik nəticəsində üz verdiyindən müharibə əlilləri kateqoriyasına aid edilərək İİ qrup müharibə əlili hesab edilməsi vəzifəsinin Xidmətə həvalə edilməsi və İİ qrup müharibə əlili kimi pensiyanın yenidən hesablanması, hərbi qulluqçu kimi hərbi xidmətdən buraxıldığı günə aldığı aylıq vəzifə və rütbə maaşından hesablanan əlavə kimi döyüş bölgəsinə görə pul təminatının təminat xərcliyinin tərkibində yenidən hesablanaraq ödənilməsi vəzifəsinin İdarəyə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim M.Bayramov) 2-1(81)-3445/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin 31 avqust 2016-cı il tarixli, 03/89/02-471 saylı inzibati akt hesab olunan məktubunda göstərilənlər qanuna zidd hesab edilmiş, İddiaçı müharibə əlilləri kateqoriyasına aid edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilmiş, İddiaçı döyüş bölgəsinə görə ödənilmiş əlavənin təminat xərcliyinin tərkibində nəzərə alınması və qeyd edilənlərə uyğun olaraq pensiyasının yenidən hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə olunmuşdur. Həmin qərardan Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-05/2018 nömrəli, 02 fevral 2018-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli qərarı yoxlanılan - «Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin 31 avqust 2016-cı il tarixli, 03/89/02-471 saylı inzibati akt hesab olunan məktubunda göstərilənlər qanuna zidd hesab edilsin. İddiaçı döyüş bölgəsinə görə ödənilmiş əlavənin təminat xərcliyinin tərkibində nəzərə alınması və qeyd edilənlərə uyğun olaraq pensiyasının yenidən hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə olunsun.» hissədə ləğv edilmiş, iddia eyni hissədə mümkün sayılmamış, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçularla və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin apellyasiya şikayəti təmin edilmişdir. 01 fevral 2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 23 avqust 2017-ci il tarixli, 2-1(81)-3445/2017 nömrəli iş üzrə icra vərəqəsi verilmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2019-cu ildə icraata başlamaq haqqında qərar qəbul edilərək iş üzrə icraata başlanılmışdır. Binəqədi rayon İcra və Probasiya şöbəsinin 27 fevral 2019-cu il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 01 fevral 2019-cu il tarixli, 2-1(81)-3445/2017 nömrəli icra sənədi üzrə icraat dayandırılmışdır. Bakı şəhər Binəqədi rayon İcra Şöbəsinin 02 dekabr 2021-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 01 fevral 2019-cu il tarixli icra vərəqəsi üzrə icraat təzələnmişdir. Daha sonra cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 01 fevral 2019-cu il tarixli icra vərəqəsindən apellyasiya şikayəti verərək, icra vərəqəsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2586/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Həmin qərardaddan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və icra vərəqəsindən verilən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-41/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qərarı ilə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2586/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmə qərarının izah olunması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli qərarına izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3445/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı ilə “İddiaçı müharibə əlililəri kateqoriyasına aid edilməsi vəzifəsi” Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. İş üzrə məhkəmə prosesinin davam etməsi səbəbindən sözügedən qərar ilə bağlı icra vərəqəsi 01 fevral 2019-cu il tarixdə verilmişdir. İddiaçının xx.xx.2019-cu il tarixli ərizəsi əsasında xx.xx.2019-cu il tarixdə icra sənədi üzrə icraat dayandırılmış və Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli xx/xx-32696-30 nömrəli qərarı ilə icra vərəqəsi üzrə icraat təzələnmişdir. Lakin qərarda göstərilən tələblər aydın olmadığı və hazırda qüvvədə olan qanunvericilikdə “müharibə əlilləri kateqoriyası” ifadəsinə yer verilmədiyi üçün qərarın icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən daha sonra ərizəyə əlavə təqdim edilmiş və ərizədə göstərilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3445/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə “İddiaçı müharibə əlililəri kateqoriyasına aid edilməsi vəzifəsi” Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Lakin hazırda qüvvədə olan qanunvericilikdə “müharibə əlilləri kateqoriyası” ifadəsi mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.5-ci maddəsində əlilliyin səbəbli əlaqəsinin növləri qeyd edilmişdir. Həmin Qərarın 3.2-ci maddəsinə əsasən əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. İddiaçıya münasibətdə əlillik səbəbinin müəyyən edilməsi üçün zəruri olan rəsmi sənəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyasının Qərarıdır. İddiaçı barəsində olan Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında iddiaçıya əlillik təyinatı aparılması üçün əsas olan diaqnoz müvafiq qərara əsasən ümumi xəstəlik səbəbi ilə əlillik təyinatı üçün əsasdır. Beləliklə, Qərarın əsaslandırma və nəticə hissəsindəki ziddiyyətli məqam səbəbilə üzərlərinə qoyulan öhdəliyin məzmunu tam aydın olmadığından qərarın icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərardadın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 2-1(81)-3445/2017 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli qərarına “İddiaçı xüsusi səbəblərdən əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi izah verilmişdir. Hazırda həmin qərardaddan cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizədə qeyd olunan əsaslar nəzərə alınmaqla yenidən izah edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı ilə “İddiaçı müharibə əlililəri kateqoriyasına aid edilməsi vəzifəsi” Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Lakin hazırda qüvvədə olan qanunvericilikdə “müharibə əlilləri kateqoriyası” ifadəsi mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.5-ci maddəsində əlilliyin səbəbli əlaqəsinin növləri qeyd edilmişdir. Həmin Qərarın 3.2-ci maddəsinə əsasən əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. İddiaçıya münasibətdə əlillik səbəbinin müəyyən edilməsi üçün zəruri olan rəsmi sənəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyasının Qərarıdır. İddiaçı barəsində olan Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında iddiaçıya əlillik təyinatı aparılması üçün əsas olan diaqnoz müvafiq qərara əsasən ümumi xəstəlik səbəbi ilə əlillik təyinatı üçün əsasdır. Beləliklə, Qərarın əsaslandırma və nəticə hissəsindəki ziddiyyətli məqam səbəbilə qoyulan öhdəliyin məzmunu tam aydın olmadığından qərarın icrası mümkün olmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim M.Bayramov) 2-1(81)-3445/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin 31 avqust 2016-cı il tarixli, 03/89/02-471 saylı inzibati akt hesab olunan məktubunda göstərilənlər qanuna zidd hesab edilmiş, İddiaçı müharibə əlilləri kateqoriyasına aid edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilmiş, İddiaçı döyüş bölgəsinə görə ödənilmiş əlavənin təminat xərcliyinin tərkibində nəzərə alınması və qeyd edilənlərə uyğun olaraq pensiyasının yenidən hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə olunmuşdur. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-05/2018 nömrəli, 02 fevral 2018-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli qərarı «Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin 31 avqust 2016-cı il tarixli, 03/89/02-471 saylı inzibati akt hesab olunan məktubunda göstərilənlər qanuna zidd hesab edilsin. İddiaçı döyüş bölgəsinə görə ödənilmiş əlavənin təminat xərcliyinin tərkibində nəzərə alınması və qeyd edilənlərə uyğun olaraq pensiyasının yenidən hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə olunsun.» hissədə ləğv edilmiş, iddia eyni hissədə mümkün sayılmamışdır. Beləliklə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim M.Bayramov) 2-1(81)- 3445/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli qərarı «İddiaçı müharibə əlilləri kateqoriyasına aid edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilsin» hissəsində qanuni qüvvəyə minmişdir və icra edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli qərarına “İddiaçı xüsusi səbəblərdən əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi izah verilmişdir. Lakin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin izahla razılaşmamış, apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizədə qeyd olunan əsaslar nəzərə alınmaqla yenidən izah edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən 2-1(81)-3445/2017 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərardadda cavabdehin ərizəsinin təmin edilməsini qeyd etsə də, cavabdeh qərara izah verilməsi barədə ərizəsində iddiaçı barəsində olan Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında iddiaçıya əlillik təyinatı aparılması üçün əsas olan diaqnozun müvafiq qərara əsasən ümumi xəstəlik səbəbi ilə əlillik təyinatı üçün əsas olduğunu qeyd edir. Məhkəmə isə mübahisələndirilən qəradadda 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli qərarına “İddiaçı xüsusi səbəblərdən əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi izah vermişdir. Göründüyü kimi, əslində cavabdehin ərizəsi qismən təmin edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini mümkün hesab etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərardadında qeyd edilir ki, məhkəmə qərarına izah verilərkən qərar qəbul edilən vaxt qüvvədə olan maddi hüquq normalarına istinad olunmalıdır. Belə ki, 16 yanvar 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 1.6-cı bəndinə əsasən TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. Beləliklə, məhkəmə qərarı qəbul edilərkən qüvvədə olan “Əsasnamə”də ümumi xəstəlik və digər (xüsusi) səbəblərə aid olan əlilliyin təyin edilməsi göstərilmişdir. Göründüyü kimi, həmin “Əsasnamədən”də müəyyən olunur ki, “hərbi xidmət dövrü ilə əlaqədar” əlilliyin təyini xüsusi səbəblərlə müəyyən olunaraq, “ümumi xəstəlik”lə əlilliyin təyini səbəbinə aid edilməmişdir. Daha sonra qəbul edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda əlilliyin təyin olunma səbəblərinin dairəsi daha da dəqiqləşmişdir. Həmin “Qayda”nın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə qərarı qəbul edilərkən qüvvədə olan qanunvericiliyin müddəaları və sonradan qəbul edilmiş normativ hüquqi akt şəxsin vəziyyətini ağırlaşdırdığı nəzərə alındıqda məhkəmə qərarına iddiaçı “İddiaçı xüsusi səbəblərdən əlilliyin təyin olunması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” kimi izah verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə qərarına göstərilən qaydada izah verməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 230.5-ci maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar