Məhkəmə qərarları › İş №2-1(103)-1770/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1770/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1770/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11750/2024 nömrəli, 20 dekabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC ilə bağlı aparılan hərəkətlərin qeyri-qanuni hesab edilərək “xx.xx.2024-cü il tarixli **********7 saylı əmlakın siyahıya alınması barədə qərarın ləğv edilməsi barədə qərarın qəbul edilməsi üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “əmlakın siyahıya alınması haqqında xx.xx.2024-cü il tarixli **********7 saylı qərar” qəbul etmişdir. Həmin qərar 25 iyun 2024-cü il tarixdə saat 11:19:11-də İddiaçı MMC-nin onlayn kargüzarlığına göndərilmişdir. Həmin qərara əsasən vergi orqanı virtual olaraq müəssisəyə məxsus 1 ədəd nəqliyyat vasitəsini görmədən çox aşağı qiymətə dəyərləndirərək onun üzərinə məhdudiyyət qoymuşdur. Eyni zamanda qərarda müəssisənin 7 187 776.18 manat borcunun olduğunu göstərmişdir. Qərarın qəbul edilməsi tam qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2018-ci il tarixli **********151416 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarına əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə İddiaçı MMC-də aparılmış vergi yoxlamalarının nəticələrinə dair “məsuliyyətə cəlb etmə” haqqında qəbul edilmiş qərar məhkəmə qaydasında ləğv edilmiş və bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasında 2- 1(102)-654/2022 saylı xx.xx.2022-ci il tarixli yekun qərar çıxarılmışdır. Daha sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 14 saylı Ərazi Vergilər İdarəsi “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarının yuxarı vergi orqanı tərəfindən ləğvi” haqqında **********159598 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Ali Məhkəmənin yuxarıdakı qərarını icra edərək müəssisəyə qarşı “məsuliyyətə cəlb etmə” haqqında qərarı ləğv etmiş, müəssisənin hesablarına qoyulmuş sərəncamları geri çəkmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsləri vəzifə səlahiyyətlərini kobud şəkildə aşaraq xx.xx.2023-cü il tarixli **********162454 nömrəli səyyar vergi yoxlaması aktına əsasən təkrar vergi yoxlaması keçirilməsi barədə qərar qəbul edərək müəssisənin 2015-ci ildən 2022-ci ilə qədər dövrünün vergi yoxlamasının aparılmasını təmin etmiş və həmin yoxlama aktına əsasən 18 avqust 2023-cü il tarixli, **********175531 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsi və İnzibati Prosessual Məcəlləsi ilə qorunan hüquqlarımızdan istifadə olunaraq şikayət verilsə də vergi orqanı Vergi Məcəlləsinin 63-cü maddəsini kobud şəkildə pozaraq yoxlama ilə müəyyən edilmiş məbləğlərə dondurma sərəncamı səlahiyyəti olmasına baxmayaraq vəsaitin dövlət büdcəsinə silinməsi barədə sərəncam qoymaqla sözügedən vəsaiti büdcəyə çatası məbləğ kimi göstərmişdir. Halbuki buna qətiyyən yol verilmir. Dövlət Vergi Xidmətinin yalnız tələb olunan məbləğin 105 % miqdarında vəsaitin dondurulması barədə qərar qəbul etmə səlahiyyəti vardır. Göründüyü kimi cavabdeh vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qanunsuz hərəkətləri ilə müəssisəyə qarşı öz aqresiyasını davam etdirməkdədir. Bunlar az imiş kimi daha sonra mübahisə predmeti olan vəsaitin məcburi alınması üçün müəssisənin əmlakını siyahıya alma haqqında qərar qəbul edərək, istifadəsinin vergi orqanının razılığı ilə həyata keçirilə biləcəyi haqqında həmin qərarda xüsusi qeyd aparmışdır.Bu hal vergi orqanının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə konstitusiya ilə qorunan əmlakdan sərbəst istifadə etmək hüququmuzdan məhrum etmə ilə nəticələnən qeyri-qanuni hərəkətlərdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qəbul etdiyi “əmlakın siyahıya alınması haqqında” xx.xx.2024-cü il tarixli **********7 saylı qərarı ləğv edilməli və cavabdehin qeyri- qanuni hərəkətləri nəticəsində davam edən özbaşınalığın dayandırılması barədə məhkəmə qərarı qəbul edilməlidir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və yahəll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalıdır. xx.xx.2024-cü il tarixli **********47 saylı “Əmlakın siyahıya alınması barədə” qərarın ləğv edilməsi barədə tələb özü-özülüyündə iddiaçıya münasibətdə hər hansı bir hüquqi nəticə yaratmır. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli **********47 nömrəli qərar inzibati aktı səciyyələndirilən əlamətləri özündə ehtiva etmədiyindən qərarın ləğvi barədə iddia mümkün sayılmamalıdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11750/2024 nömrəli, 20 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakim A.Almazova) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından göründüyü kimi, iddia tələbinin əsası cavabdeh inzibati orqanın hansısa inzibati aktı qəbul etməsi ilə əlaqədar olmayan, müəyyən hərəkətlərin edilməsinə dair, yəni iddiaçının mülkiyyətində olan daşınar əmlaklar üzərində iddiaçı tərəfindən sərəncam vermək hüququna cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətin ləğvi təşkil edir. Məhkəmə qərarı olmadan sərəncam vermək hüququna cavabdeh tərəfindən qoyulmuş məhdudiyyət vəzifə səlahiyyətlərinin aşılmasıdır. Məhkəmə işin faktiki hallarını öyrənmədən iddianı mümkünsüz hesab edə bilməz. Birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymışdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.Lakin məhkəmə iddiaçı ilə bu barədə heç bir yazışma və ya danışma aparmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İş materiallarında olan: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********7 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı əmlakı siyahıya alınmışdır. -Əmlakın siyahıya alınması haqqında **********7 saylı xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********7 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı borclarını Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə və yaxud öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığına görə 2008-ci il istehsal tarixli 1 ədəd Shachman SX3254DP384 yük avtomobili olmaqla ümumilikdə 20000 manat məbləğində əmlakı siyahıya alınmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********0 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı əmlakı siyahıya alınmışdır. -Əmlakın siyahıya alınması haqqında **********0 saylı xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********0 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı borclarını Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə və yaxud öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığına görə həmin protokola 14 saylı əlavədə göstərilmiş əmlaklar olmaqla ümumilikdə ******* manat məbləğində əmlakı siyahıya alınmışdır. -14 saylı Ərazi Vergilər İdarəsinin **********159598 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri barədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən çıxarılmış xx.xx.2020-ci il tarixli **********197892 №-li qərar ləğv edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarının yuxarı vergi orqanı tərəfindən ləğvi haqqında” **********175531 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə (cəmi 3879928,2 manat azaldılma, 8350,53 manat artıq hesablanma, 3879928,17 manat əlavə hesablama, 8350,5 manat artıq hesablama olmaqla 1940284,13 manat maliyyə sanksiyasına görə) məsuliyyətə cəlb edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-654/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-561/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-2- 3/2-64514/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********7 saylı xx.xx.2024-cü il tarixli qərarın və qəbul edilməsinə əsas olmuş digər sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2330/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə 18 avqust 2023-cü il tarixli, **********175531 №-li qərar ləğv edilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verimişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən hüquqi müdafiə vasitəsinin düzgün seçilməməsi ilə bağlı əsaslı nəticəyə gəlmişdir. Belə ki, hazırki iddia vergi borcunun müəyyən edilməsinə dair qərarın icrası ilə əlaqədar qəbul edilmiş “vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması” barədə qərarın ləğv edilməsi barədədir. Məhkəmə kollegiyası qeyd edir ki, vergi borcunun müəyyən edilməsinə dair qərar (Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə 18 avqust 2023-cü il tarixli, **********175531 №-li qərar) iddiaçı tərəfindən mübahisələndirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2330/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən mübahisələndirilən qərar ləğv edilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmin qərarın icra edilməsinə yönəlmiş “Siyahıya alınmış əmlakın satılması” barədə qərar isə icra xarakterli qərar olub, iddiaçı üçün bilavasitə hər hansı müstəqil hüquqi nəticə yaratmır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalan əlamətlərinə görə inzibati akt: İnzibati orqan tərəfindən qəbul edilməli; Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə mübahisələndirilən və cavabdeh orqan tərəfindən qəbul olunan “qərar” hazırki məqamda yuxarıda sadalanan əlamətlərin hamısına malik deyil. Belə ki, bu qərar hazırki situasiyada “Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətindən məhrumdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı hüquqi marağına uyğun olaraq vergi orqanının vergi borcunun müəyyən edilməsinə dair Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə 18 avqust 2023-cü il tarixli, **********175531 №-li qərarın icrasının dayandırılması ilə bağlı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Bundan başqa, cavabdeh tərəfindən siyahıya alınmış əmlakın satılması barədə məhkəmədə iddia qaldırılacağı halda vergi borcunun müəyyən edilməsinə dair Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə 18 avqust 2023-cü il tarixli, **********175531 №-li qərarın mübahisələndirilməsi tələbinə dair yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək inzibati iş üzrə icraatın dayandırılması barədə ərizə ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti formal xarakterli olmaqla təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-11750/2024 nömrəli, 20 dekabr 2024-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11750/2024 nömrəli, 20 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar