Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1772/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(112)-2475/2020 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2475/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən 1000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim Ş.Həsənova). Həmin qərardan narazı qalan iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi və mənəvi ziyana görə cavabdehdən 35000 manat məbləğində maddi ziyan və 15000 manat məbləğində mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixində 3 saylı Tikinti Quraşdırma İdarəsinə məxsus 5 saylı Hamam binasının satışı ilə əlaqədar keçirilən hərracın qalibi olmuş, həmin gün hərracın yekunlarına dair protokol tərtib edilmiş və həmin protokola əsasən bu əmlaka 6098,4 manat məbləğinə satılmışdır. Həmin hamam binası Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 1677/2-303 saylı icra vərəqəsinə əsasən satışa çıxarılmışdır. O qanunvericiliyin tələb etdiyi qaydada aldığı hamam binası üzrə hüquqlarını qeydiyyatdan keçirmək üçün İdarəyə müraciət etsə də müraciəti təmin edilməmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-2429/07 saylı qətnaməsi ilə iddiası təmin edilərək 5 saylı Hamam üzərində mülkiyyət hüququnun əldə edilməsini təsdiq edən şəhadətnamə verilməsini təsdiq edən şəhadətnamənin verilməsi cavabdehə tapşırılmışdır. Lakin cavabdeh qətnamənin icrasından yayınaraq bu qətnaməni qərəzli şəkildə icra etməmiş, bununla da ona maddi və mənəvi zərər vurulmuşdur. Belə ki, 12 il davam edən məhkəmə çəkişmələrində 30-a qədər məhkəmə aktları olmasına baxmayaraq, cavabdeh yenə də mülkiyyət hüququnu təsdiq edən sənədi verməkdən imtina etmişdir. Qətnamənin icrası ancaq cavabdehin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edildikdən sonra cinayət işinin başlanması barədə təqdimat veriləndən sonra təmin olunmuşdur. Bu müddətdə sağlamlığına ciddi ziyan dəymiş, maddi və mənəvi zərər çəkmişdir. Keçirdiyi stresslərin nəticəsində açıq ürək əməliyyatı keçirmişdir. 2014-cü ildə isə beyin infarktını (insult, paraliç) keçirmişdir. Keçirdiyi stress və əsəblə əlaqədar hazırda sağlamlığına qovuşa bilmir. 12 il ərzində o xeyli maddi ziyan çəkmişdir. 2006-cı ildə əmlakın alınması zamanı əmlak komissiyasına 6098 manat məbləğində pul ödəmişdir. Cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində o öz əmlakından istifadə edə bilməmişdir. Eyni zamanda 6098 manat məbləğində pul cavabdeh tərəfindən istifadə olunmuş və sahibliyindən çıxmışdır. 12 il ərzində gedən məhkəmə prosesləri nəticəsində ödədiyi dövlət rüsumları, digər xərcləri və öz müalicəsi ilə əlaqədar sərf etdiyi xərclər də onun çəkdiyu ziyan məbləğinə aiddir. Cavabdeh orqana ona dəymiş maddi və mənəvi ziyanı ödənilməsinə dair pretenziya məktubu ilə müraciət etmişdir. Lakin cavabdeh orqan **********85 nömrəli, xx.xx.2019-cu il tarixli məktubu ilə əsassız imtina etmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı verdiyi apellyasiya şikayətini müdafiə edərək, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, izahatında göstərmişdir ki, xx.xx.2006-cı il tarixində 3 saylı Tikinti Quraşdırma İdarəsinə məxsus 5 saylı Hamam binasının satışı ilə əlaqədar keçirilən hərracın qalibi olmuşdur. Həmin gün hərrac yekunlarına dair 20/01 saylı protokol tərtib edilmiş və həmin protokola əsasən bu əmlaka iddiçıya 6098,4 manat məbləğinə satılmışdır. İddiaçı qeyd etmişdir ki, 5 saylı Hamam binası Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 1677/2-303 saylı icra vərəqəsinə əsasən satışa çıxarılmışdır. İddiaçı da qanunvericiliyin tələb etdiyi qaydada həmin Hamam binasını satışı ilə əlaqədar keçirilən hərracda qalib gəldikdən sonra əmlak hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün Azərbaycan Respublikasının Dövlət X6 üçün Dövlət Komitəsinə müraciət etmişdir. Lakin cavabdeh orqan həmin əmlaka dair müllkiyət hüququnu təsdiq edən şəhadətnamənin verilməsindən qanunsuz və əsassız olaraq imtina etdi. Bundan sonra iddiaçı məcbur olub həmin dövlət qurumuna qarşı Bakı şəhəri Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsi xx.xx.2007-ci il tarixli 2-2429/07 saylı qətnaməsi ilə iddia təmin edərək 5 saylı Hamam üzərində mülkiyyət hüququmun əldə edilməsini təsdiq edən şəhadətnamənin verilməsi cavabdeh orqana tapşırıldı. Lakin həmin təşkilat məhkəmə qətnaməsinin icrasından yayınaraq iddiaçıya maddi və mənəvi ziyan vurmuşdur. İddiaçı bildirmişdir ki, bütün bu proseslər 12 ildən çox davam etmiş və bu müddət ərzində o, həm maddi həm də mənəvi zərər çəkmişdir. Sağlamlığına da ciddi ziyan dəymişdir. Belə ki, 2012-ci ildə bütün bu proseslər nəticəsində keçirdiyi stresslər və əsəbin təzahürü olaraq ürəyində problem yaranmış və açıq ürək cərrahiyyə əməliyyatı keçirmişdir. 2014-cü ildə isə infakt keçirmişdir. Birinci instansiya məhkəməsi iddiaçının ödədiyi 6098 manatı maddi ziyan hesab etməmiş bununlada onun hüquqlarını pozmuşdur. İddiaçı bildirdi ki, 2006-cı ildə əmlakın alınması zamanı əmlak komisiyasına 6098 manat məbləğində pul ödəmişdir. Cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçı öz əmlakından istifadə edə bilməmişdir. Eyni zamanda 6098 manat məbləğində pul cavabdeh tərəfindən istifadə olunmuş və onun sahibliyindən çıxmışdır. Belə olduğu halda məhkəmənin yuxarıda qeyd edilən nəticəyə gəlməsi heç bir sübutlara söykənməməkdədir və əsassızdır. Birinci instansiya məhkəməsinin qərarındakı digər ziddiyətli tərəflərdən biridə iddiaçıya məvəzi zərər olaraq cavabdeh tərəfindən 1000 manat ödənilməsini qərara almasıdır. Məhkəmə iddiaçıya 12 il müddətində vurulan maddi ziyanı hesaba almamış, obyektiv və hərtərəfli araşdırma aparmamış, bu illər ərzində iddiaçının çəkdiyi xərcləri nəzərə almamışdır. Eyni zamanda iddiaçı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərarı çıxararkən iddiaçıya dəymiş mənəvi zərər kimi 1000 manatın cavabdehdən tutularaq ona ödənilməsini təmin edərkən, mənəvi zərərin yaranmasına əsas olan maddi zərəri hesablamaması işə düzgün baxılmamasının göstəricisidir. İddiaçı qeyd etmişdir ki, məhkəmə inzibati orqanın hərəkətləri və hərəkətsizliyi nəticəsində ona dəymiş maddi və mənəvi zərərə hüquqi qiymət verməmiş, işi düzgün dəyərləndirməmişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh verdiyi apellyasiya şikayətində göstərmişdir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2007ci il tarixli qətnaməsi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət X6 üzrə Dövlət Komitəsinə və qeyrilərinə qarşı vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərindən şikayətə dair ərizəsi təmin edilərək, İddiaçı Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 5 saylı hamam üzərində mülkiyyət hüququnu əldə edilməsini təsdiq edən şəhadətnamənin verilməsi Azərbaycan Respublikası Dövlət X6 üzrə Dövlət Komitəsinə tapşırılmışdır. Bakı Apelyasiya Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2008-ci il tarixli qətnaməsi ilə Xətai rayon məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli qətnaməsi ləğv edilmişdir, ərizəçi İddiaçı Azərbaycan Respublikası Dövlət X6 üzrə Dövlət Komitəsinə və qeyrilərinə qarşı vəzifəli şəxsin hərəkətlərindən şikayətə dair ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxx 2008-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2008-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsi MİÜMK-nın xx xxxxxxxx 2008-ci il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2009-cu il tarixli qərarı Bakı Apelyasiya Məhkəməsi MİÜMK-nın xx xxxxxxxx 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan sonra, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2- 2429/07 saylı, xx xxxxxxxx 2007-ci il tarixli icra vərəqəsi İdarə tərəfindən xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam şəkildə icra olunaraq, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 5 saylı hamam üzərində İddiaçı mülkiyyət hüquqları qeydiyyata alınmış və hal-hazırda onun mülkiyyətindədir. Qeyd olunanlardan da göründüyü kimi iddiaçının iddia tələbi qanunsuz və əsassızdır və qanunamüvafiq qaydada əsaslandırılmamışdır. Belə ki, İdarə tərəfindən hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyə yol verilməmiş, İdarə icra sənədinin icrasından qəsdən və qərəzli şəkildə yayınmamış, icra sənədinin gec icra olunması məhkəmə aktlarının prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirilməsi ilə bağlı olmuş və bununla bağlı iddiaçıya İdarənin hər hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı maddi və ya mənəvi ziyan vurulmamışdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar düzgün və qanunamüvafiq qaydada araşdırılmamış, iddiaçıya maddi və mənəvi zərər vurulmasını təsdiq edən hər hansı sənədə və sübuta istinad edilməmiş və məhkəmə qərarı tam və düzgün əsaslandırılmamışdır. İddiaçının iddia tələbinin maddi ziyanla bağlı hissəsinə dair bildiririk ki, iş materiallarına iddiaçıya İdarənin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində dəyməsi iddia edilən maddi zərəri təsdiq edən hər hansı bir mötəbər sübut (nəqliyyat və tibbi xidmətlərlə bağlı xərclərə dair ödəniş qəbzləri, tibbi arayış və s.) əlavə edilməmişdir. Bundan başqa, iddi tələbinin mənəvi ziyanla bağlı hissəsinə dair bildiririk ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş olsun, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqə olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətlərinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-2429/07 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək İddiaçı Zəlimxan oğlunun adına Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən 5 saylı hamam üzərində mülkiyyət hüququnun əldə edilməsini təsdiq edən şəhadətnamənin verilməsi Azərbaycan Respublikası Dövlət X6 üzrə Dövlət Komitəsinə tapşırılmışdır. - Xətai rayon məhkəməsi tərəfindən verilmiş icra vərəqəsinin surətindən görünür ki, məhkəmənin qətnaməsi xx.xx.2008-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.2008-ci ildə icraya yönəldilmişdir. - Xətai rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2010-cu il tarixli qərarla icraata başlanmış icra işinin materiallarına məhkəmə tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd olunan icra sənədinin icrası ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilmiş, icra sənədini icra etmədiyinə görə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə İdarənin rəisi X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə qüvvədə saxlanmışdır. - Azərbaycan Respublikası X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 651,8 kv.m. olan qeyri-yaşayış binasına İddiaçı Zəlimxan oğlunun mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********85 №-li məktubun surətindən görünür ki, İdarə tərəfindən hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyə yol verilməmiş, ona maddi və mənəvi ziyan vurulmamışdır. İdarə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müddəalarına əsasən öz prosessual hüquqlarından istifadə etmişdir. Hazırki iş üzrə Xətai rayon məhkəməsinin qətnaməsi isə şübhəsiz “mülki hüquq və vəzifələrin müəyyən edilməsi” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi araşdırılması zamanı müəyyən edilmişdir ki, məhkəmə qətnaməsinin icra olunması ilə bağlı cavabdehə dəfələrlə qanunvericliyin tələblərinə uyğun olaraq xəbərdarlıq edilmiş, məcburi icra tədbirlərinə dair qərarlar qəbul edilmiş, idarənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilmiş, cavabdeh icra məmurunun icraata başlamaq haqqında qərarını mübahisələndirmiş, müxətlif iddialarla məhkəməyə müraciət edilsə də iddia tələbləri rədd edilmiş (mümkün hesab edilməmiş), nəhayətdə məhkəmə qərarı icra edilərək iddiaçı xx.xx.2019-cu ildə mülkiyyət hüquqlarını təsdiq edən reyestrdən çıxarış verilmişdir. Mülkiyyət hüququnu tanıyan məhkəmə qərarlarının icra olunmaması zamanı Avropa Məhkəməsi dəfələrlə oxşar məsələlərlə bağlı işlərdə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və Konvensiyanın 1 saylı protokolunun 1-ci bəndinin pozuntusunu müəyyən etmişdir (bax. “Burdov Rusiyaya qarşı” (Burdov v.Russia) işi üzrə Avropa Məhkəməsinin qərarı, 59498/00 saylı şikayət, §34; “Qerasimova Rusiyaya qarşı”(Gerasimova v.Russia) işi üzrə xx xxxxxxx 2005-ci il tarixli Avropa Məhkəməsinin qərarı, 24669/02 saylı şikayət, §17; və “Qizzatova Rusiyaya qarşı”(Gizzatova v.Russia) işi üzrə xx xxxxxx 2005-ci il tarixli Avropa Məhkəməsinin qərarı, 25124/03 saylı şikayət, §19). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.4-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur. Birinci instansiya məhkəməsi işin hallarına qiymət verərək hesab etmişdir ki, məhkəmə qərarının vaxtında icra edilməməsi ilə bağlı cavabdehin hərəkətləri qanuni olmamışdır. Birinci instansiya məhkəməsi İddiaçı məhkəmə qərarının vaxtında icra edilməməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri və hərəkətsizliyi nəticəsində ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab etmişdir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında inzibati orqan tərəfindən vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin maddi ziyanla bağlı hissəsi ilə əlaqədar hesab etmişdir ki, iddiaçı ona 35.000 manat məbləğində maddi ziyanın vurulmasını iddia etsə də həmin maddi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının ödədiyi 6098 manat isə hərracın nəticəsində hamamın dəyəri ilə bağlı olmuşdur ki, həmin məbləğ maddi ziyan hesab edilə bilməz. Belə ki, hərracın nəticələri üzrə ödənilən 6098 manat onun hüquqlarının tanınmasına əsas olan məhkəmə qətnaməsinin çıxarılması və nəticə etibarilə daşınmaz əmlaka iddia edilməsinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi ziyanla bağlı hissəsi ilə əlaqədar hesab etmişdir ki, məhkəmə qətnaməsinin uzun müddət icra edilməməsi nəticəsində iddiaçı mənəvi sarsıntılara və iztirablara məruz qalmışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002- ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tə--rəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əm-lak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), ha-be-lə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqanın uzun müddət ərzində məhkəmə qərarını icra etməməsi nəticəsində iddiaçı mənəvi sarsıntılara məruz qaldığından mənəvi ziyana görə iddiaçıya ödənilməli olan məbləğin 1000 manat müəyyən edilməsi ağlabatan və ədalətlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, apelyasiya şikayətlərində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3748/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1772/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1772/2020
11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver