Məhkəmə qərarları › İş №2-1(103)-1778/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1778/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1778/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə “sərəncamların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X16 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X7 ibarət tərkibdə, X12-Yusiflinin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X13, 3-cü şəxslər X4 və X6 vəkili Vəkil2, 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsi X10, 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X8, 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X3 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin (əvvəlki İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin) nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə “sərəncamların ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-740/2023 saylı 09 yanvar 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X15 ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında xx.xx.2014-cü il tarixli 4958 nömrəli "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsinin bağlanılmasına əsas olmuş “Daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında" xx.xx.2013-cü il tarixli 414 nömrəli, “İcarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında" xx.xx.2013-cü il tarixli 433 nömrəli, “Torpaq sahələrinin icarəyə verilməsi haqqında" xx.xx.2014-cü il tarixli 76 nömrəli və “Torpaq sahələrinin özəlləşdirilməsi haqqında" xx.xx.2014-cü il tarixli 132 nömrəli sərəncamların ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə vəsatət təqdim edilərək, Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin, 1 saylı Bakı Ərazi İdarəsinin və “Azon” Zavodunun 3-cü şəxs qismində işə cəlb edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6041/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə vəsatət təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi və "xxxx" MMC-nin 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaları qərara alınmışdır. Sonradan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-740/2023 saylı 09 yanvar 2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6041/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-740/2023 saylı 09 yanvar 2023-cü il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim qərardadı ümumiyyətlə əsaslandırmamış, heç bir əsas olmadan qərardadın ləğv edilməsi qənaətə gəlmişdir. İnzibati iş yeni icraatına qəbul edilmiş hakim işi tam tədqiq etmədən tərəflərin izahatlarını dinləmədən, məhkəmə iclası başlayan kimi ilk olaraq üçüncü şəxslərin cəlb edilməsinə dair qərardada münasibət bildirəcəyi barədə tərəflərə məlumat vermiş, məhkəmə iclasına daxil olandan sonra ilk olaraq, qarşı tərəfin əvvəlki məhkəmə iclaslarında bəyan etdiyi mövqeyi dəqiqliklə təkrar etməyə başlamışdır. Halbuki, məhkəmə nəzərə almamışdır ki, həmin iş üzrə məhkəməyə cavabdeh tərəfindən və məhkəmə sorğusu əsasında təqdim edilmiş sənədlər arasında ciddi ziddiyyətlər müəyyən edilmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş registrdən çıxarışdan müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən sahə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındadır və əmlak ƏMDKnin Bakı şəhəri üzrə 1 saylı Ərazi İdarəsinin təqdim etdiyi baxış aktına əsasən zona 5 qeyd edilmişdir. Eyni zamanda, məhkəmənin sorğusuna cavab olaraq 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda göstərilir ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə hər hansı məlumat aşkar edilməmişdir. Həmçinin tərəfindən təqdim edilmiş sənədlərə və üçüncü şəxsin nümayəndəsinin izahatlarına əsasən mübahisəli sahənin “Azon” zavodunun ərazisində yerləşməsi müəyyən olunur. Belə vəziyyətdə, mübahisəli sahənin konkret və dəqiq olaraq harada yerləşməsi və hansı qurumun balansında olmasının müəyyən edilməsi, bununla bağlı ƏMDK-nin Bakı şəhəri üzrə 1 saylı Ərazi İdarəsinin təqdim etdiyi baxış aktı və torpaq sahəsinə aid digər bütün sənədlərin tələb edilməsi, habelə iş üzrə İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin, 1 saylı Bakı Ərazi İdarəsi və “Azon” Zavodunun üçüncü şəxslər kimi işə cəlb edilməsi zəruridir. Məhz bu səbəbdən də əvvəlki işə baxan hakim qeyd edilən şəxsləri üçüncü şəxs kimi işə cəlb etmişdir. Hakim isə ilk iclasda heç bir aradırma aparmadan, məhkəmə iclas zalına daxil olduğu andan öz mövqeyini bildirərək, həmin qərardadı heç bir əsas olmadan ləğv etmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndə və vəkilin veridiyi izahatla razı olduğunu və ona heç bir əlavəsinin olmadığını bildirmişdir. Cavabdehin nümayəndəsi X19 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında iddiaçının məqsədinin işin uzadılması olduğunu, həmin sahənin 3-cü şəxs tərəfindən özəlləşdirildikdən sonra orada tikinti, layihələndirmə işlərinin aparıldığını, əmlakın “Azon” şirkəti ilə heç bir əlaqəsinin olmadığını, “Azon” şirkətinin hazırda cavabdeh quruma qarşı heç bir iddiasının olmadığını, balanssaxlayıcı qurumun funksional fəaliyyətini yerinə yetirərək, nəzarət vəzifəsini icra etdiyini, hazırki vəziyyətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 3cü şəxs qismində cəlb edilməsinə ehtiyacın olmadığını bildirmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-740/2023 saylı 09 yanvar 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 3-cü şəxslər X4 və X6 vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında bildirmişdir ki, qanuni qüvvəyə minmiş (mülki iş üzrə) məhkəmə qətnaməsində birbaşa qeyd edilmişdir ki, həmin torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. Bununla bağlı 3cü şəxslərin vəkili apellyasiya şikayətinin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-740/2023 saylı 09 yanvar 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsi X18 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək, izahatında 2006-cı ildən sözügedən zavodda işlədiyini, iddiaçının zavodun balansında olan 120 kv.m sahədə avtomobillərin texniki xidmət emalatxanasını işlətdiyini, avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olduğunu, oranı təmir etdiyini, həmin ərazinin hazırda zavodun balansında olmadığını, mübahisələndirilən sərəncamın ləğv edilib-edilməməsinin zavodun heç bir hüquqlarına toxunmadığını, həmin sahənin iddiaçıya məxsus olduğunu bildirmişdir. Bununla bağlı 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-740/2023 saylı 09 yanvar 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X17 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-740/2023 saylı 09 yanvar 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X3 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin (əvvəlki İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin) nümayəndəsi X20 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında bildirmişdir ki, Mərkəz olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan qurum olmaqla balanssaxlayıcı qurumdr, əmlakla bağlı Mərkəz qərar qəbul etmək iqtidarında deyil, yəni əmlakın sərəncamçısı Xidmət olduğu üçün Mərkəzin hazırki işdə 3-cü şəxs statusunda qalmasına ehtiyac yoxdur. Bununla bağlı 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-740/2023 saylı 09 yanvar 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə son olaraq baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişi onun göndərilməsi barədə poçt zərfinin üzərindəki qeydə əsasən «köçüb» səbəbindən geri qaytarıldığı üçün 3-cü şəxs X11 məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə həmin 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs X5 iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Hazırki iş üzrə məhkəmə qərardadının elan edilməsi 25 may 2023-cü il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, iddiaçı “Azon” zavodunun nəqliyyat sahəsində ümumi sahəsi 120 kv.metr olan qeyri-yaşayış sahəsinin özəlləşdirilən 1083.0 kv.metr torpaq sahəsində yerləşdiyini, həmin tikilinin onun tərəfindən tikildiyini və istifadə edildiyini iddia edərək yuxarıda istinad olunan qeyri-yaşayış və torpaq sahəsinin özəlləşdirilməsinin nəticələrinin ləğv edilməsini tələb edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 6041/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi və "xxxx" MMC hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilsələr də, sonradan ləğv edilmişdilər. Hazırda İddiaçı tələbi Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin və “Azon” Zavodunun hazırki iş üzrə 3-cü şəxs qismində cəlb edilmələri barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin və “Azon” Zavodunun hazırki iş üzrə 3-cü şəxs qismində cəlb edilmələrini məqsədəmüvafiq hesab etməmişdir. Bu zaman məhkəmə ona istinad etmişdir ki, göstərilən qurumlar dövlət orqanı və müəssisələri olmaqla onların nizamnamələrində qeyd olunan fəaliyyətə uyğun çıxış edirlər və hazırkı iş üzrə qəbul ediləcək məhkəmə qərarının onların hüquqlarına toxunma ehtimalı mövcud deyil. İddiaçı 1 saylı Bakı Ərazi İdarəsinin üçüncü şəxs qismində cəlb edilməsi zərurətini baxış aktı və sənədlərin tələb edilməsi ilə əsaslandırsa da, işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən halların aydınlaşdırılması zəruri olduqda, bu, üçüncü şəxs qismində cəlbetmə aparılmaqla deyil, prosessual qanunvericilikdə geniş həcmdə təsbit olunmuş digər müvafiq imkanlardan istifadə etməklə həyata keçirilməsi mümkündür. İddiaçı İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin üçüncü şəxs qismində cəlb edilməsi halını ümumiyyətlə əsasandırmamış, iş materialları ilə onun cəlb edilməsi üçün hər hansı bir zərurət də müəyyən edilməmişdir. "xxxx" MMC-yə gəldikdə, iddiaçı mübahisəli sahənin onun ərazisində yerləşməsi əsası ilə həmin hüquqi şəxsin cəlb edilməsinin zəruri olduğunu bildirsə də, bununla bağlı işdə hər hansı bir sübut mövcud olmamış, "xxxx" MMC-nin hazırkı iddia ilə onun hüquqlarına müdaxilə edilməsi ilə bağlı məhkəməyə heç bir müraciəti olmamışdır. Belə ki, hazırkı iddianı "xxxx" MMC deyil, İddiaçı qaldırmış, torpaq sahəsindəki tikililərin də məhz ona məxsus olduğunu iddia etmişdir. Belə olan halda hazırkı iş üzrə qəbul ediləcək məhkəmə qərarının həmin hüquqi şəxsin hüquqlarına müdaxilə imkanı da müəyyən olunmur. Kollegiya işə birinci instansiya qaydasında baxmış məhkəmənin mövqeyi ilə razılaşmayaraq, aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarında olan “Azon” zavodu ilə “Azon” zavodunun nəqliyyat sahəsinin rəisi İddiaçı arasında bağlanmış xx.xx.1999-cu il tarixli müqavilədən görünür ki, tərəflər zavodun nəqliyyat sahəsində yerləşən istifadəsiz qalmış sahəsi 20.0 kv.m olan tikilinin 28 saylı xx.xx.1999-cu il tarixli əmrə əsasən zavodun mağazası kimi fəaliyyət göstərməsi üçün Q.Qəhərmonava verilmişdir. Daha sonra “”Azon” zavodunun nəqliyyat sahəsində İddiaçı qeyri-yaşayış sahəsi məxsus olması faktının təsdiq edilməsi haqqında” Yasamal rayon İcra Hakimiyyəti Başçısının 125 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən 3-cü Yasamal küçəsi 179 saylı evdə yaşayan İddiaçı Fərrux oğluna Azon Zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120 kv.m. ölçüdə qeyri-yaşayış məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktı təsdiq edilmişdir. Həmin sərəncama əsasən qeyri-yaşayış sahəsinin yerləşdiyi yerin icarə xərclərinin ödənilməsi üçün İddiaçıla rayonun müvafiq qurumları arasında müqavilə bağlanması da nəzərdə tutulmuşdur. Sonradan Əmlak Məsələləri Dövlət Komitəsinin 414 saylı xx.xx.2013-cü il tarixli Daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında sərəncamından görünür ki, ünvan 4 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasına dair fiziki şəxs X6 adına icarə müqaviləsinin bağlanması qərara alınmışdır. xx.xx.2013-cü il tarixli 5990 saylı icarə müqaviləsindən görünür ki, icarəyəverən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 4 ünvanında yerləşən 51.2 kv.metr sahəsi olan 1 mərtəbəli qeyri- yaşayış binasını 1 il müddətinə icarəçi X6 icarəsinə vermişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin 433 saylı xx.xx.2013-cü il tarixli icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında sərəncamına əsasən isə ünvan 4 ünvanında yerləşən 1 mərtəbəli qeyriyaşayış binasının Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli, 586 nömrəli fərman ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2001-ci il tarixli, 23 nömrəli Qərarı ilə təsdiq edilmiş (29 noyabr 2007-ci il tarixli, 192 nömrəli Qərarı ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla) “Özəlləşdirilən müəssisələrin (obyektlərin) ilkin qiymətinə tətbiq edilən əmsallar”a əsasən hesablanmış qiyməti təsdiq edilmiş, sərəncamın 1-ci bəndində göstərilən icarəyə verilmiş daşınmaz dövlət əmlakının 100% dəyəri ilə icarəçilərə satın alınmaq üçün təklif edilməsi və icarə müqavilələrinin sərəncam imzalandığı gündən qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. xx.xx.2013-cü il tarixli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi onunla bağlanmış xx.xx.2013-cü il tarixli, 5990 saylı icarə müqaviləsi əsasında icarəyə verdiyi 51.2 kv.metr torpaq sahəsini X2. RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 51.2 kv.metr qeyriyaşayış sahəsinə dair X6 mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli 76 nömrəli torpaq sahələrinin özəlləşdirilməsi haqqında sərəncamından görünür ki, ünvan 6 ünvanında yerləşən 1083.0 kv.metr dövlət torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq X9 icarəyə verilməsi qərara alınmışdır. Həmin sərəncama əsasən xx.xx.2014-cü il tarixdə X15 ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında müqavilə bağlanmış və ünvan 7 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 1083.0 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli 132 saylı torpaq sahəsinin özəlləşdirilməsi haqqında sərəncamından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə uyğun qiymətləndirilmiş, ünvan 8 ünvanında yerləşən 1083.0 kv.metr torpaq sahəsinin həmin torpaq sahələrində yerləşən müəssisə və obyektlərin mülkiyyətçilərinə satın alınmaq üçün təklif edilməsi və həmin sərəncamın 1 və 2 nömrəli əlavələrdə göstərilən icarə müqavilələrinin sərəncam imzalandığı gündən qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. xx.xx.2014-cü il tarixli Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli, ********** saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin adına qeydiyyata alınmış ünvan 9 ünvanındakı qeyri-yaşayış binasının istifadəsində olan 1083,0 m2 torpaq sahəsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X1. Göründüyü kimi, iddiaçı mübahisəli daşınmaz əmlakın əvvəllər onun istifadəsində olmasına, müvafiq icra hakimiyyəti tərəfindən bu faktın təsdiq edilməsinə, onunla müqavilə bağlanmasına istinad etsə də, işə birinci instansiya qaydasında baxmış məhkəmə həmin sənədlər üzrə araşdırma aparmadan, yəni ““Azon” zavodunun nəqliyyat sahəsində İddiaçı qeyri-yaşayış sahəsi məxsus olması faktının təsdiq edilməsi haqqında” Yasamal rayon İcra Hakimiyyəti Başçısının 125 saylı xx.xx.2005-ci il tarixli sərəncamının, “Azon” zavodu ilə “Azon” zavodunun nəqliyyat sahəsinin rəisi İddiaçı arasında bağlanmış xx.xx.1999-cu il tarixli müqavilənin qüvvədə olub-olmamasını aydınlaşdırmadan həmin daşınmaz əmlakın mübahisəsi üzrə onun “Azon” zavodunun balansında olmaması baxımından Zavodun 3-cü şəxs qismində işdə qalmasını labüd hesab etməmiş və belə qənaətə gəlmişdir ki, iş üzrə qəbul ediləcək məhkəmə qərarı həmin Zavodun hüquqlarına toxunmayacaqdır. Həmçinin, birinci instansiya məhkəməsi mübahisəli daşınmaz əmlakın hal-hazırda hansı qurumun balansında olması məsələsini tam araşdırmamışdır. Belə ki, işdə olan 4036 saylı xx.xx.2013-cü il tarixli registrdən çıxarışdan görünür ki, ünvan 10 ünvanında yerləşən daşınmaz əmlakın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi İstehsal və Xidmət müəssisələrinin idarəetmə mərkəzinin (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “X3 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin) balansında olduğu qeyd olunmuşdur. O ki qaldı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 3-cü şəxs qismində cəlb edilməsinin zəruriliyi məsələsinə, iddiaçı bu barədə bildirmişdir ki, həmin qurumun 3-cü şəxs qismində işə cəlb olunması bu işdə mübahisələndirilən sərəncamın davamı olaraq reyestrdən çıxarışın məhz həmin qurum tərəfindən verildiyinə görə vacibdir. Beləliklə, apellyasiya baxışı zamanı aparılmış araşdırmalar nəticəsində müəyyən olundu ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə hazırki iş üzrə cəlb edilmiş 3cü şəxslərin statusunu ləğv edərkən gələcəkdə qəbul ediləcək məhkəmə qərarının onların hüquq və mənafeyinə toxunub-toxunmayacağı məsələsi üzrə zəruri araşdırmanı sonadək aparmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixi qərarında göstərilmişdi ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Plenum qərarında qeyd etmişdir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır.......Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı 17 fevral 2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” qərardadında qeyd edilmişdir ki, “... qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. ... Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.” Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işdə saxlanılması zəruri olmayan 3-cü şəxslərin statusunun ləğvi məsələsinə iş üzrə yekun məhkəmə aktı qəbul edilərkən qiymət verilməsi daha məqsədəmüvafiq olardı, belə ki, bu hal statusları məhkəmə icraatı dövründə, yəni iş yekunlaşmadan ləğv edilmiş (və ya xitamlanmış) ya 3-cü şəxslərin özləri ya da digər proses iştirakçısı tərəfindən bu barədə qərardadın mübahisələndirilməsi ilə məhkəmə proseslərinin uzun-uzadı davam etməsinə və nəticədə üçpilləli məhkəmə instansiyalarında məhkəmə aktının mübahisələndirilməsi ilə bağlı hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ləğv edilməli və iş cəlb olunmuş 3-cü şəxslərin statusunun saxlanılması və ya ləğv edilməsi məsələsinə bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, sübutların əhəmiyyətli sayda və ya geniş həcmdə araşdırılmaması anlayışı işin həcminə və predmetinə görə fərqlilik göstərdiyindən, bir iş üçün əhəmiyyət kəsb edən sübut sayı digəri ilə müqayisədə az yaxud çox ola bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28, 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-740/2023 saylı 09 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar