Məhkəmə qərarları › İş №2-1(103)-1774/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1774/2022

19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1774/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və ödənilməyən məbləğin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2754/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqanın **********1 nömrəli 06 avqust 2021-ci il tarixli imtinasının qanunsuz və əsassız sayılması, iddiaçıya təyin edilmiş əmək pensiyasının aylıq məbləği 52 yaşının tamam olduğu 10.03.2019-cu il tarixindən (81263,31:144=564,32) 564,32 manat təyin olunmaqla, 2020-ci ildən başlayaraq hər ilin əvvəli əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilərək, iddiaçıya ödənilən məbləğ çıxılmaqla yaranmış fərq nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməyən məbləğin iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək pensiyasının yenidən hesablanmasına dair cavabdeh orqana müraciət etmiş, cavabdeh **********1 nömrəli 06 avqust 2021-ci il tarixli məktubla bundan imtina etmişdir. Aşağıdakı əsaslara görə cavabdehin bu imtinası qanunsuz və əsassız sayılmalı, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməlidir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 20.05.2020-ci il tarixli, 2- 1(112)-923/2020 saylı qərarına əsasən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləği hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçıya təyin edilən pensiya məbləği düzgün hesablanmamışdır. İddiaçının fərdi hesabında 81263,31 manat sığorta kapitalı yığılmışdır. Cavabdeh həmin məbləği 144-ə deyil, 288-ə bölmüş və nəticədə iddiaçıya 282,17 manat aylıq pensiya təyin etmişdir. Bunun hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə istinad etmişdir. Halbuki, həmin maddə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı zamanı deyil, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alan və işləməkdə davam edən şəxslərin 6 ildən bir pensiyası hesablanan zaman tətbiq olunmalıdır. Əslində iddiaçı 52 yaşının tamam olduğu 10.03.2019cu il tarixində (81263,31:144=564,32) 564,32 manat məbləğində aylıq pensiya təyin edilməlidir. Sonradan həmin məbləğ hər ilin əvvəlində indeksləşdirilməldir.. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2754/2022 saylı, 24 fevral 2022-ci il qərarı (hakim M.Qarayeva) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona təyin edilən pensiya məbləği düzgün hesablanmamışdır. Onun fərdi hesabında 81263,31 manat sığorta kapitalı yığılmışdır. Cavabdeh həmin məbləği 144-ə deyil, 288-ə bölmüş və nəticədə ona 282,17 manat aylıq pensiya təyin etmişdir. Bunun hüquqi əsası kimi Əmək pensiyaları haqqında Qanunun 45-ci maddəsinə istinad etmişdir. Halbuki, həmin maddə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı zamanı deyil, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alan və işləməkdə davam edən şəxslərin 6 ildən bir pensiyası hesablanan zaman tətbiq olunmalıdır. Əslində ona 52 yaşının tamam olduğu 10.03.2019-cu il tarixində (81263,31:144=564,32) 564,32 manat məbləğində aylıq pensiya təyin edilməli idi. Sonradan həmin məbləğ hər ilin əvvəlində indeksləşdirilməlidir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)923/2020 saylı 20.05.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı 01.09.1984-cü il tarixdən 29.04.1989-cu il tarixədək Sovet ordu sıralarında həqiqi hərbi xidmət keçdiyi müddət və Bakı Neft Texnikumunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməklə, ona 52 yaşı tamam olduğu 10.03.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən ayların pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qərara əsasən, iddiaçıya 25 avqust 2020-ci il tarixində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 il 4 ay 19 gün olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 52 yaşının tamam olduğu 10 mart 2019-cu il tarixindən hesablanmışdır. Eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı (iddiaçıya münasibətdə müvafiq məhkəmə qərarına əsasən 52 yaş) ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (10.03.2019cu il tarixinə kişilər 64 yaş) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar olaraq, işlədiyi dövrdə qazandığı 81263,31 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin tələblərinə uyğun qaydada (81263,31:288 ay (64 yaş-52 yaş=144 ay+144 ay))=282,17 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının hazırki tələbi əmək pensiyasının yenidən hesablanması adlandırılsa da, işin araşdırılmış halları onu göstərir ki, iddiaçı məhkəmə qərarı ilə təyin edilmiş əmək pensiyasının məbləği ilə ilk gündən razı deyil və onu mübahisələndirərək, məhkəmə qərarı ilə təyin edilən əmək pensiyasının aylıq məbləğinin 564.32 manatdan başlayaraq hesablanmalı olduğunu, məhkəmə qərarı ilə təyin edilən pensiya məbləğində düsturun yalnış götürülməsinə istinad edərək, hesablamanın düzgün aparılmasını xahiş edir. Belə olan halda Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən məsələ məhz məhkəmə qərarının icrası çərçivəsində həll edilməli məsələdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası İPM-in 13-cü maddəsinin (hüquqi yardım göstərmək) tələblərindən çıxış edərək, iddiaçıya izah edir ki, iddiaçı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)923/2020 saylı 20.05.2020-ci il tarixli qərarının icrası çərçivəsində təyin edilmiş pensiya məbləği ilə razı olmadığı halda, qərarın düzgün icrası tələbi ilə ərizə formasında (ayrıca iddia ərizəsi formasında deyil) həmin məhkəməyə müraciət etməli və qərarın düzgün icrasını tələb etməli, məhkəmə tərəfindən də qərarın icrası çərçivəsində həmin ərizəyə baxılıb mahiyyəti üzrə münasibət bildirilməlidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2754/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və ödənilməyən məbləğin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar