Məhkəmə qərarları › İş №2-1(103)-1774/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1774/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1774/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “təmir işlərinin dayandırılması və qeydiyyat sənədlərinin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11913/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 29 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək zirzəmidə aparılan təmir işlərinin dayandırılması, çəkilmiş, təsdiq olunmuş razılıq alınmadan qanunsuz sxem-plan, çertyoj və qeydiyyat sənədlərinin ləğv olunması, Bakı şəhər departamentinin rəhbərliyinə belə hallara yol verməmələri haqda xəbərnamə göndərilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11913/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakim T.Məlikov) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahələrinə verilmiş çıxarışlar və texniki sxemlərin ləğv olunması, Nərimanov rayonu, N. Nərimanov küçəsi ev 5A saylı evin zirzəmisində aparılan söküntü işlərinin dərhal dayandırılması, 5A saylı evin zirzəmisinə dəymiş ziyanın cavabdeh tərəfindən yenidən təmir olunaraq aradan qaldırılmalısını xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11913/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qərardadı poçt vasitəsilə İddiaçı xx.xx.2023cü il tarixli göndəriş məktubu ilə göndərilmiş, xx.xx.2024-cü il tarixdə poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısına “İddiaçı” yazılaraq imza edilməklə qəbul edilmişdir. Lakin apellyasiya şikayəti məhkəməyə elektron qaydada xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırki apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsinə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmiş və iddiaçının elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş xx.xx.2024-cü il tarixli bildirişlə məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardaddan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin mümkün hesab edilərək, icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından iddiaçıya apellyasiya qaydasında mübahisələndirdiyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11913/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qərardadından apellyasiya şikayətini qanunla müəyyən edilmiş 10 günlük müddət ərzində verdiyini təsdiq edən sübutları və ya həmin müddətin ötürüldüyü təqdirdə həmin müddətin üzrlü sayılması ilə bağlı müddətin bərpasına dair müvafiq ərizəni verməklə bağlı hüquqi yardım göstərilsə də, iddiaçının həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirmədiyini nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidir. Həmçinin, Məhkəmə kollegiyası oxşar mövqe ilə bağlı diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)- 2362/2022 saylı qərardadında qeyd edilmişdir ki,

11. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 7 (a) bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından hazırkı işdə prosessual müddətin axımı 23.05.22-ci il yəni məhkəmə qərarının cavabdehin elektron kabinetinə yüklənməsi tarixindən hesablandıqda kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddət buraxılmış hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası

QƏRARAALDİ:

Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11913/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Rəşid Səmədov Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar