Məhkəmə qərarları › İş №2-1(103)-1771/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1771/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1771/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e- 2-1(112)-14303/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin-cavabının əsassız olması və ona 2-ci qrup əlillik dərəcəsinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı ildə İsmayıllı rayonunun İsmayıllı şəhərində anadan olmuşdur. xx.xx.2017-ci ildə İran İslam Respublikasında total mastoektomiya diaqnozu ilə cərrahi əməliyyata məruz qalmış, xx.xx.2017-ci ildən MOMdə 8 kimyaterapiya və ardınca 2 ay şüa müalicəsi qəbul etmişdir. 2-ci kimyaterapiyadan sonra şəkər xəstəliyinə tutulmuşdur. xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək Tibbi Sosial Ekspertiza Müayinəsinə əsasən iddiaçıya ikinci dərəcəli əlilllik müəyyən edilmişdir. 2022-ci ilin sentyabrın sonundan xx.xx.2023-cü ilədək bir çox müayinələrə göndərilməklə, əlillik dərəcəsinin yenidən qiymətləndirilməsi üçün sənədləri hazırlayıb komissiyaya təqdim etmiş, xərçəng xəstəliyi ilə yanaşı, diabetik polineyropatiya, diabetik retinopatiya və digər yanaşı xəstəliklərlə bağlı komissiyaya sənədlər təqdim etmişdir. Hətta diğər xəstəliklər nəticəsində ona 1 qrup əlillik dərəcəsi verilməli idi. Təkrar müayinənin nəticəsinə əsasən əsassız olaraq iddiaçıya orqanizmin funksiyalarının 50% pozulması ilə bir illik müddətə üçüncü dərəcəli əlillik verilmişdir. İddiaçı 2017-ci ildən həmin diaqnoz ilə 2-ci dərəcəli əlil hesab olunduğundan AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən edilmiş meyarlar ona aid edilə bilməz. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14303/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından və cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti 19 nömrəli Şəhər Poliklinikasının 0108003AAC24 nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbilə 5 il müddətinə ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının araşdırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində, vətəndaşa dair rəsmiləşdirilən 0108003AAC24 nömrəli göndərişdə qeyd olunan stasionar müalicə tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi" və "Sığorta" altsistemlərində olan məlumatlara əsasən əmək haqqı ödənilmiş və əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatlar təsdiqini tapmadığından aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2020-ci il tarixində ləğv olunmuşdur. Narazı qalan İddiaçı müraciəti əsasında xx.xx.2020-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, xx.xx.2017-ci il tarixindən ümumi xəstəlik səbəbilə 5 il müddətinə (xx.xx.2022-ci ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı bərpa edilmişdir. Sonrakı dövrdə vətəndaşa dair dövlət tibb müəssisəsi tərəfindən L00066546AZD nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022- ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq ümumi xəstəlik səbəbindən 1 il müddətinə (xx.xx.2023-cü ilədək) orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. İddiaçı hazırda ona təyin edilmiş orqanizmin funksiyalarının 50 faiz pozulması barədə əlilliklə razılaşmayaraq, ona ikinci dərəcə əlilliyin təyin edilməsini, yəni orqanizmin funksiyalarının pozulmasının 61-80 faiz qiymətləndirilməklə əlillik təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı əgər onun barəsində orqanizmin funksiyalarının pozulmasının 61-80 faiz qiymətləndirilməklə yeni, daha əlverişli bir inzibati aktın qəbul edilməsini tələb edirsə, onun bu iddiası məcburetmə haqqında iddia növünə uyğun gəlir. Azərbaycan Respublikası İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya təyin edilən əlilliyin dərəcəsinin (orqanizmin funksiyalarının pozulması faizinin) müəyyən edilməsi ona əlillik təyin edilməsi barədə inzibati aktın məzmununu tamamlayan müddəa olmaqla, ayrıla bilməyən müddəadır. Çünki iddiaçıya əlilliyin təyini birbaşa həmin müddəadan asılıdır, yəni iddiaçıya həmin əlillik ona görə təyin edilmişdir ki, onun orqanizmin funksiyalarının 61-80 faiz deyil, məhz 50 faiz pozulması aşkar olunmuşdur. Buna görə də iddiaçı ona əlilliyin təyin edilməsi ilə birbaşa əlaqədar olan bu qərarın müddəasını, ayrıca mübahisələndirmə haqqında iddia ilə mübahisələndirə bilməz. Bunun üçün iddiaçı arzuladığı məqsədə uyğun yeni bir inzibati aktın qəbul edilməsi barədə məcburetmə haqqında iddia qaldırmalıdır, hansı ki, iddiaçı hazırda belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin işdən görünür ki, iddiaçı ona ikinci dərəcə əlillik təyin edilməsi, yəni orqanizmin funksiyalarının pozulmasının 61-80 faiz qiymətləndirilməsi ilə bağlı məhkəməyə qədər cavabdeh orqana müraciət etməmişdir. Azərbaycan Respublikası İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, inzibati prosessual qanunvericilik məhkəmədə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair məcburetmə haqqında iddia qaldırılması üçün ilk öncə inzibati orqana müraciət edilməsini zəruri şərt kimi müəyyən etmişdir. İş materiallarından görünür ki, iddiaçının cavabdehə yeganə müraciəti xx.xx.2023-cü il tarixli göndəriş olmuş, həmin göndəriş əsasında iddiaçıya üçüncü dərəcə, yəni orqanizmin funksiyalarının 50 faiz pozulması barədə əlillik təyin edilmiş, iddiaçı həmin inzibati aktla razılaşmış, ona ikinci dərəcə əlillik təyin edilməsi ilə bağlı cavabdehə müvafiq göndəriş verilməklə müraciət etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: - Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - Bənd 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. - Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. - Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEKin sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır Göründüyü kimi şəxsin əlilliyinin qiymətləndirilməsi, yəni ona əlillik təyin edilməsi üçün ilk növbədə həkim-məsləhət komissiyası tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməli, göndərişdə şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməli, şəxsin əlilliyi məhz həmin göndərişə əsasən qiymətləndirilməlidir. Lakin iş materiallarında iddiaçı barəsində ona ikinci dərəcə əlillik təyin edilməsi üçün tibbisosial ekspertiza müayinəsinə göndəriş verilməsi müəyyən edilmir. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən olmadığından, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14303/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar