Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1778/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinə (üçüncü şəxs X5) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 2-1(112)-11250/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Binəqədi Rayonu Xocəsən bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 13/05 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı Şəhəri Binəqədi Rayonu Xocəsən bələdiyyəsi 12 iyun 2008-ci il tarixli, 10/41 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi iddiaçı X4 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən cavabdehin hesabına ödənilmişdir. Torpaq sahəsi naturada iddiaçıya təhvil verilmişdir. İddiaçı torpaq sahəsini mişar daşı ilə hasara almışdır. Torpaq sahəsində ağaclar əkmiş və tikililər inşa etmişdir. Vaxtlı-vaxtında torpaq vergisini yerli büdcəyə ödəmişdir. Torpaq sahəsinə qonşu tərəfindən müdaxilələr olduğu üçün iddiaçı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması məqsədi ilə vəkillə müqavilə bağlamışdır. Vəkil tərəfindən cavabdehə ünvanlanmış sorğuya cavabdeh tərəfindən verilmiş cavab məktubunda Bakı Şəhəri Binəqədi Rayonu Xocəsən bələdiyyəsi 12 iyun 2008-ci il tarixli, 10/41 saylı qərarının cavabdehi bələdiyyənin xx.xx.2019-cu il tarixli, 13/05 saylı qərarı ilə ləğv edildiyi bildirilmişdir. Həmin qərar barədə iddiaçıya heç bir məlumat verilməmişdir. İddiaçı həmin qərar barədə ilk dəfə vəkil sorğusuna verilən cavab nəticəsində məlumat almışdır. Bakı Şəhəri Binəqədi Rayonu Xocəsən bələdiyyəsinin xx.xx.2019- cu il tarixli, 13/05 saylı qərarı qanunsuz qəbul edilmişdir. Qanunvericilikdə torpaq sahəsi üzərində mülkiyyətə hüquqlarına (razılaşma olmadıqda) yalnız məhkəmə tərəfindən xitam verilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh orqan bu qaydalara əməl etməyərək iddiaçının torpaq sahəsi üzərində yaranmış hüquqlarını özünün xx.xx.2019-cu il tarixli, 13/05 saylı qərarı il xitam vermişdir. Bakı İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 2-1(112)-11250/2023 nömrəli qərardadı ilə (hakim S.Salahova) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən İPM-nin 54.1-ci maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə verilmişdir. Ancaq məhkəmə İPMnin 54-cü maddəsinin tələblərini pozaraq iddianın dəyişdirilməsi barədə ərizəyə İPM-də nəzərdə tutulmuş qaydada baxmamışdır. Belə ki, məhkəmə iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə qərardad qəbul etməmiş, bu barədə məhkəmə iclasının protokolunda qeyd etməklə kifayətlənmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarına əsasən Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə (cizgi əlavə olunur) göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 600 m2 torpaq sahəsinin alqı-satqı yolu ilə vətəndaş X4 mülkiyyətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə X3 Mərkəzinin xx.xx.2019- cu il tarixli məktubundan görünür ki, Binəqədi rayonu Xocəsən Bələdiyyəsi tərəfindən Fikrət İsayevə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin başqa şəxsə satılması barədə müraciətinə baxılmış, müraciətə baxarkən Nərgiz Xələfovaya 600 kv.m torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin xx.xx.2008-ci il tarixli, 10/41 saylı qərarı qəbul edilərkən qüvvədə olan qanunvericiliyin tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Belə ki, bələdiyyə tərəfindən torpaq sahəsinə dair müvafiq rəylər alınmadan, hərrac və ya müsabiqə keçirilmədən 600 kv.m torpaq sahəsi N.Xələfovanın mülkiyyətinə ayrılmışdır. Buna görə də Bələdiyyəyə hazırkı məktubun 5 gündən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə çıxarılması və torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin xx.xx.2008-ci il tarixli, 10/41 saylı qərarının ləğv edilməsi təklif olunmuşdur. Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 13/05 saylı qərarından görünür ki, vətəndaş X4 adına 600 kv.m torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin xx.xx.2008-ci il tarixli 10/41 saylı qərarı ləğv edilmişdir. İddiaçı hazırkı tələbində bu qərarı mübahisələndirir. Kollegiya qeyd edir ki, iddiaçının iddiası mübahisələndirmə haqqında iddiaya aid olmuşdur. AR İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Kollegiya qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarı). İşdən görünür ki, iddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia üçün müəyyən olunan xüsusi mümkünlük şərtinə, yəni iddia qaldırmaq müddətinə əməl edilməmişdir. Belə ki, İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, İPM-nin 38-ci maddəsində inzibati aktın mübahisələndirilməsi üzrə müddətin axımının başlanması onun təqdim və ya elan olunduğu vaxtla müəyyən edilmişdir. Habelə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Beləliklə, inzibati qanunvericliklə müddətin axımının başlanğıc tarixi bilavasitə inzibati aktın təqdim və ya elan edilməsi tarixi ilə əlaqələndirilmişdir. İşdə olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-7410/2021 saylı məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında İddiaçı cavabdeh X2 qarşı “mülkiyyət hüququnun təmin edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə 2(001)-7410/2021 saylı mülki iş olmuşdur. Həmin mülki iş üzrə məhkəmənin 30 sentyabr 2021-ci il tarixli hazırlıq iclasında cavabdeh və nümayəndəsi X6 tərəfindən Binəqədi Rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli məktubları və AR Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin dekabr 2019-cu il tarixli məktubu, Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 13/05 saylı qərarı məhkəməyə sübut qismində təqdim edilmiş və məhkəmə tərəfindən həmin sənədlərin surəti iclasda iştirak edən iddiaçının nümayəndəsi və vəkili X8 təqdim edilmişdir. Daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7410/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmışdır. Göründüyü kimi, iddiaçı (onun səlahiyyətli nümyəndəsi və vəkili) artıq 2021-ci ildə ona torpaq sahəsinin ayrılması barədə qərarın ləğv edilməsinə dair Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 13/05 saylı qərarından məlumatlı olmuş, lakin həmin qərarın ləğv edilməsi ilə bağlı 2 ilə yaxın müddət keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. AR İPM-in 24-cü maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (maddə 24.2). Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (maddə 23.3). Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). İstinad olunan normalardan görünür ki, qanunverici prosessual müddətin ötürülməsindən 1 il keçdikdən sonra ötürülmüş müddətin bərpası imkanını belə istisna edir, bir şərtlə ki, müddətin ötürülməsi təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasın, hansı ki, hazırkı işdə belə bir halın olması müəyyən edilmir. Belə olan halda aydın olur ki, xx.xx.2019-cu il tarixli qərarın ləğvi üçün (həmin qərardan ən geci xx.xx.2021-ci ildə məlumatlı olmuş) xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə yuxarıda istinad olunan normaların tələblərinə əsasən mübahisələndirmə üçün prosessual müddəti, habelə buraxılmış müddətin bərpası üçün ərizə verilməsi imkanını nəzərdə tutan 1 illik müddəti ötürmüşdür. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən İPM-nin 54.1-ci maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə verilmişdir. Ancaq məhkəmə İPMnin 54-cü maddəsinin tələblərini pozaraq iddianın dəyişdirilməsi barədə ərizəyə İPM-də nəzərdə tutulmuş qaydada baxmamışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verilərək, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 13/05 saylı qərarının ləğv edilməsi barədə ərizəsinə Xocasən bələdiyyəsinin iclasında baxılması öhdəliyinin cavabdeh orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəyişdirilməsi barədə ərizəyə məhkəmənin 11 dekabr 2023-cü il tarixli iclasında baxılaraq iddianın dəyişdirilməsinin qəbulundan imtina olunmuşdur. Kollegiya qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilən mümkünlük şərtləri mövcud deyildir. Bu səbəbdən hazırkı iddianın “Xocasən bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 13/05 saylı qərarının ləğv edilməsi barədə ərizəsinə Xocasən bələdiyyəsinin iclasında baxılması” olaraq öhdəliyin icrası haqqında iddia kimi təqdim olunması, əslində müddətlə bağlı mümkünlük şərtindən və müddət məhdudiyyətindən yan qaçmaq cəhdi kimi qiymətləndirilməlidir. Belə ki, işdən də görünür ki, iddiaçının hüquqi marağı nəticə etibarilə Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 13/05 saylı qərarının ləğv edilməsinə yönəlmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, iddia tələbinin “xahiş etdi” hissəsindəki söz və ifadələrin fərqli formada təqdim edilməsi isə iddia tələbinin dəyişdirilməsinin qəbul edilərək, iddianın başqa növdə iddia kimi qəbul edilməsi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq iddianın dəyişdirilməsinin qəbulundan imtina olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti formal xarakterli olmaqla təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 2-1(112)-11250/2023 nömrəli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 2-1(112)-11250/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-1778/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1778/2024
18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver