Məhkəmə qərarları › İş №2-1(103)-1771/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1771/2021

09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1771/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1065/2021 saylı, 11 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq m ü ə y yə n e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1065/2021 saylı, 11 fevral 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzrəinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 11.11.N90-cı il tarixdə Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, həmin tarixdən N iyun N92-cı il tarixədək N saylı hərbi hissədə, N iyun N92-cı il tarixdən 12 avqust N96-cı il tarixədək N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ağır döyüşlərdə iştirak etmişdir. O, 25 aprel N97-ci il tarixdən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvü olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu HP 01/496 nömrəli 18 iyul 2020-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinin 20 iyul 2020- ci il tarixli, 727 nömrəli məktubundan görünür ki, N72-ci il təvəllüdlü İddiaçı 01.06.N92-ci il tarixdən 12.08.N96-cı il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində Tovuz rayonu istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 24.06.N96-cı il tarixli 141 nömrəli əmrinə əsasən ehtiyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayəti müdafiə edərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh tərəfə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Müdafə Nazirliyinə müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair ərizə ilə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtina məktubunda qeyd olunmuşdur ki, Mərkəzi Arxivin 21.04.2020-ci il tarixli 9/2-4485 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə iyun N92-ci il may N94-cü il tarixli nizami hissə üzrə əmrlər kitabında xidmət keçməyi və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığına görə müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adların və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın sədrinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 01.10.2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyini qeyd etmiş və ona «müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən dəqiqləşdirilmə ərizəsi icraata qəbul edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Belə ki, işdə olan Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlıq tərəfindən iddiaçıya verilmiş 16.08.05 tarixli, 350 saylı arayışın (hərbi bilet əvəzi) notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı N saylı hərbi hissədə 12.11.N90-24.11.N90-cı illərdə, N saylı hərbi hissədə 01.06.N92-12.08.96-cı illərdə hərbi xidmətdə olmuşdur. AR Müdafiə Nazirliyinin 141 saylı, 24.06.N96-cı il tarixli əmrinə əsasən isə təxris olunub. 24.11.N90-30610 h/h-də andı qəbul edib, NQİ 050016, vəzifəsinin adı atıcı. Qeyd edilən arayış itirilmiş H3 ******* saylı hərbi bilet əvəzinə verilir. İş materialarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin 25 iyun 2020-ci il tarixli, 9/2-7027 nömrəli məktubuna əsasən N №-li hərbi hissə komandirinin iyun-dekabr N92-ci il, yanvar-dekabr N93-cü il, yanvar-may N94-cü il, avqust N96-cı il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinin 20 iyul 2020- ci il tarixli 727 nömrəli məktubundan görünür ki, N72-ci il təvəllüdlü İddiaçı 01.06.N92-ci il tarixdən 12.08.N96-cı il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində Tovuz rayonu istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 24.06.N96-cı il tarixli 141 nömrəli əmrinə əsasən ehtiyata keçirilmişdir. Qarabağ müharibəsi iştirakçılarının xidmətini təsdiq edən əmrdən çıxarışlarını əldə etmək üçün Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinə müraciət etməsinin məqsədəuyğun olması qeyd edilmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu HP 01/496 nömrəli, 18 iyul 2020-ci il tarixli məktubuna əsasən İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinin 03 noyabr 2020- ci il tarixli, 1073 saylı məktubundan görünür ki, SHXÇDX-nin Bakı şəhəri Nəsimi rayon İdarəsi tərəfindən İddiaçı 16.08.2005-ci il tarixli, 350 nömrəli arayış hərbi uçot kartası əsasında verilmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyalarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin 8ci abzasında deyilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılması nəzərdə tutulur. Şəxsin hərbi xidmət keçməsi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını özündə ehtiva edir. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Adı çəkilən Qərarın «Qeyd» hissəsindən görünür ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Qeyd edilən normanın məzmunundan görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Yalnız müharibə veteranı olanların yenidən qeydiyyata alınması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası iş materiallarında olan SHXÇDX-nin Bakı şəhəri Nəsimi rayon İdarəsi tərəfindən İddiaçı 16.08.2005-ci il tarixli, 350 nömrəli arayışın hərbi uçot kartası əsasında verilməsi barədə 03 noyabr 2020- ci il tarixli, 1073 saylı məktuba və iddiaçıya Azərbaycan Vətən Müharibəsi Veteran Birliyi tərəfindən verilən 25 aprel N97-ci il tarixli vəsiqəyə qiymət verərək qeyd edir ki, nə qədər ki, iddiaçının hərbi xidmətdə qulluq etməsi və tərxis olunması barədə əmrlər kitabında hər hansı bir qeyd yoxdur qeyd edilən hallar mötəbər sübut hesab edilə bilməz. Bundan əlavə iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün, müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayşlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsi ilə bağlı müvafiq sübutların olmaması halı müəyyən olunur və bu hal da iddiaçıya qanunla müəyyən edilmiş qaydada müharibə veteranı adının və vəsiqəsinin verilməsini istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Bu səbəbdən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv dəyişdirilmədın saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1065/2021 saylı, 11 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1N3-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Xəyalə Cəmilova Hakim: Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar