Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1772/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya əlillik təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1780/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlillik təyinatından imtina barədə 12 iyul 2021-ci il tarixli qərarın ləğv edilməsi və əlilliyik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və ərizədə ilkin iddia tələbi saxlanılmaqla cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həmin Nazirliyin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsi xahiş olunmuşdur. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin Nazirliyin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1780/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərarı (hakim R.Kərimli) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış əlavə olaraq qeyd edilmişdir ki , iddiaçının diaqnozunun dəqiqləşdirilməsi üçün ona X8 X3 rəyi lazımdır. Belə ki, iddiaçının əsas diaqnozu Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma xəstəliyidir, bu xəstəliyin müayinə edilməsi üçün ixtisaslaşmış xəstəxana sözügedən tibb müəssisəsidir. Lakin, iddiaçı israrla müayinədən keçməkdən yayınmış və yeni forma 88 təqdim etməmişdir. Bundan başqa, məhkəmə forma 88-də qeyd edilmiş J45 kodunun əlillik təyin etməyə əsas verdiyini qeyd etmiş və bu kodlu xəstəliyin iddiaçıda olub-olmadığını araşdırmamışdır. Eyni zamanda, məhkəmə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə ekspertiza təyin etməmişdir. Tərəflərin izahatları: 12.05.2022-ci il tarixdə saat 09:40-da keçirilmiş Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi hazırda Sumqayıt Apellyasiya Məhkəməsində iddiaçının cavabdehə qarşı “ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayətinə baxıldığını bildirərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» 20.05.2011-ci il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1-ci bənd). Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (7-ci bənd); İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Qeyd olunan normanın tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı əlillik vəziyyətinə Sumqayıt 3 saylı Şəhər Poliklinikasının 21 iyun 2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxial astma İnfeksion allergik forma . Orta ağır gedişli. TÇ -İ. xr. Hipertonik faringit. ANS. Xora xəstəliyi. 12 b/b xorası. A/ə venalarının varikoz genişlənməsi; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli Xəstəxananın poliklinika şöbəsinin 23 iyun 2015-ci il tarixli 0531003AACG5 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxial astma İnfeksion allergik forma. Orta ağır gedişli. TÇ -İ. xr. Hipertonik faringit. ANS. Xora xəstəliyi. 12 b/b xorası. A/ə venalarının varikoz genişlənməsi.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 1 iyul 2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri” => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxial astma İnfeksion allergik forma. Orta ağır gedişli. TÇ -İ. xr. Hipertonik faringit. ANS. Xora xəstəliyi. 12 b/b xorası. A/ə venalarının varikoz genişlənməsi.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli Xəstəxananın poliklinika şöbəsinin 2 iyul 2021-ci il tarixli 0529003AAHXJ saylı göndərişi əsasında baxılmış və “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Aldığı müalicə yetərincə deyil. İxtisaslaşmış müayinə və müalicə davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. Daha sonra Sumqayıt 1 nömrəli Xəstəxananın poliklinika şöbəsinin 11 oktyabr 2021-ci il tarixli 0531003AALG8 saylı göndərişi əsasında baxılmış və “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma-; Diaqnozun mətni: Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, Bronxial astma, infeksion allergik forma; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstə ETACXİ-nin rəyi və müayinə olması məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, iddiaçının sonuncu təyin olunan 5 illik əlillik müddəti 01 iyul 2021-ci ildə bitdikdən sonra tibb müəssisəsinə müraciət etmiş və tibb müəssisəsi tərəfindən göndəriş cavabdeh inzibati orqana ünvanlanmış və sonuncu tərəfindən ona imtina verilmişdir. İddiaçı ilkin imtinanı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq mübahisələndirmiş, lakin bu zaman cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini qeyd etmiş və ona əlillik dərəcəsinin təyin edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmə icraatında olan ərəfədə iddiaçının müraciəti əsasında tibb müəssisəsi tərəfindən yenidən göndəriş müvafiq qaydada doldurularaq, inzibati orqana ünvanlanmış, sonuncu tərəfindən müayinə olunmasının məsləhət görülməsi səbəbilə imtina verilmişdir. Bu imtinanı iddiaçı artıq qanunvericilikdə edilmiş dəyişikliyə əsasən aidiyyat qaydalarına uyğun olaraq Sumqayıt İnzibati Məhkəməsində mübahisələndirmişdir. Daha sonra Bakı İnzibati Məhkəməsindəki iddia tələbində iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9007/2021 nömrəli 05.11.2021-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh əsl cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz olunmuşdur. Hazırda iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasına dair 2 məhkəmə qərarı mövcuddur. 1) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1780/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərarından görünür ki, iddiaçının iddiası təmin edilmiş, ona 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmışdır. 2) Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-463/2022 saylı, 07 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X2 Sosial ekspert komissiyası tərəfindən İddiaçı barəsində 18.10.2021-ci il tarixdə keçirilmiş müayinənin nəticəsində verilmiş imtinanın əsassız hesab edilməsi və İddiaçı 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərarlar hər ikisi də qanuni qüvvəsini almamış və cavabdeh inzibati orqanın apellyasiya şikayəti əsasında hər iki iş müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.5.1-ci maddəsinə əsasən, iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Məhkəmə kollegiyası qeyd etmək istəyir ki, tərəflər arasında yaranmış inzibati hüquq mübahisələri ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdə, iddiaçının həmin iddiası dərhal icraata götürülür. Lakin nəzərə almaq lazımdır ki, qüvvədə olan qanunvericilik, inzibati hüquq münasibətindən irəli gələn mübahisə nəticəsində verilən iddia məhkəmə icraatında olduğu zaman, iddiaçı həmin tələb ilə bağlı iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququna malik deyildir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, eyni tərəflər arasında eyni tələb üzrə mübahisənin mövcudluğu ikinci dəfə iddiaçının eyni tərəfə qarşı eyni tələblə müraciət etməsini istisna edir. Lakin işlərə baxan birinci instansiya məhkəmələri bu normanı nəzərə almamış, hər iki iş üzrə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişlər. Hazırda mahiyyəti üzrə qəbul edilmiş qərarlardan verilmiş şikayətlər üzrə iş materialları apellyasiya instansiya məhkəmələrinin icraatındadır. Məhkəmə kollegiyası hazırki məqamda hesab edir ki, mübahisləndirilən imtina qərarlarına və ididaçı barəsəində gəlinən nəticəyə fikir verilməlidir. Hazırki halda iddiaçının inzibati orqana müxtəlif vaxtlarda etdiyi eyni tələbli müraciətlərinə inzibati orqan tərəfindən baxılmış və məzmunca demək olarki eyni imtina verilmiş, iddiaçı hər iki imtinanı mübahisələndirmişdir. Bu hissədə Məhkəmə kollegiyası qeyd edir ki, İnzibati İcraat haqqında Qanunun 34.1.1-ci maddəsinin tələblərinə görə ərizə vermiş şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə səlahiyyətli inzibati orqan tərəfindən ərizə baxılmamış saxlanılır. Hazırki mübahisədən aydın olur ki, iddiaçının ilkin müraciətinə baxılan zamanı əlavə müalicəyə ehtiyacı olması səbəbilə imtina verilmiş, bir neçə ay sonra iddiaçı eyni tələblə müraciət etmiş, bu zaman tibb müəssisəsi tərəfindən yeni forma 88 doldurularaq göndərilmiş və göndərişin natamam doldurulması, xəstənin ETACXİ-nin rəyi və müayinə olunması məsləhət görülmüşdür. Deməli, birinci müraciətlə ikinci müraciət arasında fərqlilik olmuş, inzibati orqan sonuncu müraciətə də mahiyyəti üzrə cavab vermişdir. Belə olan zamanda Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsində mübahisləndirilmiş ikinci imtinanın (19.10.2021-ci il tarixli) mübahisələndirilməsi daha düzgündür. Bundan əlavə iddiaçı barəsində çıxan iki məhkəmə qərarının nəticəsi də şəxs barəsində bir qədər fərqli olmuşdur. Belə ki, iddiaçı barəsində Sumqayıt İnzibati Məhkəməsinin qərarında gəlinən nəticə onun çatmaq istədiyi hüquqi marağa daha uyğundur. İddiaçıya həmin qərarla 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Hazırki iş üzrə isə cavabdehin üzərinə 3-cü dərəcə əlilliyin təyin edilməsi həvalə edilib. Göründüyü kimi, hazırda Sumqayıt Apellyasiya Məhkəməsində mübahisələndirilən Sumqayıt İnzibati Məhkəməsinin qərarı iddiaçı üçün daha əhəmiyyətlidir. Həmin qərar qanuni qüvvəsini alacağı halda iddiaçı daha üstün hüquqlara malik olacaq, belə ki, 3-cü dərəcə əlilliyə nisbətən 2-ci dərəcə əlilliyə görə ona təyin edilən müavinət (pensiya)nın məbləği də daha artıq olacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının son müraciəti üzrə səlahiyyətli inzibati orqanın qərarı Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iş üzrə mübahisələndirildiyindən və həmin iş üzrə onun çatmaq istədiyi hüquqi marağa daha uyğun qərar (2-ci dərəcə əlilliyin təyini) qəbul edildiyindən, iddiaçı Məhkəmə kollegiyasının hüquqi yardımına baxmayaraq hazırki iddia tələbindən imtina etmədiyindən, şəxs barəsində eyni anda iki fərqli əlilliyin təyini mümkün olmadığından, hazırkı tələblə bağlı iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1780/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1772/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1772/2022
19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver