Məhkəmə qərarları › İş №2-1(103)-1776/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1776/2023

14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1776/2023 14.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “mənzillə təmin edilmə” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1868/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə iddiaçıya yaşayış mənzilinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı 28 il 11 ay 0 gün, imtiyazlı 33 il, 03 ay 12 gün X4 xidmət etmiş və səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl pensiyaya çıxmışdır. Usta məharət dərəcəsi, qüsursuz xidmətə görə medalın hər 3 dərəcəsi ilə mükafatlandırılmış, dəfələrlə pul mükafatları, təşəkkürnamələrlə və şəxsən daxili işlər nazirinin fəxri fərmanı ilə mükafatlandırılmışdır. Xidmət etdiyi dövrdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 280 saylı sərəncamı ilə mənzil növbəsinə götürülmüşdür. İndiki vaxtadək yaşamağa evi yoxdur, şəraiti olmayan sənədsiz evlərdə kirayədə yaşamaqdadır. Halbuki cavabdeh tərəfindən kooperativ adı ilə çox yüksək məbləğə mənzillər tikilərək satılır. Belə olan halda heç bir təminatı olmayan, yəni mənzil almaq iqtidarı olmayan növbədə olan əməkdaşlar üçün cavabdeh mənzil ayırmalıdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1868/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəyə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab eidlmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1868/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - İddiaçı məxsus seriya AZE, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən onun yaşayış yeri ünvan 1 ünvanıdır. - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 280 nömrəli, 08 aprel 1996-cı il tarixli Sərəncamının surətinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin Bakı Su Kəmərlərini Mühafizə edən polis alayının vətəndaş İddiaçı ailə tərkibi bir nəfərlə /özü/ mənzil növbəsinə qəbuluna dair xx.xx.1995-ci il tarixli, İ nömrəli Qərarının təsdiqi haqqında Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Məişət Komissiyasının xx.xx.1996-cı il tarixli, 2 nömrəli təklifinin təsdiq edilməsi, vətəndaş A.H. Babayevanın mənzil növbəsi iş yeri üzrə ümumi siyahıya daxil edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli, 044-27982/2B-3222 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin MaddiTexniki Təminat Baş İdarəsinin 16 iyun 2022-ci il tarixli ***-**** nömrəli məktubuna əsasən hal-hazırda daxili işlər orqanları əməkdaşları üçün sosial evlər tikilmədiyindən qeyd olunan məsələ müsbət həll olunmamış, eləcə də gələcəkdə sosial evlər tikilərsə müraciəti nəzərə alına bilər. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli, 044-27982/2B-3222 nömrəli imtina məktubunda bildirilmişdir ki, hal-hazırda daxili işlər orqanları əməkdaşları üçün sosial evlər tikilmədiyindən qeyd olunan məsələnin müsbət həlli imkan xaricindədir. Gələcəkdə daxili işlər orqanları əməkdaşları üçün sosial evlər tikilərsə müraciəti nəzərə alına bilər. - BSK mühafizə edən Polis Alayının Mənzil Məişət komissiyasının sədri tərəfindən imzalanmış 10 fevral 1995-ci il tarixli Akta əsasən aşağıda imza edənlər: X3, X2, Ağayeva Gülgəz həqiqətən 10 fevral 1995-ci ildə İddiaçı Nuxu qızının mənzil şəraiti yoxlanıldı. Həqiqətən o, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, 8-də yaşayır. Yaşadığı yer Daxili İşlər Nazirliyi Mühafizə İdarəsinin yataqxanasıdır. Yataqxananın kommunal şəraiti kafidir. Qaz, işıq, su və digər gündəlik tələbatda istifadə olunan əşyalar ümumidir. İddiaçı X4 1992-ci ildən işləyir. İşlədiyi müddətdə özünü nümunəvi zabit kimi göstərmişdir. Alay mənzil məişət komissiyasının yoxlaması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı, mənzil növbəsinə götürülsün. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə qərarında qeyd etmişdir ki, “cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, cavabdeh tərəfindən hazırda sosial evlərin inşa edilmədiyi bildirilmişdir. Buna görə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin icrasının cavabdeh tərəfindən obyektiv səbəblərdən mümkün olmaması və bu barədə iddiaçıya məlumat verilməsi qanunsuz hesab edilə bilməz .” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər (51.2-ci maddə). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir (51.3- cü maddə). Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir (56.1.-ci maddə). “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Hazırkı işin hallarından görünür ki, iddiaçı 28 il 11 ay 0 gün, imtiyazlı 33 il, 03 ay 12 gün X4 xidmət etməsini və səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl pensiya çıxmasını, eyni zamanda rayon icra hakimiyyəti tərəfindən mənzil növbəsinə alınmasına istinad edərək, ona mənzil verilməsini cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən tələb etmiş, cavabdeh iddiaçıya imtina cavabı vermişdir. İmtina onunla əsaslandırılmışdır ki, hal-hazırda daxili işlər orqanları əməkdaşları üçün sosial evlər tikilmədiyindən qeyd olunan məsələnin müsbət həlli imkan xaricindədir. Gələcəkdə daxili işlər orqanları əməkdaşları üçün sosial evlər tikilərsə müraciəti nəzərə alına bilər. Cavabdehin imtinasının əsasından görünür ki, hazırda sosial evlərin inşa edilmir və bu səbəbdən iddiaçının tələbinin icrası cavabdeh tərəfindən obyektiv səbəblərdən mümkün deyildir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Eyni zamanda Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 105.-ci maddəsinə görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və yeni yerdə xidmətə göndərilən daxili işlər orqanları əməkdaşlarının ehtiyaclarının ödənilməsi üçün zəruri tədbirlər görməlidirlər. Göründüyü kimi maddənin tələbinə görə yeni yerdə xidmətə göndərilən daxili işlər orqanları əməkdaşlarının ehtiyaclarının ödənilməsi üçün mənzil şəraitinin yaxşılaşdırılması barədə zəruri tədbirlərin görülməsi cavabdehin bilavasitə vəzifəsi kimi müəyyən edilmişdir. Lakin qanunla ehtiyatda olan daxili işlər orqanı əməkdaşlarına aid belə bir vəzifə cavabdehə həvalə edilməmişdir. Buna görə də iddiaçı ehtiyatda olan daxili işlər orqanı əməkdaşı kimi cavabdeh tərəfindən deyil, yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti (Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti) tərəfindən mənzil növbəsinə götürülmüşdür. Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan 56.1.-ci maddəsinin tələbinə görə isə yaşayışsahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri növbəlik qaydasında göstərilən inzibati orqandan ona mənzilin verilməsini tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1868/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1868/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar