Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1777/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “avtomaşının aşkar edilərək saxlanılması, avtomaşını idarə edən şəxsin müəyyən edilməsi və avtomaşının mühafizə olunan duracağa yerləşdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14583/2024 nömrəli, 20 dekabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı İddiaçı məxsus olan VAZ-21011 markalı, açıq qəhvəyi rəngli, 1O-GR-239 dövlət qeydiyyat nişanlı avtomaşının aşkar edilərək saxlanılması, avtomaşını idarə edən şəxsin müəyyən edilməsi və avtomaşının mühafizə olunan duracağa yerləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı təqribən 15 il bundan qabaq, 2009- 2010-cu illardə özümə məxsus olan VAZ-21011 markalı, açıq qəhvəyi rəngli, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomaşınını satmaq üçün metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında yerləşən “Maşın bazarına” getmişdir. Avtomaşını adını xatırlamadığı bir şəxsə satmışdır. O şəxsə etibarnamə vermişdir ki, sonra maşını adına rəsmiləşdirsin. Həmin vaxtdan xeyli bir müddət keçəndən sonra 2023-cü ildə təsadüfən məlum olmuşdur ki, sözügedən nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti qaydalarını pozduğuna görə inzibati xəta pozuntusuna görə cərimə yazılıb. Avtomaşını satdığı vaxtdan xeyli müddət keçdiyinə görə avtomaşını satdığı şəxsin adını və etibarnaməni hansı notariat kontorunda verdiyini xatırlamır. Buna görə də həmin şəxslə nə əlaqə saxlaya bilir, nə də etibarnəməni ləğv etdirə bilir. Dəfələrlə DİN-ə, BDYPİ-yə müraciət edərək adına olan avtomaşının tutulub mühafizə olunan dayanacağa yerləşdirilməsini xahiş etməyinə baxmayaraq nəqliyyat vastəsinin tutulub saxlanılması istiqamətində BDYPİ tərəfindən heç bir tədbir görülmür. Əksinə cərimələrin ondan tutulması üçün bir neçə dəfə ona qarşı məhkəmədə iddia qaldırılmışdır və hər dəfə də məhkəmə əsaslı olaraq BDYPİ-nin iddiasını rədd etmişdir. Nəqliyyat vasitəsinin tutulub saxlanılması barədə BDYPİ-nə sonuncu ərizəsini xx.xx.2024-cü il tarixdə göndərmişdir. 15 il bundan əvvəl satdığı avtomaşını tapa bilmir və vaxtaşırı da adına cərimələr yazılır. Nəticədə hüquqları pozulur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14583/2024 nömrəli, 20 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakim A.Almazova) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddianın mümkün hesab edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati orqanın məktubunda qeyd edilmiş həmin nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsinə dair qərar qəbul edildiyi qeyd edilsə də, ona həmin qərarın bir nüsxəsi təqdim edilməmişdir. Yəni, onun üçün həmin qərarın mövcudluğu sual altındadır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələblərini nəzərə almadan inzibati qurum tərəfindən qəbul edilmiş qərarın nüsxəsini orqandan əldə etməmiş, tərəfindən məhkəməyə təqdim edilmiş məktubdakı məlumatla kifayətlənmiş, qərardadı qəbul edərkən ona əsaslanmışdır. Bundan əlavə, həmin məktubda qeyd edilən qərar qəbul edilmiş olsa belə, bir il yarım keçməsinə baxmayaraq, inzibati orqanın hərəkətsizliyi (qərarın icra edilməməsi) nəticəsində hələ də hüquqları pozulmaqdadır. Lakin məhkəmə qərardadında sırf inzibati orqan tərəfindən qərar qəbul edildiyi üçün hüquqlarının pozulmadığı bildirilmişdir. Halbuki, İnzibati hüquq və Məhkəmə müdafiəsi institutlarının əsas məğzi məhz inzibati orqanın hərəkət və hərəkətsizliyindən vətəndaşların hüquqlarının pozulmasının qarşısını almaq, inzibati orqanların obyektivliyini, operativliyini, müraciətlər zamanı vətəndaş məmnuniyyətini təmin etmək və inzibati orqanların hər hansı bir hüquq pozuntusunda məhkəmələr tərəfindən məhkəmə müdafiəsinin təminatının realizəsidir. Bundan əlavə, məhkəmə hüquq mübahisəsinin mülki məhkəmə icraatında baxılmalı olduğunu qeyd etsə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yolpatrul xidməti haqqında Təlimat”a əsasən iddia tələbi məhz cavabdeh orqanın sərəncamverici və hakimiyyət tədbirlərinin sferasına aid olduğundan hesab edir ki, iddia tələbi İnzibati Prosessual Məcəllənin tələbləri qaydasında verilmişdir. Həmçinin, məhkəmə iclasından bir gün öncə tərəfindən məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyindən iştirakı olmadan baxılmasını və hüquqi yardım lazım olarsa, hüquqi yardıma dair bildiriş göndərilməsini xahiş etmiş, lakin məhkəmə qərardadında bu məlumatı təhrif edərək sadəcə tərəflərin məhkəmə iclasında iştirak etmədiyini qeyd etmişdir. Hesab edirəm ki, məhəkəmə məni mümkünlük məsələsi ilə bağlı xəbərdarlıq bildirişi göndərərək iclasa dəvət etməli və İnzibati Prosessual Məcəllənin tələbləri qaydasında mənə hüquqi yardım göstərməli idi. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İş materiallarında olan: -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-13-16/2-Ə-74210 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, mülkiyyətçisi olduğu «VAZ 21011» markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmədiyi halda barəsində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş X4i İdarəsinə ünvanlanan müraciətə baxılmışdır. Məsələnin həlli üçün həmin nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-4019/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-3974/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə bağlı tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə məsuliyyətdən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-3284/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın diqqəti qərarda qeyd edilənlərə, inzibati məsuliyyətə cəlb etmə müddəti bitdikdən sonra şəxs barəsində inzibati iş üzrə icraatın başlanıla bilməməsinə, protokol tərtib edilə bilməməsinə cəlb edilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-16/2-203893/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Baş X4i İdarəsi Qeydiyyatimtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "Vaz 21011" markalı **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2000-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının özü tərəfindən iddia ərizəsinə əlavə edilmiş, cavabdeh tərəfindən ona ünvanlanmış 3-13-16/2-Ə-74210 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, mülkiyyətçisi olduğu «VAZ 21011» markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmədiyi halda barəsində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş X4i İdarəsinə ünvanlanan müraciətə baxılmışdır. Məsələnin həlli üçün həmin nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, iddiaçının cavabdeh qurum tərəfindən hər hansı hüquqlarının pozulması müəyyən edilmir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının inzibati xəta törətməməsi ilə əlaqədar inzibati tənbehin ləğv edilməsinə dair işlərə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalıdır, eləcə də, avtonəqliyyat vasitəsi ilə bağlı etibarnamənin ləğvi ilə bağlı mübahisələr mülki məhkəmə icraatı qaydasında həll edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 15.3-cü bəndində ifadə olunmuş hüquqi mövqeyə görə, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Qeyd edilən tələblərlə bağlı iddiaçıya səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti formal xarakterli olmaqla təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 14583/2024 nömrəli, 20 dekabr 2024-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14583/2024 nömrəli, 20 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1777/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1777/2025
23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver