Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-177/2020 25.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və X4 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı, eyni zamanda digər iddiaçılar İddiaçı2 və İddiaçı4 nümayəndəsi İddiaçı1, iddiaçı, eyni zamanda digər iddiaçının nümayəndəsi İddiaçı5 nümayəndəsi İddiaçı3, cavabdehin nümayəndəsi X2 və üçüncü şəxsin nümayəndələri X3 və X6 iştirakları ilə, İddiaçılar İddiaçı1 (ünvan 1 ünvanında qeydiyyatda olan), İddiaçı2 (ünvan 2 ünvanında qeydiyyatda olan), İddiaçı3 (ünvan 3 ünvanında qeydiyyatda olan), İddiaçı4 (ünvan 2 ünvanında qeydiyyatda olan) və İddiaçı5 (ünvan 3 ünvanında qeydiyyatda olan) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahələrinə plan-ölçünün və mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2-1(81)-3935/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 11.09.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 16.11.2000-ci il tarixli, 1056 saylı sərəncamının 1.14-1.18-ci bəndlərinə əsasən fərdi yaşayış evlərinin tikintisi üçün onlara ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında yerləşən hər birinin sahəsi 0,06 ha olan torpaq sahələrinin hər birinə dair iddiaçıların ayrı-ayrılıqda mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindəqeydə alınaraq reyestrdən çıxarışların və plan-ölçü sənədlərinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar ailə üzvləridir. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 16.11.2000-ci il tarixli 1056 saylı sərəncamı ilə hər birinin adına fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamla bir neçə nəfərə torpaq ayrılmışdır. Sərəncamın 1.14-1.18-ci bəndləri ilə onlara torpaq sahələri ayrılmışdır. Torpaq sahələrinin üzərində qanuni hüquqları yaranmış və hal-hazıradək etirazsız olaraq həmin sahələrə sahiblik və istifadə hüququnu həyata keçirirlər. Torpaq sahələrinin adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın və plan ölçü sənədlərinin verilməsi üçün cavabdehə müraciət etsələr də, müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2-1(81)- 3935/2019 nömrəli qərarı ilə (hakim E.Məmmədov) iddia tələbi təmin edilmişdir. 21.11.2019-cu il tarixdə cavabdeh apellyasiya şikayəti verərək, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2- 1(81)-3935/2019 nömrəli qərarının ləğv edilməsi və iddiaçıların iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 tərəfindən təqdim edilən Qaradağ rayon İHB-nin 1056 saylı, 16.11.2000-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Qaradağ rayon İcra Hakimiyyətinə 14.11.2018-ci il tarixli, **********27 nömrəli sorğu göndərilmişdir. Sorğuya cavab olaraq Qaradağ rayon İcra Hakimiyyətinin 16.11.2018-ci il tarixli, 5/744 nömrəli məktubuna əsasən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Telman küçəsi, ev 8, mənzil 2 ünvanında qeydiyyatda olan vətəndaş İddiaçı1 Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Müavininin 16 noyabr 2000-ci il tarixli , 1056 nömrəli sərəncamı ilə Lökbatan qəsəbəsində ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi ilə bağlı qeyri-müəyyənlik aşkar edilərək rayon icra hakimiyyəti tərəfindən verilmədiyi və yuxarıda qeyd olunanları və vətəndaş X7 verilmiş torpaq sahəsinin yerləşmə cizgisinin doğru olmadığını nəzərə alaraq torpaq sahəsinə çıxarışın verilməsinin dayandırılması xahiş edilmişdir. Bu barədə İddiaçı1 **********53 saylı, 23.11.2018-ci il tarixli bildiriş ünvanlanmışdır.Bundan əlavə, İdarənin elektron kadastr baza məlumatlarına əsasən Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən torpaq sahələrinin yerləşmə cizgisi təqdim edilmədiyindən sahələrin sənəd üzrə yerləşməsini təyin etmək mümkün olmamışdır. Həmçinin, torpaq sahələrində hasarlanma və mərzçəkmə işləri aparılmamışdır. Bu səbəbdən ərizələrin icrası mümkün olmamış iddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı3, İddiaçı4 **********03, **********04, **********06 saylı , 25.09.2019-cu il tarixli məktublar ünvanlanmışdır. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Lökbatan Bələdiyyəsi, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və məhkəmə tərəfindən ekspertiza təyin olunmalıdır. İşin apellyasiya icraatı zamanı Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İşin apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu ünvanlanaraq, işin obyektiv həlli məqsədilə Bakı şəhəri XDS-nin İcraiyyə Komitəsinin 27.01.1989-cu il tarixli, 13/713 nömrəli qərarının,Bakı Şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı5 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən 600 kv.m (hər birinə ayrı-ayrılıqda) torpaq sahəsinin ayrılması barədə 16 noyabr 2000-ci il tarixli, 1056 nömrəli sərəncamın təsdiq olunmuş surətinin (iddiaçılara münasibətdə 1.14, 1.15, 1.16, 1.17, 1.18) qəbul edilməsinə əsas olmuş sənədlərin, eyni zamanda sərəncama əlavə edilmiş plan, cizgi, xəritə və ya digər sənədlərin təsdiq edilmiş surətlərini, ümumiyyətlə, sorğuda əks olunmayan, lakin işlə bağlı olan bütün sənədlərin və məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 24.02.2020-ci il tarixli, 156№li cavab məktubu ilə Dövlət Arxivinin Bakı filialında saxlanılan keçmiş Bakı şəhər XDS İKnin (indiki BŞİH) arxiv fondu üzrə 27.01.1989-cu il tarixli, 13/713 saylı qərarının təsdiq edilmiş kserosurəti, vət. İddiaçı1, vət. İddiaçı3, vət. İddiaçı2, vət. İddiaçı5 Məsud qızına və vət. İddiaçı4 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələrinin ayrılması barədə Qaradağ rayon İH-nin arxiv fondu üzrə 16.11.2000-ci il tarixli, 1056 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı məhkəməyə göndərilmiş, Sərəncama heç bir sənəd əlavə edilmədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etdi.Əlavə olaraq o, iddiaçılar tərəfindən müvafiq sənədlər təqdim edilmədiyini, cizgi olmadığını və bu səbəbdən qeydiyyat aparılmamalı olduğunu qeyd etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı3 ziddiyyətli izahat verərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Əlavə olaraq, İddiaçı1 sənədlərini itirdiklərini, plan və cizgi olduğunu, sənədlərin tam şəkildə itdiyini, şəxsiyyət vəsiqələrini də itirdiklərini, daha sonra onlara məxsus olan yerin başqasına satıldığının məlum olduğunu, sədrlik edənin sualına cavab olaraq, sxemi arxivdən aldıqlarını, arxivdən verilən sənədləri təqdim etdiklərini, sxemin əsli olduğunu, təkrar suala cavab olaraq isə əslini itirdiklərini, möhürü vuran şəxsin məsuliyyət daşımalı olduğunu bildirdi. Digər İddiaçı3 isə sənədləri 20 ildir ki, aldıqlarını, lakin sxem verilmədiyini bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X5 izahat verərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq, o, cavabdeh orqanın onlara cizginin icra hakimiyyəti tərəfindən verilib-verilməməsi ilə bağlı müraciəti olduğunu, cavab olaraq cizginin tərəflərindən verilmədiyini yazdıqlarını, 5 ildən artıq müddət keçdiyindən icra hakimiyyətinin arxivində sənədlərin saxlanılmadığını, torpaq verilən zaman ayrıc aktının da verilməli olduğunu, imzanın memara məxsus olmadığını bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X10 izahat verərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etdi.Əlavə olaraq, o, iddiaçılara torpaq verilmədiyini, əvvəl bir sərəncam gətirdiklərini, sonra 4 sərəncam daha çıxardıqlarını, cavabdeh orqan da şübhə olduğunu və buna görə də müraciət etdiklərini, cavab olaraq cizginin tərəfindən hazırlanmadığını, imzanın ona məxsus olmadığını, möhürün saxta olduğunu, bu səbəbdən çıxarış verilməməli olduğunu, torpağın dövlət fonduna məxsus olduğunu, lakin ona yaxın olan ərazilərdə yaşayış məqsədi üçün vətəndaşlara torpaq sahələri ayrıldığını, lakin icra hakimiyyəti tərəfindən həmin şəxslərə torpaq ayrılmadığını, özünün artıq 30 ildir ki, icra hakimiyyətində işlədiyini və onun imzasını artıq cavabdeh orqanda tanıdıqlarını bildirdi. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə 08.11.2018-ci il tarixli, **********27 nömrəli sorğu ilə müraciət edərək, Qaradağ rayon İHBnin 1056 saylı, 16.11.2000-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyinə dair qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.2ci maddəsinə əsasən göstərilən məsələyə dair 7 gün müddətində münasibət bildirməsi xahiş edilmişdir. (sorğuya əlavə edilmiş sxem – 16.10.2015-ci il əsli ilə düzdür, Qaradağ RİH-nin Aparatının Memarı – N.Səmədov; icraçı A.Zəkiyev, 06.12.2018-ci il) Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 12.11.2018-ci il tarixli, 5/730 nömrəli cavab məktubu ünvanlayaraq, Qaradağ rayonunun Lökbatan-Qobu yolunda yerləşən torpaq sahəsi ilə bağlı vətəndaş İddiaçı1 verilmiş sənədlərdə və torpaq sahəsinin yerləşmə sxemi ilə bağlı qeyri-müəyyənlik aşkar olunduğu, vətəndaş İddiaçı1 verilmiş sənədlərin doğru olmadığını nəzərə alaraq torpaq sahəsinə dair çıxarışın verilməsinin dayandırılması xahiş edilmişdir. Eyni zamanda 16.11.2018-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış cavab məktubunda Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Telman küçəsi, ev 8, mənzil 2 ünvanında qeydiyyatda olan vətəndaş İddiaçı1 Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 16 noyabr 2000-ci il tarixli 1056 nömrəli sərəncamı ilə Lökbatan qəsəbəsində ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi ilə bağlı qeyri-müəyyənlik aşkar edilərək, rayon icra hakimiyyəti tərəfindən verilmədiyi müəyyən edildiyi və vətəndaş İddiaçı1 verilmiş sənədlərin doğru olmadığını nəzərə alaraq torpaq sahəsinə dair çıxarışı verilməsinin dayandırılması xahiş edilmişdir.(icraçı A.Zəkiyev, 15.11.2018-ci il) Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Qeyd edilən normanın məzmununa əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda bir neçə şəxs birgə iddiaçılar qismində çıxış edə bilərlər. Birgə iddiaçılar qismində çıxış edilməsi üçün həlledici meyar həmin tələblərə birlikdə baxılması və buna dair birgə qərarın qəbulunun məqsədəuyğun olmasıdır. Lakin hazırkı halda iddia tələbindən göründüyü kimi Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 16.11.2000-ci il tarixli, 1056 saylı sərəncamı ilə iddiaçıların hər birinin adına ayrı-ayrılıqda fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılmış və iddiaçıların ayrı-ayrılıqda mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindəqeydə alınaraq reyestrdən çıxarışların və plan-ölçü sənədlərinin verilməsi barədə mübahisə predmetləri eynilik təşkil etmədiyindən prosessual-hüquq münasibətləri bir-birindən asılı olmayaraq həyata keçirilməlidir, çünki bu münasibətlər üzrə icraatlar yalnız zahirən bir-biri ilə bağlıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Məhkəmə kollegiyası izah edir ki, prosessual həmiştirakçılıq (iddiaların birləşdirilməsi) bir icraatda iddia və ya cavabdeh tərəfdən bir neçə şəxs bir-birinə münasibətdə prosessual həmiştirakçılar adlanır. Prosessual həmiştirakçılığın iki növü fərqləndirilir: adi (İPM-in 30.1 və 30.2-ci maddələri) və zəruri (İPM-in 30.4-cü maddəsi) həmiştirakçılıq. Prosessual həmiştirakçılıq yalnız prosessual həmiştirakçılar bir-birinə münasibətdə hüquqi birlikdə olduğu halda mövcud olur. Misal kimi, birgə vərəsələr, ümumi birgə mülkiyyətlə bağlı münasibətlərdə ər-arvad, ortaqlıqlarda və ya kommandit hüquqi şəxslərdə ortaqlar, ümumi mülkiyyətçilər, birgə borclular və sair. Prosessual həmiştirakçılığın mümkünlüyü həmişə məhkəmə tərəfindən ex officio (vəzifə borcuna əsasən öz təşəbbüsü ilə) yoxlanılmalıdır. Məhkəmə qərarı prosessual həmiştirakçılığın hamısı haqqında qəbul edilməli olduğu hallarda zəruri həmiştirakçılıq mövcud olur. Qərarın bütün həmiştirakçılar barəsində qəbul edilməli olduğu hallara inzibati orqanın qəbul etdiyi və qeyri-müəyyən şəxslərin dairəsinə aid olan inzibati aktlara qarşı qaldırılmış iddialar üzrə icraatlar aiddir. Həmçinin nəzərə alınmalıdır ki, İPM-nin 37-ci maddəsi ilə imperativ qaydada yalnız bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə biləcəyi qeyd olunmuş, bir iddia ilə bir neçə iddiaçının bir cavabdehə qarşı birbiri ilə hüquqi bağlılığı olmayan müxtəlif müstəqil tələblər yönəltməsi bu qanunda nəzərdə tutulmamış, məsələnin praktiki əhəmiyyəti birdən çox cavabdehə qarşı qaldırılmış inzibati iddialarda tələblərin xronoloji ardıcıllığı və mübahisələrin həlli növbəliliyindən irəli gəlmişdir. İddia ərizəsindən görünür ki, iddiaçılar tərəfindən cavabdehə yönəldilən hər biri müstəqil iddia tələbindən ibarət olmaqla, süni şəkildə bir iddiada birləşdirilib, faktiki olaraq beş fərqli sahəyə dair mülkiyyət hüquqlarının beş ayrı şəxsin adına qeydiyyata alınması məhkəmədən xahiş edilərək, bir neçə tələbin obyektiv olaraq bir iddiada birləşdirilməsi şərtləri pozulmuş, birinci instansiya məhkəməsi isə işin xüsusi prosessual hüquqi əhəmiyyətə malik bu halına düzgün qiymət vermədən, faktiki olaraq mümkün sayılmayan iddiaya mahiyyəti üzrə baxmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Həmin Qərarın 2.3, 9, 10.1 və 10.2-ci bəndləri ilə məhkəmələrə tövsiyyə etmişdir ki, Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.(2.3).Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır (10.1). Tələblər arasında hər hansı asılılıq (əlaqə) olmadıqda, onlar ayrıca icraata ayrılmalıdırlar. (10.2). Birinci instansiya məhkəməsi isə işin xüsusi prosessual hüquqi əhəmiyyətə malik bu halına düzgün qiymət vermədən, faktiki olaraq mümkün sayılmayan iddiaya mahiyyəti üzrə baxmışdır. Eyni zamanda iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 5/744 saylı, 16 noyabr 2018-ci il tarixli məktubunda bildirilmişdir ki, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 16.11.2000-ci il tarixli, 1056 saylı sərəncamı ilə Lökbatan qəsəbəsində ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi ilə bağlı qeyrimüəyyənlik aşkar edilərək rayon İcra Hakimiyyəti tərəfindən verilmədiyi müəyyən olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5 Maqsud qızına və İddiaçı2 imtina məktubları 25.09.2019-cu il tarixdə ünvanlanmışdır. Yuxarıda qeyd edilən hallar hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş iddiaçıların iddia tələbi təmin edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan qismən təmin edilməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2-1(81)-3935/2019 nömrəliqərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2-1(81)- 3935/2019 nömrəli qərarı ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 16.11.2000-ci il tarixli, 1056 saylı sərəncamının 1.14-1.18-ci bəndlərinə əsasən fərdi yaşayış evlərinin tikintisi üçün onlara ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında yerləşən hər birinin sahəsi 0,06 ha olan torpaq sahələrinin hər birinə dair iddiaçıların ayrı-ayrılıqda mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindəqeydə alınaraq reyestrdən çıxarışların və plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə” dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-177/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-177/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver