Məhkəmə qərarları › İş №2-1(103)-1776/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1776/2020

29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1776/2020 29.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs “xxxx” QSC) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-5224/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “26 Bakı Komissarları adına xəstəxana” bağçılıq yoldaşlıq üzvlərinin siyahısına əsasən iddiaçıya verilmiş Zirədə yerləşən torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1985-ci ildən 2007-ci ilədək “xxxx” QSC-nin Həkim-sanitar Xidmətində çalışmışdır. Həmin xəstəxanadan onlara Zirədə yerləşən torpaq sahələri verilmişdir. Bütün işçilər evin sənədləşməsi ilə bağlı müəyyən xərclər çəkmişlər. Lakin bu gün həmin torpaq sahəsi ona verilməmişdir. Aqibəti barədə heç bir məlumatı yoxdur. Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 19/340 nömrəli qərarına əsasən “26 Bakı Komissarları adına xəstəxana” bağçılıq yoldaşlıq üzvlərinin siyahısında onun adı göstərilmişdir. Torpaq sahəsi verilən üzvlərin siyahısında onun adı qeyd olunmuşdur. Lakin o, heç bir yolla bağ sahəsinin ayrılmasına dair sənədi ala bilmir. Dəfələrlə aidiyyatı orqanlara (“xxxx” QSC-yə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Milli Arxiv İdarəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə) müraciət etmiş, təəssüf ki, müsbət cavab almamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5224/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə “xxxx” QSC iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-5224/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Torpaq sahəsi ilə bağlı neçə dəfə müraciət etsə də, imtina almış və hərəkətsizliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən görmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşdən görünür ki, iddiaçının tələbi öhdəliyin icrası haqqında iddia növünə daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göründüyü kimi cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi və ya iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında baxılan iddialarda da mümkünlük şərtlərindən biridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı “26 Bakı Komissarları adına xəstəxana” bağçılıq yoldaşlıq üzvlərinin siyahısına əsasənona ayrılmış Zirədə yerləşən torpaq sahəsinə dair sənədlərin təqdim edilməsi” ilə bağlı xx xxxxxx 2020-ci il tarixdə cavabdeh orqana müraciət etmiş və bununla bağlı cavabdeh qovluqda olan mövcud siyahı ümumi bağçılıq yoldaşlığı üzvlərinə aid olduğundan sənədlərin surətlərinin verilməsinin mümkün olmadığını bildirərək, iddiaçının müraciətinə imtina vermişdir. İddiaçı “hüquqlarının qeydiyata alınaraq, çıxarışın verilməsi” ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. Bu isə o deməkdir ki, iddiaçı hazırkı iddianın əsasını təşkil edən məsələ-torpaq sahəsinin onun adına qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmiş, belə bir müraciəti olmadığı üçün cavabdeh də ona imtina cavabı verməmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün sayıla bilməz (inzibati mübahisə mövcud deyildir). İnzibati orqanın iddiaçının müraciətindən imtina etdiyi və ya hərəkətsizlik göstərdiyi hallarda hüquqları pozulmuş şəxsin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə nəzərdə tutulmuş müvafiq iddia növü ilə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayəti təmin olunmamalı, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-5224/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Anar Tanrıverdiyev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar