Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1777/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1777/2023 (Açar sözlər: “qeydiyyatın və qərarın ləğv edilməsi”) Bakı şəhəri 14 noyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1728/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli **********937300 saylı qərarından görünür ki, iddiaçı barəsində 2021-ci il üçün bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2,795 manat vergi və ya sığorta haqqı borcu hesablanmışdır.
2. İddiaçının cavabdehə ünvanlanmış ərizəsindən görünür ki, İddiaçı vergi qeydiyyatının, adına açılmış ********** saylı VÖEN-nin ləğv edilməsi barədə tədbir görülməsini xahiş etmişdir.
3. Cavabdehin kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının vergi öhdəliklərini yenidən hesablaşmaq hüququ vardır.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “vergi uçotuna dair ərizəsinin təqdim edilməsi haqqında” məktubu ilə bildirilmişdir ki, “5 gün ərzində vergi uçotuna alınmaq üçün vergi orqanına ərizə təqdim edilməlidir. Əks halda vergi orqanı tərəfindən Siz məcburi qaydada vergi uçotuna alınacaqsınız”.
5. İddiaçıya aid şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixə 4,093.98 manat borc hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının vergi qeydiyyatının (VÖEN **********) ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və hesablanmış 3063,32 manat borcun yaranmasına əsas kimi göstərilən "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********937300 saylı qərarının ləğv edilməsi, 2022-ci ilin 2-ci rübü üzrə Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən hesablanmış 698,75 manat məbləğində vergi borcunun silinməsi və ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə qeydiyyata alınmış vergi uçotunun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022.ci ildə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Baş İdarəsindən iddiaçıya "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmiş, məktubda iddiaçının adına ********** saylı VÖEN mövcud olduğu, onun tərəfindən 2021-ci il ərzində 55900 manat dəyərində işlər görüldüyü, vergi bəyannaməsi təqdim edilmədiyini və buna görə də 5 gün ərzində məktubda tələb olunan sənədlərin həmin orqana təqdim olunması tələb olunmuşdur. Hazırda iddiaçının adına göstərilən VÖEN üzrə 3063,32 manat borc olduğu göstərilir. Həmin məktubdan görünür ki, iddiaçı fiziki şəxs kimi vergi qeydiyyatına alınmış və adına VÖEN açılmışdır. Göstərilir ki, iddiaçı tərəfindən 55900 manat dəyərində işlərin aparılmasına baxmayaraq, müvafiq dövr üzrə bəyannamənin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Bütün bunlara aydınlıq gətirilməsi üçün iddiaçı cavabdehə yazılı müraciət etmiş, lakin cavabdehin cavab məktubundan süni yaradılmış problemin həll olunması üçün heç bir tədbirin görülmədiyi aydın olmuşdur. Halbuki iddiaçının adına VÖEN açılmasından heç bir xəbəri yoxdur. Vergi qanunvericiliyinin tələblərinə əsasən şəxsin məcburi vergi uçotuna alınması yalnız ƏDV vergisinə münasibətdə nəzərdə tutulmuşdur, gəlir vergisi üzrə şəxsin vergi orqanı tərəfindən məcburi vergi uçotuna alınması qanunvericiliklə nəzərdə tutulmamışdır. Vergi orqanına vergi uçotuna alınmaqla bağlı müraciəti olmadığını nəzərə alaraq hesab edir ki, vergi orqanı tərəfindən adına VÖEN açılması vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması deməkdir. İddiaçının heç bir sahibkarlıq fəaliyyəti olmadığı, o cümlədən tərəfindən vergiyə cəlb edilən əməliyyatlar həyata keçirilmədiyi üçün bəyannamə təqdim etməyi barədə tələb tamamilə qanunsuzdur. Vergi orqanın bu mövqeyi yanlışdır.Yuxarıda göstərdiyi kimi qanunsuz olaraq iddiaçının adına VÖEN açıldığı və onun heç bir sahibkarlıq fəaliyyəti olmadığı üçün cari gəlir vergisi və başqa sənədlərin tələb olunması heç bir məntiqə, qanuna sığmır. İddiaçının vergi orqanları qarşısında heç bir öhdəliyi olmadığı üçün həmin maddələrin tələblərinin iddiaçıya heç bir aidiyyatı yoxdur.Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, iddia tələbinə etiraz edir. İlk növbədə iddia tələbi iki müstəqil hissədən ibarət olmaqla tərtib edilmişdir. İddia tələbinin birincisi hissəsi vergi orqanı tərəfindən hesablanmış 3063,32 manat vergi borcunun yaranmasına səbəb olmuş qərarın ləğv edilməsi ilə əlaqədardır. İddia tələbinin qeyd olunan hissəsi prosessual qanunvericilik baxımından mübahisələndirmə növündə olan iddialara aiddir və mövcud qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, mümkün hesab edilməməlidir. İddia tələbindən də göründüyü kimi, iddiaçı 3063,32 manat vergi borcunun yaranmasına səbəb olmuş qərarın ləğvini məhkəmədən xahiş etmişdir. Halbuki iddia ərizəsində inzibati orqan tərəfindən qəbul edilmiş və məhkəmə qaydasında mübahisələndirilən inzibati akt qəbul edilmə tarixi və nömrəsi göstərilməklə qeyd olunmalı idi. Məlumat üçün bildirilir ki, vergi ödəyicisi barəsində qeyd olunan məbləğdə hesablamanı özündə əks etdirən hər hansı inzibati akt mövcud deyildir. Beləliklə, iddia tələbinin birinci hissəsi qeyri-mümkün hesab edilməlidir. İddia tələbinin ikinci hissəsi isə iddiaçının vergi uçotunun ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir və inzibati-prosessual qanunvericilik nöqteyi-nəzərindən öhdəliyin icra edilməsi haqqında iddia növüdür. Aparılmış araşdırma nəticəsində iddiaçı tərəfindən vergi orqanında uçota durmadan 2021- ci il üzrə 4 ədəd elektron alış aktı üzrə 55900 manat dəyərində malların təqdim edilməsi müəyyən olunmuşdur. Qeyd edilənlərlə əlaqədar olaraq, fiziki şəxs İddiaçı vergi orqanında uçotda olduğu ünvana poçt vasitəsilə xx.xx.2022-ci il tarixli **********818500 nömrəli "Vergi ödəyicisinin uçota alınması barədə" bildiriş göndərilmiş və fiziki şəxsin 5 (beş) gün müddətində vergi orqanında uçota alınması üçün müvafiq ərizə ilə olduğu və ya yaşadığı yer üzrə vergi orqanına müraciət etməsi tövsiyə olunmuşdur. Fiziki şəxsə vergi orqanına uçota alınması ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, müəyyən edilmiş müddətdə uçota alınma ilə bağlı vergi orqanına müraciət edilmədiyindən, Vergi Məcəlləsinin tələblərinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat (VÖEN) nömrəsi ilə uçota alınmışdır. Vergi orqanı tərəfindən iddiaçıya vergi uçotuna alınması barədə xx.xx.2022-ci il tarixli **********330900 nömrəli bildiriş göndərilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1728/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********937300 saylı qərarı ləğv edilməsi, İddiaçı (VÖEN **********) hesablanmış vergi borcunun silinməsi və ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə qeydiyyata alınmış vergi uçotunun ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmədə aparılan icraat zamanı cavabdeh vergi orqanı mübahisələndirilən inzibatı aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarın qanuniliyini sübut edə bilməmişdir. Başqa sözlə desək, mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən digər halları məhkəmədə əsaslandıra bilməmişdir. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hazırkı inzibati mübahisə üzrə sübutetmə vəzifəsi iddiaçının deyil, məhz cavabdehin üzərinə düşür.
12. Birinci instansiya məhkəməsi Vergi Məcəlləsinin 37.4-cü maddəsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1728/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında qeyd edilmişdir ki, iddiaçının gəlir əldə etmək məqsədilə hər hansı fəaliyyəti sübuta yetirilməmişdir.Buna görə də vergi orqanının qərarı qanunsuz olmuşdur. Bildiririk ki, vergi ödəyicisi tərəfindən 2021-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2021-ci il tarixdə EAA seriyalı 470827 nömrəli elektron alış aktına əsasən 9000 manat dəyərində “FORD FUSİON” markalı, xx.xx.2021-ci il tarixdə EAA seriyalı 466682 nömrəli elektron alış aktına əsasən 18000 manat dəyərində “CHEVROLET CRUZE” markalı, xx.xx.2021-ci il tarixdə EAA seriyalı 455884 nömrəli elektron alış aktına əsasən 11700 manat dəyərində “HUNDAİ VELOSTER” markalı, xx.xx.2021-ci il tarixdə EAA seriyalı 443765 nömrəli elektron alış aktına əsasən 17200 manat dəyərində “BMW” markalı ümumilikdə 4 sayda, 55900 manat dəyərində avtomobillərin təqdim edildiyi müəyyən edilmişdir. 311, 307, 287 və 264 saylı alqı satqı müqavilələrinə əsasən təqdim edildiyi müəyyən edilmişdir. Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı və əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi İddiaçı 2021-ci ilin noyabr ayında 1 ədəd, dekabr ayında isə 3 ədəd nəqliyyat vasitəsini alqısatqı müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim etmişdir ki, bu da fiziki şəxsin gəlir əldə etmək məqsədini birbaşa sübut edir.
d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
16.Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Təqdim etdiyi sənədlərə istinad edərək bildirmişdir ki, alqı-satqı olunan nəqliyyat vasitələrinin mülkiyyətçiləri başqa-başqa şəxslər olmuşdur, iddiaçı həmin şəxslərlə xidmətin göstərilməsi haqqında, yəni onların nəqliyyat vasitələrinin satılması öhdəliyini üzərinə götürməsi barədə müqavilə bağlamışdır və həmin müqavilənin icrasından 100-200 manat civarında xidmət haqqı əldə etməyə razılaşmışdır.
17. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 73.2-ci maddəsinə əsasən “heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz”
19. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.
20. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək. 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. 33.4. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. 34.1. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. 36.2. vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4 Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62- ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1-inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
25. İddianın mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir: 26.İşin araşdırılmış hallarına görə cavabdeh tərəfindən iddiaçının vergi orqanında uçota durmadan 2021-ci il üzrə 4 ədəd elektron alış aktı üzrə 55900 manat dəyərində malların təqdim edilməsi müəyyən olunmuşdur. Qeyd edilənlərlə əlaqədar olaraq, fiziki şəxs İddiaçı vergi orqanında uçotda olduğu ünvana poçt vasitəsilə xx.xx.2022-ci il tarixli **********818500 nömrəli "Vergi ödəyicisinin uçota alınması barədə" bildiriş göndərilmiş və fiziki şəxsin 5 (beş) gün müddətində vergi orqanında uçota alınması üçün müvafiq ərizə ilə olduğu və ya yaşadığı yer üzrə vergi orqanına müraciət etməsi tövsiyə olunmuşdur. Fiziki şəxsə vergi orqanına uçota alınması ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, müəyyən edilmiş müddətdə uçota alınma ilə bağlı vergi orqanına müraciət edilmədiyindən, Vergi Məcəlləsinin tələblərinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat (VÖEN) nömrəsi ilə uçota alınmışdır. Vergi orqanı tərəfindən iddiaçıya vergi uçotuna alınması barədə xx.xx.2022-ci il tarixli **********330900 nömrəli bildiriş göndərilmişdir.
27. İddiaçı isə cavabdehin dəlillərini qanunsuz hesab edir və bildirir ki, iddiaçının adına VÖEN açılmasından heç bir xəbəri yoxdur. Vergi qanunvericiliyinin tələblərinə əsasən şəxsin məcburi vergi uçotuna alınması yalnız ƏDV vergisinə münasibətdə nəzərdə tutulmuşdur, gəlir vergisi üzrə şəxsin vergi orqanı tərəfindən məcburi vergi uçotuna alınması qanunvericiliklə nəzərdə tutulmamışdır. Vergi orqanına vergi uçotuna alınmaqla bağlı müraciəti olmadığını nəzərə alaraq hesab edir ki, vergi orqanı tərəfindən adına VÖEN açılması vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması deməkdir. İddiaçının heç bir sahibkarlıq fəaliyyəti olmadığı, o cümlədən tərəfindən vergiyə cəlb edilən əməliyyatlar həyata keçirilmədiyi üçün bəyannamə təqdim etməyi barədə tələb tamamilə qanunsuzdur.
28. İddiaçının təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, İddiaçı 2021-ci ilin noyabr ayında 1 ədəd, dekabr ayında isə 3 ədəd nəqliyyat vasitəsini alqı-satqı müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edərkən həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi qismində çıxış etməmiş, nəqliyyat vasitələrinin mülkiyyətçiləri başqa-başqa şəxslər olmuşdur.
29. İddiaçı nəqliyyat vasitələrinin mülkiyyətçilərinə xidmətin göstərilməsi haqqında, yəni onların nəqliyyat vasitələrinin satılması öhdəliyini üzərinə götürməsi barədə müqavilə bağlamışdır və həmin müqavilənin icrasından xidmət haqqı əldə etməyə razılaşmışdır.(xx.xx.2021-ci il tarixli müqavilə üzrə 200 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 200 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 100 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 150 manat). 30.Beləliklə, iddiaçı fiziki şəxsə vergi orqanına uçota alınması ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, müəyyən edilmiş müddətdə uçota alınma ilə bağlı vergi orqanına müraciət edilmədiyindən, o, xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat (VÖEN) nömrəsi ilə uçota alınmışdır. Vergi orqanı tərəfindən iddiaçıya vergi uçotuna alınması barədə xx.xx.2022-ci il tarixli **********330900 nömrəli bildiriş göndərilmişdir. Cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli **********937300 saylı qərarından görünür ki, iddiaçı barəsində 2021-ci il üçün bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən borc hesablanmışdır.
31. Məhkəmə hesab edir ki, məhkəmədə aparılan icraat zamanı cavabdeh vergi orqanı mübahisələndirilən inzibatı aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarın qanuniliyini sübut edə bilməmişdir.
32. Başqa sözlə desək, mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən digər halları məhkəmədə əsaslandıra bilməmişdir.Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hazırkı inzibati mübahisə üzrə sübutetmə vəzifəsi iddiaçının deyil, məhz cavabdehin üzərinə düşür.
33. Belə ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Başqa sözlə, hazırkı halda sübutetmə yükü cavabdehin üzərindədir.Məhz cavabdeh mübahisələndirilən inzibati aktın əsaslandığı faktların mövcudluğunu sübut etməlidir.
34. “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli **********937300 saylı qərarın ləğvinə gəldikdə, məhkəmə Kollegiyası hesab edir ki, nə qədər ki, iddiaçının vergi uçotuna alınması qanunsuzdur, deməli, cavabdehin onun barəsində qəbul etdiyi həmin qərarın da hüquqi əsası olmamış, həmin qərar qanunsuz olmuşdur.
35. Çünki vergi qanunvericiliyinə əsasən vergi orqanı yalnız vergi ödəyicisinə vergi borcu hesablaya bilər, hansı ki, vergi ödəyicisi Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan şəxsdir.
36. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
37. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinin iddia ərizəsinə etirazla oxşar məzmunda olmaqla birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılıb hüquqi qiymət verildiyini nəzərə alır.
38. Əlavə olaraq məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə diqqətə çəkir ki, cavabdeh tərəfindən iddiaçının razılığı və ərizəsi olmadan onun vergi uçotuna alınması ilə bağlı cavabdeh qanunvericiliyin tələblərini pozduğundan artıq iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmadığına hüquqi qiymət verilməsinə zərurət olmamışdır.
39. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, şəxsin sahibkarlıq fəaliyyəti həyata keçirməsi ilə bağlı cavabdeh inzibati orqanda əsaslı şübhələrin olması şəxsin vergi ödəyicisi qismində uçota alınması və ona VÖEN təqdim edilməsi ilə nəticələnməməlidir. Qanunvericilik normalarının, eləcə də Ali Məhkəmənin məhkəmə təcrübəsini formalaşdıran qərarlarından da göründüyü müvafiq müraciət olmadan şəxsin vergi ödəyicisi qismində qeydiyyata alınması qanunvericiliyin tələblərinin pozuntusu olması ilə yanaşı, eyni zamanda cinayət və inzibati xəta qanunvericiliyi ilə tənzimlənmiş münasibətlərə də müdaxilə kimi qiymətləndirilməlidir. Cavabdeh özü də iddiaçı tərəfindən belə bir ərizənin verilmədiyini təkzib etmir. Məhkəmənin müvafiq sorğusuna əsasən də cavabdeh tərəfindən iddiaçının belə bir müraciətinin mövcudluğuna dair sənədlər məhkəməyə təqdim olunmamışdır.
40. Bundan başqa Vergi Məcəlləsinin 34.1-ci maddəsinin tələblərindən görünür ki, mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən fiziki şəxsin vergi uçotuna alınması üçün həmin şəxsin vergi orqanına könüllü şəkildə müraciət etməsi tələb olunurdu. Fiziki şəxsin ərizə vermədən uçota alınması, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin vergi orqanının öz təşəbbüsü ilə qeydiyyata alınması Vergi Məcəlləsində nəzərdə tutulmamışdı.
41. Vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsin vergi orqanın öz təşəbbüsü ilə vergi uçotuna alınması xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş 677- VİQD nömrəli xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında”Azərbaycan Respublikası Qanunu ilə Vergi Məcəlləsinə daxil edilmişdir.
42. Bu isə o deməkdir ki, həmin tarixədək vergi orqanının uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi öz təşəbbüsü ilə vergi uçotuna alması qanunsuz olmuşdur.Buna görə də məhkəmə hesab edir ki, iddiaçının müraciəti olmadan cavabdehin onu 2022-ci ilin may ayında vergi ödəyicisi kimi uçota alması qanunvericiliyə zidd olmuş, onun hüquqlarının pozulmasına səbəb olmuşdur.
43. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilmişdir.Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.
44. Beləliklə, məhkəmə Kolleiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1728/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1728/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.