Məhkəmə qərarları › İş №2-1(103)-1778/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1778/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1778/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon İcra Hakimyyətinə (üçüncü şəxslər: X9 və "xxxx" MTK) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti;) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil2 və üçüncü şəxs X3 nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon İcra Hakimyyətinə (üçüncü şəxslər: X9 və "xxxx" MTK) qarşı “sərəncamların ləğvi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-578/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)- 657/2018 nömrəli qətnaməsi ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, X14, X5, X6, X19, X15, X16 və Cavabdehə, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-807/2019 nömrəli qərarı ilə, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 11 iyul 2018-cı ıl tarixli qətnaməsi (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-6357/2018 nömrəli qətnaməsi ilə, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-657/2018 saylı 09 mart 2018-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır) dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda göstərilmişdir ki, iddiaçı 8 saylı trestdə mənzil növbəsində olmaqla Bakı şəhəri, Ə.Naxçıvani küçəsi ev 44, mənzil 102-ni əldə etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.1988-ci il tarixdən 1993-cü ilin noyabr ayının axırına kimi 4 nəfər ailə üzvü ilə birlikdə Qarabağ küçəsində yerləşən 46 saylı evin 8 saylı mənzilində yaşamışdır. Lakin iddiaçı bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 46 nömrəli evin, 8 saylı mənzildə 1993-cü ildən Füzuli şəhərindən məcburi köçkün olan X17 beş nəfər ailə üzvü ilə birlikdə yaşamışdır. Sonradan Cavabdeh başçısının müvafiq sərəncamları əsasında Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 46 nömrəli evin, 9 saylı mənzili X3 adına rəsmiləşdirilmişdir. Hazırda da həmin mənzil onun mülkiyyətindədir. Qeyd olunan ərazidə aparılan tikinti yenidənqurma işləri ilə bağlı həmin mənzildə daxil olmaqla bina sökülmüş və binanın bütün sakinlərinə, eləcə də mübahisələndirilən mənzilə mülkiyyət hüququ olan M.Ç.Xanlarova ilə müqavilə bağlanılaraq ona mənzil verilməsi öhdəliyi ‘Ailə Park" MMC tərəfindən üzərinə götürülmüşdür. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 46 nömrəli evin, 8 saylı mənzilinə hər hansı hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir

3. MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Baklı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 46, 9 saylı mənzil X3 xüsusi mülkiyyətindədir;

4. Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 115 nömrəli sərəncamının surətindən görünür ki, Qarabağ küçəsindəki 46 №-li evin 3 otaqlı, yaşayış sahəsi 44,0 kv.m. olan 4-cü mənzilinin yaşayış sahəsinin bölünməsi, Nərimanov RİH-in xx.xx.2004-cü il tarixli, 435 saylı sərəncamı ilə Qarabağ küçəsindəki 46 №-li evin 4-cü mənzilinə birləşdirilmiş olan 1 otaqlı, yaşayış sahəsi 17,5 kv.m. olan 9-cu mənzilinə ailə tərkibi 3 nəfər olmaqla vət. X20 ilə ayrıca mənzil icarə müqaviləsi bağlanması qərara alınmışdır

5. Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 220 nömrəli sərəncamının surətindən görünür ki, Qarabağ küçəsindəki 46 №-li evin boşalmış 1 otaqlı yaşayış sahəsi 21,1 kv.m. olan 8-ci mənzilinin yaşayış sahəsinin həmin mənzilə bitişik və vət. X10 icarədarı olduğu qonşu 1 otaqlı yaşayış sahəsi 17,5 kv.m. olan 9-cu mənzilin yaşayış sahəsinə birləşdirilməsi, Qarabağ küçəsindəki 46 №-li evin 9-cu mənzili yaşayış sahəsi 38,6 kv.m. olmaqla 2 otaqlı hesab edilməsi qərara alınmışdır;

6. Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 405 nömrəli sərəncamının surətindən görünür ki, Qarabağ küçəsindəki 46 №-li evin 2 otaqlı, yaşayış sahəsi 38,6 kv.m. (17,5 kv.m. + 21,1 kv.m.) olan 9-cu mənzilinin yaşayış sahəsinin bölünməsi, sahəsi 21,1 kv.m. olan qismən şəraitli yaşayış otağının X2 istifadəsinə verilməsi, sahəsi 17,5 kv.m. olan qismən şəraitli yaşayış otağının X10 (özü, oğlu, qızı) istifadəsində saxlanılması qərara alınmışdır.

7. Nərimanov Rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 12/233 saylı qərarından görünür ki, Spandaryan küçəsi, 42 saylı evin birinci mərtəbəsinə yerləşən 4 mənzilin - 6,7,8, 9 saylı mənzillərin bərpa olunmaq üçün Leytenant Şmidt adına zavoda, Spandaryan küçəsi, 42 saylı evdə yerləşən iki ədəd bir otaqlı mənzillərin və Spandaryan küçəsi, 46 saylı evdə yerləşən bir otaqlı mənzili 8 saylı trestə; Q.Rəşad küçəsi, 11 saylı evdə yerləşən iki ədəd - bir otaqlı mənzillərin və B.Dadaşov küçəsi, 8 saylı evdə yerləşən (bir) bir otaqlı mənzilin “Elektrosentrolit” zavoduna; Efendiyev küçəsi, 25 saylı evdə yerləşən bir mənzil - Soyuducular zavoduna verilməsi qərar alınmışdır.

8. Sosial Tikinti ASC-nin (8 saylı Trestin 87 saylı Tl-nin hüquqi varisi) xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Nərimanov rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1988ci il tarixli 12/233 saylı Qərarına əsasən 8 saylı Trest üçün Qarabağ (Spandaryan) küçəsi, ev 46-da 8 saylı 1 otaqlı ev ayrılmışdır. 8 saylı Trestin Həmkarlar Komitəsi və müdiriyyətin qərarı ilə həmin 1 otaqlı mənzil İddiaçı növbəlik qaydasında verilmiş və buna dair həmin vaxt sənədlər 36 saylı MİS-ə təqdim olunmuşdur. 8 saylı Trest özəlləşdirməklə ləğv olunduğu üçün, həmin trestin arxiv sənədlərini aşkar etmək mümkün deyildir. Həmin vaxt müvafiq sənədlər 36 saylı MİS-ə təqdim olunmuşdur. Bu səbəbdən də 36 saylı MİS 8 saylı mənzillə əlaqədar İddiaçı xidmət idarəsinə təqdim etmək üçün xx.xx.1989-cu il tarixdə arayış verilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2-1 (112)-13221/2023 saylı qərardadı ilə İddiaçı Cavabdehə qarşı “sərəncamların etibarsız hesab edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 mart 2024-cü il tarixli, 2-1 (103)-1387/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2-1 (112)-13221/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1975/2024 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 mart 2024-cü il tarixli, 2-1(103)-1387/2024 nömrəli qərardadından idddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdehin xx.xx.2008-ci il tarixli, 115 nömrəli, xx.xx.2008-ci il tarixli 220 nömrəli və xx.xx.2008-ci il tarixli 405 nömrəli sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir..

13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən xx.xx.1988ci ildən 1993-cü ilin noyabrın sonuna kimi 4 nəfər ailə üzvü ilə birgə yaşamışdır. Həmin mənzil 1993-cü ildən Füzuli rayonundan olan məcburi köçkünlər tərəfindən zəbt edilib. Məcburi köçkün olan X17 5 nəfər ailə üzvü ilə birlikdə zəbt etdiyi yerdə həmin vaxtdan yaşayır. Sonradan Cavabdeh başçısının müvafiq sərəncamları ilə qanunsuz olaraq ünvan 1 ünvanı Nərimanov rayonu, Qarabağ küçəsiev 46, mənzil 9 ünvanı adı ilə X3 adına rəsmiləşdirilmişdir. Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli 115 nömrəli sərəncamının surətindən görünür ki, Nərimanov rayonu, Qarabağ küçəsindəki 46 saylı evin 3 otaqlı,yaşayış sahəsi 44.0 kv.m olan 4-cü mənzilinin yaşayış sahəsinin bölünməsi, Nərimanov RİH-in xx.xx.2004-cüil tarixli 435 saylı sərəncamı ilə Nərimanov rayonu, Qarabağ küçəsindəki 46 saylı evin 4-cü mənzilinə birləşdirilmiş olan 1 otaqlı yaşayış sahəsi 17,5 kv.m olan 9-cu mənzilinə ailə tərkibi 3 nəfər olmaqla vətəndaş X18 ayrılmışdır. Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli 220 nömrəli sərəncamın surətindən görünür ki, Nərimanov rayonu, Qarabağ küçəsindəki 46 saylı evin boşalmış 1 otaqlı yaşayış sahəsi 21,1 kv.m olan 8-ci mənzilinin yaşayış sahəsi həmin mənzilə bitişik və vətəndaş X11 icarədarı olduğu qonşu 1 otaqlı yaşayış sahəsi 17,5 kv.m olan 9-cu mənzilin yaşayış sahəsinə birləşdirilməsi, Qarabağ küçəsindəki 46 saylı evin 9-cu mənzili yaşayış sahəsi 38,6 kv.m olmaqla 2 otaqlı hesab edilməsi qərara alınmışdır. Cavabdeh başçısının xx.xx.2008-ci-ci il tarixli 405 nömrəli sərəncamın surətindən görünür ki, Nərimanov rayonu, Qarabağ küçəsindəki 46 saylı evin boşalmış 2 otaqlı yaşayış sahəsi 38,6 kv.m olan 9-cu mənzilinin yaşayış sahəsi 21,1 kv.m olan qismən şəraitli yaşayış otağının X2 istifadəsinə verilməsi, sahəsi 17,5 kv.m. olan qismən şəraitli otağın X11 istifadəsində saxlanması qərara alınmışdır. Beləliklə, göründüyü kimi cavabdeh belə bir səlahiyyəti olmadığı halda iddiaçıya məxsus mənzili digər şəxslərin istifadəsinə vermişdir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 578/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mülki iş üzrə qərardad da iddiaçının subyektiv hüququnun olmasının əsası ola bilməz. Belə ki, göstərilən qərardad yekun məhkəmə aktı deyildir, sadəcə ərizənin icraata qəbul edilməsini göstərən qərardaddır. Eyni zamanda, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-3151/2024 nömrəli digər qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin icraatınaa olan 2-1(112)- 4190/2024 saylı iş üzrə yekun mənkəmə aktı qanuni qüvvəyə minənədək, İddiaçılar X3 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün sənədlərin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair ilkin iddia, birləşdirilmiş iddia üzrə X10 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün sənədlərin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı cavabdehlər X9, X21 və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı (1 Saylı Bakı Ərazi İdarəsi müstəqii tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması, mənzildən çıxarılma və müqavilə bağlamaq öhdəliyinin qoyulması tələbinə dair 2(005)-3151/2024 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. Yəni iddiaçının istinad etdiyi qərardad üzrə mülki iş hazırkı inzibati iş üzrə icraata baxılıb qurtaranadək dayandırılmışdır. Bu da onu göstərir ki, hazırkı işin nəticəsi həmin mülki işdən asılı deyildir , mülki işin nəticəsi hazırkı inzibati işin nəticəsi əsasında qəbul ediləcəkdir ddiaçı mübahisə predmeti olan əmlaka dair hər hansı hüquqlarının mövcudluğu ilə bağlı hüquqmüəyyənedici sənədlərə istinad etməmiş, hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən onun hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olması qənaətinə gəlmək mümkün deyildir. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. İddiaçı hazırda mübahisələndirdiyi sərəncamların ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir.

16. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 578/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-578/2025 saylı saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı, X9 və “Ailə Park’' MTK üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamların ləğvi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qeyd olunan qərardad qanunvericilik müddəalarına zidd və əsassız olduğu üçün ləğv edilməlidir.Mübahisəli qərardadın əsaslandırıcı hissəsində qeyd olunur ki, hazırkı iş üzrə iddiaçı Cavabdeh Başçısının xx.xx.2008-ci il tarixli, 220 nömrəli və xx.xx.2008-ci il tarixli 405 nömrəli sərəncamlarının ləğv edilməsi tələbini irəli sürsə də, mübahisə predmeti olan əmlaka dair mötəbər hüquqmüəyyənedici sənədlərə malik olmadığından subyektiv hüququ müəyyən edilmir. Halbu ki, Nərimanov rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 12/233 saylı Qərarına əsasən 8 saylı Trest üçüıı Bakı şəhəri, Qarabağ (keçmiş Spandaryan) küçəsi, ev 46, 8 saylı mənzil ayrılmışdır. 8 saylı Trestin Həmkarlar Komitəsinin qərarı ilə həmin 1 otaqlı mənzil növbəlik qaydasında mənə verilmişdir. Lakin Bakı İnzibati Məhkəməsi tərəfindən sadalanan sübutlar nəzərə alınmamış və bununla da İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsi məhkəmə qərardadlarına da şamil olunur.Bakı şəhəri, Qarabağ küçəsi, 46 saylı evin 8 saylı mənzili Cavabdehin və ya onun tabeçiliyində olan struktur bölməsinin balansında olmamışdır. Buna baxmayaraq, səlahiyyəti olmadığı halda Cavabdeh Başçısının 220 saylı xx.xx.2008-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Qarabağ küçəsində yerləşən sahəsi 21.1 kv.metrdən ibarət olan 46 saylı evin, 8-ci mənzili (1 otaqlı), həmin evin sahəsi 17.5 kv.metrdən ibarət olan 9-cu mənzili (1 otaqlı) ilə birləşdirilərək 46 saylı evin sahəsi 38.6 kv.metrdən ibarət olan 9-cu mənzil (2 otaqlı) hesab edilmişdir. Daha sonra Nərimanov rayon jcra Hakimiyyəti Başçısının 405 sayiı xx.xx.2008-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Qarabağ küçəsində yerləşən sahəsi 38.6 kv.metrdən (17,5 kv.m. + 21,1 kv.m.) ibarət olan 46 saylı evin, 9-cu mənzili (2 otaqlı) bölünərək 21.1 kv.metrdən ibarət olan qismən şəraitli sahənin X7 17.5 kv.metrdən ibarət olan qismən şəraitli sahənin X1 qərara alınmışdır. İnzibati icraat haqqında Qanunun 65.1.2-ci maddəsinin mənasına görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Odur ki, Bakı şəhəri Cavabdeh Başçısının 220 saylı xx.xx.2008-ci il tarixli və 405 saylı xx.xx.2008-ci il tarixli sərəncamları etibarsız inzibati aktlar olduğu üçün qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Buna baxmayaraq, Bakı İnzibati Məhkəməsi mübahisəli qərardadında Bakı şəhəri Cavabdeh Başçısının 220 saylı xx.xx.2008-ci il tarixli və 405 saylı xx.xx.2008-ci il tarixli sərəncamlarını əsaslı və qanuni hesab edərək İnzibati icraat haqqında Qanunun 65.1.2-ci və 65.2-ci maddələrinin tələblərini pozmuşdur.“Mülkiyyət” anlayışı “mövcud mülkiyyəf’lə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözlənti” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar) [İİ Bömə] ərizə № 18768/05). Belə ki, demokratik cəmiyyətdə mülkiyyət hüququ, o cümlədən mülkiyyət hüququnun tanınması üçün “qanuni gözlənti” toxunulmazdır və müqəddəsdir. Nərimanov rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 12/233 saylı Qərarına və 8 saylı Trestin Həmkarlar Komitəsinin qərarına əsasən mənim Bakı şəhəri, Qarabağ (keçmiş Spandaryan) küçəsi, ev 46, 8 saylı mənzil üzrə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntim” var. Bakı İnzibati Məhkəməsi isə həmin mənzil üzrə mülkiyyət hüququmun tanınması üçün “qanuni gözləntim” olduğunu nəzərə almamış və bununla da 384.0.4-cü və 384.0.5-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, Mülki Məcəllənin 384.0-cı maddəsinə əsasən iddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri. İnzibati Prosessual Məcəlləsinin 2.2.1 -ci maddəsinə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.” Beləliklə, aktın mübahisələndirilməsinə dair iddia olduğu üçün hazırki mübahisə üzrə işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı və iddia mümkün sayılmalıdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının şikayəti əsassızdır və təmin edilməməlidir..

d) Prosses iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 oğu apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X3 nümayəndəsi X13 apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir

TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarı:

1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 15.4. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1.İnzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2.İnzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Cavabdehin xx.xx.2008ci il tarixli, 115 nömrəli, xx.xx.2008-ci il tarixli 220 nömrəli və xx.xx.2008-ci il tarixli 405 nömrəli sərəncamlarının ləğv edilməsindən ibarətdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

33. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

34. Gəlmiş olduğu nəticə ilə bağlı məhkəmə kollegiyası bildirir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

35. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

36. Əvvəla qeyd edilməlidir ki, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamların ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır.

37. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilənlərdən biri də İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsidir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirdiyi sərəncamlar 2008ci ildə qəbul edilmişdir. Həm müvafiq sərəncamlar qəbul olunduğu vaxtda, həm də ondan sonrakı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi.

39. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

40. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 220 nömrəli və xx.xx.2008-ci il tarixli 405 nömrəli sərəncamlarının ləğv edilməsi tələbini irəli sürsə də, mübahisə predmeti olan əmlaka dair mötəbər hüquqmüəyyənedici sənədlərə malik olmadığından subyektiv hüququ müəyyən edilmir.

41. MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Baklı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 46, 9 saylı mənzil X3 xüsusi mülkiyyətindədir. Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 115 nömrəli sərəncamının surətindən görünür ki, Qarabağ küçəsindəki 46 №-li evin 3 otaqlı, yaşayış sahəsi 44,0 kv.m. olan 4-cü mənzilinin yaşayış sahəsinin bölünməsi, Nərimanov RİH-in xx.xx.2004-cü il tarixli, 435 saylı sərəncamı ilə Qarabağ küçəsindəki 46 №-li evin 4-cü mənzilinə birləşdirilmiş olan 1 otaqlı, yaşayış sahəsi 17,5 kv.m. olan 9-cu mənzilinə ailə tərkibi 3 nəfər olmaqla vətəndaş X20 ilə ayrıca mənzil icarə müqaviləsi bağlanması qərara alınmışdır; - Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 220 nömrəli sərəncamının surətindən görünür ki, Qarabağ küçəsindəki 46 №-li evin boşalmış 1 otaqlı yaşayış sahəsi 21,1 kv.m. olan 8-ci mənzilinin yaşayış sahəsinin həmin mənzilə bitişik və vət. X10 icarədarı olduğu qonşu 1 otaqlı yaşayış sahəsi 17,5 kv.m. olan 9-cu mənzilin yaşayış sahəsinə birləşdirilməsi, Qarabağ küçəsindəki 46 №-li evin 9-cu mənzili yaşayış sahəsi 38,6 kv.m. olmaqla 2 otaqlı hesab edilməsi qərara alınmışdır.

42. İddiaçı xx.xx.1979-cu ildən 01,05.1995-ci il tarixədək müddətdə 8 saylı trestdə müxtəlif vəzifələrdə çalışmışdır. İşlədiyi müddətdə də ona Qarabağ küçəsində yerləşən 46 saylı evin 8 saylı mənzil verilmişdir. Lakin iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş xx.xx.1988-ci il tarixli Sərəncamda qeyd edilən mənzilin o zaman mövcud olmuş “8 saylı trestə” verilməsi qərara alınmışdır. İddiaçı tərəfindən onun həmin tarixdə mənzil növbəsində olması, mənzil növbəsi əsasında ona qeyd edilən mənzilin təqdim olunması barədə qərar və ya orderin verilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.

43. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən sübut qismində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-3151/2024 nömrəli qərardadına istinad edərək subyektiv hüququnun olduğunu bildirir. Həmin qərardada əsasən iddiaçılar X3 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün sənədlərin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair ilkin iddia, birləşdirilmiş iddia üzrə X10 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün sənədlərin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən İddiaçı cavabdehlər X9, X20, "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində 1 saylı Bakı Ərazi idarəsi cəlb edilməklə) “müqavilənin ləğv edilməsi, çıxarışın ləğv olunması, müqavilə bağlamaq öhdəliyinin qoyulması və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Qeyd edilən qərardad da iddiaçının subyektiv hüququnun olmasının əsası ola bilməz. Belə ki, göstərilən qərardad yekun məhkəmə aktı deyildir, sadəcə ərizənin icraata qəbul edilməsini göstərən qərardaddır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2-1 (112)-13221/2023 saylı qərardadı ilə İddiaçı Cavabdehə qarşı “sərəncamların etibarsız hesab edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 mart 2024-cü il tarixli, 2-1 (103)- 1387/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2-1 (112)-13221/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1975/2024 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 mart 2024-cü il tarixli, 2-1(103)- 1387/2024 nömrəli qərardadından idddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Qərar qanuni qüvvəsini almışdır.

45. Bundan əlavə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)- 657/2018 nömrəli qətnaməsi ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, X14, X5, X6, X19, X15, X16 və Cavabdehə, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019cu il tarixli, 2(102)-807/2019 nömrəli qərarı ilə, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 11 iyul 2018-cı ıl tarixli qətnaməsi (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-6357/2018 nömrəli qətnaməsi ilə, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-657/2018 saylı 09 mart 2018-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır) dəyişdirilmədən saxlanılmışdır.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-807/2019 nömrəli qərarında qeyd edilmişdir ki, iddiaçı 8 saylı trestdə mənzil növbəsində olmaqla Bakı şəhəri, Ə.Naxçıvani küçəsi ev 44, mənzil 102-ni əldə etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.1988-ci il tarixdən 1993-cü ilin noyabr ayının axırına kimi 4 nəfər ailə üzvü ilə birlikdə Qarabağ küçəsində yerləşən 46 saylı evin 8 saylı mənzilində yaşamışdır. Lakin iddiaçı bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 46 nömrəli evin, 8 saylı mənzildə 1993-cü ildən Füzuli şəhərindən məcburi köçkün olan X17 beş nəfər ailə üzvü ilə birlikdə yaşamışdır. Sonradan Cavabdeh başçısının müvafiq sərəncamları əsasında Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 46 nömrəli evin, 9 saylı mənzili X3 adına rəsmiləşdirilmişdir. Hazırda da həmin mənzil onun mülkiyyətindədir. Qeyd olunan ərazidə aparılan tikinti yenidənqurma işləri ilə bağlı həmin mənzildə daxil olmaqla bina sökülmüş və binanın bütün sakinlərinə, eləcə də mübahisələndirilən mənzilə mülkiyyət hüququ olan M.Ç.Xanlarova ilə müqavilə bağlanılaraq ona mənzil verilməsi öhdəliyi ‘Ailə Park" MMC tərəfindən üzərinə götürülmüşdür. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 46 nömrəli evin, 8 saylı mənzilinə hər hansı hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

47. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, istər əvvəlki işdə, istərsə də hazırda baxılan işdə mübahisə predmeti eyni olmuş, yəni hər iki iş üzrə də iddiaçının tələbi sərəncamalrın ləğv edilməsi ilə bağlı olmuşdur. İddianın mahiyyəti də, obyekti də bütün hallarda dəyişməzdir.

48. Eləcə də, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 13 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 1.3cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

49. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzib edilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı).

50. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir.

51. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, işin bu vəziyyəti hazırkı iş üzrə iddianın mümkün sayılmamasını şərtləndirir və bu gəlinən nəticə İPM-in 78-ci maddəsinin tələbinə uyğun olmuşdur.

52. İPM-nin 78-ci maddəsində mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburiliyini müəyyən edən qayda, mənasına görə eyni tərəflər arasında olan iş üzrə qanuni qüvvəyə minmiş qərarla müəyyən edilmiş faktların həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilmədiyini ehtiva edir. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.

53. Ümumiyyətlə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir.

54. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi üzrə məhkəmənin icraatında iş olduğu və inzibati məhkəmə icraatı qaydasında həmin tələbə hüquqi qiymət verildiyi halda, hazırkı iddiaya mahiyyəti üzrə baxılıb, məhkəmə qərarı qəbul edilməsi “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarının 15.4, 15.5, 15.6-cı bəndlərinə ziddir.

55. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-578/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-578/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar