Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-177/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızından və Hüseyn Aida Əli qızınddan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı İddiaçı-nin cavabdeh AR ƏMDX yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: “X5 Kompani S.A” şirkətinin Azərbaycandakı nümayəndəliyi və “Azneft” iB ) qarşı “torpaq sahəsinə istifadə hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-39/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin (bundan sonra İddiaçı) qanuni təmsilçisi R.Səfərov cavabdeh Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə (bundan sonra DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/225 saylı qərarı əsasında İddiaçı-yə ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 4,7 ha torpaq sahəsi üzərində İddiaçı-nin istifadə hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 6/225 saylı qərarı əsasında uzun illər ərzində cəmiyyətin istifadəsində olan torpaq sahəsinə istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə müraciət olunmuş, cavabdeh tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli cavab məktubu ilə ərizə təmin olunmamış, imtinaya əsas kimi ayrılmış torpaq sahəsinin 3 ha, inşaat pasportunda 5 ha, ayrıc aktında isə 4,7 ha qeyd olunmasına baxmayaraq, faktiki torpaq sahəsinin sərhədlərinin şərti olmasına, koordinatla verilmiş ərazinin 6060 kv.m. hissəsinin Abşeron rayon ərazisinə düşməsinə və həmin torpaq sahəsinin 1420 kv.m hissəsinin digər fiziki şəxsin mülkiyyətində olmasına, bundan başqa torpaq sahəsində 1 ədəd qaz paylayıcı qurğu və neft buruğu olmasına istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 16 may tarixli 2-1(82)-39/2019 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Bakı şəhər Ərazi İdarəsinə 2017-ci ildə müraciətinin aşkar edilmədiyi, 2016-cı ildə olan müraciətinə isə cavab olaraq xx.xx.2016cı il tarixli, **********25 saylı məktubla bildirilmişdir ki, təqdim edilmiş qərarda ayrılmış torpaq sahəsi 3.0 ha, inşaat pasportunda 5.0 ha, aktda isə 4.7 ha göstərilməsinə baxmayaraq, faktiki torpaq sahəsinin sərhədləri şərtidir. Həmçinin elektron kadastr məlumatına əsasən koordinatla verilmiş ərazinin 6060 kv.m hissəsi Abşeron rayon ərazisində yerləşir və həmin torpaq sahəsinin 1420 kv.m hissəsi digər fiziki şəxslərin mülkiyyətindədir. Bundan başqa, sözügedən torpaq sahəsində 1 ədəd qaz paylayıcı qurğu və neft buruğu mövcuddur. Torpaq sahəsinə mütəxəssisin təkrar texniki baxışı zamanı məlum olmuşdur ki, torpaq sahəsinin üç tərəfdən sərhədləri yoxdur. Göstərilən sahə üzərində 300 kv.m tövlə, sahəsi 600 kv.m yarı sökülü vəziyyətdə tikili və sahəsi 18 kv.m olan, 1 mərtəbəli gözətçi evi vardır. Daş düzülən sərhəddən 50 metr çölə məsafədə neft buruğu vardır. Elektron kadastr məlumatına əsasən sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. 46510 kv.metrdən ibarət həmin torpaq sahəsinin 7188 kv.metri Hövsan zeytunluq sovxozunun Abşeronda qalan hissəsində yerləşir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 9 oktyabr tarixli 2-1(103)-2265/2019 nömrəli qərardadı ilə “X5 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və “Azneft” İB üçüncü şəxslər qismində iş üzrə icraata cəlb olunmuşlar. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 6 noyabr tarixli 2-1(103)-2265/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-39/2019 nömrəli 2019-cu il 16 may tarixli qərarı ləğv edilmiş, iddia təmin olunmamışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1013/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 6 noyabr tarixli 2-1(103)-2265/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. Növbəti Apellyasiya baxışı zamanı iddiaçı iş materiallarına uyğun izahat verərək Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-39/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Əvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-39/2019 saylı qərarının ləğv olunması, iddianın təmin olunmamasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materialları əsasında müəyyən edilmişdir ki, Bakı Şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/225 saylı qərarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərbində yardımçı təsərrüfat yaradılması üçün “Xəzər” Kooperativinə torpaq sahəsinin ayrılmasına icazə verilmişdir. Həmin qərara əlavə edilmiş 90/218 saylı ayrıc aktından görünür ki, Bakı Şəhər XDS İcraiyyə Komitəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən “Xəzər” Kooperativinə ayrılmış 4,7 ha torpaq sahəsinin ayrılması qeyd edilmişdir, həmin sahənin 1:2000 miqyasında cizgisi tərtib edilmişdir. Bakı Şəhər XDS İcraiyyə Komitəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş inşaat pasportundan müəyyən olunur ki, Bakı Şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/225 saylı qərarı ilə yardımçı təsərrüfat yaradılması üçün “Xəzər” Kooperativinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərbində ayrılmış torpaq sahəsinin inşaat pasportu tərtib edilmiş, həmin torpaq sahəsinin 5 ha olması qeyd olunmuş və 1:10000 miqyasda torpaq sahəsinin cizgisi tərtib edilmişdir. Həmin pasport şəhərin baş memarı tərəfindən xx.xx.1990-cı ildə imza və möhür ilə təsdiq edilmişdir. Torpaq sahəsinin sxemindən müəyyən olunur ki, torpaq sahəsi ətrafları 170 metr, 140 metr, 300 metr və 301,50 metr olmaqla, 4610 kv.metr təşkil edir. İddiaçıya məxsus təsis sənədlərindən müəyyən olunur ki, İddiaçı müstəqil təsərrüfat subyekt olmaqla, xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Xəzər” Kooperativinin hüquqi varisidir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək sözügedən torpaq sahəsinə istifadə hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir və imtinasında elektron kadastr məlumatına əsasən koordinatla verilmiş ərazinin 6060 kv.m hissəsinin Abşeron rayon ərazisində yerləşməsinə və həmin torpaq sahəsinin 1420 kv.m. digər fiziki şəxslərin mülkiyyətində olmasına, bundan başqa sözügedən torpaq sahəsində 1 ədəd qaz paylayıcı qurğu və neft buruğunun mövcud olmasına istinad edilmişdir. Birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun deyil, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/225 saylı qərarı əsasında mövcud olan istifadə hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir. Cavabdeh inzibati orqan məsələyə “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinin tələblərinə uyğun olaraq yanaşaraq, həlli istiqamətində tədbirlər görmək əvəzinə, məsələyə heç bir aidiyyəti olmayan şərtlərə istinad edərək, məsələnin həllindən yayınmışdır. Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/225 saylı qərarı yuxarıda qeyd edilən Qanunun 8.0.1-ci maddəsində göstərilən aktlardan biri hesab edildiyindən, cavabdeh inzibati orqanın bununla bağlı hərəkətsizliyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin neft quyuları və eləcə də, müxtəlif kommunikasiya xətlərinin (texniki su, elektrik xətləri və neft boru xətləri) yerləşdiyi torpaq sahəsi olması məhkəmə kollegiyasının araşdırmaları zamanı sübuta yetirilmişdir. Odur ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur və iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir. İşə kassasiya şikayətinə əsasən baxılarkən məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, ddiaçı öz tələbinin əsası kimi səlahiyyətli orqanın qərarına və həmin qərara əlavə edilmiş torpaqayırma sənədlərinə istinad etdiyi halda, apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları İPM-in yuxarıda qeyd edilən normalarının tələblərinə uyğun tədqiq etməklə, üçüncü şəxs “X5 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 2005-ci ildən ona məxsusluğunu bəyan etdiyi torpaq sahəsinin 2005-ci ilədək məhz həmin koordinatlarda əvvəllər Azneft İB-nin sahibliyində olduğunu, 2005-ci ildən isə eyni koordinatlarda “X5 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sahibliyinə verilib-verilmədiyini - bu sahibliyin hüquqi əsaslarını göstərməklə - müəyyən etməli idi. İnzibati prosessual məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə və Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin yerləşdiyi torpaqlar, dövlət müəssisə idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir və göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Həmin Məcəllənin 9-cu maddəsinin 2-ci bəndinə əsasən məqsədli təyinatına və hüquqi rejminə uyğun olaraq torpaqlar kateqoriyalara bölünür. Həmin maddənin 3-cü bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən sənaye təyinatlı torpaqlarının istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Həmçinin qeyd olunmalıdır ki, 1970-ci il iyulun 7-də Azərbaycan SSR Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən bütün torpaqlar dövlət mülkiyyətində olmuşdur. Azərbaycan Respublikasında Suraxanı neft-qaz yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında xx.xx.2005-ci il tarixli, 875 nömrəli Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycan Respublikasında Suraxanı neft-qaz yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin əsas kommersiya prinsipləri və müddəaları üzrə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə X2 X6.Ze.İ şirkəti arasında ümumi razılığın əldə edilməsi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təklifini qəbul edərək qərara alınmışdır:
1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə Azərbaycan Respublikasında Suraxanı neft-qaz yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə X2 X6.Ze.İ şirkəti arasında Sazişin hazırlanması və imzalanması səlahiyyəti verilsin.
2. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Azərbaycan Respublikasında Suraxanı neft-qaz yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə X2 X6.Ze.İ şirkəti arasında Sazişin qüvvədə olduğu müddət ərzində həmin Saziş üzrə dövlətin səlahiyyətlərinə aid olan məsələlər üzrə funksiyaları həyata keçirsin.
3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Azərbaycan Respublikasında Suraxanı neft-qaz yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş hazırlandıqdan sonra onu baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Tərəflər arasında bağlanmış sazişin 10-cu maddəsində qeyd olunmuşdur: ARDNŞ Saziş müddəti ərzində Neft-Qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini pulsuz istifadə üçün Podratçının istifadəsinə verir. (bu şərtlə ki, Podratçının həmin istifadəsi ARDNŞ-in bunlardan istifadə etməsi üçün əsassız maneələr törətməsin, habelə bu şərtlə ki, Podrarçının belə istifadəsi nəticəsində ARDNŞ hər hansı xərclər çəkərsə, Podratçı ARDNŞ-ə birbaşa və ya dolayı yolla heç bir mənfəət qazandırmadan həmin xərcləri ödəsin), və ARDNŞ öz səlahiyyətlərinin tam həcmi daxilində qanun çərçivəsində mümkün olan bütün səyləri göstərir ki, Podratçı Neft-qaz əməliyyatları aparmaq məqsədilə ARDNŞ-nin qanuni istifadəsində olan torpaq sahələrindən kənarda dövlətə məxsus başqa zəruri torpaq sahələrini, o cümlədən digər işlərlə yanaşı, boru kəmərlərinin, kabellərin və avadanlığın inşası, çəkilməsi, istismarı və onlara texniki xidmət üçün sahələri pulsuz istifadədən ötrü ala bilsin. Podratçı Neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan yerüstü və yeraltı obyektləri inşa və istismar etmək hüququna malikdir. Torpaq sahələrinin (o cümlədən, bu 10-cu maddənin şərtlərinə müvafiq olaraq ARDNŞ tərəfindən Podratçıya verilən sahələrin) ayrılması və Podratçının həmin sahələrdə tikdiyi obyektlərin yerləşdiriməsi, bu Sazişdə müəyyənləşdirilmiş başqa şərtlər istisna olmaqla, torpaqdan istifadə sahəsində məhdudiyyətlərə dair Azərbaycan qanunvericilinə müvafiq surətdə aparılır. Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında xx.xx.2005-ci il tarixli, 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyul tarixli 875 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və X2 X6Zeİ (“xxxx”) Şirkəti arasında “Azərbaycan Respublikasında Suraxanı neft-qaz yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin 2005-ci il avqustun 16-da imzalandığını nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara almışdır:
1. Göstərilən Sazişin 5-ci əlavəsində qeyd olunmuş “Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri” təsdiq edilsin. (Azərbaycan Respublikası Baş nazirinin yanında 2005-ci il 30 avqust tarixində keçirilmiş iclasın 2 nömrəli protokolu əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X6Zeİ və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının qanununda qeyd olunmuşdur: Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Suraxanı neft-qaz yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” 2005-ci il 1 iyul tarixli 875 nömrəli Sərəncamına uyğun olaraq, 2005-ci il avqustun 16-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (“ARDNŞ”) ilə X2 X6Zeİ (“xxxx”) və ARDNŞ-nin Ortaq Neft Şirkəti (“ONŞ”) arasında Saziş bağlanmışdır. Azərbaycan Respublikasının Milli Məclisi: Azərbaycan Respublikasının qanunvericiliyində Sazişin əhatə etdiyi məsələlərin tam və müasir tələblərə uyğun olaraq nizamlanmadığını; Azərbaycan Respublikasının karbohidrogen ehtiyatları haqqında Azərbaycan Respublikası Qanununun olmadığını; Sazişin şərtlərinə görə onun qanunverici orqan tərəfindən təsdiqindən sonra Qanun olmasını; bu Qanunun Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qərara alır:
1. “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X6Zeİ və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Saziş (bundan sonra “Saziş” adlanacaq) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 avqust tarixli 161 nömrəli qərarı ilə Sazişdə iştirak edən Podratçılara verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri (bundan sonra “Hökumət təminatı” adlanacaq) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.
3. Sazişin əsas mətninə edilmiş doqquz (9) Əlavə və bir (1) Qoşma (bundan sonra “Əlavələr” adlanacaq) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.
4. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olur. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.
5. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.
6. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
7. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.
8. Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir.
9. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. Baxılan iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin № **********47 saylı, xx xxxxxx 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə yerində baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada göstərilmiş (ölçülmüş) ərazi iki tərəfdən mişar daşları düzülərək şərti mərz nişanları qoyulmuşdur. İddia olunan ərazidə heyvandarlıq üçün tikili və köməkçi tikililər mövcuddur. Ölçülmüş ərazinin faktiki sahəsi 5,45 hektardır. Məktuba əlavə edilmiş ayrıc aktında göstərilən 5,0 hektar ərazi faktiki ölçülmüş sahənin daxilində yerləşir, 0,4500 hektar artıq istifadə edilir. Mübahisələndirilən ərazinin ətrafında olan neft qurğularının yeri müəyyən edilib sxemdə göstərildi. Elektron kadastr baza məlumatlarına əsasən, iddia olunan naturada koordinatları müəyyən edilmiş ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan torpaq sahələrinin hüdudları daxilində “X5 Kompani S.A” şirkətinin ərazisidir. Mübahisələndirilən ərazidən hər hansı bir şəxsə hüquqi və texniki sənədin verilməsi barədə məlumat aşkar olunmadı. Göründüyü kimi, iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin neft quyuları və eləcə də, müxtəlif kommunikasiya xətlərinin (texniki su, elektrik xətləri və neft boru xətləri) yerləşdiyi torpaq sahəsi olması məhkəmə kollegiyasının araşdırılmaları zamanı sübuta yetirilmişdir. Odur ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur və iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Ona görə də məhkəmə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın rədd edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 39/2019 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ə r a r a a l d ı:
Cavabdeh AR ƏMDX yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsitərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-39/2019 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı-nin iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Valeh Ağayev
Hakimlər Afaq Nuriyeva
Aida Hüseyn