Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1774/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi ilə (məruzəçi), Nuriyeva Afaq Bayram qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçılar İddiaçı15, X1, X3, İddiaçı10, İddiaçı26, X6, İddiaçı18, İddiaçı24; İddiaçıların İddiaçı18 vəkili Vəkil1; Cavabdehin nümayəndəsi X2 ; xxxxxxxxx MTK-nın nümayəndəsi, Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı15 və qeyrilərinin Cavabdehnə qarşı (üçüncü şəxs: “xxxxxxxxx” MTK) “sərəncam və aktların ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(112)-109/2020 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və qeyriləri cavabdeh Bakı şəhəri Cavabdehnə və 3-cü şəxs «xxxxxxxxx» MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli 263 nömrəli sərəncamının və əlaqəli aktların Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov 158 ünvanına dair hissədə ləğv edilməsini xahiş etmişlər. İddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli 263 nömərli Sərəncamının icrasının dayandırılması” ilə bağlı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-109/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-109/2020 saylı qərardadının ləğv edilməsi, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən sərəncamın ləğvi üçün əsaslı şübhələr var. Belə ki, Sərəncam Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarına ziddir. Odur ki, ərizə təmin olunmalıdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçıların vəkili apellyasiya şikayətinə uyğun izahat verərək bildirmişdir ki, iş materiallarındakı ekspert rəylərində binanın qəzalı halda olması qeyd olunmayıb. Mübahisəli bina kooperativ binasıdır və yerləşdiyi torpaq sahəsi kooperativ üzvlərinin ümumi paylı mülkiyyətindədir. Sərəncam AR NK-nın qərarına əsasən verilib. Qərarda dövlət mülkiyyətində olan torpaq sahələrində yerləşən binaların sökülməsindən bəhs edilir. Mənzil Məcəlləsinin 35.1-ci maddəsində göstərilib ki, binanın evlərində çıxarış varsa həmin binanın yerləşdiyi torpaq sahəsi kooperativin üzvlərinin xüsusi ümumi paylı mülkiyyətindədir. Müqavilənin 1.2-ci maddəsinə əsasən bütün mülkiyyətçilərin razılığı alındıqdan sonra tikinti başlanılmalı idi. Sərəncam isə əvvəlcədən verilib. Şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-109/2020 saylı qərardadının ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş emişdir. İddiaçılar vəkilin izahatı ilə razılaşaraq əlavələrinin olmadığını bildirmişlər. Cavabdehin nümayəndəsi İş materiallarına uyğun izahat verərək bildirmişdir ki, pilot layihə çərçivəsində AR NK-nın qərarına əsasən şəhərin görüntüsünə xələl gətirən və seysmik cəhətdən təhlükəli olan binaların sökülməsi nəzərdə tutulub. Bina 54 mənzildən ibarətdir. 40 mənzilin sahibi ilə razılıq əıdə olunub. Apellyasiya şikayətinin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-109/2020 saylı qərardadının qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “xxxxxxxxx” MTK-nın nümayəndəsi iş materiallarına uyğun izahat verərək bildirmişdir ki, torpaq sahəsinin xüsusi mülkiyyətdə olmasına dair heç bir sübut yoxdur. Bağlanılmış müqavilə əsasında MTK qanuni qaydada fəliyyət göstərir. İddiaçılara təkliflər olunub, qəbul etməyiblər. Hüquqlarından sui-istifadə edirlər. Apellyasiya şikayətinin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-109/2020 saylı qərardadının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, tərəflərin nümayəndələrinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materialları əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri Cavabdeh ilə “xxxxxxxxx” MMC arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarı əsasında xx.xx.2017-ci il tarixində Şirkət tərəfindən Nəsimi rayonu Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) tikilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh layihəyə razılığı həmin ərazidəki sakinlərlə Şirkət arasında razılaşmalar əldə olunduqdan və müqavilələr imzalandıqdan sonra veriləcək. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-109/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/421 nömrəli ekspert rəyinin nəticəsində göstərilmişdir ki, baxış keçirilən zaman aşkar edilmiş (rəyin tədqiqat hissəsində göstərilən) qüsurların yaşayış binasının faktiki vəziyyətdə dayanıqlığına mənfi təsir göstərməsi vizual olaraq müəyyən edilməsə də, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş mütəxəssis rəyinin nəticəsinə görə ünvan 2 saylı ünvanda yerləşən yaşayış binasında, açıq eyvanların müxtəlif inşaat materialları ilə bağlanması və genişləndirilməsi binanın əlavə (layihə üzrə nəzərdə tutulan normadan artıq) yüklənməsinə səbəb olduğu üçün binanın və onun ayrı-ayrı konstruktiv elementlərinin dayanıqlığı üçün potensial təhlükə yaradır. Rəyin tədqiqat hissəsində göstərilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş mütəxəssis rəyinin nəticəsinə görə, ünvan 2 saylı ünvanda yerləşən yaşayış binasının yükdaşıyan konstruksiyaları qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş mütəxəssis rəyinin nəticəsi nəzərə alınmaqla, rəyin tədqiqat hissəsində göstərilmiş şərait və Normativ aktların tələblərinə əsasən, ünvan 2 saylı ünvanda yerləşən yaşayış binası, tikinti-quraşdırma işləri aparılan inşaat meydançasının (Şamil Əzizbəyov küçəsi və Azadlıq prospektində) daimi və potensial təhlükəli faktorlarının təsir zonasında yerləşdiyinə görə binanın istismarı sakinlərin həyat və sağlamlıqları üçün təhlükəlidir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına İnzibati Prosessual Məcəllənin 40.1, 40.2, 40.3 və 43.1-ci maddələrini, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-cı il tarixli Qərarını tətbiq etməklə belə qərara gəlmişdir ki, müvəqqəti xarakterli müdafiə barədə ərizə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, ididaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-cı il tarixli Qərarında göstərilmişdir: “Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır.” Bunları nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-109/2020 saylı qərardadı ləğv edilməli, iddiaçılar tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməlidir. Belə ki, Cavabdeh ilə Şirkət arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh layihəyə razılığı həmin ərazidəki sakinlərlə Şirkət arasında razılaşmalar əldə olunduqdan və müqavilələr imzalandıqdan sonra verməlidir. Hazırki şəraitdə isə Şirkətin binanın bütün sakinləri ilə razılığa gələ bilmədiyi işin mübahisəsiz halıdır. Həmçinin, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/421 nömrəli ekspert rəyinin nəticəsində göstərilmişdir ki, binan tikinti-quraşdırma işləri aparılan inşaat meydançasının (Şamil Əzizbəyov küçəsi və Azadlıq prospektində) daimi və potensial təhlükəli faktorlarının təsir zonasında yerləşdiyinə görə binanın istismarı sakinlərin həyat və sağlamlıqları üçün təhlükəlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçılar İddiaçı15 və digərləri tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-109/2020 saylı qərardadı qərardadı ləğv edilsin. İddianın təmini tədbiri barədə ərizə təmin edilsin. Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli 263 nömrəli sərəncamının və əlaqəli aktların Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov 158 ünvanına dair hissədə ləğv edilməsi tələbinə dair iddia ərizəsinə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul olunanadək Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli 263 nömərli Sərəncamının icrası Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov 158 ünvanına dair hissədə dayandırılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1774/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1774/2020
13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver