Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1775/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhər Nizami rayon polis idarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və onun yaşayış yeri üzrə qeydiyyatının bərpa olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, 3-cü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Nizami rayon polis idarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və onun yaşayış yeri üzrə qeydiyyatının bərpa olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3250/2021 saylı 06 aprel 2021-ci il tarixli qərarından 3-cü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinə 03 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X1 cavabdeh İddiaçı qarşı cavabdehin onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonunun, E.Süleymanov küçəsindəki 49 saylı evin, 387 saylı mənzilinə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamə cavabdeh İddiaçı apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1986/2019 saylı 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə ləğv edilmiş və iddianın təmin edilməməsi qət olunmuşdur. X4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5174/2019 saylı 26 iyul 2019cu il tarixli qərarı ilə şikayətin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12435/2019 saylı 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3871/2018 saylı 12 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1240/2020 saylı 02.03.2020-ci il tarixli qərarı ilə X4 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(013)-12435/2019 saylı 30 sentyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra İddiaçı ilkin məhkəmə qərarı əsasında onun sözügedən ünvandan qeydiyyatdan qanunsuz olaraq çıxarılmasına istinad edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmiş və onun qeydiyyatının bərpa olunmasını xahiş etmişdir. Həmin müraciətlə bağlı sonuncunun ona ünvanladığı 049-1979/4H-3219 saylı 12.07.2019-cu il tarixli məktubda qeyd olunur ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, X2 ünvan 3 ünvanından Nizami rayon Məhkəməsinin 12.11.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Nizami rayon polis idarəsi tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır. Nizami Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən ləğv edilməsi haqqında qanuni qüvvəyə minmiş qətnamə və ya icra vərəqəsi icra olunması üçün Nizami rayon polis idarəsinə daxil olmadığından, göstərilən ünvana qeydiyyata alınması mümkün olmamışdır. Qeyd olunan qətnamə Nizami rayon polis idarəsinə daxil olduğu halda yaşadığı mənzilə qeydiyyata alınması müsbət qaydada həll olunacaqdır. Müraciətində vətəndaş Faiq İsmayılov tərəfindən qeyd olunan mənzilin qanunsuz olaraq xüsusi mülkiyyət kimi sənədləşdirilməsi ilə əlaqədar, Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın Dövlət reyestri xidmətinə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı müraciətlərinə 049-19791/5H-3219 saylı 26.07.2019-cu il tarixli, 049- 19791/6H-3219 saylı 14.08.2019-cu il tarixli, 049-25771H-3220 saylı 18.05.2020-ci il tarixli və 049-25771/2H-3220 saylı 03.06.2020-ci il tarixli məktublarla eyni məzmunlu cavablar verilmişdir. Bakı şəhəri Nizami rayon polis idarəsinin 087-2297-1U9 saylı 25.01.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-3871/2018 saylı 12.11.2018-ci il tarixli qətnaməsi əsasında 24.11.1969-cu il təvəllüdlü İddiaçı ünvan 6 ünvanından yaşayış yeri üzrə 23.01.2019-cu il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Nizami rayon polis idarəsi tərəfindən İddiaçı ünvanlanmış ***-*******- 3219 saylı 19 aprel 2019-cu il tarixli imtina məktubda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1986/2019 saylı 27 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli 2(007)-3871/2018 saylı qətnaməsinin ləğv olunduğu, bununla əlaqədar, həmin ünvana pasport qeydiyyatına bərpa olunmağı üçün Bakı Apellyasiya Məhkəməsinin iş üzrə yeni qətnamə qəbul etməsi zəruriliyi, təkrar qətnamə qəbul edilib icraya yönəldildikdən sonra, onun həmin ünvana pasport qeydiyyatına bərpa olunması məsələsinə tərəflərindən baxılacaqdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 018-25771/311-3220 25.12.2020-ci il tarixli məktubdan görünür ki, Nizami rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(007)- 3871/2018 saylı 12.11.2018-ci il tarixli qətnaməsinə əsasən qeydiyyatdan çıxarıldığı ünvan 6 ünvanına qeydiyyatının qətnamənin icrasından əvvəlki vəziyyətə qaytarılması və ya yenidən həmin ünvana qeydiyyata alınmağı ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və ya qətnamə üzrə verilmiş icra vərəqəsi Bakı şəhəri Nizami rayon polis İdarəsinə daxil olduğu təqdirdə qeydiyyatının bərpa edilməsi məsələsinə baxılacağı qeyd olunmuşdur. Beləliklə, iddiaçı onun sözügedən ünvana qeydiyyatının bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina olunmuşdur. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Bakı şəhər Nizami rayon polis idarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və onun yaşayış yeri üzrə qeydiyyatının bərpa olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamələrinə əsasən X1 ona qarşı mübahisəli mənzildən qeydiyyatdan çıxarılması barədə iddia tələbinin təmin olunmamasına baxmayaraq, Bakı şəhəri Nizami rayon polis idarəsi həmin məhkəmə qətnamələrini nəzərə almamış, onu mənzildən qeydiyyatdan çıxarmışdır. Bakı şəhəri Nizami rayon polis idarəsinin 25.01.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12.11.2018-ci il tarixli 2(007)-3871/2018 saylı qətnaməsi əsasında o, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 49 saylı evin, 387 saylı mənzilindən 23.01.2019-cu il tarixdən qeydiyyatdan çıxarılmışdır. Halbuki, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv olunmuşdur. O, həmin ünvana yenidən qeydiyyata salınmağı ilə bağlı Bakı şəhəri Nizami rayon polis idarəsinə müxtəlif tarixlərdə müraciət etsə də, ona yeni qətnamənin qəbul edilməsinin zəruri olduğu və bunun üçün məhkəməyə müraciət etməli olduğunu bildirilərək, imtina məktubları verilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3250/2021 saylı 06 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı ünvan 6 ünvanına yaşayış yeri üzrə qeydiyyatının bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs X4 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sevinc Hüseynova məhkəmə qərarına əsasən sözügedən ünvanda yerləşən mənzildən qeydiyyatdan çıxarılmışdır. Bakı Apellyasiya Mıhkəməsinin 15.02.2021-ci il tarixli qətnaməsinə əsasən onun tərəfindən Sevinc Hüseynovaya 12000 manat məbləğində kompensasiya ödənilməklə sonuncunun mənzildən istifadə hüququna xitam verilmişdir. Buna görə də hazırki iş üzrə məhkəmə qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Tərəflərin izahatları: 3-cü şəxs X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. 03 noyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı və cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Bakı şəhər Nizami rayon polis idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 22.09.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə İddiaçı cavabdeh Bakı şəhər Nizami rayon polis idarəsinə qarşı tələbi “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və onun Bakı şəhəri, Nizami rayonunun, E.Süleymanov küçəsindəki 49 saylı evin, 387 saylı mənzilə yaşayış yeri üzrə qeydiyyatının bərpa olunması” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında ləğv olunmasının cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmamasına və heç bir qanuni əsas olmadığı (məhkəmə qətnaməsi qanuni qüvvəyə minmədiyi) halda iddiaçının həmin mənzildə qeydiyyatdan çıxarılmaqla qanunvericiliyin tələblərinin pozulmasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1375/2021 saylı 15 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, Faiq İsmayılov tərəfindən 12000 manat məbləğində kompensasiyanın İddiaçı ödənilməklə sonuncunun Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 49 saylı evin 387 saylı mənzilinə dair istifadə hüququna xitam verilməsi, Sevinc Hüseynovanın mənzildən çıxarılması və mənzilin Faiq İsmayılova təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bakı şəhəri Nizami rayon Polis Şöbəsinin 01.10.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1375/2021 saylı 15 fevral 2021-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Mıhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış və bu səbəbdən də qətnamədə göstərilmiş 12000 manat məbləğində kompensasiya məbləği Faiq İsmayılov tərəfindən tam şəkildə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin depozitinə ödənilmişdir. Göründüyü kimi, hazırki vəziyyətdə iddiaçının sözügedən mənzilə istifadə hüququna artıq ona qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə 12000 manat kompensasiya verilməklə xitam verildiyi üçün onun həmin ünvana qeydiyyatı bərpa edilə bilməz. Bu hal işə birinci instansiya qaydasında baxan məhkəmə tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçı onun sözügedən mənzilə istifadə hüququna ona 12000 manat kompensasiya verilməklə xitam verildiyi halda həmin mənzilə qeydiyyatının bərpa olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmir. Əksinə, cavabdeh inzibati orqan tərəfindən onun bu tələbinin təmin olunmasından imtina edilməsinin hüquqi əsasının qanuni olduğu müəyyən olunur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, Sevinc Hüseynovanın sözügedən mənzildən istifadə hüququna ona 12000 manat kompensasiya verilməklə xitam verildiyi üçün onun həmin mənzilə istifadə hüququ olmadığı üçün qediyyatının yenidən bərpa olunması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilmiş hallar işə baxmış məhkəmə tərəfindən araşdırılmamış və nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul edildiyi üçün həmin- Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3250/2020 saylı 06 aprel 2021-ci il tarixli qərarı ləğv edilməli, iddia rədd edilməli və bununla da 3-cü şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 3-cü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3250/2020 saylı 06 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1775/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1775/2021
03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver