Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1779/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İş № 2-1(103)-1779/2022 xx.xx.2022-ci il Bakı şəhəri Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasının ödənilməsinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1280/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının bərpa olunması və əsassız olaraq hesablanmış 16.013,62 manat pul vəsaitinin silinməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması və əmək pensiyasının ödənilməsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1280/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1280/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərarında qeyd edilmişdir ki, iddiaçı xx.xx.2003-xx.xx.2014-cü il tarixlər arasındakı dövr ərzində “ Ədliyyə Nazirliyinin Penitensiar Xidməti”nin Təchizat İdarəsində satıcı-aşpaz (fəhlə) peşəsində işləmişdir. Halbuki Siyahıda satıcı-aşpaz peşəsi vəzifəsi nəzərdə tutulmamışdır. İddiaçının Siyahıda qeyd edilən mətbəx müdiri vəzifəsində işləməsi öz təsdiqini tapmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin materiallarından aydın olur ki, iddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, 57 yaşı xx.xx.2013-cü il tarixdə tamam olmuşdur. İşdə olan ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-ci ilədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus ИТ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Şərab Zavodunda, xx.xx.1981ci ildən xx.xx.1981-ci il tarixədək Azərbaycan SSR Bakı şəhəri Bakı Tekstil Fabrikində, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək “Azərelektromontaj” Trestində, xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “AvtoServis” № 1 Texniki Xidmət Stansiyasında 24 №-li Avtodayanacaqda, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək 24 №-li Dayanacaqda, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixdədək 27 №-li Dayanacaqda, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək 5 saylı A\Dayanacaqda işləmiş, xx.xx.1998-ci il tarixdən xx.xx.2014-cü il tarixədək isə Ədliyyə Nazirliyi MQİBİ-nin İntendant Ticarət və Təchizat Bazasının İƏM-14 nəzdindəki yeməkxana–kafesinin müdiri vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə müraciət etmiş, yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçı ərizəsinə işlədiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təchizat idarəsinin xx.xx.2014-cü il tarixli 17/57-358 nömrəli arayışını əlavə etmişdir. Həmin arayışda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1998-ci ildən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təchizat İdarəsində ticarət sahəsində müəssisələrin daxilində və kənarında yerləşən 14 saylı yeməkxana-kafe müdiri, sonradan yeməkxananın mətbəx fəhləsi vəzifələrində işləyərək şəxsi heyətin və məhkumların qidalanmasını təmin etmişdir. Təqdim edilmiş sənədlər əsasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin 1909 saylı noyabr 2014-cü il tarixli qərarı ilə iddiaçıya xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra DSMF-nin X1 Departamentindən daxil olmuş xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktuba əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********3 nömrəli əmək pensiyasının dayandırılması haqqında qərara əsasən iddiaçıya təyin edilmiş pensiya dayandırılmışdır. İddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********5 nömrəli məktubdan görünür ki, iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə xx.xx.2003- xx.xx.2014cü il tarixləri arasındakı dövr ərzində “Ədliyyə Nazirliyinin Penitensiar Xidməti”nin Təchizat İdarəsində satıcı-aşpaz (fəhlə) peşəsində işlədiyi qeyd olunmuş, işlədiyi satıcı-aşpaz (fəhlə) peşəsi yuxarıda qeyd olunan mətbəx müdiri vəzifəsinə uyğun olmamış, bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 il 4 ay 13 gün) olduğundan iddiaçıya təyin edilmiş pensiya dayandırılaraq xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16.013,62 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edildiyindən həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması xahiş olunmuşdur. İddiaçı hazırda ona təyin edilmiş pensiyanın dayandırılmasını mübahisələndirməklə qəbul olunmuş qərarın ləğv edilməsini və əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – ƏPQ) 37.8-ci maddəsinə əsasən həmin Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi 37.8.3-cü maddəsi bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır. İşdən müəyyən olunur ki, cavabdeh 2014-cü ildə iddiaçıya əmək pensiyası təyin edilməsi barədə qərar qəbul etmiş, həmin akt iddiaçıya əlavə hüquqlar verməklə onun barəsində qəbul edilmiş əlverişli inzibati akt olmuş, cavabdeh DSMF-nin X1 Departamentindən daxil olmuş xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktuba əsasən, öz təşəbbüsü ilə inzibati icraata başlayaraq xx.xx.2021-ci il tarixdə həmin pensiyanın ödənilməsini dayandırmaq barədə qərar qəbul etməklə özünün iddiaçıya pensiya təyin edilməsi barədə 2014-cü il tarixli əlverişli inzibati aktının ləğv edilməsinə səbəb olmuşdur. Lakin iddiaçı cavabdeh tərəfindən həmin inzibati icraata cəlb olunmamış, iddiaçının dinlənilmə hüququ təmin olunmamış, cavabdeh ümumiyyətlə, qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarla bağlı inzibati icraat aparmamış, qərarda gəldiyi nəticənin əsası kimi, hər hansı maddi hüquq normasına istinad etməmişdir. İşdən müəyyən olunur ki, mübahisələndirilən qərarda səbəb kimi DSMF-nin X1 Departamentindən daxil olmuş xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktuba istinad olunmuş, məhkəmə sorğularına baxmayaraq, həmin məktub məhkəməyə təqdim edilməmiş, xx.xx.2021-ci il tarixli qərar isə yalnız iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən 6 aydan artıq müddət keçdikdən sonra məhkəməyə və iddiaçıya təqdim olunmuşdur. İşdən müəyyən olunur ki, cavabdeh maddi hüquq normalarının tələblərini pozmaqla qərar qəbul etmişdir. Belə ki, iddiaçıya ünvanlanmış məktubdan məlum olur ki, cavabdeh iddiaçının əmək pensiyasının dayandırılması barədə qərar qəbul edərkən onun güzəştli iş stajının 12 il 6 aydan az (4 il 4 ay 13 gün) olmasına istinad etmişdir. Lakin, cavabdehin bu istinadı əsaslı olmamışdır. Belə ki, iddiaçıya güzəştli şərtlərlə pensiya ƏPQ-nin 9.1-cü maddəsinə əsasən deyil, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsinə əsasən təyin edilmişdir. Həmin maddənin 4-cü hissəsinin (iddiaçının cavabdehə müraciət etdiyi) 2014-cü il tarixdə qüvvədə olan redaksiyasına əsasən penitensiar müəssisələrdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilərə pensiya aşağıdakı kimi təyin edilir: 39.4.1. kişilərə - 55 yaşına çatdıqda və ümumi əmək stajı 25 ildən az olmayaraq, bundan - 15 təqvim ilindən az olmayaraq məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilərə; 39.4.2. qadınlara - 55 yaşına çatdıqda və ümumi əmək stajı 25 ildən az olmayaraq, bundan - 12 il 6 aydan az olmayaraq məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilərə. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 430 nömrəli Fərmanının 2.3-cü hissəsinə əsasən Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda qeyd olunmuş və penitensiar müəssisələrdə mülki işlər üzrə aşağıdakı mülki işçilərin “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququnu təsbit etmişdir:
1. ümumi təhsil və peşə təhsili müəssisələrinin işçiləri
2. komendant
3. tibb işçiləri
4. əməyin təşkili və əmək haqqı şöbəsinin (hissəsinin) işçiləri
5. maddi-texniki təchizat şöbəsinin (hissəsinin) işçiləri
6. texniki nəzarət şöbəsinin (hissəsinin) işçiləri
7. təhlükəsizlik texnikası üzrə mütəxəssis
8. mətbəx müdiri
9. istehsalat sexlərinin (sahələrinin) işçiləri. İşdən görünür ki, iddiaçının 55 yaşı xx.xx.2011-ci il tarixdə tamam olmuş, həmin tarixə onun 25 ildən (35 il) artıq ümumi stajı olsa da, penitensiar müəssisədə əmək stajı cəmi 12 il 3 ay 12 gün olduğundan ona 15 ilinin tamam olduğu xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh hazırda iddiaçının işlədiyi bu dövrün cəmi 4 il 4 ay 13 gün müddətinin Siyahıda müəyyən olunduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası “Siyahıda satıcı-aşpaz peşəsi vəzifəsi nəzərdə tutulmamışdır. İddiaçının Siyahıda qeyd edilən mətbəx müdiri vəzifəsində işləməsi öz təsdiqini tapmamışdır” dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əsasən İddiaçı xx.xx.1998-ci il tarixdə (əmr № 1237ş/h) 14 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən 14 saylı yeməkxananın müdiri vəzifəsinə təyin olunmuşdur. “Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Avtonəqliyyat təsərrüfatının, İTTB-nin çörək sexinin, köşk və yeməkxanalarının ştat vahidlərinin elan edilməsi haqqında” xx.xx.2003-cü il tarixli 116ş/h saylı əmrlə 14 saylı yeməkxanada müdir vəzifəsi ixtisar olunaraq satıcıaşpaz vəzifəsi təsis edilmişdir. İddiaçı xx.xx.2003-cü il tarixdə (əmr № 47) 14 saylı yeməkxananın satıcı-aşpazı vəzifəsinə təyin olunmuş, xx.xx.2014-cü il tarixdə (əmr № 167/t) əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Siyahıda göstərilən mətbəx müdiri vəzifəsində işləmiş, bundan sonra xx.xx.2014-cü il tarixədək isə 14 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən 14 saylı yeməkxananın satıcıaşpazı kimi fəaliyyət göstərmişdir. Cavabdeh məhz bu hala istinad etsə də, Siyahıda maddi-texniki təchizat şöbəsinin (hissəsinin) işçilərinin də penitensiar müəssisələrin güzəştli şərtlərlə pensiya hüququna malik olan mülki işçilər sırasına aid edildiyini nəzərə almamışdır. Məsələ ilə bağlı iddiaçının işlədiyi müəssisəyə verilmiş sorğuya cavab olaraq Penitensiar Xidmət tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2014-cü il tarixədək işlədiyi satıcıaşpaz ştat vahidi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (indiki - Penitensiar xidmət) intendant Ticarət və Təchizat Bazasının nəzdində Baş İdarə üzrə xx.xx.2003-cü il tarixli 116ş/h nömrəli əmrlə yaradılmışdır. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə penitensiar müəssisələrin təchizatı, o cümlədən maddi-texniki təchizatı ilə məşğul olan idarə olmuş, iddiaçı da həmin İdarənin işçisi olmuşdur. Eyni zamanda işdə olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinin 2015-ci il tarixli Aktında qeyd edilmişdir ki, iddiaçının pensiya hüququnu təsdiq edən güzəştli arayış yerində yoxlanılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçı penitensiar müəssisədə mülki işçi kimi işləmiş, xx.xx.1998-ci ildən mətbəx müdiri vəzifəsinə qəbul edilmiş və bu vəzifəni işdən azad olunanadək icra etmişdir. xx.xx.2003-cü il tarixdən həmin vəzifə ixtisara düşmüş, lakin həmin vəzifəni əvvəlki qaydada tam gücündə icra etmişdir. Mətbəx sahəsində əlavə işçi olmamışdır. Bütün işləri özü tək icra etmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təchizat İdarəsinin xx.xx.2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, iddiaçı xx.xx.1998-ci ildən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin (əvvəllər MQİBİ) Təchizat İdarəsinin (əvvəllər İTTB) ticarət sahəsinin 14 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yerləşən 14 saylı kafe-yeməkxanasında müdir vəzifəsində çalışmışdır. xx.xx.2003-cü ildə yeməkxana müdiri vəzifəsi ixtisara düşmüş və ştatda ancaq bir vəzifə saxlanıldığı üçün həmin tarixdən satıcı-aşpaz vəzifəsinə köçürülmüşdür. İddiaçı 2014-cü ilin noyabr ayınadək həmin vəzifədə işləyərək şəxsi heyyətin və məhkumların qidalanmasını təmin etmişdir. Mətbəxdə başqa işçi olmamış, vəzifəsini tək özü icra etmişdir. İşçi hər il məzuniyyət hüququndan istifadə etmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1280/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.