Məhkəmə qərarları › İş №2-1(103)-177/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-177/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-177/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1888/2022 saylı 28 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyyəti Başçısı Aparatının Abadlaşdırma və X11 X6 X2 tərəfindən verilən 8114 saylı xx.xx.2005-ci il tarixli müqavilənin surətinə görə, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən sahəsi 0.12 ha olan 45q saylı bağ sahəsi iddiaçıya ayrılmışdır. İddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X11 X6 X1 8114 saylı xx.xx.2005-ci il tarixli müqaviləsinə əsasən Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən sahəsi 0.12 ha olan 45q saylı bağ sahəsinin onun adına mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2016-cı il tarixli imtina məktubunda qeyd edilmişdir ki, təqdim olunan müqavilənin qovluğu İdarənin arxivində aşkar olunmamışdır. xx.xx.2018-ci il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyyəti Başçısı Aparatının Abadlaşdırma və X11 X6 X2 tərəfindən verilən xx.xx.2005-ci il tarixli 8114 saylı müqavilə İdarənin arxivində aşkar edilməmiş və bu səbəbdən sənədlərin həqiqiliyinə dair qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən aidiyyəti üzrə təşkilata sorğu göndərilmişdir. xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli məktublarda bildirilmişdir ki, təqdim olunan müqavilənin qovluğu İdarənin arxivində aşkar olunmamışdır. Həmçinin təqdim olunan sənədlərdə bağ sahəsinin ölçüsü 1200.0 kv.m, faktiki isə 1086.0 kv.m –dir. Bundan əlavə göstərilən sahə heç bir bağçılıq yoldaşlıq təsərrüfatının ərazisinə düşmür və 156.0 kv.m hissəsi digər fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. xx.xx.2021-cı il tarixli məktubda qeyd edilmişdir ki, təqdim olunan müqaviləyə dair məlumat İdarənin arxivində aşkar olunmamışdır. Həmin imtina məktublarından narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X11 X6 X1 8114 saylı xx.xx.2005-ci il tarixli müqaviləsinə əsasən, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən sahəsi 0.12 ha olan 45q saylı bağ sahəsinin onun adına mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X11 X6 X2 tərəfindən verilən xx.xx.2005-ci il tarixli 8114 saylı müqaviləyə əsasən, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən sahəsi 0.12 ha olan 45q saylı bağ sahəsi iddiaçıya ayrılmışdır. Artıq uzun müddətdir ki, həmin bağ sahəsindən istifadə edir. 2016-cı ilin may ayında cavabdeh orqandan həmin torpaq sahəsini özəlləşdirmək məqsədilə ona çıxarışın və plan-ölçünün verilməsini xahiş etmişdir. xx.xx.2016-cı il tarixində cavabdeh orqan tərəfindən rədd cavabı verilərək bildirilmişdir ki, idarənin arxivində bağ sahəsinin ayrılmasına dair məlumat aşkar olunmamışdır. İddiaçı cavabdeh orqanın rədd cavabını mübahisələndirərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, sənədin arxiv məlumatı yoxdur, hətta sənədin əsli itirilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya qarşı şifahi etiraz edərək bildirmişdir ki, bağ sənədinin arxiv məlumatı olmadığı halda o, ümumi məhkəməyə bağ sənədinin bərpa edilməsi üçün bağ sahəsinin ayrılması və bağ sahəsindən istifadə edilməsi faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməlidir. Məhkəmə də bununla razılaşmışdır. Belə olan halda iddiaçı cavabdehə qarşı iddia ərizəsini geri götürmüşdür. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli qətnaməsi ilə həmin bağ sahəsinin iddiaçıya ayrılmasına və həmin bağ sahəsindən istifadə edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt təsdiq edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və iş üzrə icraata xitam vermişdir. Bakı Apellyasiya Məhkəməsi iddiaçıya bildirmişdir ki, sənədin əsli və arxiv məlumatı olmadığı təqdirdə o, ilk növbədə reyestr xidmətinə qarşı “sənədin arxiv məlumatının tapılmasına dair” iddia qaldırmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinə, Vitse Prezidentinə və digər qurumlara sənədin arxiv məlumatının tapılması üçün köməklik göstərilməsi barədə müraciət etməlidir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi kassasiya şikayətini təmin etməmiş və apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı adına verilən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 45q saylı bağ sahəsinə dair təqdim olunmuş müqavilənin qovluğu idarənin arxivində aşkar olunmamışdır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Daşinmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1888/2022 saylı 28 aprel 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iş materiallarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsiinin müvafiq qərarlarına uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirkaçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi, “Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X11 X6 X1 8114 saylı xx.xx.2005-ci il tarixli müqaviləsinə əsasən, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən sahəsi 0.12 ha olan 45q saylı bağ sahəsinin onun adına mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı o, inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından “Bakı şəhər İcra Hakimiyyyəti Başçısı Aparatının Abadlaşdırma və X11 X6 X2 tərəfindən verilən xx.xx.2005-ci il tarixli 8114 saylı müqavilənin İdarənin arxivində aşkar edilməməsi, bu səbəbdən sənədlərin həqiqiliyinə dair qeydiyyat orqanının ciddi şübhəsinin olması, həmçinin təqdim olunan sənədlərdə bağ sahəsinin ölçüsünün 1200.0 kv.m, faktiki isə 1086.0 kv.m olması, bundan əlavə göstərilən sahənin heç bir bağçılıq-yoldaşlıq təsərrüfatının ərazisinə düşməməsi, 156.0 kv.m hissəsinin digər fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi” əsası ilə imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməməsinə, həmin sənədlərin mövcud olmasının inzibati məhkəmə icraatının gedişi zamanı müəyyən edilməməsinə, iddiaçı tərəfindən 8114 saylı xx.xx.2005-ci il tarixli müqavilənin əslinin və ya notarial qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsinə, həmin sənədin Milli Dövlət Arxivində və cavabdehin arxivində də aşkar olunmamasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsində göstərilmişdir: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyyəti Başçısı Aparatının Abadlaşdırma və X11 X6 X2 tərəfindən verilən 8114 saylı xx.xx.2005-ci il tarixli müqavilənin ksero surətindən görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən sahəsi 0.12 ha olan 45q saylı bağ sahəsi İddiaçı Birliyin 17 saylı xx.xx.2004-cü il tarixli protokolu əsasında ayrılmışdır. Hazırda iddiaçı “Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X11 X6 X1 8114 saylı xx.xx.2005-ci il tarixli müqaviləsinə əsasən, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən sahəsi 0.12 ha olan 45q saylı bağ sahəsinin onun adına mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi”ni tələb edir. İşdən görünür ki, iddiaçının tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtinası, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən 8114 saylı xx.xx.2005-ci il tarixli müqavilənin İdarənin arxivində aşkar edilməməsi, sənədlərin həqiqiliyinə dair qeydiyyat orqanının ciddi şübhəsinin olması, həmçinin təqdim olunan sənədlərdə bağ sahəsinin ölçüsünün 1200.0 kv.m, faktiki isə 1086.0 kv.m olması, bundan əlavə göstərilən sahənin heç bir bağçılıq-yoldaşlıq təsərrüfatının ərazisinə düşməməsi, 156.0 kv.m hissəsinin digər fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi ilə bağlı olmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 5318/2017 saylı 12 iyun 2017-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində sahəsi 0,12 ha olan 45q saylı bağ sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X11 X6 X2 tərəfindən verilən xx.xx.2005-ci il tarixli 8114 saylı müqaviləyə əsasında ərizəçi İddiaçı ayrılması və onun həmin bağ sahəsindən istifadə edilməsi faktının təsdiq edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-3803/2021 saylı xx.xx.2021-cə il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 5318/2017 saylı qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 18 mart 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyyəti Başçısı Aparatının Abadlaşdırma və X11 X6 X1 arxiv sənədləri, o cümlədən xx.xx.2005-ci il tarixli 8114 saylı müqaviləsi və xx.xx.2004-cü il tarixli protokolu Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə bildirmişdir ki, bağ sahəsinin müqaviləsinin əslini itirimiş və cavabdehin arxivində sənəd qalmadığı üçün arxiv arayışını təqdim edə bilməmişdir. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən Bakı şəhər İcra Hakimiyyyəti Başçısı Aparatının Abadlaşdırma və X11 X6 X1 xx.xx.2004-cü il tarixli protokolunu və bu protokol əsasında bağ sahəsi verilən şəxslərin adına çıxarışlar verilibsə, həmin çıxarışları məhkəməyə təqdim edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə sorğusu verilmişdir. Həmin sorğuya cavab olaraq cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, X3 17 saylı xx.xx.2004-cü il tarixli protokolu İdarənin arxivində aşkar edilməmişdir. Qeyd olunmalıdır ki, yuxarıda sadalanan maddi hüquq normalarına görə iddiaçının tələbinin təmin olunması, yəni istədiyi bağ sahəsinə hüququnun qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşa ayrılmış bağ sahəsinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. Hazırki işdə iddiaçı tələbinin əsası olaraq məhkəməyə yalnız Bakı şəhər İcra Hakimiyyyəti Başçısı Aparatının Abadlaşdırma və X11 X6 X2 tərəfindən verilən 8114 saylı xx.xx.2005-ci il tarixli müqavilənin ksero-surətini təqdim etmişdir. Hansı ki həmin sənədin mötəbərliliyi kökündə duran sənədin mövcud olmaması səbəbindən şübhə doğurur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Bununla bağlı məhkəmə tərəfindən iddiaçıya göndərilmiş 02 mart və 11 may 2023cü il tarixli məhkəmə bildirişləri ilə hüquqi yardım edilərək, məhkəmə iclasında iştirakının təmin edilməsi, həmçinin iddia tələbinin əsasını təşkil edən sənədi - Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X11 X6 Təsərrüfatının İnkişafı və X7 ərazisindəki 45q nömrəli bağın istifadəyə verilməsi haqqında 8114 saylı 19 sentyabr 2005ci il tarixli müqavilənin əslinin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Lakin iddiaçı apellyasiya icraatı dövründə nəinki məhkəmə iclaslarında iştirakını təmin etməmiş, həmçinin tələb olunan sənədin (müqavilənin) əslini də təqdim etməmişdir. Beləliklə, iş üzrə iddiaçının istifadəsində olduğu və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini tələb etdiyi bağ sahəsinin ona 17 saylı xx.xx.2004-cü il tarixli protokol əsasında verildiyi bildirilsə də, həmin protokol, həmçinin 8114 saylı xx.xx.2005-ci il tarixli müqavilənin əsli təqdim edilməmiş və onların mövcudluğu sübuta yetirilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi sənədin (müqavilənin) əslini və ya təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilmədiyindən, həmin müqavilə, həmçinin onun kökündə duran və verilməsi üçün əsas olan protokol isə arxivdə və cavabdeh orqanda aşkarlanmadığından onun iddia etdiyi torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın verdiyi imtina qanuna zidd olmamaqla yanaşı, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsaslı və qanuni olmuş, eyni zamanda iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan düzgün olaraq təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1888/2022 saylı 28 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar