Məhkəmə qərarları › İş №2-1(103)-1774/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1774/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1774/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4443/2021 saylı, 03 may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni 07.04.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1978-ci il tarixdən etibarən müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin, təhsil və hərbi müddəti nəzərə alındıqda, onun 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. 01.01.2006-cı il tarixədək fəaliyyət göstərdiyi trolleybus sürücüsü vəzifəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahıda 23004000-11462 saylı kod altında nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin ümumi iş stajının 25 ildən az olması səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasına əsasən, o, 05.07.1982-10.05.1980-ci (02 il 01 ay 25 gün) il ərzində sovet ordusunda hərbi xidmətdə, 01.10.1982-16.05.1983-cü il (07 ay 15 gün) illər ərzində texniki peşə məktəbində təhsil almış, 06.06.1983-cü ildən isə müəyyən dövrlər ərzində müəyyən peşələrdə işləmişdir. İddiaçının təqdim etdiyi Ağsu rayon İcra Hakimiyyəti Ağsu rayon Dövlət Arxivi tərəfindən tərtib edilmiş 12.03.2020-ci il tarixli 31 saylı arayışdan göründüyü kimi, iddiaçı “Lenin” adına kolxozda 1978-ci ildə 12 gün işləyərək 16,06 rubl, 1997-ci ildə 47 gün işləyərək 100,39 rubl və 1980-ci ildən 41 gün işləyərək 101,87 rubl əmək haqqı almışdır. Onun əmək kitabçası və X9 tərəfindən verilmiş ilə ümumi əmək stajı hesablandıqda (hərbi xidmət və təhsil müddəti də daxil edilməklə) onun 01.01.2006-cı ilədək ümumi iş stajı 23 il 06 ay 28 gündür və bu qanunla tələb olunan 25 ildən azdır. Cavabdehin etirazının digər bir əsası odur ki, iddiaçı özünün təqdim etdiyi əmək kitabçasında və AR Nəqliyyat, Rabitə və Yüksək Texnoloqiyalar Nazirliyi tərəfindən verilmiş 24.04.2019-cu il tarixi arxiv arayışından Bakı şəhəri Troleybus Parkında işlədiyi peşələrin güzəştli peşələr olması qeyd edilməmişdir və onun işlədiyi həmin peşələr güzəştli pensiya hüququ verən peşələr kimi qəbul edilə bilməz. SOCAR tərəfindən təqdim edilmiş 29.04.2019-cu il tarixli arayışından görünüdüyü kimi, o, 04.11.2013-cü ilədək Heydər Əliyev adına X8 işləmişdir və qeyd edilən müəssisədə 05 il 05 ay 22 gün ərzində işlədiyi peşələr ona güzəştli pensiya hüququ verən peşələr olmuşdur. Lakin, qeyd edilən peşələrdə iddiaçının işlədiyi dövr 01.01.2006ci ildə olduğu üçün ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən, cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4443/2021 saylı, 03 may 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 57 yaşdan, yəni 07.04.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək apellyasiya şikayətini etirazına uyğun əsaslandırıb məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı 06.06.1983-cü il tarixdə Bakı şəhəri Trolleybus parkına 4-cü dərəcəli elektrik çilingəri vəzifəsinə qəbul olunmuş, 09.10.1984-cü il tarixdən 3-cü dərəcəli sürücü vəzifəsinə keçirilmiş, 05.08.1988-ci il tarixdə trolleybus sürücü üzrə 2-ci dərəcə verilmiş, 29.01.1990-cı il tarixdə trolleybus sürücü üzrə 1-ci dərəcə verilmiş, 10.09.1998-ci il tarixdə Bakı şəhəri Trolleybus parkının nəznində olan Mənzil İstismar Kontoruna elektrik quraşdırıcı işinə qəbul olunmuş və 04.08.1999-cu il tarixdə öz xahişi ilə işdən azad olunmuş (16 il 01 ay 29 gün); 13.08.1999-cu il tarixdə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 15 saylı yataqxanasına çilingər vəzifəsinə təyin edilmiş, 14.10.1999- cu il tarixdə həmin yataqxanada elektrik vəzifəsinə keçirilmiş və 03.04.2000-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş (07 ay 21 gün); 11.04.2000-ci il tarixdən 31.10.2002-ci il tarixədək “İlahə-96” İKM-də elektrik vəzifəsində (02 il 06 ay 21 gün), 01.11.2002-ci il tarixdən 30.07.2008-ci il tarixədək “xxxx” X2 elektrik vəzifəsində (01.01.2006-cı il tarixədək- 04 il 01 gün); 04.11.2013-cü ildən hazırki günədək Heydər Əliyev adına X8 elektrik montyoru peşəsində işləyir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək iddia tələbini təmin etmiş, İddiaçı 57 yaşdan, yəni 07.04.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini qərara almışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Cavabdehin imtina məktubundan görünür ki, cavabdeh öz imtinasını aşağıdakılarla əsaslandırmışdır: 1. 01.01.2006-cı il tarixədək ümumi iş stajının toplanmaması; 2. 2. 01.01.2006-cı il tarixədk güzəştli iş stajının toplanmaması; 3. fərdi sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatna imkan verməməsi. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən normaların tələblərindən də göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun təhsil və hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı 01.10.1982-ci ildə “Tramvay və trolleybus vaqonlarının elektrik avadanlıqları üzrə çilingər elektrik” peşəsi üzrə Bakı şəhəri 178 №-li orta texniki peşə məktəbinə daxil olmuş və 16.05.1983-cü ildə həmin peşə məktəbini bitirmişdir. Göründüyü kimi, iddiaçının təhsil illəri 07 ay 16 gün təşkil edir. Məhkəmə kollegiyası “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinin tələblərini rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçının 07 ay 16 gün təşkil edən təhsil müddəti ümumi staja daxil edilməlidir. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletindən görünür ki, iddiaçı 10.05.1980-ci il tarixdən 05.06.1982-ci il tarixədək hərbi xidmətdən keçmişdir. 2 il 26 gün təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. İddiaçının ümumi və güzəştli stajını müəyyən etmək üçün, onun kolxozda üzv olduğu dövrə və digər müəssisələrdə işlədiyi dövrlərə isə məhkəmə kollegiyası hesab edir ki, ayrı-ayrılıqda qiymət verilməlidir. İddiaçının 1978-1980-cı illərdə Qaraqoyunlu kəndi “Lenin” adına kolxozda kolxozçu işlədiyi dövr Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışında öz təsdiqini tapmışdır. Sözügedən arxiv arayışında iddiaçının işlədiyi faktiki əmək günləri göstərilsə də, həmin illərdə olan minimum əmək günü norması qeyd olunmamışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə orqana sorğu vermiş, həmin sorğuya cavab məktubundan məlum olmuşdur ki, Ağsu rayonunun “Lenin” adına kolxoza aid 1978-1980-ci illərin kitablarında İddiaçı soyadı Durmuşov soyadı kimi qeyd edilmiş, soyadının dəyişdirilməsi barədə şəhadətnamənin surəti təqdim olunmuşdur. Həmin şəhadətnamə əsasında məlum olmuşdur ki, X1 dəyişdirilərək İddiaçı olmuşdur. Həmçinin, sorğuya cavab məktubunda Ağsu rayonu üzrə minimum əmək iştirakı norması kişilər üçün 240 adam gün müəyyən edilmişdir. 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. 23 sentyabr 1992-ci ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışın məlumatları nəzərə alındıqda müəyyən edilir ki, minimum əmək iştirakı norması 1978- 1980-ci illərdə 240 olmuşdur. Buna qarşılıq iddiaçı 1978-cı ildə - 12 gün; 1979-cu ildə - 47 gün; 1980-ci ildə - 41 gün işləmişdir. Beləliklə, iddiaçı 1978-1980-cı illərdə minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – (12+47+41) x 12 = 1200/ 240 =05 ay. Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının 1978-1980-cı illərdə kolxozlarda işləyərkən faktiki müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq 05 ay iş stajına malik olduğu müəyyən edilir. Məhkəmə kollegiyası iddiaçının Ağsu rayon “Lenin” kolxozundaki əmək fəaliyyəti ilə bağlı arxiv məlumatlarının mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X7) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Ona görə də məhkəmə kollegiyası iddiaçının Ağsu rayon “Lenin” kolxozunda kolxozçu işlədiyinə dair arxiv arayışında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir. Qeyd olunan iş stajı, təhsil və orduda xidmət illəri cəmləndikdə, iddiaçının 01.01.2006-cı il tarixədək 25 il 07 ay 24 gün (07 ay 16 gün + 2 il 26 gün + 05 ay + 22 il 06 ay 12 gün) ümumi iş stajı mövcuddur. Cavabdeh tərəfindən iddiaçının trolleybus sürücüsü vəzifəsində işlədiyi dövrün güzəştli iş stajına daxil edilməməsinin yeganə əsası odur ki, AR Nəqliyyat, Rabitə və Yüksək Texnoloqiyalar Nazirliyi tərəfindən verilmiş 24.04.2019-cu il tarixli arxiv arayışında iddiaçının Bakı şəhəri Trolleybus Parkında işlədiyi peşələr güzəştli peşələr kimi qeyd olunmamışdır. Məhkəmə kollegiyası cavabdehin həmin əsasını təkzib edərək, qeyd edir ki, iddiaçının 06.06.1983-cü il tarixdən 10.09.1998-ci il tarixədək Bakı şəhəri Trolleybus parkında işlədiyi trolleybus sürücü peşəsi güzəştli iş stajına imkan verən peşələrə daxildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda-XXVİİİ..Nəqliyyat.bölməsində 23004000—11462 kodu altında trolleybus sürücüləri zərərli iş kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün trolleybus sürücüsü kimi işlədiyi peşənin, AR Nəqliyyat, Rabitə və Yüksək Texnoloqiyalar Nazirliyi tərəfindən verilmiş 24.04.2019-cu il tarixli arxiv arayışında güzəştli peşə kimi qeyd olunmaması, həmin dövrün güzəştli iş stajı kimi nəzərə alınmaması üçün əsas vermir. Əksinə, Nazirliyik tərəfindən verilmiş arxiv arayışı bir daha onu göstərir ki, Bakı şəhəri Trolleybus Parkı AR Nəqliyyat, Rabitə və Yüksək Texnoloqiyalar Nazirliyinin balansında olmuş və məhz bu səbəbdən, iddiaçının trolleybus sürücüsü kimi fəaliyyət göstərdiyi müddət AR Nəqliyyat, Rabitə və Yüksək Texnoloqiyalar Nazirliyinin Bakı 3№-li Avtonəqliyyat Müəssisəsi MMC-də saxlanılan arxiv sənədlərində öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsinin tələblərinə zidd sayılır. Hal-hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında“ Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazılı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur. İddiaçının təqdim etdiyi arxiv arayışları sadəcə olaraq onun ümumi sığorta stajını təsdiq edən sənəd olaraq mötəbər sübut kimi qəbul edilə bilər, xüsusi sığorta stajını yox. Belə ki, istinad edilən normanın məzmunundan da göründüyü kimi, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Hazırki halda, iddiaçının işlədiyi sahə və peşələrə dair məlumatlar (Siyahıda qeyd edilən məzmunda) əmək kitabçasında aşkar olaraq göstərilmişdir. Cavabdehin imtina məktubunda göstərilən 3-cü əsas ilə bağlı isə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək “Vətəndaşların pensiya təminatı” haqqnda Qanunun 13-cü maddəsinin b) bəndində nəzərdə tutulan ümumi və güzəştli iş stajları toplanıldığından, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilən zaman, məhz həmin qanunvericiliyin normaları tətbiq olunmalıdır. Başqa sözlə desək, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı müddəa qanunun həmin dövrdə qüvvədə olan redaksiyasında nəzərdə tutulmadığından, iddiaçının topladığı ümumi və güzəştli iş stajları, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas verir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə 19.10.2020-ci il tarixdə (imtina məktubunda göstərilən tarix) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil də, məhz onun pensiya hüququ yarandığı tarixdən, yəni 07.04.2019-cu il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4443/2021 saylı, 03 may 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar