Məhkəmə qərarları › İş №2-1(103)-1778/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1778/2022

19.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1778/2022 19.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, iddiaçının nümayəndəsi-vəkili X2 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 fevral 2022ci il tarixli, 2-1(112)-80/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16-19 avqust 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 33/34 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İstehsalat Birliyində işləyərək, mənzil növbəsində olmuşdur. Lakin işlədiyi birlik, onları mənzillə təmin edə bilmədikləri üçün, yaşadıqları yataqxananın mənzilini, növbəsində olduğu mənzil əvəzi olaraq, Cavanşir küçəsi ev 4, mənzil 33/34-ü order əsasında ona verərək, pasport qeydiyyatına alınmışdır. Belə ki, Bakı "xxxx" X1 İttifaqı Komitəsinin və X3 Şurasının və MMK-nin birgə iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı iclasının qərarı ilə Birlik tərəfindən "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alaraq, Birliyə məxsus olan S.Ə.ünvan 1A, Məshəti küçəsi ЗА, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə dair orderin verilmə və orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, birlikdə yataqxana və mənzil növbəsində olan fəhlə və qulluqçulara zəbt olunmuş mənzillər boşaldıqdan sonra verilməsi qərara alınmışdır. Daha sonra Bakı "xxxx" X1 İttifaqı Komitəsinin və X3 Şurasının və MMK-nin birgə iclasının 06 dekabr 2006-cı il tarixli, 68 saylı iclasının qərarı ilə Birliyə məxsus olan Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsi yataqxana ev 4, mənzil 33/34 ona, yəni İddiaçı verilməsi qərara alınmışdır. Eyni zamanda qeyd olunan qərarda S.Ə.ünvan 1A, Məshəti küçəsi ЗА, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmasına baxmayaraq birliyin orderi əsasında fəhlə və qulluqçulara verilmiş mənzillər həmin orderdə göstərilmiş vətəndaşa məxsus olması qərara alınmışdır. Göstərilən qərar əsasında həmin mənzilə dair onun adına order verilmişdir. Mənzilində uzun illər məskunlaşmış məcburi köçkünlərə görə, istifadəsində olmasa da həmin mənzil üzrə bütün kommunal xidmət haqlarını vaxtı-vaxtında o, ödəmişdir. Daha sonra xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Sənaye Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti təsdiq edilmiş Təhvil-Qəbul Aktı ilə S.Ə.ünvan 1A, Məshəti küçəsi ЗА, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. Orada məskunlaşmış məcburi köçkünlər köçürüldükdən sonra, o, mənzilinə köçmüş, bundan sonra mənzil əvəzi order əsasında ona verilmiş mənzilinə kirayə müqaviləsinin bağlanması üçün cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etsə də müraciətinə cavab verilməmişdir. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, aparılan araşdırmalar zamanı əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, ünvan 7 yataqxana binasının 33 saylı otağında 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X11, 34 saylı otağında isə 1993-cü ildən Füzuli rayonundan məcburi köçkün kimi X12 ailəsi ilə birgə məskunlaşmışlar, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Bundan sonra İddiaçı "xxxx" zavodunun xx.xx.2004-cü il tarixli 0199 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə 0199 saylı otağın onun istifadəsinə verilməsinə, xx.xx.2012-ci il tarixdə qeydiyyata alındığına və ona həmin ünvan üzrə şəxsiyyət vəsiqəsinin verildiyinə istinad edərək, həmin otağı tutmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2019-cu il tarixli, 48 saylı məktubla "Üfüq" İstehsalat Birliyi "xxxx" zavodu MMC-yə müraciət edilərək, məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. "Üfüq" İstehsalat Birliyi "xxxx" zavodu MMC tərəfindən xx.xx.2019-cu il tarixli, 02/47 cavab məktubu ilə bildirilmişdir ki, ünvan 7 yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Göründüyü kimi, məcburi köçkün ailələrinin məskunlaşdığı boş olmayan 33 və 34 saylı otaqlara dair İddiaçı verilmiş xx.xx.2004-cü il tarixli 0199 saylı orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Belə ki, Üfüq" İstehsalat Birliyi "xxxx" zavodu MMC tərəfindən iddiaçı M.Ə.Ağayevin adına orderin verilməsi təsdiq olunmadığından, həmin order mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq əldə edilmişdir. Cavabdeh qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2-1(112)-80/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: N.Abıyev) Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə İPM-nin 58.7-ci maddəsinin tələblərinə uyğun olaraq işi hərtərəfli, tam araşdırdığını və qərar qəbul edərkən İPM-nin 68.1-ci maddəsinin tələblərinə əməl edərək daxili inam əsasında qərar qəbul etdiyini bildirsə də işin həqiqi hallarından görünür ki, məhkəmənin “daxili inamı” qanunvericiliyin tələblərinə zidd olmaqla onun konstitusion hüquqlarımın pozulmasına yönəlmişdir. Digər tərəfdən məhkəmə istinad etdiyi normanın tələblərinə tam riayət etməmiş, “daxili inamına” əsas olmuş səbəbləri göstərməmişdir. Məhkəmə haqlı olaraq 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinə istinad etsə də, yanlış olaraq həmin Məcəllənin 108-ci maddəsinin tətbiq olunması qənaətinə gəlmişdir, başqa sözlə hesab etmişdir ki, (həmin maddənin tələblərindən göründüyü kimi) mənzil əvəzinə ona verilmiş yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarılmalıdır. İş materiallarının uzun müddət məhkəmənin icraatında olmasına baxmayaraq məhkəmə müəyyən edə bilməmişdir ki, o, köhnə Mənzil Məcəlləsinin 108-ci maddəsində göstərilən şəxslər kateqoriyasına aid deyildir. Həmin maddənin tələblərinə görə mövsümi və müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, təhsil dövründə yataqxanada yaşayış sahəsi ilə təmin edilmiş şəxslər digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Lakin, iş materiallarından göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin ona qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə yuxarı instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş Qərarı vardır. Mənzil Məcəlləsinin (48, 107-ci maddəsinin) tələblərinə uyğun olaraq verilmiş order əsasında yaşadığı, həmin orderin qanuni, əsaslı olması barədə qanuni qüvvəyə minmiş yuxan instansiya məhkəməsinin qərarı olduğu halda 1-ci instansiya məhkəməsinin “digər yaşayış sahəsi verilmədən çıxarılmalı olmağı” əsası ilə iddianı təmin etməməsi absurddur. Məhkəmənin iddia tələbinin təmin edilməməsinə əsaslardan olan “Üfüq” İB-yi tərəfindən yaşayış sahəsi ilə bağlı heç bir orderin verilmədiyi” barədə dəlilinə gəlincə: məhkəmə qətnaməsinin 2-ci səhifəsinin axırıncı abzasında, cavabdehin iddiaya dair yazılı etirazı olan hissəsində bu dəlillə bağlı izahat verilməsinə baxmayaraq, qeyd etmək istəyir ki, xx.xx.2004-cü ildə, iddia predmeti olan mənzilə dair ona mülkiyyətçi "xxxx" İB-yi tərəfindən order verilmişdir. 2007-ci ildə "xxxx" İB-yi “Üfüq” İB-nə çevrilərək Müdafiə Sənayesi Nazirliyinin balansına verilmişdir. Qeyd etdiyi kimi order 2004-cü ildə verilmiş, “Üfüq” İB isə 2007-ci ildə yaranmışdır. Belə olan halda yaşayış sahəsinə görə orderin “Üfüq” İB-yi tərəfindən verilməməsi hansı səbəbə görə, nədən iddianın təmin olunmaması əsası olmalıdır. Məhkəmənin heç bir məntiqə sığmayan mövqeyi belə olmuşdur. İş materiallarında olan “Bakı şəhəri "xxxx" İB-nin balansında olan Cavanşir küçəsi 4, R.Quliyev küçəsi 6, Məshəti küçısi 3A və S.Ə.ünvan 1A-da yerləşən yataqxanalarda "xxxx" İB-nin HİK-nin X8 və MMK-nin Birgə qərarı ilə fəhlə və qulluqçulara mənzil və yataqxana növbəsi əsasında verilmiş Orderin Siyahısı”dan (təqdim edilən) göründüyü kimi ‘Radioquraşdırma” İB balansında olan yataqxanalardan mənzil növbəsində olan fəhlə və qulluqçuların 263 nəfərinə faktiki yaşadıqları və ya boş olan otaqlara mənzil əsaslı olmaqla Order verilmişdir. Təqdim etdiyi “Siyahı”da çəhrayı rənglənmiş sakinlər siyahıda qeyd olunan otaqlara dair mülkiyyət hüququ əldə ediblər, onlardan bir neçə nəfər, məs: X5 məhkəmə qaydasında mənzil kirayə müqaviləsinin bağlanılmasına dair “Sərəncam” aldıqdan sonra (məhkəməyə təqdim edilib, əlavə olaraq təqdim edirəm) özəlləşdirsə də, digərləri isə “məhkəmədən kənar” cavabdehin “tələblərinə uyğunlaşmaqla” sərəncam almış və özəlləşmişlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İddia ərizəsində də qeyd etdiyi kimi, onun faktiki istifadəsində olan ünvan 3 ünvanında yerləşən 2 otaqdan ibarət 33/34 saylı mənzilə dair xx.xx.2006-cı ildə 0199 saylı Order verilmişdir. Sözügedən mənzilə dair mülkiyyət hüququnu əldə etmək zərurəti yaranmışdır. Qeyd olunan mənzilə dair hüquqlar 2009-cu il oktyabr ayının 1-dək, yəni yeni Mənzil Məcəlləsi qüvvəyə minənədək yarandığından həmin mənzilə dair mübahisələr, yeni Mənzil Məcəlləsi qüvvəyə minənədək qüvvədə olmuş qanunlarla, “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla tənzimlənməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır, qəbul edilən qərar mövcud qanunvericiliyin tələblərinə ziddir və onun konstitusion hüquqlarının pozulmasına yönəlmişdir, uzun müddətli araşdırmadan sonra, qərarın qəbul edilməsinə istinad olunmuş dəlillərin əsassız olduğunu bilə-bilə qəbul edilmiş qərar qərəzlidir. Odur ki, həmin qərar ləğv edilməli, iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməlidir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili X2 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1962-ci ildə Kəlbəcər rayonu, Qılınclı kəndində doğulmuş İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı "xxxx" İB-nin HİK-nin X3 Şurasının və MMK-nin birgə növbəti İclasının xx.xx.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın surətindən görünür ki, Birlikdə uzun illər işləyən və yataqxana növbəsində olan fəhlə və qulluqçulara, növbə əsasında mənzil verilə bilinməməsi nəzərə alınaraq birliyə məxsus yataqxanalarda, o cümlədən, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4 ünvanında yerləşən yataqxanada məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı "xxxx" İB-nin HİK-nin Müdiriyyətinin və MMK-nin sədri və MTŞ-nin rəisinin birgə xx.xx.2004-cü il tarixli, 41 saylı qərarından çıxarışının surətindən görünür ki, Xətai rayonu, Cavanşir küçəsi, bina 4, Giriş 1, mənzil 33,34 İddiaçı verilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı verilmiş xx.xx.2006-cı il tarixli, 0199 nömrəli orderin surətindən görünür ki, qeyd olunan order Bakı "xxxx" İB-nin HİK-nin Müdiriyyətinin və MMKnin sədri və MTŞ-nin rəisinin birgə xx.xx.2004-cü il tarixli, 41 saylı qərarına əsasən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4 ünvanında yerləşən yataqxananın 1-ci giriş 2-ci mərtəbəsində yaşayış sahəsi 36 kv. metr olan 2 otaqlı 33 və 34 saylı mənzilə dair verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3120/2020 №li xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavod MMC və Xətai rayon Polis İdarəsi cəlb edilməklə) orderin etibarsız hesab edilməsi tələbinə dair iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5859/2019 saylı 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə təmin edilmişdir. Qeyd olunan qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5859/2019 saylı 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5648/2021 №li xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti (MKTD) “Üfüq” İstehsalat Birliyinin "xxxx" Zavoduna (zavod) qarşı (Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, X9 və 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxslər kimi cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zavod tərəfindən ünvan 6 ünvanında yerləşən yataqxana binasının 33 və 34 saylı mənzillərinə dair İddiaçı adına yazılan xx.xx.2004-cü il tarixli 0199 saylı orderin verilməsinə əsas olmuş Bakı "xxxx" İstehsalat Birliyinin və HİK-nin xx.xx.2004-cü il tarixli 41 saylı birgə qərarının (protokolun), Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxana binasının 2-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 36 kv.m olan 33 və 34 saylı mənzillərə dair Bakı "xxxx" İstehsalat Birliyi tərəfindən İddiaçı adına yazılan xx.xx.2004-cü il tarixli 0199 saylı orderin etibarsız hesab edilməsi və İddiaçı yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi barədə iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Qeyd olunan qətnamə ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2121/2021 saylı iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 33/34 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması barədə öhdəliyin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ilə mübahisəli mənzilə dair order verilmiş sonuncunun iş yeri olan Bakı "xxxx" zavodu arasında əmək münasibətlərinə xitam verildiyini, "Üfüq" İB-yi tərəfindən həmin yaşayış sahəsi ilə bağlı heç bir orderin verilmədiyi, qanunvericiliyin yuxarıda qeyd olunan (Mənzil Məcəlləsinin 108-ci maddəsi) tələblərinə əsasən müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslərin iş ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalı olduqlarını nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanmasının cavabdehə həvalə edilməsi barədə hazırki iddiası təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; - 4-cü maddəsinə əsasən mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. - 31-ci maddəsinə görə mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. - 48-ci maddəsində göstərilmişdir ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. - 51-ci maddəsinin 1-ci hissəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. - 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. - 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. - 107-ci maddəsinin tələbinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. - 108-ci maddəsinə əsasən işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş) 51.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən, uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən, uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən, uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1 bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2 müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3 bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2-ci maddəsinə əsasən, Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır; 53.3-cü maddəsinə əsasən, uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər idarəsinin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi barədə xx.xx.2014-cü il tarixli Təhvil-Qəbul Aktının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli,131 saylı sərəncamına, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamına, Departamentinin xx.xx.2013-cü il tarixli, 122 saylı sərəncamına, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2013-cü il tarixli, 16 saylı əmrinə, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2013-cü il tarixli, 01-1/984 saylı məktubuna və Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər idarəsinin xx.xx.2013-cü il tarixli, 15 saylı əmrinə əsasən Azərbaycan Respublikası Müdafıə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 7 ünvanda yerləşən yataqxana binası Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. İş materiallarından müəyyən olunur ki, Departament tərəfindən "Üfüq" İB "xxxx" zavodu MMC-yə ünvanlanmış məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə orderlərin verilməsinə əsas olan sənədlərin təqdim olunması barədə xx.xx.2019-cu il tarixli, 48 saylı müraciətinə cavab olaraq, "Üfüq" İB "xxxx" zavodu MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 02/47 məktubda ünvan 7 yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilmədiyi, əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 133 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən Bakı şəhər Mənzil Kommunal Departamentinə ünvanlanmış 16 nömrəli, xx.xx.2022-ci il tarixli Məlumatdan müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsi, 4 saylı binasının 34 saylı mənzili faktiki olaraq bağlıdır və uzun illərdir yaşayış yoxdur. Cavanşir küçəsi 4 saylı binanın 33 saylı mənzilində isə 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün X14 məskunlaşmışdır və hal-hazırda həmin mənzildə yaşayır. İddiaçı həyat yoldaşı X10 ilə birgə Xətai rayonu, R.Quliyev küçəsindəki 6 saylı evin 18 saylı mənzilində Kəlbəcər rayonundan məcburi köçkün kimi 1993-cü ildən orada məskunlaşmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq İddiaçı ilə mübahisəli mənzilə dair order verilmiş sonuncunun iş yeri olan Bakı "xxxx" zavodu arasında əmək münasibətlərinə xitam verildiyini, iddiaçı, "Üfüq" İB-yi tərəfindən həmin yaşayış sahəsi ilə bağlı heç bir orderin verilmədiyini və Mənzil Məcəlləsinin 108-ci maddəsinin tələblərinə əsasən müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslərin iş ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalı olduqlarını nəzərə alaraq, hesab etmişdir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanmasının cavabdehə həvalə edilməsi barədə hazırki iddiası təmin oluna bilməz. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, bu cür iddialara baxılarkən nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2-1(112)-80/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar