Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1772/2023 26.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın ödənilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8115/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 01 sentyabr 2016-ci il tarixdən 20 aprel 2017-ci il tarixədək olan müddət ərzində pensiya məbləği ödənilməyib. Bununla bağlı müraciət etmiş cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 32.1.1-ci maddəsinə istinad edərək müraciətin təminindən istisna etmişdir. İddiaçı qeyd edir ki, əmək pensiyasının təyini ilə bağlı 2015-ci ilin dekabr ayında müraciət etmiş və ona 01 sentyabr 2016-cı il tarixədək pensiya ödənilmiş, daha sonra o, 20 aprel 2017-ci il tarixədək yenidən polis orqanlarına xidmətə qəbul edildiyindən əmək pensiyası hesablanmamışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, ona 21 aprel 2017-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilib. Onun pensiyanın ödənilməsini istədiyi müddətlə bağlı müraciəti 02 mart 2022-ci il tarixdə müraciət etməsi səbəbindən 3 illik müddətlə bağlı şərtin tətbiqinə zərurət yaradır. Bu səbəbdən də həmin məbləğin ona ödənilməsi mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8115/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 01 sentyabr 2016-cı il tarixdən 20 aprel 2017-ci il tarixədək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanıb ödənilməsi öhdəliyi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin etiraz edərək, birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8115/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddiaçıya müraciəti əsasında 11 yanvar 2015- cı il tarixli pensiya orqanının qərarı əsasında 09 dekabr 2015-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Daha sonra xidmətdən ehtiyata buraxılmış iddiaçı Daxili İşlər Nazirliyinin 30 avqust 2016-cı il tarixli əmri ilə 31 avqust 2015-cı il tarixdən daxili işlər orqanlarında xidmətə yenidən qəbul edilmişdir. İddiaçıya təyin edilmiş əmək pensiyası şəxs xidmətə yenidən qəbul edildiyindən faktiki olaraq dayandırılmış, iddiaçı 19 aprel 2017-ci il tarixli əmrlə öz arzusu ilə xidmətdən xaric edildikdən sonra isə 21 aprel 2017-ci il tarixdən onun əmək pensiyası yenidən bərpa edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanununun 37.1-ci maddəsinə əsasən Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Həmin Qanunun 37.3-cü maddəsinə əsasən işləyən əmək pensiyaçılarına; 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır Göründüyü kimi əmək pensiyası təyin edilmiş şəxsin daha sonra xidmətə bərpa edilməsi və ya hər hansı formada əmək fəaliyyətini davam etdirməsi onun əmək pensiyasının dayandırılması əsası qismində çıxış etmir. Əksinə, yuxarıda adıçəkilən müdəanın tələbindən də müəyyən edilir ki, şəxsə əmək pensiyası təyin edildikdən sonra da onun əmək fəaliyyətini həyata keçirməsi mümkündür ki, qanunvericilik həmin qrup şəxslər üçün işləyən əmək pensiyaçısı statusunu müəyyən etməklə şəxsin əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini həyata keçirməsi nəzərə almaqla və daha sonradan işləməyən əmək pensiyası statusu müəyyən edildiyi təqdirdə əmək pensiyasının hansı qaydada ödənilməsi ilə bağlı qaydaları təsbit etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh heç bir qanuni və əsaslı səbəb olmadan 09 dekabr 2015-ci il tarixdən aparılmış əmək pensiyası təyinatını iddiaçının xidmətə bərpa edilməsi əsası ilə dayandırmış, şəxsin işləyən əmək pensiyaçısı statusunu nəzərə almamış, əmək pensiyası həmin dövrdə də ödəməli olmasına baxmayaraq ödənişləri iddiaçı xidmətdən öz arzusu ilə xaric edildikdən sonra yenidən təyinat aparmaqla əldə etməyə nail olmuşdur. Halbuki, iddiaçı işləyən əmək pensiyaçısı statusuna malik olduğu dövrdə də həmin ödənişləri əldə etməli idi. Cavabdehin apellyasiya şikayətinin (eyni zamanda imtinasının) əsası ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanununun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanununun 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Eyni zamanda “N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir. Həmin Qanuna 30 noyabr 2018ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddə isə inzibati orqana 2019-cu il yanvarın 1- dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq, 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1-1-ci maddəsinin tələbləri şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istinad etdiyi müddəa pensiyanın təyini və yenidən hesablanması ilə əlaqədar ödənişlərin təyinatı məsələsinə müddətlə bağlı məhdudiyyətin gətirilib-gətirilməməsi ilə bağlıdır. Hazırkı iş üzrə tələb edilən ödəniş isə nə əmək pensiyasının təyini, nə də əmək pensiyasının yenidən hesablanması ilə bağlı olmadığından müddətlə bağlı məhdudiyyətin tətbiqi istisna edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8115/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8115/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1772/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1772/2023
26.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver