Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1773/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Təhsildə X1rşı “diplomun tanınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun nostrifikasiya olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9904/2022 saylı 09 dekabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Moskva Beynəlxalq Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli diplomun surətindən görünür ki, iddiaçı Menecment ixtisasını müvəffəqiyyətlə bitirmiş və ona bakalavr ali ixtisas dərəcəsi verilmişdir. Diploma əlavədən görünür ki, iddiaçının aldığı təhsil “qiyabi” təhsil formasında keçirilmişdir. İddiaçı bakalavr diplomunun tanınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina olunmuşdur. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin NA00004418 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, imtinaya səbəb iddiaçının sözügedən təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmasıdır. İddiaçı diplomun tanınması və şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu tərəfindən onun müraciətinə cavab olaraq elektron məktubla bildirilmişdir ki, ali təhsil sənədlərinin araşdırılması zamanı Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutunun tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Bu səbəbdən onun aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdır. Hazırda İddiaçı cavabdeh Təhsildə X1rşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “diplomun nostrifikasiya olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, diplomun tanınması ilə bağlı müraciətə cavabdeh tərəfindən əsassız olaraq imtina edilmişdir. Belə ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina müvafiq ekspertizanın mənfi rəyinin tələb olunması və bu rəyin Qaydaların 3.7-ci maddəsində göstərilən 3 haldan birində verilə bilməsi ilə şərtləndirilmişdir. Lakin, cavabdeh inzibati orqanın imitna məktubundan da göründüyü kimi, ixtisasın tanınmasından imtina edilərkən həmin hallardan heç birinə istinad olunmamış, çünki bu hallar iddiaçıya münasibətdə mövcud olmamışdır. Bundan başqa, iddiaçı qeyd etmişdir ki, onun aldığı təhsil qiyabi təhsil formasında olsa da, keçirilən tədris zamanı distant texnoloqiyalardan istifadə olunmuşdur ki, bununla da onun ali təhsil müəssisəsində iştirakının təmin edilməsi zəruri olmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçının müraciətinə baxılmış və əsaslı olaraq müraciətin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində olmasını (2013/2014-cü tədris ili üzrə-getməyib, 2014/2015-ci tədris ili üzrə getməyib, 2015/2016-cı tədris ili üzrə - getməyib, 2016/2017-ci tədris ili üzrə - getməyib, 2017/2018-ci tədris ili üzrə - getməyib, 2018/2019-cu tədris ili üzrə - 1 ay) müəyyən etmişdir. Belə ki, sözügedən müddət ərzində iddiaçının ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirilməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmiş və bu barədə onun elektron kabinetində yerləşdirilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9904/2022 saylı 09 dekabr 2022-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, hakim tərəfindən təhsil aldığı universitetə onun həqiqətən də distant texnologiyasının tətbiqi ilə qiyabi təhsil alması barədə sorğu ünvanlanması tapşırılmışdır. Təhsil müəssisəsinə ünvanlanmş müraciət rəsmi cavablandırılmış və arayışlar məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” onun təhsil aldığı müəssisədə tədris normativi üzrə təhsil alması üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qisa müddət ərzində olmasını səbəb gətirərkən distant texnologiyasının tətbiqi ilə (onlayn) olan tədris növünü dərindən araşdırmamış və abituriyent ilə təhsil müəsisəsi arasında bağlanmış müqaviləyə məhəl qoymadan diplomun təsqindən imtina etmişdir. Bununla da, 23 sentyabr 2002-ci il tarixli hökümətlərarası “Razılaşma”nın və 13 may 2003-cü il tarixdə təsdiq edilmiş 455-İİQ № -li “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq һaqqında" “Saziş”in qaydaları və onun vətəndaşlıq hüququ pozulmuşdur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın elektron formada göndərilmiş imtina məktubunun (qərarın) tarixi xx.xx.2022-ci ildir. Həmin imtina məktubunun (qərarın) iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyən olunmur. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı Moskva Beynəlxalq Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli diplomun nostrifikasiya olunmasını arzu edir. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina edərək onun təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmasına istinad etmişdir. Həmin imtina ilə razılaşmayan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, lakin onun iddiası təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı tərəfindən arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edilməməsinə, cavabdeh inzibati orqanın isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etməsinə, cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunmasına, cavabdehin imtinasının qanunvericiliyə zidd olmamasına və iddiaçının hüquqlarını pozmamasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.4-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” nın 1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən “Bakalavr” dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; -peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti" nin 1.5-ci bəndinə görə ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrıayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.5-ci bəndinə görə ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Həmin proqramın 8.7-ci bəndinə görə ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir. Həmin proqramın 8.7.1-ci bəndinə əsasən ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. Həmin proqramın 8.7.2-ci bəndinə əsasən əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriatsəviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. Həmin proqramın 8.7.5-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 saylı 3 fevral 2023cü il tarixli Qərarı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydaların 3-cü bəndinə əsasən ərizəçinin müraciətinə bu Qaydaların 2.4cü bəndində qeyd edilən sənədlər TMİS-ə tələb olunan qaydada daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır. İlk növbədə ərizəçinin təqdim etdiyi sənədlərin rəsmi məlumat mənbələri (Azərbaycan Respublikasının və xarici ölkələrin aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri, təhsil sənədlərinin tanınması üzrə beynəlxalq şəbəkə, xarici ölkələrin aidiyyəti dövlət orqanlarının informasiya sistemləri, xarici ölkələrin ali təhsil müəssisələrinin ali təhsilə dair məlumat bazaları və s.) vasitəsilə doğruluğu müəyyən edilir. Apostil reyestri mövcud olan ölkələr tərəfindən verilmiş apostil şəhadətnaməsinin (möhürünün) həqiqiliyi həmin reyestr vasitəsilə yoxlanılır. Ərizəçinin müraciətinə baxılması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq aşağıdakı məlumatların yoxlanılması məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə və ehtiyatlarına sorğular edilir: ərizəçinin fərdi məlumatlarındakı (adı, soyadı, atasının adı, yaşayış ünvanı, qeydiyyat ünvanı, vətəndaşlığı və s.) dəyişiklik; ərizəçinin təhsilalma tarixi; ərizəçinin hərbi mükəlləfiyyəti; ərizəçinin əmək fəaliyyəti; ərizəçinin sərhədkeçmə qeydiyyatı. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən agentlik tanınma üçün yerli və xarici müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edə bilər. Həmin Qaydaların 3.8-ci bəndinə əsasən tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. 3.9. Bu Qaydaların 3.8.1 – 3.8.3-cü yarımbəndlərində nəzərdə tutulan qərarlar tanınma şəhadətnaməsi ilə rəsmiləşdirilir və həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 3.11. Tanınmadan imtina edildiyi halda bu barədə qərar səbəbləri göstərilməklə həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olubolmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır. Həmçinin birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş sərhədkeçmə məlumatından görünür ki, İddiaçı 2018-2022-ci illər ərzində Gürcüstan və Rusiya Respublikaları istiqamətində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumatlar belədir: xx.xx.2018-çıxış, xx.xx.2018-giriş, xx.xx.2019-çıxış, xx.xx.2019-giriş, xx.xx.2019çıxış, xx.xx.2019-giriş, xx.xx.2021-çıxış, xx.xx.2021-giriş, xx.xx.2022-çıxış, xx.xx.2022giriş. Göründüyü kimi, İddiaçı menecment ixtisası üzrə 2013-cü ildən 2019-cu ilədək qiyabi formada təhsil almış, aldığı təhsil qiyabi formada tədris olunduğu halda, o, tədris müddəti ərzində təhsil aldığı ali təhsil müəssisəsində yalnız 1 ay olmuşdur. Beləliklə, iddiaçının müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən iddiaçının Moskva Beynəlxalq Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət ərzində olması, diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olduğu müəyyən edildiyindən, müvafiq şəhadətnamənin verilməsindən imtina olunmuşdur. O ki qaldı Moskva Beynəlxalq Universiteti tərəfindən İddiaçı ünvanlanmış olan məktubda iddiaçının təhsil müddəti əsasında distant təhsil texnoloqiyalarından istifadə olunması göstərilsə də, bu hal iddiaçının aldığı təhsilin “distant” olduğu mənasını vermir. Belə ki, qeyd olunmalıdır ki, qiyabi və distant (məsafədən) təhsilalma formaları “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda bir-birindən fərqləndirilən anlayışlardır. Qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını özündə ehtiva etmir. Bu üsul (distant texnologiyalar vasitəsi ilə) sadəcə şəxsin iradə ifadəsindən asılı olaraq təhsilin məsafədən davam etdirilməsinin metodudur. Eyni zamanda kollegiya onu da qeyd edir ki, hətta, iddiaçının menecment ixtisası üzrə aldığı təhsil əyani-qiyabi, qiyabi-distant təhsilalma formalarında tədris olunsaydı belə, iddiaçının diplomunun tanınması mümkün olmazdır. Oxşar işlər üzrə Azərbayxcan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi müvafiq qərarlarında belə sərgilənmişdir (2-1(102)-794/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı). Həmin qərarda qeyd olunmuşdur ki, “Qiyabi və distant (məsafədən) təhsilalma formaları “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda bir-birindən fərqləndirilən anlayışlardır. Qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını özündə ehtiva etmir.” Məhkəmə kollegiyasının yuxarıda qeyd olunanlarla bağlı cavabdehin imtinasını əsaslı sayaraq birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsi barədə gəlinən nəticə ilə razılaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın tələblərinə uyğun olduğundan iddia tələbi əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi iddia ərizəsi ilə eynilik təşkil etməklə formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9904/2022 saylı 09 dekabr 2022-ci il tarixli dəyişdirilməsən saxlanılmalıdır.. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9904/2022 saylı 09 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1773/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1773/2023
24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver