Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1774/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4237/2024 saylı, 26 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151 ünvanında yerləşən 2 saylı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151 ünvanında yerləşən 2 saylı mənzil onun mülkiyyətindədir. Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 ünvanında yerləşən 2 nömrəli mənzilə küçə tərəfdən, giriş qapısının açılmasına Bakı şəhəri Cavabdeh Başçısının aparatının xx.xx.2006-cı il tarixli Z- 27 saylı razılığı ilə icazə verilmişdir. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151 ünvanında yerləşən 2 saylı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Həmin müraciətə Bakı şəhəri Cavabdeh Başçısının İ müavini İradə Muradova tərəfindən baxılmış və yerində baxış zamanı təyinatı dəyişdirilmiş sahədən istifadənin yaşayış və qeyriyaşayış sahələri üçün qanunvericilikdə müəyyən olunmuş texniki norma və qaydalara uyğun olmadığı müəyyən edildiyi bildirilərək müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, bununla da, qanuni hüquqları pozulmuşdur. Belə ki, həmin ərazidə birinci mərtəbələrin əksəriyyəti yaşayış sahələrini qeyri-yaşayış sahələrinə keçirərək kommersiya və ya digər sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. İddiaçı da, qanunvericiliyin müddəalarından istifadə edərək mülkiyyətində olan mənzilin qeyri-yaşayış qismində istifadəsi üçün bütün qanuni yollardan istifadə edərək hüquqlarını həyata keçirməyə çalışır. Lakin, inzibati orqanların əsassız suni maneələri nəticəsində adıçəkilən mülkiyyət hüquqlarını həyata keçirilə bilmir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4237/2024 saylı, 26 noyabr 2024-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətinə əsasən sözügedən sahəyə yerində keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, yalnız küçəyə giriş qapısının açılması istisna olmaqla Cavabdehin razılığı olmadan, iddiaçı tərəfindən yaşayış binasının hüdudlarından kənarda torpaq sahəsi zəbt edilməklə mənzildə yenidənqurma və yenidən planlaşdırma işləri aparılmış və hal-hazırda obyekt kimi fəaliyyət göstərməkdədir. Qeyd olunanlara əsasən, yenidənqurma və yenidən planlaşdırma işləri nəticəsində mənzilin yükdaşıyan konstruktiv elementlərinin dayanıqlığının texniki və sanitar normalara uyğunluğu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin rəyinin təqdim edilməsi zərurəti yaranmışdır. Sözügedən mənzildə aparılmış yenidənqurma işləri Cavabdeh ilə razılaşdırılmadan həyata keçirildiyinə, eyni zamanda RİH-ə təqdim olunmuş texniki pasportda əks olunmadığına görə özbaşına aparılmış hesab olunur. Bu səbəbdən yenidənqurma və yenidən planlaşdırma işləri nəticəsində mənzilin yükdaşıyan konstruktiv elementlərinin dayanaqlığının texniki və sanitar normalara uyğunluğu barədə müvafiq rəyin alınması zərurəti yaranmışdır. Məhkəmə tərəfindən iş materiallarında olan sübutlara obyektiv şəkildə baxılmadığından iş hərtərəfli, tam və obyektiv araşdırılmamış, aşkar ziddiyyətli məqamların müəyyən edilməməsi sonda qanunsuz və əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Bununla da, məhkəmə əsas təqdim olunmuş sənədləri tədqiq etməmiş, təqdim olunmalı olan sənədləri (çatışmayan sənədləri) ümumiyyətlə araşdırmamış və iddia əizəsində yanlış olan arqumentlərə istinad edərək səhv nəticəyə gəlmişdir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdeh inzibati orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan; - Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24 oktyabr 2003-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 151 ünvanında yerləşən 2 saylı mənzilin hüquqi sahibi olan X1 adına mənzilin həmin tarixdəki vəziyyətinə uyğun texniki pasport tərtib olunmuşdur. - Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 200855 nömrəli Qeydiyyat Vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 151 ünvanında yerləşən 2 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2004-cü il qeydiyyat tarixi, 30/16976 qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. - xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən X9 Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 151 ünvanında yerləşən 2 saylı mənzili İddiaçı bağışlamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 151 ünvanında yerləşən 2 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2022-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı ünvan 4 ünvanında yerləşən 2 nömrəli mənzilin xx.xx.2022-ci il tarixinə olan vəziyyətinə uyğun İddiaçı adına texniki pasport tərtib olunmuşdur. - Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151 ünvanındakı evin 2 saylı mənzilində mövcud pəncərənin qapı ilə əvəz edilməsi barədə layihə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə 18/04-644 nömrəli məktub ilə təsdiq edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən Cavabdeh başçısına ünvanlanmış xx.xx.2006-cı il tarixli 18/04-644 nömrəli məktubla bildirilmişdir ki, Azadlıq prospekti, 151 saylı binanın X6 məxsus 2 saylı mənzilinin pəncərəsinin qapı ilə əvəz edilməsinə etiraz etmir. Görüləcək işlər inşaat norma və qaydaları əsasında, rayon icra hakimiyyətinin nəzarəti altında həyata keçirilməlidir. - Bakı şəhəri Cavabdeh başçısının aparatı tərəfindən mənzilin əvvəlki mülkiyyətçisi X6 ünvanlanmış Z-27 nömrəli xx.xx.2006-cı il tarixli məktubla bildirilmişdir ki, onun müraciəti və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2006-cı il tarixli 18/04-644 nömrəli razılıq məktubu nəzərə alınaraq, Azadlıq prospekti, 151 saylı binadakı 2 nömrəli şəxsi mənzilinə küçə tərəfdən, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun giriş qapısının açılmasına Cavabdeh etiraz etmir. Müvafiq işlərin gedişi zamanı inşaat norma və sanitariya qaydalarına riayət olunmalı, razılaşdırılmış layihədən kənara çıxılmamalıdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 5-14-2-2-13-162/2023 nömrəli xx.xx.2023cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, yaşadıqları mənzilin təyinatının dəyişdirilməsi (qeyri-yaşayış sahəsinə keçirilməsi) barədə Cavabdehə ünvanlanmış ərizəsinə baxılmışdır. Yerində baxış zamanı təyinatı dəyişdirilmiş sahədən küçəyə açılmış qapının təhlükəli olması səbəbindən istifadənin yaşayış və qeyri-yaşayış sahələri üçün qanunvericilikdə müəyyən olunmuş texniki norma və qaydalara uyğun olmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə, həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 25.1.3, 25.1.4 və 25.1.5-ci maddələrinə əsasən ərizənin müsbət həlli mümkün deyildir. Beləliklə işdən müəyyən olunur ki, iddiaçının tələbi Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151 ünvanında yerləşən 2 saylı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlıdır. İşə baxmış birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının müraciətinin təmin edilməsindən küçəyə açılmış qapının təhlükəli olması, sahədən istifadənin və qeyri-yaşayış sahələri üçün qanunvericilikdə müəyyən edilmiş texniki norma və qaydalara uyğun olmadığı əsas gətirilməklə imtina edilsə də, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihə əsasında sahənin ümumi istifadədə olan hissədən (blokdan) mövcud olmuş girişçıxış qapısı bağlanmış, küçəyə tərəf olan pəncərə boşluğundan ayrıca-giriş qapısı quraşdırmış, sahə beş mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşməklə faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunur və həmin yaşayış binasında iddiaçıya məxsus mənzilə bitişik olan digər mənzillər də, küçə tərəfdən giriş-çıxış qapısı quraşdırılmaq yolu ilə faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edilir. Təqdim edilmiş ekspert rəyi ilə də, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi Mənzil Məcəlləsinin tələblərinə və norma qaydalara uyğun olduğu bir daha öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən imtina məktubunun hüquqi əsası olaraq Mənzil Məcəlləsinin 25.1.3, 25.1.4 və 25.1.5-ci maddələrinə istinad edilsə də, iddiaçı cavabdehə mənzil sahəsində yenidənqurma işlərinin aparılması ilə bağlı deyil, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı müraciət etmişdir və məhkəmə araşdırması zamanı Mənzil Məcəlləsinin tələblərinə əsasən iddiaçıya məxsus yaşayış sahəsini qeyri-yaşayış sahəsinə keçirilməsini istisna edəcək hər hansı bir hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. - 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. - 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyriyaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. - 20.4-cü maddəsinə əsasən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. - 20.5-ci maddəsinə əsasən mülkiyyətçi tərəfindən xüsusi mənzil fonduna aid çoxmənzilli binanın yaşayış sahələrinin və yaşayış evlərinin bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri kimi istifadə edilməsi üçün bu Məcəllənin İİİ fəslinə uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunmur. - 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. - 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. - 21.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. - 21.3-cü maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. - 21.6-cı maddəsinə əsasən keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. - 21.7-ci maddəsinə əsasən əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. İşə birinci instansiya məhkəməsində baxılması zamanı məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 10/5451 nömrəli 30 sentyabr 2024-cü il tarixli ekspert rəyinə istinad etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 10/5451 nömrəli 30 sentyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, təqdim olunan sahə faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Belə ki, sahə beş mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşməklə sahənin ümumi istifadədə olan hissədən (blokdan) mövcud olmuş giriş-çıxış qapısı bağlanmış, küçəyə tərəf olan pəncərə boşluğundan ayrıca-giriş qapısı quraşdırılmışdır. Sözügedən sahəyə bitişik olan digər mənzillər də, küçə tərəfdən giriş-çıxış qapısı quraşdırılmaq yolu ilə faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edilir. Beləliklə, mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151 ünvanındda yerləşən 2 saylı yaşayış sahəsinin birinci mərtəbəsində yerləşməsini, faktiki olaraq giriş-çıxışının yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən təmin olunduğunu və Bakı şəhəri Cavabdeh başçısının aparatının xx.xx.2006-cı il tarixli Z-27 nömrəli məktubuna əsasən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2006-cı il tarixli 18/04-644 nömrəli razılıq məktubunu nəzərə alaraq, Azadlıq prospekti 151 saylı binadakı 2 nömrəli şəxsi mənzilə küçə tərəfdən, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun giriş qapısının açılmasına Cavabdehin etiraz etməyini nəzərə alaraq İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151 ünvanında yerləşən 2 saylı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini Mənzil Məcəlləsinin tələblərinə və norma qaydalara uyğun olduğu müəyyən edilmişdir. Tədqiqatın nəticə hissəsinə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151 ünvanında yerləşən 2 saylı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin Mənzil Məcəlləsinin tələblərinə və norma qaydalara uyğun olduğu müəyyən edilmişdir. Cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin dəlili odur ki, iddiaçı tərəfindən həyata keçirilən yenidənqurma və yenidənplanlaşdırma işləri nəticəsində mənzilin yükdaşıyan konstruktiv elementlərinin dayanıqlılığının texniki və sanitar normalara uyğunluğu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin rəyinin təqdim edilməsi zərurəti yaranmışdır. İş materiallarının apellyasiya instansiyası məhkəməsində araşdırılması zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssisləri işə cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 12 may 2025-ci il tarixli, 3-18-2/2-4471/2025 saylı məktubda qeyd edilmişdir ki, çoxmərtəbəli binada edilmiş hər hansı konstruktiv dəyişikliyin həmin binanın təhlükəsizliyinə - təsir edib-etməməsinin müəyyən olunması üçün bina bütövlükdə müayinə olunmalıdır. Müayinə işləri çoxhəcmli olduğundan isə yalnız binanın mülkiyyətçisi (balanssaxlayıcısı) ilə bağlanılmış müqavilə əsasında aparıla bilər. Halhazırda Agentliyin tabeliyində olan qurumların ölkənin müxtəlif şəhər və rayonlarında öz səlahiyyətləri, habelə ali dövlət orqanlarının tapşırıqları əsasında müvafiq tədbirlərin həyata keçirilməsini təmin etdiyini və Agentliyin bu sahədə mütəxəssislərinin məhdud sayda olduğunu nəzərə alaraq, məhkəmə ekspertizalarının aparılması üçün tərəflərindən hər hansı mütəxəssisin ayrılması imkan xaricindədir. Qeyd olunanları nəzərə alaraq, keçirilən məhkəmə ekspertizalarına bu sahədə ixtisaslaşmış özəl məhkəmə ekspertlərinin cəlb edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə Məlumatından görünür ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi tərəfindən mütəxəssis rəyi verilmədiyinə görə iş üzrə materiallar geri qaytarılmışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş 07-339/25 nömrəli, 26 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151 ünvanında yerləşən İddiaçı məxsus 2 saylı yaşayış sahəsinin birinci mərtəbədə yerləşməsini, faktiki olaraq giriş-çıxışının yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən təmin olunduğunu, digər mənzillərin və küçədən keçən piyadaların gediş-gəlişini təmin edən sahələrdən istifadə etməsinə maneçilik törətmədiyini və Bakı şəhəri Nərimanov rayonu İcra hakimiyyəti başçısının aparatının xx.xx.2006-cı il tarixli, Z-27 №li məktubuna və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2006-cı il tarixli, 18/04- 644 №li razılıq məktununa əsasən, Azadlıq prospekti 151 saylı binadakı 2 №-li şəxsi mənzilə küçə tərəfdən, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun giriş qapısının açılmasına Cavabdehin etiraz etmədiyini nəzərə alaraq Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151 ünvünında yerləşən 2 saylı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin Mənzil Məcəlləsinin tələblərinə və norma qaydalara uyğun olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151 ünvanında yerləşən İddiaçı məxsus 2 saylı yaşayış sahəsində görülmüş daxili təmir və dəyişiklik işləri – pəncərə yerində qapının açılması və arakəsmələrin sökülməsi – binanın daşıyıcı konstruksiyalarına müdaxilə olunmadan həyata keçirilmişdir. Bu səbəbdən, qeyd olunan dəyişikliklər binanın dayanıqlığına, yükgötürmə qabiliyyətinə və istismar təhlükəsizliyinə mənfi təsir göstərmir. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş rəydən də göründüyü kimi iddiaçı tərəfindən həyata keçirilən yenidənqurma və yenidənplanlaşdırma işləri binanın daşıyıcı konstruksiyalarına müdaxilə olunmadan həyata keçirilmiş, mübahisə predmeti olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin Mənzil Məcəlləsinin tələblərinə və norma qaydalarına uyğun olduğu müəyyən edilmişdir. Hazırkı halda həm Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 10/5451 nömrəli 30 sentyabr 2024-cü il tarixli ekspert rəyində, həm də "xxxx" MMC tərəfindən təqdim edilmiş 07-339/25 nömrəli, 26 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilənlərin əksini sübut edəcək mötəbər sübutlar cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-ci maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Mövcud qanunvericilik yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsindən imtinaya yalnız 3 halda yol verir ki, həmin halların hazırkı iş üzrə mövcudluğu öz təsdiqini tapmamışdır. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina haqqında qərar Mənzil Məcəlləsinin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalı olsa da, cavabdeh tərəfindən belə əsaslandırma aparılmamış, iddiaçı tərəfindən konkret olaraq hansı pozuntuya yol verilməsi qeyd edilməmişdir. İPM-nin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4237/2024 saylı, 26 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1774/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1774/2025
30.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver