Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-177/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədova Şərafət Asif qızı və X3 ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmaqla, reyestrdən çıxarışın verilməsi və texniki pasportun tərtib olunması tələbinə dair” iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2893/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmaqla, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Mərhum X2 20 fevral 1985-ci il tarixli 237603 saylı orderlə Bakı şəhəri, Nəsimi rayonu, 4cü MR ,Hüseyn Seyidzadə küçəsi, ev 1, 32 saylı mənzili (5 otaqlı, sahəsi 76,19 kvadrat metr) keçmiş Azərbaycan SSR Bakı şəhər X7 İcrayə Komitəsi tərəfindən növbəlik əsasında almışdır. X2 5 yanvar 2021-ci ildə vəfat etmişdir. Atasından faktiki olaraq miras qalmış mənzilin öz adına özəlləşdirilməsi ilə əlaqədar olaraq rəsmi qaydada cavabdehə müraciət etmiş, lakin sonuncu 31 avqust 2022-ci il tarixli **********10 saylı cavab məktubu ilə ona bildirmişdir ki, mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüquq saxlanılan şəxslərin mənzil özəlləşdirməyə razılıqları barədə notariat qaydada təsdiqlənmiş razılıq ərizələrinin əlavə edilməsi zəruriliyini bildirərək ərizəsini təmin etməkdən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə dair etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərə həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə notarial qaydada təsdiqlənmiş razılıq ərizələri əlavə edilməmişdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli, **********10 nömrəli məktub ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2893/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini iddiaçı onunla əsaslandırılmışdır ki, “Bakı İnzibati Məhkəməsinin prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş qərarı qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən işin bütün faktiki halları düzgün araşdırılmamış, sübutlar düzgün qiymətləndirilməmişdir. Belə ki, iddianın təmin olunmamasının hüquqi əsasını təşkil edən “X5 mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq ərizəsi nə cavabdehə, nə də ki, məhkəməyə təqdim edilməməsi”nə münasibətdə İddiaçı mütləq və bilavasitə məhkəmənin təşəbbüsü ilə üçüncü şəxs qismində cəlb edilməli idi...” Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2739/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirakı edən iddiaçı, mənzildə qeydiyyatda olan qardaşı - üçüncü şəxs qismində işə cəlb edilmiş Zahid Quliyevin hazırkı məhkəmə iclası barədə məlumatı olduğunu, hazırda da mənzilin onun adına özəlləşdirilməsinə razılıq vermədiyini bildirmiş, lakin hər bir halda apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Allahverdiyev onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alaraq, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəməyə gəlməmiş üçüncü şəxs Zahid Quliyevin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçının öhdəliyin icrası haqqında “ünvan 1 ünvanının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmaqla, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair” iddiası birinci instansiya məhkəməsinin qərarı ilə rədd olunmuşdur. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüququn dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsi isə nəzərdə tutur ki, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.” İş materiallarına əlavə olunmuş Bakı şəhəri X10 tərəfindən verilmiş 237603 saylı xx.xx.1985-ci il tarixli orderin təsdiq olunmuş sürətindən, eləcə də, Bakı şəhər Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 65 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 291 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçının mərhum X2nun istifadəsinə 8 nəfər ünvan 3 ünvanında yerləşən 5 otaqdan ibarət 32 saylı mənzili verilmişdir. Konkret halda, iş materiallarından görünür ki, həmin şəxslərdən üç nəfəri sıradan çıxmış (vəfat etmişlər), dörd nəfəri mənzilin iddiaçının adına özəlləşdirilməsinə notarial qaydada razılıq vermiş, lakin iddiaçı ilə həmin mənzildə qeydiyyatda olan və yaşayan qardaşı Zahid Quliyevin belə bir razılığı yoxdur, bu barədə notarial qaydada yazılı razılığını vermir, iddiaçının qeyd olunan izahatından da göründüyü kimi, hal-hazırda da mənzilin onun adına özələləşdirilməsi ilə razılaşmır, üçüncü şəxs qismində işə cəlb edilməsi barədə məlumatı olsa da məhkəməyə gəlməməsi də qeyd olunanları bir daha təsdiq edir. Qanunvericiliyin qeyd olunan imperativ tələblərindən isə göründüyü kimi, iddiaçı o halda mübahisəli mənzili öz adına özəlləşdirilə bilər ki, qeydiyyat orqanına müraciət edilən anda, həmçinin, mənzil kirayə müqaviləsində göstərilmiş və onunla birlikdə yaşayan qardaşı (üçüncü şəxs) Zahid Quliyevin də notarial qaydada müvafiq razılıq ərizəsini təqdim etmiş olsun. Göründüyü kimi, mübahisəli mənzilin iddiaçının adına mülkiyyət hüqu ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci və 8-ci maddələrinin müəyyən etdiyi imperativ şərtlərin mövcudluğu sübuta yetirilmir. Əksinə cavabdehin imtinasının əsaslı olduğu öz təsdiqini tapır. Halbuki, İPM-in 14.3-cü maddəsinin tələbinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən mübahisəli mənzilin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmasından imtina olunması qanuni olmuşdur. Qanuni imtina isə iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin mənası da onu ehtiva edir ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını işin sübutlarla müəyyən olunan hallarına və qanunvericilyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunusuz və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 2893/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2893/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-177/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-177/2024
11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver