Məhkəmə qərarları › İş №2-1(103)-1773/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1773/2022

14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1773/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1214/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi ziyana görə 450.000 manat və mənəvi zərərə görə 150.000 manat pulun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir . İddia aşağıdakılarla əsaslandrılmışdır: “...İddiaçı uzun müddət Əzizbəyov (indiki “Koroğlu”) metrostansiyasının çıxışında yerləşən qeyri-yaşayış (ticarət) obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə əlaqədar 2007-ci ilin may ayında ona məxsus olan həmin ticarət obyekti sökülmüş, Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının 27 fevral 2009-cu il tarixli, 93 saylı Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində, 25 və 35 saylı binaların arasında 360 kv. metr torpaq sahəsində iddiaçıya 45 kv.metr torpaq sahəsi ayrılaraq ticarət obyektinin tikintisinə icazə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2018-ci il tarixli qərarı ilə iddiaçı və digər iddiaçılar X2 və X3 apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1379/2015 saylı iş üzrə qəbul etdiyi 13 may 2015-ci il tarixli qərarı qismən - iddiaçı və digər iddiaçılar X1 və X4 aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 77 nömrəli və Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə iddiaçı və digər iddiaçılar X1, X4 qeyd edilən ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı qanunsuz müdaxilələr Cavabdehnə qadağan edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-1650/2018 saylı 08 avqust 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-104/18 saylı 25 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Borclu Bakı şəhəri Cavabdeh yenə də heç bir qərara, qayda-qanuna məhəl qoymayaraq, məhkəməyə və məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyə hörmətsizlik edərək qətnamənin icrasını təmin etməkdən yayınır. Borclu çalışır ki, qətnamənin icrasının təmin etmək məsuliyyətini öz üzərindən yayındırsın. Borclu əmlakın sökülməsindən başlayaraq ona qarşı öz qanunsuz əməllərini davam etdirir, iddiaçının əmlak hüquqlarının kobud şəkildə pozulması ona dərin mənəvi zərbə vurur. O, 15 ilə yaxın məhkəmələrdə icra hakimiyyəti və məhkəmə icra orqanlarında sürünür. İşi udub səbrsizliklə torpaq sahəsini alacağını unutduğu halda da onu məyus edən əməllər törətməklə ona mənəvi zərbə vurub və vurumaqda davam etdirilir...” Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu aşağıdakılarla əsaslandırmışdırNo “...Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 77 saylı sərəncam ilə Cavabdehnə aidiyyəti üzrə torpaq sahəsinin ayrılmasını tapşırmış və həmin sərəncamın icrasını təmin etmək məqsədilə Cavabdeh xx.xx.2009-cu il tarixli 93 saylı sərəncamı ilə rayonun müxtəlif ünvanlarında nəzərdə tutulan məqsəd üçün torpaq sahələri ayırmışdır. Sonradan Bakı Şəhər İcra Hakimiyyəti başçısı xx.xx.2012-ci il tarixli 113 saylı sərəncamı ilə yuxarıda göstərilən sərəncamını ləğv etmiş və sərəncamı xx.xx.2012-ci il tarixli 7- 156/7g nömrəli məktubla Rayon İcra Hakimiyyətinə və digər qurumlara göndərərək lazım gəldiyi təqdirdə müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Həmin sərəncam ləğv edildikdən sonra, Bakı şəhər Cavabdeh başçısının xx.xx.2009cu il tarixli 93 saylı sərəncamı öz qüvvəsini itirmiş hesab edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, həmin müddətdə və hazırda torpaq sahələrinin ayrılmasına dair müstəqil sərəncam vermək Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinə aid deyildir. Rayon İcra Hakimiyyətinin başçısı yalnız, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sərəncamından irəli gələn vəzifələri yerinə yetirmişdir. Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2018-ci il tarixli 226 nömrəli Fərmanı ilə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Ona görə də, rayon ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi həmin qurum tərəfindən həyata keçirilir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1214/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Şikayəti aşağıdakılarla əsaslanıdırılmışdır. “...Cavabdehin xx.xx.2009-cu il tarixli sərəncamı ilə Bakı şəhəri Nizami rayonu B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv m torpaq sahəsində iddiaçıya və digərlərinə torpaq sahəsi ayrılraq ticart obyektinin tikintisinə icazə verilmiş, lakin Nizami rayon İH xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir ki, həmin sərəncam Bakı şəhər İH-nin xx.xx.2012-ci il tarixli 113 saylı sərəncamı ilə ləğv edilmiş, buna görə də torpaq sahəsinin ayrılmasına heç bir əsas yoxdur. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2018-ci il tarixli 2-1-104/2018 saylı qərarı ilə müəyyən edilən hallara görə İddiaçı və qeyrilərinə aid hissədə apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhər İHB-nın xx.xx.2009-cu il tarixli 77 nömrəli və Nizami rayon İHB xx.xx.2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə iddiaçılar və İddiaçı və qeyrilərinə adıçəkilən ünvanda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı hər hansı qaununsuz müdaxilələr Nizami rayon İH-nə qadağan edilmiş, həmin qərar Ali Məhkəmənin 2-1(102)-1650/2018 saylı 08 avqust 2018-ci il tarixli qərarı ilə qüvvəsində saxlanılmışdır. Daha sonra iddiaçı 34.1, 21.1, 1096.1, 1097.1, 1100, İnzibati icraat haqqında”Qanunun 89-cu maddələrinə istinadən hesab emişdir ki, sadalanan maddi hüquq normalarının tələbinə görə cavabdehin delikt məsuliyyəti yaranır...” Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixdə keçirilən iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Həmin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 onunla razılaşmamış, Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2018-ci il tarixli 226 nömrəli Fərmanına müvafiq olaraq Bakı şəhərinin inzibati ərazisində, o cümlədən, rayon ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi cavabdehə aid olmadığını, həmin səlahiyyət Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirildiyini bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş etmişdir. Hazırkı məhkəmə iclası barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəsini almış 25 aprel 2018-ci il tarixli 2-1-104/2018 saylı qərarından irəli gələn öhdəliklərini pozulması nəticəsində ona vurulmuş maddi ziyana görə 450.000 manat və mənəvi zərərə görə 150.000 manat pulun ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qərarında qeyd etmişdir ki, “iddiaçının tələbinin qanunsuz və əsassız hərəkətləri nəticəsində maddi ziyana görə 450.000 manat və mənəvi zərərə görə 150.000 manat məbləğində pulun tutulması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə məhkəmə araşdırması zamanı hər-hansı qanunsuz və əsassız hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Əksinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş fəaliyyət sferasında tədbirlər görülərək müvafiq sərəncam verilmişdir.” Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Konkret halda, qeyd edildiyi kimi, iddiaçı tərəfindən iddia olunur ki, cavabdeh orqan qanuni qüvvəsini almış məhkəmə qərarından irəli gələn öhdəliklərini yerinə yetirməmiş, qanunsuz müdaxilələrini davam etdirməklə ona maddi və manat mənəvi ziyan vurmuşdur. İşə əlavə olunmuş, istinad olunan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəsini almış 25 aprel 2018-ci il tarixli 2-1-104/2018 saylı qərarı ilə müəyyən edilən hallara görə isə “iddiaçılar X7, İddiaçı və qeyrilərinin cavabdeh Bakı şəhəri Cavabdehnə qarışı “qanunsuz müdaxilədən çəkinməyə dair” iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin“iddianın rədd olunması barədə” 2-1()82-1379/2015 saylı 13 may 2015-ci il tarixli qərarı - iddiaçılara aid hissədə ləğv edilmiş, həmin hissədə iddia təmin olunaraq qeyd edilən ünvanda iddiaçılara ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı qanunsuz müdaxilələr Cavabdehnə qadağan edilmişdir (Həmin qərar Ali Məhkəmənin 08 avqust 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.) İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İş materiallarından görünür ki, apellyasiya məhkəməsinin neyd olunan qərarı qanuni qüvvəsini aldıqdan sonra cavabdeh orqan həmin qərarın icrası ilə bağlı iddiaçının müraciətinə ünvanladığı xx.xx.2018-ci il tarixli cavab məktubunda bildirmişdir ki, mövcud qanunvericilyin tələblərinə əsasən qüvvədə olan məhkəmə qərarlarına əsasən hər hansı bir münasibətin bildirilməsi Bakı şəhəri İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Cavabdehin işə əlavə olunmuş iddia ərizəsinə etirazında və xx.xx.2022-ci il tarixində məhkəmə iclasında iştirak edən nümayəndəsinin qeyd olunan izahatında da bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2018-ci il tarixli 226 nömrəli Fərmanına əsasən Bakı şəhərinin inzibati ərazisində, o cümlədən, rayon ərazisində tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi səlahiyyəti Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məxsusdur. Məhkəmə kollegiyası cavabdeh tərəfin qeyd olunan dəlilləri ilə razılaşır. Belə ki, Azərbaycan Rspublikasının Şəhrsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Məcəllənin 75.1-ci maddəsində nəzərədə tutulan “müvafiq icrpa hakimiyyəti orqanı”nın səlahiyyətlərin Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 7.3-cü bəndinə əsasən Komitə şəhərsalma və milli memarlıq ənənələrinin (irsinin) qorunub saxlanılmasını və müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə edilməsini təmin edir; Həmin Əsasnamənin 7.5-ci bəndinə əsasən Komitə bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin edir, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarəti həyata keçirir. Eyni zamanda, həmin Əsasnamənin: 8.7-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhər və rayonlarda aparılan abadlıq işlərində, yeni inşa olunan obyektlərdə estetik gözəlliyi, müasirliyi, milli memarlıq üslubunu təmin etmək; 8.13-1. tikintisinə icazə verilən binaların memarlıq planlaşdırma bölmələrində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq əraziyə uyğun memarlıq üslubuna riayət edilməsinin təmin olunması üçün tədbirlər görmək - Komitənin vəzfələridir. Qanunvericiliyin qeyd olunan tələbləri onu deməyə əsas verir ki, Bakı şəhərində tikintiya icazə verilməsi və tikinti normalarına riayət edilməsi və bu kimi funksional vəzifələr Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Bu baxımdan, kokret halda, cavabdeh orqan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəsini almış 25 aprel 2018-ci il tarixli qərarı ilə onun iddiaçıya qanunsuz müdaxilə etməkdən çəkinməsini həvalə edilməsindən asılı olmayaraq, müstəqil surətdə mübahisəli ünvanda tikinti iddiaçı tərəfindən işlərinin aparmasına birbaşa müdaxilə edə bilməz. Belə olan halda, əslində,iddiaçı tərəfindən mübahisələndirilən ünvanda tikilməkdə olan ticarət obyektinin inşası ilə bağlı bütün müraciətlərinin həllində cavabdeh yerli icra hakimiyyəti orqana deyil, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi səlahiyyətlidir və həll edilməli olan hər bir məsələ onunla raızlaşıdırılmaqla həyata keçirilə bilər. Cavabdehin əməkdaşlarının iddiaçının tikinti aparmaq istədyi mübahisəli ünvana hər hansı formada baş çəkməsinə gəldikdə isə bu onun Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə ilə müəyyən olunan vəzifələrindən irəli gəlir. Belə ki həmin Əsasnamənin 3.11-ci bəndinə əsasən: 3.11.1 müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir; 3.11.2 "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 4cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir; 3.11.3. rayon planlaşdırma sxemlərini və layihələrini, rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planlarını, yaşayış məntəqələrinin, onların ayrı-ayrı funksional zona və qovşaqlarının müfəssəl planlaşdırma layihələrini (ərazinin tikinti-planlaşdırma layihələri) təsdiq edir; 3.11.6. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri yerinə yetirir; 3.11.7. müvafiq inzibati ərazi vahidində daşınmaz əmlak obyektlərinin ünvanları barədə məlumat bazasını formalaşdırır və yeniləşdirilməsini təmin edir; 3.11.8. prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya onların adının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsini 3 (üç) gün müddətində məlumatlandırır. 3.11.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 35-ci, 74.2ci, 75-ci, 80-ci və 102-ci maddələrində nəzərdə tutulmuş müvafiq məlumatları Tikintilərin Dövlət reyestrinə təqdim edir.” Cavabdehin (əməkdaşlarının) sözügedən vəzifələrinin icrasından irəli gələrək iddiaçının istifadəsinə torpaq sahəsinin yerləşdiyi ünvana gəlməsi heç də iddiaçının hüquqlarının pozuntusu kimi qiymətləndirilə bilməz. İddiaçı apellyasiya şikayətinin dəlillərində məhz, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin qərarına baxmayaraq cavabdeh orqan tərəfindən tikintinin aparılmasına manelər törədilməsinə gəldikdə, məhkəməyə həmin qərar qanuni qüvvəsini aldıqdan sonra real hərəkətləri ilə bu müdaxiləni təsdiq edə bilən sübutlar məhkəməyə təqdim olunmamış, ümumi ifadə tərzində iddia edir ki, cavabdeh tərəfindən məhkəmə qərarının icrasından yayındığını, qanunsuz əməlləri ilə ona maddi və mənəvi ziyan vurmuşdur. Halbuki, cavabdehin qanunsuz əməllərinin nədən ibatə olmasını, iddia olunan miqdarda maddi və mənəvi ziyanın vurulmasını və həmin zərin necə və hansı əsaslara görə yarandığını sübut etmək vəzifəsi onun üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68) İddiaçı cavabdeh tərəfindən ona iddia olunan maddi və mənəvi ziyanın vurulmasını sübuta yetirmədiyi halda, sonuncunun məhkəmə qərarı ilə üzərinə düşən öhdəliyini pozmasından söhbət gedə bilməz. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin cavabdehin mülki məsuliyyətinin yarandığını mübahisələndirən dəlillərini əsassız sayır. İPM-in 34-cü maddəsinin qeyd olunan mənası da məhz onu ehtiva edir ki, inzibati orqan tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulduğu halda öhdəliyin icrası haqqında iddia vasitəsi ilə nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini faktlar-nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikaytinin birinci instansiya məhkəməsinin qərarın əsassız olduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1214/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1214/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar