Məhkəmə qərarları › İş №2-1(103)-1778/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1778/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1778/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili İddiaçı2 iştirakları ilə, İddiaçı1 MMC-nin cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə qarşı tenderin nəticələrinin ləğvi, tenderin qalibi elan etmək və müvafiq satınalma müqaviləsinin imzalanması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4621/2021 saylı, 05 may 2021-X4 qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 MMC cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə qarşı məhkəmədə iddia qaldıraraq cavabdehin aparatında, 1 saylı Bakı “Asan xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində (LOT039324, 019015 nömrəli müsabiqə), həmçinin 2 saylı Bakı “Asan xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində (LOT039327, 019012 nömrəli müsabiqə) gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı 08 fevral 2021-ci il tarixdə keçirilən tenderlərin nəticələrinin ləğv edilməsi və cavabdeh təşkilatın üzərinə İddiaçı1 MMC-ni həmin satınalma predmetləri ilə bağlı 09 dekabr 2020-ci ildə keçirilmiş tenderin qalibi elan etmək və müvafiq satınalma müqaviləsini hazırlayıb imzalamaqla, iddiaçı təşkilata göndərmək vəzifəsinin qoyulması barədə qərar edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (bundan sonra “Agentlik” adlanacaq) Agentliyin aparatında, Agentliyin nəzdində olan 1 saylı Bakı “Asan xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində (LOT039324, 019015 nömrəli müsabiqə), həmçinin 2 saylı Bakı “Asan xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində (LOT039327, 019012 nömrəli müsabiqə) gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elektron qaydada açıq tenderlər elan etmiş, İddiaçı1 MMC-nin həmin tenderlərdə iştirak edərək hər iki müsabiqə üzrə ən aşağı qiymət təklifi təqdim etdiyi müəyyən edilmişdir. Protokollardan görünür ki, müzakirələrdən sonra Tender Komissiyası zərflərin açılışı ilə bağlı məlumatların iddiaçılara dərhal təqdim edilməsini və 1 bank günü ərzində təklifi qiymətləndirərək, müvafiq qərar qəbul edilməsini qərara almışdır. Lakin Tender Komissiyası zərflərin açılışı ilə bağlı məlumatları təqdim etsə də, İddiaçı1 MMC-nin həmin müsabiqələrin qalibi olduğunu elan etməmişdir. Bununla əlaqədar olaraq iddiaçı təşkilat 11 yanvar 2021-ci il tarixdə cavabdeh təşkilata elektron qaydada məktub göndərərək, bunun səbəbləri barədə məlumat verilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat iddiaçının həmin müraciətinə cavab verməmişdir. Bundan sonra iddiaçı təşkilat Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 29 yanvar 2021-ci il tarixdə, rəsmi qaydada müraciət etmişdir. Həmin Dövlət Xidməti tərəfindən göndərilən 17 fevral 2021-X4 cavab məktubunda qeyd olunmuşdur ki, Agentlik tərəfindən Dövlət Xidmətinə göndərilən 25 dekabr 2020-X4, **********27 nömrəli məktubda sözü gedən tender prosedurlarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə uyğun olaraq, tender predmetinin maliyyələşdirilməsinin dayandırılması səbəbindən ləğv olunduğu bildirilmişdir. Lakin iddiaçının əldə etdiyi digər rəsmi məlumatlardan görünür ki, qeyd olunan tender 09 dekabr 2020-ci il tarixdə keçirildiyi halda, həmin tender ondan təqribən bir ay sonra, yəni 06 yanvar 2021-ci il tarixdə, qanunsuz olaraq ləğv edilmiş və eyni gündə də yeni tenderlər elan edilmişdir. Növbəti tender 08 fevral 2021-ci il tarixdə keçirilmiş və “xxxx” MMC onun qalibi elan edilmişdir. Göründüyü kimi, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.7-ci maddəsinə uyğun olaraq qalib müəyyən olunmuş tender təklifi aksept edilməli və həmin Qanunun 40.1-1-ci maddəsinin tələbinə görə tender təklifi aksept edildikdən sonra tenderin qalibinə bu barədə dərhal, dövlət satınalmalarının vahid internet portalı vasitəsilə, avtomatik qaydada, bildiriş göndərilməli, həmin Qanunun 40.2-1ci maddəsinə görə isə cavabdeh təşkilat 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq həmin portala yerləşdirməli və imzalamalı idi. Bu qayda tenderin X1 və Tender Komissiyasının 09 dekabr 2020-ci il tarixdə tərtib etdiyi 2 saylı protokollarda da öz əksini tapmışdır. Lakin cavabdeh təşkilat həm qanunun, həm də tenderin X2 tələblərini kobud qaydada pozmuş, İddiaçı1 MMC tenderin qalibi olduğu halda, onu aksept etməmiş, bu barədə ona dərhal bildiriş göndərməmiş və satınalma müqaviləsini hazırlayıb, imzalanması üçün ona göndərməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13- cü maddəsinə əsasən iddiaçıya onun nail olmaq istədiyi məqsədə uyğun düzgün iddia tələbi ilə çıxış etməyə dair, onun üçün konkret hüquqi nəticələr yaradan sənədin (qərarın) ləğv edilməsi ilə bağlı düzgün iddia tələbinin qoyulması üçün hüquqi yardım göstərilərək bu hallar aydın şəkildə izah edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi bu istiqamətdə heç bir prosessual hərəkət etmədiyindən məhkəmə iclasında iddianın mümkünlüyü məsələsinə baxılması məqsədəmüvafiq hesab edilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4621/2021 saylı, 05 may 2021-X4 qərardadı ilə İddiaçı1 MMC-nin cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə qarşı tenderin nəticələrinin ləğvi, tenderin qalibi elan etmək və müvafiq satınalma müqaviləsinin imzalanması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia tələbi mümkün hesab edilməmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadında iddia tələbinin hansı əsasda qeyri-mümkün hesab edilməsi aydın görünmür. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi almasına baxmayaraq cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili İddiaçı2 izahat verərək apellyasiya şikayətinin əsaslı hesab edilib təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və iddiaçının izahatnı dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının cavabdeh inzibati orqana müraciətinin olmaması əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, iddiaçının tələbinin mümkün hesab edilərək inzibati icraat qaydasında baxılması üçün əsaslar mövcud olmamışdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmənin qərarından göründüyü kimi birinci instansiya məhkəməsi iddianı mümkün hesab edərkən tərəflərin arasında yaranmış münasibətlərin mülki hüquqi xarakter daşımasına istinad etmişdir. İddia tələbindən göründüyü kimi iddiaçı iddia tələbini əsaslandırarkən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa istinad etmişdir. Həmin Qanunun: 36.7-ci maddəsinə uyğun olaraq qalib müəyyən olunmuş tender təklifi aksept edilməli və həmin Qanunun 40.1-1-ci maddəsinin tələbinə görə tender təklifi aksept edildikdən sonra tenderin qalibinə bu barədə dərhal, dövlət satınalmalarının vahid internet portalı vasitəsilə, avtomatik qaydada, bildiriş göndərilməli, həmin Qanunun 40.2- 1-ci maddəsinə görə isə cavabdeh təşkilat 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq həmin portala yerləşdirməli və imzalamalıdır. 40.2. Tenderin qalibi tenderin X1 göstərilmiş müddət ərzində satınalma müqaviləsini imzalayır və müqavilənin yerinə yetirilməsi təminatını təqdim edir. 40.2-1. Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsinə münasibətdə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. 40.2-2. Bu Qanunun 40.2-1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir. 40.4. Satınalma müqaviləsi malgöndərən (podratçı) ilə satınalan təşkilat tərəfindən imzalandığı andan qüvvəyə minir. Satınalma müqaviləsini imzalamış tərəflər arasında münasibətlər bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə tənzimlənir. 51.1. Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin şərtlərinin dəyişdirilməsinə yol verilmir. 51.2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur. 55.1. Satınalan təşkilatın bu Qanunla müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır.

60. Azərbaycan Respublikasının məhkəmələri bu Qanunun 55-ci maddəsinə uyğun irəli sürülmüş iddialara, şikayətə baxan orqanların qərarlarından verilmiş şikayətlərə və ya həmin orqanların bu Qanunun 56, 57 və 59-cu maddələrində müəyyənləşdirilmiş müddətlərdə qəbul etmədikləri qərarlara məhkəmə qaydasında baxılmasında səlahiyyətlidirlər. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin 29 Yanvar 2002-X4 668 Nömrəli Fərmaninin 2.9.-cu bəndənə əsasən həmin Qanunun 57.1-ci, 57.2-ci, 57.3-cü, 57.4-cü, 58.1-ci, 58.3-cü və 59.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinə əsasən əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Mülki Məcəllənin 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki qanunvericilik müqavilənin təbiətini azad xarakterli müəyyən etmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. Satınalma müqaviləsi malgöndərən (podratçı) ilə satınalan təşkilat tərəfindən imzalandığı andan qüvvəyə mindiyindən satınalma müqaviləsini imzalamış tərəflər arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə tənzimlənir (m.40.4.). Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən və işin faktiki hallarından da müəyyən edilir ki, tərəflər arasında müqavilə baglanmadıgından mübahisəyə xüsusi hüquq sahəsi sayılan mülki qanunvericiliyinin tələbləri tətbiq edilməklə aidiyyəti üzrə məhkəmədə baxılması hüququ izah edilmir. Bununla yanaşı yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi (m.55.1.) satınalan təşkilatın “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır. Lakin Qanunun (m.57.1.) müddəalarına görə Qanunun 55-ci maddəsinə uyğun şikayət vermək hüququ olan malgöndərən (podratçı) müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə şikayət verə bilər. Şikayətə baxan orqanın (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) qərarlarından verilmiş şikayətlərə və ya həmin orqanın bu Qanunun 56, 57 və 59-cu maddələrində müəyyənləşdirilmiş müddətlərdə qəbul etmədiyi qərarlara isə (m.60) İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair mübahisələndirmə haqqında iddia növü kimi inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciəti sorgu xarakterli olmuş, satınalan təşkilatla arasında olan mübahisəyə dair inzibati orqana şikayətlə müraciət etməmiş, bu barədə inzibati orqanın qəbul etdiyi inzibati aktı mübahisələndirməmişdir. Azərbaycan Respublikasının İnzibati Prossessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4621/2021 saylı, 05 may 2021-X4 qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4621/2021 saylı, 05 may 2021- X4 qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar