Məhkəmə qərarları › İş №2-1(103)-1777/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1777/2022

16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1777/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya işlədiyi illər sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5336/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 02 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək "xxxx" şirkətində işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. O, 01 iyun 1972-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Ümumilikdə onun 28 ildən çox sosial sığorta stajı var. Qeyd olunan sığorta stajı əmək kitabçasında öz əksini tapmışdır. İddiaçı ona əmək pensiyası təyinatı ilə bağlı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh tərəfindən onun 2 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək "xxxx" Şirkətində işləməsinin yoxlanılması zamanı əmək haqqı üzrə hesablaşma cədvəlləri və əmək haqqı kitabları təqdim edilmədiyindən, həmin illərin yoxlanılmasının mümkün olmadığı əsas gətirilərək yaşa görə əmək pensiyası təyinatından imtina edilmişdir. Onun əmək kitabçasında 02 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək "xxxx" Şirkətində işlədiyi öz əksini tapdığından və beləliklə də 25 ildən çox sosial sığorta stajı müəyyən olunduğundan, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qeyd olunan əsaslarla imtinası tamamilə qanunsuz və əsassızdır. Cavabdeh tərəfindən təqdim olunmuş yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının 64 yaşdan əmək pensiyasının təyin edilməsi üçün azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 28.800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. İşin mübahisələndirilən halı İddiaçı "xxxx" şirkətində işlədiyi dövrdür. Belə ki, iş materiallarına əlavə edilən iddiaçıya məxsus 30 sentyabr 1974-cü il tarixli əmək kitabçasına müvafiq olaraq onun 01 iyun 1972-ci il tarixdə 191 nömrəli əmrlə “Masallı rayon Telman adına sovxoz”a işə qəbul edildiyi, 15 noyabr 1974-cü il tarixdə 269 nömrəli əmrlə işdən azad olunduğu qeyd edilmişdir. Həmin əmək kitabçasında onun 2 mart 1995ci il tarixdə 1 nömrəli sərəncamla "xxxx" şirkətində işə qəbul edildiyi, 30 oktyabr 2000-ci il tarixdə (əmr mövcud deyildir) isə işdən azad olunduğu qeyd edilmişdir. Belə ki, sözügedən əmək kitabçasına müvafiq olaraq iddiaçının 8 il 12 gün sosial sığorta stajı vardır. Qeyd edilməli əsas məqam ondan ibarətdir ki, iddiaçının 2 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək "xxxx" şirkətində çalışması faktının araşdırılması zamanı "xxxx" şirkətinin əmək haqqı üzrə hesablaşma cədvəlləri və əmək haqqı kitabları təqdim edilmədiyindən, həmin illərin yoxlanılması mümkün olmamışdır. Göründüyü kimi, İddiaçı mübahisələndirilməyən sosial sığorta stajı 2 il 05 ay 14 gün təşkil edir. 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sözügedən Qaydalara müvafiq olaraq İddiaçı sosial sığorta stajına münasibətdə pensiya kapitalı aşağıdakı kimi indeksləşdirilməlidir: 1) ( 2 il x 306 manat) + ( 306 manat : 12 ay x 04 ay ) = 612 + 102 = 714 manat; 2) 2007-ci il üzrə: 714 + 8,3% = 1487 manat; 3). 2008-ci il üzrə 1487 + 16,7% = 1735 manat; 4) 2009-cu il zrə: 1735 + 20,8% = 2096 manat; 5) 2010-cu il üzrə 2096 + 1,5% = 127 manat; 6) 2011-ci il üzrə: 2127 + 5,7% = 2249 manat; 7) 2012-ci il üzrə: 2249+ 7,9% = 2426 manat; 8) 2013cü il üzrə: 2426 + 1,1% = 2453 manat; 9) 2014-cü il üzrə: 2453 + 2,4% = 2512 manat; 10) 2015-ci il üzrə: 2512 + 1,4% = 2547 manat; 11) 2016-cı il üzrə: 2547+4% = 2649 manat; 12) 2017-ci il üzrə: 2649+ 12,4% = 2977 manat; 13) 2018ci il üzrə 2977+ 5,7% = 3147 manat; 14) 2019-cu il üzrə: 3147+ 3% = 3241 manat; 15) 2020-ci il üzrə: 3241 + 16,6% = 3780 manat; 16) Yekun olaraq: 3780+ 562,50 = 4342,66 manat. İş materiallarına əlavə edilən X3ndən çıxarışa müvafiq olaraq İddiaçı ümumilikdə 562,50 manat pensiya sığorta kapitalı (PSK) mövcuddur. Göründüyü kimi, iddiaçının 2 il 05 ay 14 gün sosial sığorta stajına münasibətdə 4342,66 manat pensiya kapitalı vardır. Odur ki, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2-1(112)-5336/2021 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış ki, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya məxsus 30 sentyabr 1974-cü il tarixli əmək kitabçasına əsasən onun xx.xx.1972ci il tarixdə 191 №li əmrlə “Masallı rayon Telman adına sovxoz”a işə qəbul edildiyi, xx.xx.1974-cü il tarixdə 269 №li əmrlə işdən azad edildiyi, eyni zamanda, xx.xx.1995-ci il tarixdə 1 №li sərəncamla "xxxx" şirkətində işə qəbul edildiyi, xx.xx.2000-ci il tarixdə (əmək kitabçasında əmrin nömrəsi mövcud deyildir) işdən azad edildiyi müəyyən edilir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı iddiaçının 02 il 05 ay 06 gün (Masallı rayonu “Telman adına sovxoz”) +1 il 11 ay 12 gün (Telman adına sovxozun azad komsomol təşkilatı) + 03 il 11 ay 01 gün (D.Bünyadzadə adına peşə məktəbi) + 01 il 05 ay 28 gün (Masallı rayonu aqrar islahat birliyi) + 10 il 01 ay 03 gün (Masallı rayon istehsalistehlak cəmiyyəti) + 04 ay 28 gün (Masallı rayon kooperativ cəmiyyəti) sosial sığorta stajını mübahisəsiz olaraq qəbul etmişdir. İşin mübahisələndirilən halı İddiaçı "xxxx" şirkətində işlədiyi dövrdür. Belə ki, İddiaçı "xxxx" şirkətində işləməsi faktının yoxlanılması məqsədiylə Fondun 8 saylı regional ərazi filialının mütəxəssislərinin iştirakı ilə Masallı rayonu "xxxx" şirkətində qarşılıqlı yoxlama həyata keçirilmiş, yoxlama nəticəsində İddiaçı əmək kitabçası ilə müəssisənin əmrlər kitabı arasında ziddiyyətli məqamlar aşkar edilmişdir. Fondun 8 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktından görünür ki, "xxxx" şirkətinin əmrlər kitabında işə daxilolma tarixində pozuntuya yol verilmişdir. Belə ki, sözügedən əmrlər kitabında işə daxilolma tarixi xx.xx.1995-ci il tarixdə göstərilsə də, iddiaçının əmək kitabçasında həmin tarix xx.xx.1995-ci il tarixində qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddiaçının xx.xx.1995-xx.xx.2000-ci illər üzrə əmək fəaliyyəti dövrünün onun xx.xx.2006-cı il tarixədək olan ümumi iş stajına daxil edilərək əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı xx xxxxxx 1956-cı il tarixdə doğulmuşdur, 1972-ci ildən əmək fəaliyyətinə başlamış və 30 oktyabr 2000-ci il tarixədək müxtəlif qurumlarda işləmişdir, eləcə də həmin illər ərzində hərbi xidmətdə olmuş və ali təhsil almışdır. İddiaçı 25 ildən artıq sığorta stajının mövcudluğunu və 65 yaşının tamam olmasını əsas gətirərək, ona yaşa görə əmək pensiyasının təyinatı ilə bağlı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının 1995 – 2000-ci illərdə "xxxx" Şirkətində işlədiyi dövrdə əmək haqqı hesablaşma cədvəlləri və əmək haqqı kitabları təqdim edilməməsi səbəbindən həmin illər onun yoxlanılması mümkün olmadığından sığorta stajına daxil edilməmişdir. Bununla da iddiaçının 25 il sığorta stajı toplamış olmur. Digər tərəfdən də onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunan 28.800 manatın qarşılığında, 562,50 manatdır, bu isə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və 1995 – 2000-ci illərdəki iş stajının sığorta stajına daxil edilməklə ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əməkpensiyasıhüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən, iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1-ci maddəsinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: - 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (əvvəlki redaksiya): - 2-ci maddəsinə əsasən, sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. - 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. - 14.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. - 14.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. - 14.6-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı ödəmələri üzrə xərclər çıxıldıqdan sonra hər ay üçün sonrakı ayın əvvəlində nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İddiaçının hərbi xidmət dövrü, ali təhsil aldığı və əmək kitabçasında əksini tapmış müvafiq müəssisə və təşkilatlarda işlədiyi (2 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək olan dövrdən başqa) müddətlərin cavabdeh inzibati orqan tərəfindən onun sığorta stajına daxil edilməsi işin mübahisəsiz halıdır. İşin cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən halı İddiaçı "xxxx" şirkətində işlədiyi dövrdür. Bununla bağlı Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: - qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X3) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus əmək kitabçasının surətindən göründüyü kimi, iddiaçının 02 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək adıçəkilən şirkətdə əmək fəaliyyəti ilə bağlı qeydlər mövcuddur. iş materiallarında olan "xxxx" Şirkətinin 31 may 2021-ci il tarixli 03 nömrəli arayışında aşağıdakılar bildirilir: İddiaçı 2 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək Masallı rayonunda yerləşən "xxxx" Şirkətində baş anbardar vəzifəsində çalışmışdır. Göstərilən dövr ərzində Şirkətin kadr işləri üzrə məsul şəxs baş mühasib olmuşdur və sənədlərin qorunub saxlanmasında cavabdeh olmuş həmin şəxs bir neçə il bundan əvvəl vəfat etmişdir. Hazırda Şirkətin əməkdaşlar qurumda əmrlər kitabını tapsalar da, əmək haqqı cədvəllərinin əldə edilməsinə nail ola bilməmişlər. Buna baxmayaraq, İddiaçı yuxarıda göstərilən dövr ərzində Şirkətdə baş anbardar kimi çalışmış və ona tapşırılmış işi layiqincə yerinə yetirmişdir. Şirkətin rəhbərliyi və vaxtilə onunla birlikdə çalışmış, hazırda da Şirkətdə işləyən iş yoldaşları bu faktı rəsmən təsdiq edirlər. Göründüyü kimi, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, əmək kitabçasındakı mübahisələndirilən qeydlərin həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, bu barədə cavabdeh tərəfindən də hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında qeyd edilən iş stajının yoxlanılmasının mümkün olmaması şəxsin təqsiri ilə bağlı hallarla əlaqədar olmadıqda, bu hal, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən biri də "xxxx" şirkətinin əmrlər kitabında işə daxilolma tarixi xx.xx.1995-ci il tarixdə göstərilsə də, iddiaçının əmək kitabçasında həmin tarix xx.xx.1995-ci il tarixində qeyd edilməsi ilə bağlıdır. Cavabdehin mövqeyi ilə razılaşmayan Məhkəmə kollegiyası bildirir ki, göstərilən hal ilə bağlı iddiaçı cavabdehlik daşımamışdır. Hətta Məhkəmə kollegiyasının sorğusuna "xxxx" Şirkətinin 27 may 2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı məxsus olan əmək haqqı cədvəllərini şirkətin arxivində tapmaq mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı 02 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək şirkətdə baş anbardar vəzifəsində çalışmışdır və bu həmin illərə dair əmrlər kitabında öz əksini tapmışdır. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 02 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək "xxxx" Şirkətində işləməsi barədə əmək kitabçasındakı qeydlərin mötəbərliyi qəbul edilməsi və həmin dövrün iş stajı onun sığorta stajına daxil edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5336/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5336/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar